
Xəbərlər
5.05.2025, 21:55
Tarix yaradan şəxsiyyət - FOTOLAR
Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir.Məhz onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev tarixdə məhz bu cür iz qoymuş böyük şəxsiyyətdir. Şərəfli və mənalı ömür yolunu Azərbaycanın inkişafına, onun dünya birliyində özünə layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü xalqımız dərin ehtiramla yad edir.
Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir.Azərbaycanın yüksəlişinin, xalqımızın güclü sosial rifahının təmin edilməsi,cəmiyyətin bütün sahələrinin hərtərəfli inkişafı Heydər Əliyev siyasətinin əsas strateji vəzifələri olmuşdur.
Hələ sovet dövründə Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrənin yaradılması üçün mühüm işlər görmüşdür. Məlumdur ki, Azərbaycan neft diyarı olmasına baxmayaraq, XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət olmuş və qısa zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bilmişdir.
Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoymuşdur. Ulu Öndərin qarşısında duran əsas məqsədlərdən biri də iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Ona görə də 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olar. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi.
Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda"Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. Heydər Əliyevin yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə həqiqətən də müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi.XX əsrin 70-ci illərində Azərbaycanda həm də elə bir ab-hava yaranmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi milli-mənəvi dəyərlərin təbliğinə və öyrənilməsinə xidmət edən siyasətinin nəticəsi idi.
Əlbəttə ki, bütün bunlar həm də milli özünüdərkin və özünəqayıdışın baş verməsinə əhəmiyyətli təsir göstərirdi. Görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. O illərdə həyata keçirilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.
Əlipənah Kəngərli
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















