Ülviyyə Ağayeva: Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması həyatımızın demokratik istiqamətdə davam etdiyinin göstəricisidir

Baxış Sayı:141

Ülviyyə Ağayeva: Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması həyatımızın demokratik istiqamətdə davam etdiyinin göstəricisidir22 iyul Milli Mətbuat Günüdür. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Tariximizin bu səhifəsi 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin əsasının qoyması ilə açılmışdır, bu da xalqımızın milli oyanışında yeni bir mərhələ olmuşdur. Bu gün Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasından 146 il ötür.

Bu fikirlər Milli Məclisin deputatı Ülviyyə Ağayevanın AZƏRTAC-a göndərdiyi məqaləsində yer alıb.


Məqalədə deyilir: “1875-ci ilin 22 iyulunda vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilmişdir. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Əslində, bu elə də böyük müddət deyil, cəmi 56 nömrə də böyük həcm deyil. Ancaq bu işin mahiyyəti, hansı çətinliklərlə üzləşməsi, amalı, özündən sonra buraxdığı iz, sonrakı nəsillərə miras qoyduğu ənənə heç bir ölçüyə gəlmir. Məhz bu qəzetin nəşrə başlaması ilə ana dilimizin müasir şəkildə formalaşması, ana dilinə önəm verilməyə başlanmış, qəlbində qəzetin səsləndirdiyi ideyalar cücərməyə başlayan digər ziyalılarımız da bu əlamətdar hadisədən ruhlanmış, qəzetin ətrafında toplaşaraq bütün səy və qüvvələri ilə ana dilimizə, xalqımıza fayda verməyə, xalqı əsrlərin qaranlığından çıxarmağa, millətin gözünü açmağa çalışmışlar. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini inkişaf etdirən “Əkinçi” qəzetinin xalqımızın milli özünüdərkində, milli oyanışında müstəsna rolu olmuşdur. Qəzetdə H.Zərdabinin ətrafına toplanmış maarifpərvər ziyalılarmız xalqı cəhalət yuxusundan oyatmaq üçün gecə-gündüz bilmədən, həyatlarını təhlükə və təqiblər qarşısında qoyaraq çalışırdılar. Sözsüz ki, XX əsrdə olduğu kimi, o zamankı çar Rusiyasında da Azərbaycanın dirçəlməsi, maariflənməsi, ağı qaradan seçə bilməsi hakim dairələri razı sala bilməzdi. Elə buna görə də qəzetimizin ömru az olmuşdu. Cəmi iki il. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi. Sanki iki il o dövrlərdə xalqımızın dirçəlməsi yolunda atılan ilk addımlara qoyulan zaman məhdudiyyəti idi. Azərbaycan Xalq Cümhuriyyətimiz də iki ilə yaxın bir dövr yaşayaraq xalqın qəlbinə azadlıq toxumlarını səpə bilmişdi…

Münbit zəminə səpələnmiş xoş amallı toxumlar gec də olsa, cücərir və əmin ola bilərik ki, bunlar qol-budaq atacaq, daha heç bir qara qüvvə bu işıqlı yolları kəsə bilməyəcək.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən, torpaqlarını da düşmən tapdağından azad etmiş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması həyatımızın demokratik istiqamətdə davam etdiyinin göstəricisidir.

Müstəqil dövlətimizdə Milli Mətbuat Gününün 146 yaşı mübarək olsun! Maarifpərvər babalarımızın xoş amalları daim çiçək açsın!”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR