
Xəbərlər
15.03.2025, 19:26
ÜRƏK ADAMI - FOTOLAR
ÜRƏK ADAMI
Mənəviyyat və gözəllik dünyasının səyyahı Vidadi Bayramovun 70 illik yubileyinə
dost hədiyyəsi
dost hədiyyəsi
Onun barəsində yazmaq çoxdankı arzum olub, nədənsə alınmayıb. 45 ildən bəri silahdaşım olan və heç vaxt məni darda qoymayan qələmim bu dəfə sözümə baxmayıb. Bəzən saatlarla düşünsəm də, fikirlərimi bir yerə cəmləyə bilməmişəm, ağ vərəqi qatlayıb sonraya, hansısa bir vaxta saxlamışam. Bəzən də yazdıqlarım özümü qane etmədiyinə görə çırıb atmışam. Halbuki ondan sonra onlarca insan haqqında oçerk, zarisovka yazmışam və təvazökarlıqdan kənar olmasın, deyilənə görə heç də pis alınmayıb.
Amma, şəxsiyyətinə, ziyalılığına, alimliyinə və nəhayət, insanlığına daim hörmət bəslədiyim, həyatda özümə nümunə seçdiyim əziz dostum, gözəl insan, sadəliyi, səmimiyyəti, təvazökarlığı, mübarizliyi ilə seçilən və sevilən, ən etibarlı həyat yoldaşı, qayğıkeş ata, elimizin- obamızın fəxr olunası oğlu (bu ifadələr yaxın dostumuz Xeyrulla Ağayevə məxsusdur – müəllifdən) Vidadi Bayramovun portret cizgilərini oxucuya təqdim etməyə qələmimin qüdrəti çatmayıb. Əlbəttə, nə mən o fikirdəyəm, nə də özü bu iddiadadır ki, o, qeyri-adi insandır. Əksinə, Vidadi müəllim adidən adi, sadədən sadə, Tanrının verdiyi qismətə qail olub, həmişə şükranlıq edən, sakit, ifrat dərəcədə təvazökar, öz halal haqqını tələb etməyə belə üzü gəlməyən, abır-həya sahibi, “utancaq” bir insandır. “Utancaq” sözünü fərqləndirməyim səbəbsiz deyil. Bu sözü onun barəsində əmioğlusu mərhum Məhyəddin Bayramov demişdi.
Bir də ki insanın xasiyyəti genlə gəlir və ailədə, yetişdiyi mühitdə formalaşır. Bunu onun tərcümeyi-halını nəzərdən keçirənlər , diqqətlə oxuyanlar bir daha yəqin edə bilərlər.
VİDADİ XASAY oğlu BAYRAMOV 15 mart 1955-ci ildə İsmayıllı rayonunun Sərdahar kəndində anadan olub.1972-ci ildə rayonun Tircan kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsinə qəbul olunub.1978-ci ildə institute fərqlənmə diplomu ilə bitirib. O, əmək
fəaliyyətinə 1978-ci ildə İsmayılllı rayon Dövlət Damazlıq Birliyində zootexnik kimi başlayıb. Bir il sonra Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunda təkmiləşmə kursunu bitirərək Damazlıq işləri üzrə təlimatçı ixtisasına yiyələnib. 1979-cu ildən 1982-ci ilə qədər İsmayıllı Rayon Partiya Komitəsinin göstərişi ilə “Oktyabr”
Kolxozundakı Heyvandarlıq Kompleksinin müdiri vəzifəsinə təyin olunub.
Təsərrüfatda əldə etdiyi yüksək nəticələrə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1982-ci ildə İsmayıllı rayon Partiya Komitəsinə təlimatçı və az sonra rayon Partiya Komitəsinin Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib.1993-cü ilə qədər İsmayıllı Rayon Partiya Komitəsi və daha sonra Rayon İcra Hakimiyyətində
işləyib. 1993-1994-cü illərdə İsmayıllı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində zootexnik, 1994-1999-cu illərdə isə İsmayıllı rayon Dövlət Damazlıq İdarəsinin rəisi vəzifəsində işləyib.
V.Bayramov 2000-2003-cü illərdə Bakı şəhərində Avtonəqliyyat Dövlət Konserni Mənzil İstismar İdarəsində 3 saylı MİS-in rəisi, 2004-2007-ci illərdə isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Minadan zərər çəkənlərin Assosiasiyası” layihəsində menecer vəzifəsində çalışıb.
V.Bayramov 15 mart 2007-ci ildən 2017-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq şöbəsinin baş məsləhətçi vəzifəsində işləyib. O, kənd təsərrüfatı sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının fəxri fərmanı ilə təltif olunub.
Ailəlidir. 4 övladı və 7 nəvəsi var.
Qızı Şəfəq Bayramlı İsmayıllı şəhər 1 saylı tam orta məkətbində riyaziyyat müəllimi, oğlanları - Elmin Bayramlı Azəybaycan Beynəlxalq Bankında Korporativ biznes departamentinin rəhbəri, Anar Bayramov SAT Group şirkətinin həm-təsisçisi, Xasay
Bayramov isə UPS şirkətində kommersiya direktoru vəzifəsində çalışırlar.
