
Xəbərlər
30.12.2024, 22:03
ƏSL TƏHSİL FƏDAİSİ BALAKİŞİ XUDİYEV - FOTO
Balaş XUDİYEV - 70
ƏSL TƏHSİL FƏDAİSİ BALAKİŞİ XUDİYEV
PARLAQ ZƏKA SAHİBİ, ALİCƏNAB ŞƏXSİYYƏT ÖMRÜNÜN KAMİLLİK ÇAĞINI YAŞAYIR
Belə bir aforizm var: o xalq xoşbəxtdir ki, onun gözəl müəllimləri, ziyalıları var. Sevindirici haldır ki, bu gün ölkəmizdə, onun bölgələrində belə insanlar çoxdur. Onu da deyim ki, tarixən Azərbaycan təhsilinin önündə gedən İsmayıllı rayonu da özünün yetişdirdiyi ziyalıları ilə həmişə qürur duyub. Bu fikri xatırlamağım əbəs deyil. Yazılarımda, sosial şəbəkə paylaşımlarımda hər zaman ziyalı sözünə, ağsaqqal məsləhətinə geniş yer verməyə çalışıram. Çünki belə insanların hər sözü gənclərimiz üçün örnəkdir. Budəfəki yazımızın qəhrəmanı isə Balakişi Xudiyevdir.
İsmayıllı rayonunun ziyalılarından, pedaqoqlarından söhbət düşəndə bir çoxu kimi Balakişi müəllimin də adını tez-tez çəkiblər. Mən də çoxdan tanıdığım bir insan kimi onun haqqında danışanların səsinə səs verdim. Və fikirləşdim ki, onun haqqında belə ürəkdolusu danışırlarsa, deməli, bu insan yüksək müsbət keyfiyyətlərə, özəl xüsusiyyətlərə malikdir.
İnkişafın təməlində təhsil dayanır
Əvvəlcə onun ömür yoluna nəzər salaq: Balakişi Məhəmməd oğlu Xudiyev 1955-ci il yanvarın 1-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. 1972-ci ildə Qubaxəlilli kənd tam orta məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) kimya fakultəsinə qəbul olunub və 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirib. 1976-cı ilin sentyabrından Qubaxəlilli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Və ilk gündən qarşısında böyük vəzifələr durduğunu başa düşüb: bir müəllim kimi kollektivlə işləmək, hər bir həmkarının, şagirdin dilini tapmaq, onlarla ünsiyyətdə olmaq, valideynlərlə sıx əlaqə saxlamaq. Bunlar olmayan yerdə təhsildə uğur qazanmağın mümkünsüzlüyünü artıq o, pedaqoji fəaliyyətində dəqiq müəyyənləşdirdiyindən işində bunları əsas götürüb. Yorulduğu vaxtlar da olub. Lakin ona xalqımız üçün gərəkli vətəndaşlar, intellektli gənclər, savadlı məzunlar yetişdirmək kimi xeyirxah vəzifənin tapşırıldığını unutmayıb. Bu da onun çalışdığı sahədə uğurlar qazanmasını təmin edib. Bu barədə deyir:
– Bilirsiniz, inkişafın təməlində ilk olaraq təhsil dayanır. Mən ziyalı kimi kənd sakinləri ilə söhbətdə təhsilin vacibliyini həmişə vurğulamışam. Demişəm, kəndimizdə oxumayan qalmasın. Təhsilə göstərilən qayğı isə həmişə göz qabağında olub. İstər tikilən yeni məktəb binaları, istər təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi imkan verib ki, təhsilimizdə əvvəlki dövrlərdə qazandıqlarımızdan qat-qat artıq uğurlara nail olaq. Orta məktəbdə çalışdığım zamanlarda təhsildə əldə etdiyimiz uğurların kökündə də məhz hərtərəfli dövlət qayğısı dayanıb. Əlinə jurnal alan, sinfə girən hər bir müəllim bunu unutmursa, o, uğur qazana bilər. Odur ki, yetirmələrimə də bunu təlqin etmişəm.
Bu illərdə ulu öndər Heydər Əliyevin göndərişi ilə şagirdlərimdən Ələm Xudiyev D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutuna təhsil almağa göndərilib. Digər yetirmələrim Rasim Bayramov hazırda Vergilər Xidmətində rəis müavini, Sahir Məmmədxanov, Akif Həsənov, Sahib Babayev isə müxtəlif vəzifələrdə çalışırlar. Onları yüksək vəzifələrdə görəndə, xoş soraqlarını eşidəndə uşaq kimi sevinmişəm.
Gərək göstərilən qayğıya əməli işlə cavab verəsən
Balakişi Xudiyev bir qədər geriyə qayıdır: – Heç yadımdan çıxmaz. Dərs dediyim məktəbin uğurları elə də ürəyimizcə deyildi. Məzunlardan tələbə adını qazananların sayı barmaqla göstərilirdi. İnanın, məktəbin kollektivi də uzun müddət özünə gələ bilməmişdi. Həmin il işimizdə əsaslı dönüş yaratmaq barədə kollektiv üzvləri ilə xeyli söhbətimiz oldu. Bu söhbət nəticəsiz qalmadı.
Balaş müəllim... Hamı onu belə çağırır. Məktəbə birinci sinfə yenicə qədəm qoyan şagirdlər, məktəbi bitirən məzunlar, habelə valideynlər və dostları da. Şən, zarafatcıl, hamının sevimlisidir Balakişi müəllim. Təşkilatçılığına görə də hamının hörmət və rəğbətini qazanıb.
- Məktəbin pedaqoji kollektivi intizamlıdırsa, bu kollektivdə vətənpərvərlik varsa, orada təhsil alan uşaqlar da intizamlı və vətənpərvər olacaqlar. Müəllimlər uşaqlara yaxşı dərs verməklə bərabər, onları vətənpərvər ruhda böyütməlidirlər. Bu sözlər kollektivimizin iş prinsipinə çevrilib. Çalışmaq lazımdır ki, göstərilən qayğıya əməli işlə cavab verəsən, – deyən Balakişi müəllim bunu da əlavə edir:
– Heç yadımdan çıxmaz, biz orta məktəbdə təhsil alarkən dərsliklər tapılmırdı, məktəbli ləvazimatları yox dərəcəsində və ya köhnə halda idi. Bəs indi? Bu barədə danışmağa lüzum görmürəm.
Balakişi müəllim danışdıqca özümün də orta məktəbdə oxudum illər kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Amma buna baxmayaraq Dəmir Nəzirovun direktor olduğu dövrlərdə Kamal Qasımov adına Basqal kənd orta məktəbinin qazandığı uğurları da yaxşı xatırlayıram. Hər il qəbul imtahanlarında Basqal kənd tam orta məktəbinin uğurlarını eşidirdik. Hətta 1970-ci illərin sonlarında məktəbimizin məzunlarını soraqları xarici ölkələrin ali məktəblərinin auditoriyalarından eşidilməyə başladı. Mənim bu sözlərimi Balakişi müəllim də təsdiqləyib dedi ki, hətta Ulu Öndər Heydər Əliyev Basqal məktəbinin uğurlarını qeyd etmiş, adını nümunəvi təhsil ocaqlarının sırasında çəkmişdi.
B.Xudiyevin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru çalışdığı zaman (1995-ci ildən 2003-cü ilədək) bu təhsil ocağında da uğurlar çox olub və yüksək uğurlara asanlıqla nail olunmayıb. Yollar axtarılıb, zəhmət çəkilib, çəkilən zəhmət isə bəhrəsiz qalmayıb. Təhsil sahəsində əldə etdiklərini sadalamalı olsaq, bir qəzet səhifəsi bəs etməz.
“Bütün bunlara baxmayaraq, mən əsl kəndliyəm”, – deyir. İmkan tapan kimi əkin-biçinlə, təsərrüfat işləri ilə məşğul olur. O, torpağı sevir, onun qədrini bilir. Həyətindəki ağaclara xüsusi qayğı göstərir, gül-çiçəyin nazını çəkir. Bu da ona ata-babadan qalma bir vərdişdir, görüb, götürüb, öyrənib.
Balakişi Xudiyev çoxuşaqlı ailədə böyüyüb. Rəhmətlik atası Məhəmməd kişi təhsilə böyük önəm verib. Övladlarının təhsil alması üçün bütün əziyyətlərə qatlaşıb. Zəhmətkeş ata arzu və istəyinə çatıb.
Qayğısız məktəb illəri...
HAŞİYƏ: Hərdən yuxularımda doğma Basqalımı görürəm. Ata yurduma nə qədər əl uzatsam da, çatmır, hərdən ora baş çəksəm də, həsrət odum, yanğım sönmür. İstəyirəm ki, yenə o sulu çayların qoynuna atılım, dağlara, təpələrə dırmaşım, ağaclarda yuva qurum, bağlardan meyvə dərib qoynuma yığım, cürbəcür uşaq oyunlarına qarışım. Ancaq bunlar arzu, xəyal olaraq qalır, ürək dağlanır, ürək təngiyir...
Kiçik, ya böyüklüyündən, yaxın və uzaqlığından asılı olmayaraq, torpaq həsrəti, doğulduğun yurdun həsrəti insani hissdir, duyub-düşünənlərin varlığında yaşayan bir keyfiyyətdir. Ayaq tutub yeridiyin, ata-ananın məskən saldığı evə, həyətə, kəndə övlad məhəbbəti bütün böyük Vətənə məhəbbətdir, elə vətən həmin evdən, həyətdən başlanır.
Əsl insana məxsus bir psixologiya var. Uşaqlıq illəri, gəncliyində ayrı düşdüyü doğma kənd onun üçün daimi olaraq, əziz xatirələr mənbəyinə çevrilir. İllər keçsə də, yuxuda da o yerlərə qayıdır, anadan olub bir neçə il yaşadığı evi, həyəti, sümük atdığı gecələri, atılıb düşdüyü küçə və meydanları, məhəbbət bağladığı, savaşıb barışdığı məhəllə uşaqlarını, doğma məktəbi … görür, yenidən o doğmalığa qayıtmağa can atır.
Mənim yadıma gəlir ki, 1970-ci, 1980-ci illərin sonunadək on il təhsil aldığım Kamal Qasımov adına Basqal kənd orta məktəbində 3 onuncu sinif və 3 birinci sinif var idi. Onda kənddə həyat qaynayırdı, xüsusi canlanma var idi. Onda kənddən perik düşmə yox idi. Kəndi tərk edənlərə də pis baxırdılar. Mövcud durum, Azərbaycanda baş verənlər artıq basqallıların da kəndi tədricən tərk etmələrinə səbəbə oldu... Bu gün həmin məktəb müasiri ilə əvəz edilib, bu təhsil ocağında bir onuncu sinif var, orada da 5-6 nəfər uşaq ola-olmaya... Çox kədərli, təsirli və olduqca düşündürücüdür!
Basqal məktəbinin qoynunda düz on il dərs almışam. Əziz və doğma məktəbim! Sən mənə əlifba, yazı-pozu öyrətmisən. Sən məndə ana dilinə, xalqa, vətənə məhəbbət hissi oyadıbsan, mənə qol-qanad veribsən, yol göstəribsən. Sən mənim ayaqyalın, köhnə cındır paltarlı uşaqlığımın, ancaq atalı-analı ilk gəncliyimin şahidisən. Səndən başlanan həyat yolları, ömür yolları məni çox-çox uzaqlara apardı. Ancaq heç vaxt nə kəndimizi, nə onun adamlarını, nə də əziz məktəb, Səni unutmadım, yuxularıma girdin, dərs keçdiyim sinifləri, yaddaşıma silinməz izlər salan müəllimlərimi, şagird yoldaşlarımı gördüm. Müəllimlərimin, demək olar ki, çoxu dünyasını dəyişiblər. Şagird yoldaşlarımdan rəhmətə gedənlər də var, yəqin ki, mənim kimi qocalanlar da... Nə etmək, həyatın insanın iradəsinə tabe olmayan qanunları var. Ağlaya-ağlaya dünyaya gəlirik, hərəmiz bir cür ömür sürürük, sonra da qəm-qüssə içində dünyadan köçürük. Kənd qalır, keçdiyimiz yollar, cığırlar qalır, məktəb, qayğısız məktəb illəri qalır, dünyaya yeni nəsillər gəlir, həyat davam edir...
Onu səmimi insan, dəyərli ziyalı kimi tanıyıram
B.Xudiyevin bir dövrü də olub. Bu da 1980-ci illərə təsadüf edib. O, bütün dövrlərdə dövlətin və xalqın mənafeyini el-obada, cəmiyyətdə hər şeydən üstün tutub. Bu yüksək keyfiyyətlərini nəzərə alıb onu 1985-ci ilin iyul ayında rayon Partiya Komitəsinə (RPK) təlimatçı vəzifəsinə irəli çəkiblər. 1989-cu ildə Ali Partiya məktəbinin əyani dinləyicisi olub, 1991-ci ildə Politologiya və Sosial İdarəetmə İnstututunu fərqlənmə diplomu ilə bitirib.
Balakişi Xudiyevlə tanışlığımızı yaxşı xatırlayıram. Yuxarıda qeyd etdiyimiz kimi, onun İsmayıllı RPK-da təlimatçı olduğu dövrlərdə mən də partiyanın sağ qolu olan komsomol təşkilatında çalışmışam. Elə əslində tanışlığımız və sonrakı dostluğumuz da buradan başlayıb.
Ayda bir dəfə rayon partiya komitəsinin binasında növbətçilik edir, birinci katibin qonaqlarını qarşılayır, ona məlumat verir və görüşdürürdüm. Belə növbələrdən birində Balakişi müəllim məni gördü, Basqaldan olduğumu, hətta Əhmədağa Ələkbərovla qohumluğumu bilib mənə isti münasibət göstərməyə başladı. Sonradan da başqa tədbirlərdə mütəmadi olaraq görüşməyə, tədbirləri bölüşməyə başladıq. Hər tədbirdə mən də Balakişi müəllimin bu xoş münasibətindən ruhlanıb özümdə cəsarət tapır, daha şövqlə işləməyə çalışır, qarşılıqlı münasibətlərdə söz-söhbətin yaranmaması üçün əlimdən gələni edirdim. Kənardan bu işlərimi seyr və müşahidə edən Balakişi müəllim də öz heyranlığını gizlədə bilməmişdi. Balakişi Xudiyevi bax belə bir səmimi insan, dəyərli ziyalı kimi tanıyır və hörmət edirəm.
Onunla çox görüşümüz və maraqlı söhbətimiz olub. Hər dəfə də ondan çox şeyi əxz etmək istəmişəm. İnsan daim öyrənir, öz üzərində gecə-gündüz çalışır, cəmiyyət arasında nüfuzunu artırmaq idealları ilə yaşayır. Balakişi müəllimlə sonuncu görüşümüz rəhmətlik Dəmir Nəzirovun oğlunun qoyunda olub. Hətta o toydan xatirə kimi fotoşəkil də çəkdirmişik. Həmin fotoşəkli görəndə bir daha Dəmir müəllimli günlərimə qayıtdım, o toyun xoş xatirələrini yaşamağa başladım.
Gənclərin yaxın məsləhətçisi, yaxşı yoldaşı, sədaqətli dostu
Onun yaxın dostlarından, təhsil mücahidlərindən biri Hacıməmməd Məmmədov söyləyir ki, Balakişi müəllim dərslərini elmi-metodiki cəhətdən düzgün qurur: “Təcrübədən geniş istifadə edir. Şagirdlərin zehni fəallığını artırır, təfəkkür qabiliyyətini formalaşdırır. Fənnini ürəkdən sevir. Həmkarlarına nümunəvi dərslərin hazırlanması üçün lazımi metodik yardım və tövsiyələr verir. Deyir ki, müəllimin yüksək müvəffəqiyyət qazanması üçün onun elmi zəminə əsaslanan dərin biliyi olmalıdır.
Ömrünün kamillik çağını yaşayan Balakişi Xudiyev Azərbaycanın gələcəyini düşünən ziyalıdır. Odur ki, orta məktəbdən yaşla əlaqədar təqaüdə çıxsa da, işini İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində davam etdirir. Burada da yorulmadan çalışır, işdən bezmədiyini sübut etmək istəyir. O, hazırda da xalqımızın milli, zaman keçdikcə daha çox bəhrə verən intellektual nəslini yetişdirir.
Rayonumuzun qabaqcıl kimya müəllimi kimi fənninin əsl bilicisi və ustasıdır. Yeni təlim metodlarından bacarıqla istifadə edir. Məharətli təşkilatçı, işgüzar ictimaiyyətçidir. Bir vaxtlar o, rayon Xalq Deputatları Sovetinin deputatı olub. Bu gün də ictimai işlərdə çox fəaldır.
Balakişi müəllim dəfələrlə fəxri fərman, diplom və pul mükafatları ilə mükafatlandırılıb. Baş müəllim adına layiq görülüb. Odur ki, bu gün də Balaş müəllim gündəlik dərslərinə dərindən hazırlaşır, yaradıcı axtarışlarla öz iş təcrübəsini zənginləşdirərək gənclərə ötürür. O, yeni fəaliyyətə başlamış müəllimlərin yaxın məsləhətçisi, yaxşı yoldaşı, sədaqətli dostudur”.
Onu el-obaya sevdirən nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır
Balakişi müəllim qayğıkeş ata, həm də mehriban, sevimli babadır. Üç övlad atasıdır. Oğlu Emil İsmayıllı Rayon Yol İstismar İdarəsində sahə rəisi işləyir. Qızı Günel Salehova İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin qabaqcıl riyaziyyat müəllimi, Könül Bağırova isə şəhər 3 nömrəli məktəb-liseydə biologiya müəllimi işləyir. Ailədə 6 nəvə böyüyür. Onlar Balaş müəllimin sevinci, qüruru, dayağıdırlar.
Səmimi və qayğıkeş insan olmaqla yanaşı, Balakişi Xudiyevi ismayıllılara, el-obaya sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır. Ona müraciət edənlərə hər zaman kömək edir. Fəaliyyətə yeni başlayan müəllimlərin dostu, təhsilə böyük maraq göstərən yeniyetmələrin gələcəkdə böyük nüfuz sahibi olmaları, cəmiyyətdə hörmət, ad-san qazanmaları üçün uğurlar qazanmalarına həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə, müxtəlif fənlərə maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəmir. Belə bir ziyalı ilə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə Balakişi Xudiyevlə görüşə bilməsəm də, onun uğurları barədə eşitmişəm, sevinmişəm.
Doğma İsmayıllının ictimai həyatında, təhsilində Balakişi Xudiyevi hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanıyır. Dəyərli pedaqoqumuz bu gün də yorulmaz fəaliyyəti, maraqlı axtarışları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə İsmayıllı təhsilinin inkişafına şərəflə xidmət edir.
Hörmətli Balakişi müəllim! Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün təhsilsevərlər, tədris etdiyiniz fənnə önəm verənlər və bütövlükdə çalışdığınız sahə üçün enerji ilə çalışacaq, əsl, sədaqətli təhsil fədaisi olmağınızı sübut edəcək, hələ neçə-neçə istedadlı gəncin pərvazlanmasına şərait yaradacaq, elmin dərinliklərində onların yollarını işıqlandıracaqsınız.
Doğum gününüz mübarək, dəyərli dost!
Böyük ehtiram və sevgi ilə
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay