
Xəbərlər
4.05.2026, 15:12
BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR
Bu layihənin beşinci səsi olmaq sadəcə sıra nömrəsi deyil. Bu, bir məsuliyyətdir. Bir yükdür.
Və Fürqani bu yükü sözü və səsi ilə daşıyır.
Bəzən şeir yazılmır...
Bəzən şeir danışır.
Bəzən isə... şeir səslənir.
O səslənəndə anlayırsan ki, söz tək deyil — onun bir nəfəsi də var.
Fürqani məhz o nəfəsin sahibidir.
söz yazılanda yaranır, amma səslənəndə yaşayır.
Və hər şairə yazdığı şeiri bu cür yaşatmaq nəsib olmur...
“Bir kənd, yeddi şair” - deyəndə biz təkcə yeddi qələm sahibini yox, müxtəlif zaman kəsiyində bir kənddə doğulub boya-başa çatmış yeddi ayrı-ayrı dünyanı düşünürük. O dünyalardan biri isə səsdən başlayır. Sözə çatır. Və yenə səsə qayıdır.
Fürqaninin səsi dinlənilmir — hiss olunur.
Elə bil ürəyin içindən gəlir.
Elə bil sən demək istədiyini o deyir.
Bir gün təsadüfi bir məclisdə eşidilən bir səsin insanları necə susdurduğunu xatırlayıram. Heç kim danışmırdı. Hamı dinləyirdi. Çünki o səs adi deyildi — o səs yadda qalan səslərdən idi.
Və o an başa düşdüm:
bəzən insanın kimliyi onun adı ilə yox, səsi ilə tanınır.
Fürqani şeiri oxumur.
O, şeiri yaşayır.
Misralar onun səsində başqa cür səslənir. Sanki hər söz öz yerini məhz onun nəfəsində tapır. Sanki şeir yazılarkən artıq onun səsi gözlənirmiş.
Bunları yaza-yaza İlahi vəhy barədə düşünməyə başladım. Deməli, Tanrı insanı yaradanda ona yalnız cismani varlıq bəxş etmir — onunla birlikdə ruh, duyğu, düşüncə və qabiliyyət də verir. Amma istedad seçilmişlərə verilən ilahi bir paydır. O pay ki, hər kəsə nəsib olmur. Və o pay ki, sahibindən həm məsuliyyət, həm də zəhmət tələb edir.
Bəzilərinə sənət verilir, bəzilərinə söz, bəzilərinə isə səs... Elələri də var ki, bu üç nemət bir bədəndə cəmlənir. Bu zaman artıq söhbət sadə istedaddan yox, ilahi bir vəhdətdən gedir.
Müşahidələrim məni yanıltmırsa bilirəm ki, bir çox şairlərin öz şeirlərini gözəl səsləndirməsi çox az təsadüf edilən bir hal olub. Bu cür məsuliyyətli missiyanı onların əvəzindən bədii qiraət ustaları yerinə yetiriblər. Bədii qiraət özündə bir neçə sənəti özündə birləşdirən sahədir. Qiraət ustası gözəl səs, iti yaddaş və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə və yüksək zövqə malik olmalı, hər sözün qüvvəsini hiss etməyi bacarmalıdır.
“Bir kənd, yeddi şair” ədəbi layihəsi çərçivəsində təqdim olunan simalar arasında gözəl səsə, iti yaddaşa və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə, yüksək zövqə malik olan, sözün qüvvəsini hiss edən, özünəməxsus yeri olan sənətkarlardan biri də Fürqani təxəllüsü ilə tanınan Taleh Muradovdur. O, təkcə şair kimi deyil, həm də səsi ilə poeziyaya yeni nəfəs gətirən yaradıcı şəxsiyyət kimi diqqəti cəlb edir.
Fürqaninin fərqli cəhəti onun şeiri səsləndirmə üslubudur. O, poeziyanı sadəcə yazılı mətn kimi təqdim etmir, ona musiqi və intonasiya vasitəsilə yeni həyat verir. Bu yanaşma şeirin təsir gücünü artırmaqla yanaşı, onun daha geniş auditoriyaya çatmasına kömək edir.
Müşahidələr göstərir ki, Fürqaninin ifasında səslənən şeirlər dinləyicilərdə xüsusi emosional təsir yaradır. Bu isə onun səsinin tembri, nitq mədəniyyəti və mətnə yanaşma tərzinin vəhdətindən irəli gəlir. Təsadüfi deyil ki, müxtəlif mühitlərdə onun ifasına rast gələn insanlar bu səsi asanlıqla yadda saxlayır və yüksək qiymətləndirirlər.
Nəticə etibarilə, Fürqani “Bir kənd, yeddi şair” layihəsində yalnız bir iştirakçı kimi deyil, söz və səs harmoniyasını yaradan sənətkar kimi çıxış edir. Onun fəaliyyəti göstərir ki, müasir dövrdə poeziyanın təqdimat formaları genişlənir və yeni ifadə vasitələri qazanır.
Çünki illərin müşahidəsi bir həqiqəti sübut edib. hər hansı bir ədəbi, ictimai və ya yaradıcı birlik yalnız ideya ilə yox, onu yaşadan insanların enerjisi ilə güclənir. Lider ətrafına toplaşanlar arasında elə simalar olur ki, onların varlığı birliyin taleyinə istiqamət verir. "Ağsu Yazarları" Ədəbi Birliyində Fürqani məhz belə seçilmişlərdəndir.
SƏSİN SÖZƏ VERDİYİ İKİNCİ HƏYAT
Fürqani təkcə şair deyil. O, sözü səsə çevirən, şeiri nəfəsə qatan nadir sənət adamlarındandır. Onun ifasında şeir sadəcə oxunmur — yaşanır.
Onun istər öz, istərsədə digər yaradıcı insanların şeirlərindən seçərək, onları musiqinin ahəngi altında səsləndirməsi hər bir misraya, sözə, ayrıca yeni bir ruh verir.
Söz səsə qovuşanda, poeziya daha geniş auditoriyaya yol tapır. Bu isə artıq təkcə yaradıcılıq yox, həm də ədəbi xidmətdir.
Fürqani bir növ şeirlərə ikinci ömür bəxş edir. Onun səsində səslənən misralar yaddaşlarda daha dərin iz buraxır, ürəklərdə daha uzun yaşayır.
TANIYAQ
Muradov Taleh Ağaşirin oğlu (Fürqani)
1978-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olub.
1985–1995-ci illərdə kənd orta məktəbini bitirib.
1997–1999-cu illərdə hərbi xidmət keçib.
Hazırda Sumqayıt Dövlət Universitetində təhsilini davam etdirir.
3 kitab müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Ailəlidir, iki övladı var.
SÖZÜN İÇİNDƏKİ ADAM
Fürqaninin şeirlərində diqqət çəkən əsas cəhət səmimiyyətdir. O, yaltaqlıqdan uzaq, düz sözlü, açıq fikirli bir şairdir. Onun poeziyasında həyatın ağrısı da var, sevgisi də, itkiləri də, ümidləri də.
“Xoşum gəlmir” deyərkən o, əslində öz mənəvi mövqeyini bəyan edir.
“Ürəyim”də insanın daxili mübarizəsini dilləndirir.
“Analı günlər”də itkinin ağrısını oxucuya yaşadır.
“Dünya bərbad”da isə zamanın mənəvi aşınmasına etiraz edir.
Onun şeirləri sadə görünür, amma bu sadəliyin içində böyük bir həyat təcrübəsi, yanğı və həqiqət var.
BEŞİNCİ SƏS – BİR VƏHDƏTİN PARÇASI
“Bir kənd, yeddi şair” möcüzəsi təkcə ədəbi hadisə deyil — bu, ruhların qohumluğudur. Bu zəncirin beşinci halqası olan Fürqani isə bu bütövlükdə özünəməxsus yer tutur.
O, sözlə səs arasında körpüdür.
O, şeiri dinlədirməyi bacaran şairdir.
O, dinləyəni düşündürən, düşündürəni hiss etdirən sənətkardır.
SEÇİMİN AĞIRLIĞI VƏ İNSANIN MƏNƏVİ MƏSULİYYƏTİ
Fürqaninin bir şeiri üzərində düşüncələr...
Müasir poeziyada insanın daxili dünyasına, onun mənəvi seçimlərinə və həyat qarşısındakı məsuliyyətinə toxunan nümunələr xüsusi yer tutur. Bu yazı üçün Fürqanidən seçib götürdüyüm- "SƏNİNKİDİR" - şeiri məhz bu baxımdan diqqəti cəlb edir. Sadə və anlaşıqlı dildə yazılmış bu şeir əslində dərin fəlsəfi məna daşıyır və oxucunu düşünməyə vadar edir.
Şeir ilk bənddən etibarən oxucuya açıq mesaj verir. Uğur da, uğursuzluq da insanın öz seçimlərinin nəticəsidir. “Doğru yer seçdinsə...” misrası ilə başlayan fikirlər həyatın bir növ ov səhnəsi kimi təsviridir. Burada düzgün hədəf seçimi, vaxtında qərar vermək və qətiyyət uğurun əsas şərtləri kimi təqdim olunur. Əks halda isə yaranan peşmanlıq qaçılmazdır. Şair bu yanaşma ilə insanı bəhanələrdən uzaq durmağa, öz həyatına sahib çıxmağa çağırır:
"Doğru yer seçdinsə, nişan aldınsa,
Vaxtında atdınsa, ov səninkidir.
Yox, əgər nəyisə düz etmədinsə,
Təəssüf səninkidir, of səninkidir."
Bu bənd bütövlükdə həyatın məsuliyyət fəlsəfəsini ifadə edir. Şair “ov” obrazı ilə uğuru simvolizə edir.
Doğru qərar vermək (yer seçmək),
Məqsədi düzgün müəyyənləşdirmək (nişan almaq), vaxtında hərəkət etmək (atmaq)— bunların hamısı uğura aparan şərtlərdir. Əks halda isə uğursuzluğun səbəbini kənarda yox, özündə axtarmalısan. Burada müəllif insanı öz həyatına cavabdeh olmağa çağırır.
Növbəti bənddə müəllif mövzunu mənəvi müstəviyə keçirir. Halal və haram anlayışları qarşılaşdırılır. “Halal ruzi qazan” çağırışı sadəcə dini yox, həm də sosial-əxlaqi məna daşıyır. Şair açıq şəkildə bildirir ki, insan həyatına haram daxil olarsa, onun qurduğu “ev” – yəni taleyi – bərbad olacaq. Bu, həyatın dəyişməz qanunu kimi təqdim edilir.
"Duruşun dik olsun, yerişin aram,
Halal ruzi qazan, halal ye, adam,
Əgər qapısından keçdisə haram,
Bərbad olan xana, ev səninkidir."
Bu bənddə şair əxlaqi dəyərləri ön plana çəkir.
“Duruşun dik olsun” – ləyaqətli ol,
“Yerişin aram” – tələsmədən, düşünərək yaşa,
“Halal ruzi” – həyatın əsas təməlidir.
Əgər insan həyatına haram qatarsa, onun nəticəsi də qaçılmazdır. Öz qurduğu həyat özü tərəfindən dağıdılar. “Ev” burada insanın taleyinin, həyatının simvoludur.
Şeirin üçüncü bəndi isə daxili mübarizənin ən kəskin nöqtəsinə toxunur. Burada nəfs “div” obrazında verilir. Bu, klassik Şərq ədəbiyyatına xas olan güclü bir simvoldur. Şair demək istəyir ki, insanın ən böyük düşməni kənarda yox, onun daxilindədir. Nəfsə qalib gəlmək isə hər kəsin öz iradəsindən asılıdır.
"Düzlükdür saxlayar hər vaxt cağ səni,
Əyrilik - nə hala salar, ax, səni.
Boğa bilmədinsə - udacaq səni,
O nəfs adlanan div səninkidir."
Bu bənddə əsas mövzu nəfs və daxili mübarizədir.
Düzlük – insanı qoruyan mənəvi qaladır.
Əyrilik – insanı uçuruma aparan yoldur.
Şair nəfsi “div” obrazında təqdim edir. Bu çox güclü bənzətmədir.
Əgər insan nəfsinə qalib gələ bilməzsə, o nəfs onu “udacaq”. Yəni insanın ən böyük düşməni öz içindədir.
Dördüncü bənddə şeir fərdi müstəvidən çıxaraq ictimai və milli məzmun qazanır. Vətən, torpaq, el-obaya sevgi ön plana çəkilir. Bu sevgi adi hiss kimi yox, müqəddəs borc kimi təqdim olunur. Şair insanı bu dəyərlər uğrunda fədakarlığa çağırır. Bu hissə şeirin emosional kulminasiyası kimi çıxış edir.
"Bu niyyətlə yaşa çalış hər anı,
Uğrunda hazır ol verməyə canı,
Vətəni, torpağı, eli-obanı,
Canından artıq sev, sev, səninkidir!"
Burada şeir vətənpərvərlik zirvəsinə yüksəlir. Şair insanı yalnız fərdi yox, milli məsuliyyət daşımağa çağırır.
Vətən, torpaq, el-obaya sevgi — müqəddəs dəyər kimi təqdim olunur. Hətta bu sevgi canından üstün tutulur.
Şeirin bu bəndində emosional ton yüksəlir və şeir daha coşqulu xarakter alır.
Son bənd isə ümumiləşdirici xarakter daşıyır. Burada dünyanın faniliyi, var-dövlətin aldadıcı mahiyyəti ön plana çəkilir. “Buranın orası da var” misrası ilə şair insanı yalnız bu dünya ilə məhdud düşünməməyə çağırır. Həyatın həm maddi, həm də mənəvi tərəfləri arasında düzgün seçim etməyin vacibliyi vurğulanır.
"Çoxunu azdırdı yolundan pul, var,
Bu dünya malına varmı etibar?
Furqani, buranın orası da var,
Seçim səninkidir, kef səninkidir."
Son bənd fəlsəfi yekun rolunu oynayır.
Pul və var-dövlət insanı yoldan çıxara bilər.
Dünya nemətlərinin keçici olduğu vurğulanır.
“Buranın orası da var” – yəni bu dünya ilə yanaşı axirət də var.
Sonda isə şair yenə məsuliyyəti insanın özünə qaytarır:- Seçim də sənindir, nəticə də.
Nəticə etibarilə, Fürqaninin bu şeiri oxucuya bir həqiqəti xatırladır: insanın taleyi təsadüflərin yox, seçimlərin məhsuludur. Düzlük, halal zəhmət, nəfsə qalib gəlmək və vətənə bağlılıq insanı ucaldan əsas dəyərlərdir. Əks halda isə insan öz səhvlərinin yükünü özü daşımalı olur.
Bu şeir sadə misralar içində böyük bir həyat dərsi təqdim edir. Və bəlkə də onun ən böyük gücü məhz bundadır.
Bu şeir, didaktik (öyüd-nəsihət xarakterli), fəlsəfi və əxlaqi məzmunlu, sadə, amma təsirli xalq dili ilə yazılmışdır. İnsan həyatını özü qürur. Düzlük, halal zəhmət və nəfsə qalib gəlmək onu ucaldar.
Yanlış seçimlər isə insanı məhv edər.
Sonda isə bir arzu qalır:
Fürqani bu yolun yolçusu olaraq həm sözündə, həm səsində bu ilahi işığı qoruyub saxlasın. Çünki belə səslər təkcə eşidilmir — yadda qalır.
Allah qorusun Fürqanini...
Sözün və səsin sehrinin işığında...
Böyük sevgi və səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




