Vidadi müəllimi qırx ilə yaxındır ki, tanıyıram. Onun tərcümeyi-halına yazılmış İsmayıllı RPK-dan tanıyıram. Yaxşı yadımdadır, bir dəfə onun qonağı idik. Onda “Ədalət” qəzetində çiyin-çiyinə çalışdığım mərhum Məhəmmədəli Mustafayevlə rayonumuza məzuniyyətə gəlmişdik. Rayon rəhbərliyinin tapşırığına əsasən, bizim Vidadi müəllim məsləhət bildiyi müəssisələrdən material hazırlamağımıza normal şərait yaratdı. Özü də tez-tez bizimlə əlaqə saxlayır, vəziyyətlə ciddi maraqlanırdı. Bizimlə əlaqə saxlayarkən sözarası bildirdi ki, günorta onun qonağıyıq. Biz də etiraz etmədik, işimizi mümkün qədər tez bir zamanda yekunlaşdırıb Vidadi müəllimin məsləhət bildiyi məkana yollandıq. Maşallah, günorta naharını “quş iliyi, can dərmanı” nə var süfrəyə düzdürmüşdü. Toqqamızın altını bərkidəndən sonra maraqlı bir təklif Verdi. Dedi ki, isti size birtəhər edib, bəlkə gedib Əyriçayda bir yuyunaq, sərinlik ab-havasını orada, təbiətin qoynunda yaşayaq. Biz qonaq idik, nə deyə bilərdik ki... Razılaşdıq və ora getdik. Həmin günü olduqca çox maraqlı bir günə imza atdıq. İşmizin gərginliyi hərdən elə həddə çatır ki, belə məqamlarda sanki özünü, yorğunluğunu unudur, özünü cənnətdə hiss edirsən. Biz də yorğunluğumuzu həmin gün bax beləcə “əritdik"...
V.Bayramov bir insan kimi də maraqlı şəxsiyyətdir. Yaxşılığı unutmayan, ehtiyacı olanlardan yardımını əsirgəməyən, dost qədri biləndir. Ən başlıcası isə çoxlarına örnək ola bilən ailə başçısıdır. O, qayğı ilə böyütdüyü övladları ilə fəxr edə bilər. Vidadi müəllimin hər birinin evi-eşiyi, işi-gücü olan gül balaları var.
Ötən il bacım oğlunun toy mərasiminə Vidadi müəllimi dəvət etmişdim. Ailələrində baş vermiş hüznlü məqamlara görə o, iştirak edə bilmədi, amma oğlunu göndərmişdi. Vaxtının azlığına görə toyda az oturdu, gedərkən Vidadi müəllimin salamlarını çatdırıb üzrxahlığını ifadə etdi. Maşallah olsun, elə Vidadi müəllimin adına layiq bir övlad təəssüratı bağışladı məndə. Və bu görüşdən sonra məndə elə təsəvvür yarandl ki, övlad məhəbbəti qazanmaq hər atanın qismətinə düşmür. Amma Vidadi müəllimdə bu keyfiyyətlər çoxdur. Onun şəxsi uğurları və insani keyfiyyətləri, bir yaxın ürək dostu kimi məni həmişə fərəhləndirib.
Vidadi Bayramov həqiqətən ürək adamıdır. Yuxarıda qeyd etdiyim kimi, Vidadi müəllimlə dostluq-qardaşlıq etməyimizin 40 illik tarixi var. Bu illərdə mən Vidadi Bayramovu gecəli-gündüzlü tər axıdan, ömrünü zəhmətlə əridən, adamların əllərinin qabarına məlhəm qoyan, onlara mənəvi-insani kömək göstərən, zəhmət adamlarının dərdinə qalan və onların könlünü ürəklə alan fədakar, görkəmli ziyalı, mehriban, qayğıkeş insan kimi tanımışam.
Mənalı, kişi kimi ömür sürmək, öz zəhmətilə qurduğu həyatdan zövq alaraq yaşamaq bu keyfiyyətə malik olan hər kəsin haqqıdır.
Vidadi Bayramov da belə əməl sahiblərindəndir. O, böyük ehtirama layiq insandır. Öz xalqına bütün varlığı ilə bağlanan, onun arzu və istəkləri, ümid və dərdləri ilə yaşayan şəxsiyyətlər yaşadıqca ucalırlar.
Vidadi müəllim də heç bir vaxt tək özü üçün yaşamayıb. O, başqalarının sevincinə və kədərinə şərik olub, başqalarının həyat yollarında irəliləməsinə kömək edib, xalq səadəti üçün əlindən gələni əsirgəməyib.
Və sonda Xeyrulla Ağaytevin yubilyar barəsində dediyi şirin sözləri nəzərinizə çatdırmaq istəyirəm: “ Xoşbəxtdir o kəs ki, arxaya boylananda yaşadığı ömrə görə qürur hissi keçirir. Vidadi müəllim həmin xoşbəxt insanlardandır. Ən çətin günlərində belə üzündən təbəssüm və gülüş əksik olmayan dostumuzun tale yollarına bir baxış edək ən xoş ömür arzularıyla!”
Mən də bu dahiyana deyilmiş fikirlərə əlavə etməyi özümə mənəvi borc hesab edirəm. Allah öz istəkli bəndələrinin hamısına kaş Sizin kimi dost bəxş edəydi. Çox yaşayın, gözəl insan, ürək adamı!
Və sonda “5 qardaş” – Təranə Cəbiyevanın, Xeyrulla Ağayevin, Bəhruz Məmmədovun, Yusif Məhəmmədoğlunun və öz adımdan Vidadi müəllimi təbrik edib bağrıma basıram.
Səmimiyyət və hörmət hissi ilə dostunuz
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay