
Xəbərlər
17.03.2022, 18:30
Milli sərvətimiz-müqəddəs Novruz bayramı.
Novruz bayramı bizim əziz, çox sevimli bayramımızdır. Eyni zamanda bu müqəddəs bayram milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq bildiyimiz kimi müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq. Təsadüfi deyil ki, bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Bu günə qədər dövlətimizin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. Uzun müddətdir ki, Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Hamıya məlumdur ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir: Ölkəmizdə 90-cı illərin əvvəlində vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə vurmuşdur. Ancaq Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır.
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət aparılır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq hər zaman öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi və ən əsası xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Və müstəqil, güclü dövlətin vətəndaşları olaraq, biz milli bayramlarımızı ürəyimizcə qeyd edirik. Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Ona görə ki, Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Həqiqətən də Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə və Novruz bayramının işğaldan azad olunan doğma torpaqlarımızda qeyd edilməsi böyük tarixi və qürurverici hadisədir. Xoş ovqatlı Novruz bayramı müansibətilə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulayıram.
Etibar Məmmədov
YAP Yevlax rayon təşkilatı “Heydər Əliyev pr.38A” ərazi partiya təşkilatının sədr müavini.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












