Xəbərlər / Nesr
19.02.2022, 21:51
ADPU Şamaxı filialı - Yeni funksional təsisat olan Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir.
2017-ci il Azərbaycan üçün mühüm nailiyyətlərlə yanaşı, həm də siyasi islahatlardan irəli gələn yeniliklərlə yadda qaldı. Məlum olduğu kimi, hələ 2015-ci ildə Konstitusiyaya edilən dəyişikliklərin məqsədlərindən biri dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı idi. Məhz konstitusiya islahatlarından irəli gələrək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri təsis edildi.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.
Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər.
Mehriban Əliyevanın fəaliyyətindən söz açarkən onun göz önünə gələn yüksək insani keyfiyyətlərindən biri insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyidir. Belə ki, bunlar xalqımızın milli-mənəvi və mental əxlaqi dəyərlər sisteminin əsas tərkib hissəsini təşkil edir. Mehriban xanım hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldib. O cümlədən doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılmasını, onların sosial problemlərinin həllinə diqqət göstərilməsini və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməyi Mehriban Əliyeva daim özünün vətəndaşlıq borcu hesab edib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.
Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindən olub.Ötən illər ərzində neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, muğam musiqi müsabiqələrinin və dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili bu ali məramın intişarına yönəlib.
Mehriban xanım Əliyevanın xalqın rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətləri: Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini; 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti; Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü; UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri. Effektiv təşkilatçılıq, peşəkar qərarların qəbul olunması və çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Bütün bunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında da Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli dəyərlərinə, humanizm prinsipinə əsaslanan ali məqamlı çoxşaxəli fəaliyyəti respublikamızda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da yüksək dəyərləndirilir. O, dünyada yeganə şəxsiyyətdir ki, həm UNESCO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, onun xoşməramlı fəaliyəti Fransanın, Pakistanın, Rusiyanın, Küveytin, Serbiyanın və digər ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Son olaraq Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Mehriban Əliyeva həmçinin Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır.
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Mehriban Əliyevanın xüsusi diqqəti və qayğısı olmuşdur. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilir. 2016-cı ilin Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlillərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin növbəti əyani göstəricisi idi. Görüşdə “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də təqdim olunub. Bu da bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Həmçinin, Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir.
Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Göründüyü kimi, ötən illər ərzində Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Bununla da Birinci vitse-prezident Mehriban Əliyeva hər bir sahədə dövlət başçısının həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verir.Birinci vitse-prezident kimi Mehriban Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
"Riyaziyyat və kompüter elmləri" kafedrasının baş müəllimi,
HİK-in sədri Çingiz Dadaşov.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















