Turaztv.az » Xəbərlər » ANAM DEYƏRDİ Kİ, UŞAĞIM ƏZİZDİR, TƏRBİYƏSİ ONDAN DA ƏZİZ...
Xəbərlər

ANAM DEYƏRDİ Kİ, UŞAĞIM ƏZİZDİR, TƏRBİYƏSİ ONDAN DA ƏZİZ...

26.11.2026, 13:26 8
ANAM DEYƏRDİ Kİ, UŞAĞIM ƏZİZDİR, TƏRBİYƏSİ ONDAN DA ƏZİZ...

(UŞAQLARINI ƏRKÖYÜN BÖYÜDƏN, ONLARDA ŞILTAQLIQ HİSSLƏRİNİN BAŞ QALDIRMASINA SÜNİ KÖMƏKLİK EDƏN BƏZİ VALIDEYNLƏRİN NƏZƏRİNƏ!)

Qələm və iş yoldaşım, yaradıcılığına hörmət bəslədiyim Nərminə Əsgərovanın “Azərbaycan” qəzetinin 26 noyabr tarixli sayında “Uşaqların uşalığı niyə ekrana köçür” adlı tərbiyəvi mövzuda dərc edilmiş yazını oxuduqdan sonra bu hisslər məndə baş qaldırdı. İstədim ki, mən də bu mövzuya müraciət edim. Başlığa da çıxardığım sərlövhə səbəbsiz deyil. Rəhmətlik anamın bu sözünün mahiyyətini, niyə, hansı səbəbdən işlətdiyini uşaq olanda tam anlamırdım. Bu gün ətrafıma baxdıqca, uşaqların böyümələrini, valideynlərin onlara “isti, şirin” münasibətlərini sakitcə müşahidə edirəm. Görürəm və başa düşürəm ki, anam nə qədər böyük həqiqət söyləyibmiş...
Çağdaş dövrümüzün uşaqlarının evdə nazı ilə oynamaqdan valideynlərin öz nazı yaddan çıxıb, özlərinə baxmağı belə unudublar. Uşaq ağlayır, ana qaçır. Uşaq küsür, ata güzəştə gedir. Uşaq istədiyini almayanadək evi başına götürür, valideyn isə qonşular eşitməsin, həm də qulaqları sakit qalsın deyə uşağın istəyinə tabe olurlar. Aradan zaman keçir, uşaq ağlamağın, küsəyənliyin, qışqırmağın istədiyinə çatmaq üçün ən yaxşı vasitə olduğu qənaətinə gəlir. Bu, onda öyrəşmə kimi qəbul edilir.
Əvvəlcə ona bir oyuncaq alınır, sonra bahalı telefon istəyinə əməl edilir, istək artıq tələbə çevrilir. Bundan sonra uşaq şıltaqlıqlarını davam etdirir. “Elə belə olmalıdır” fikrilə iddialarını ortaya qoyan uşağın sərhəd qoyulmadığına görə tələblərinin də sonu görünmür. Valideyn isə bunlarla elə bilir ki, uşağına xoşbəxt uşaqlıq yaşadır, ona hansısa yazşılığını bəxş edir. Əslində, uşağa əsl və ən böyük yaxşılıq onun hər “hə” istəyi ilə razılaşmamaqdır.
“Uşaqdır, şıltaqlıq edər. Uşaqdır, nazlanar. Uşaqdır, bəzən ağlayar, küsər, inad edər” – kimi uşaq şıltaqlığını valideynlər təbii hal sayırlar. Amma bu zənlərində yanılırlar. Hesaba almırlar ki, uşağın şıltaqlığı ilə tərbiyəsizliyi arasındakı sərhədi müəyyənləşdirmək onların ümdə borclarıdır. Şıltaqlıq uşaqlıqdır, ərköyünlük isə çox vaxt böyüklərin onlara yaratdıqları vərdişdir.
Məsəl var deyirlər: “Ağac yaş ikən əyilər”. Uşaq da xaraktercə kiçik yaşlarından formalaşır. Bu gün onun yerdən götürmədiyi oyuncağı sabah böyüyəndə başqasının haqqını saymamağına çevrilə bilər. Süfrədə bəyənmədiyi yeməyə görə kaprizliyi tutan uşağın sabah həyatın təqdim etdiyi çətinlikləri də qəbul etmək çətinliyi yarana, istəyinin yerinə yetirilməsi naminə ağlayan uşaq sabah bu, alınmayanda dünyanı özünə borclu saya bilər.
Qəribədir, bir çox halda valideynlər uşaqlarının ərköyünlüyündən fəxrlə söz açırlar. “Mənim uşağım çox nazlıdır”, “nə istəsə, alıram”, “bir dəfə də yox deməmişəm” ifadələrini qürurla işlətməkdən zövq alırlar. Elə bil valideyn hansısa istiqamətdə uğur göstəricisinə nail olub. Əslində uşağına bir dəfə də “yox” deməyən valideyn ona həyatın ən vacib sözünü öyrətməmiş olur. Uşağını vaxtında normal tərbiyəndirməyən valideyn, xüsusən də ana sonradan dizlərinə döymüş olur.
Təcrübə də sübur edir ki, həyat həmişə “hə” demir, o öz qaydalarını, öz qadağalarını, öz çətinliklərini bizə diqtə edir. Uşaq evdə hər şeyə sahib ola bilər, amma küçədə, məktəbdə, gələcək iş həyatında öz şıltaqlığı qarşısında acizdir. Ana onun hər şıltaqlığına dözə bilər, amma dünya ana deyil.
Bunlarla bərabər uşağın yanında valideynlərin öz davranışlarına diqqətləri də vacib məsələdir. Aşıq gördüyünü çalan kimi, uşaq da gördüyünü öyrənir. Evdə ata anaya qarşı kobud danışırsa, ana hər məsələdə qışqırır, hay-küy salırsa, böyüklərdən biri digərinin sözünü kəsirsə, uşaq onlardan hansı tərbiyəni götürə, ondan sakit olmağı necə tələb edə, ona hansı formada öyrədə bilər? Uşağa tərbiyə vermək üçün gərək özün də tərbiyəli, mədəni olmalısan, onun qarşısında tərbiyəli davranmalısan.
İndiki valideynlər unutmamalıdırlar ki, uşağı sevindirmək ayrı şeydir, onu ərköyün böyütmək ayrı. Uşağın istədiyi hər şeyi almaq olar, əsas ona sevgi hisslərini aşılamaq lazımdır. Bəzən hansısa oyuncağı almamaq, şıltaqlığa güzəştə getməmək, səhvinə görə onu astaca xəbərdar etməklə gələcəkdə valideyn ona ən böyük yaxşılığını etmiş olur. Uşağa başa salmaq, öyrətmək lazımdır ki, istəyin həddi də var, davranışın məsuliyyəti də.
Zəhmətin nə olduğunu anlatmaq, istədiyinə çatmaq üçün uşaq gözləməyi öyrənməli, məhrumiyyətin həyatın ayrılmaz parçası olduğunu anlamalıdır. Hər şeyə hazır sahib olan uşaq çox vaxt sahib olduqlarının qiymətini bilməz.
Dünyaya övlad gətirən gecəsini gündüzünə qatıb böyüdür, xəstələnəndə başının üstündə dayanır, bir tikə çörəyini belə onunla bölür. Övlad onun nəzərində dünyadır. Övladına sevgi bəsləyən ana da, ata da onu həyata hazırlamağı düşünməli, bunu bacarmalıdır. Uşağa sevgi vermək nə qədər vacibdirsə, ona nsane olmağı öyrətmək bir o qədər əhəmiyyətlidir. Tərəzinin bir gözündə sevgidir, digər gözündə isə tərbiyədir, başqa sözlər desək, sevgi insanı böyüdür, tərbiyə isə nsane edir.
Uşağın tərbiyəsində təkcə ata və ananın məsuliyyəti dayanmır. Ailə ilk məktəbdirsə, cəmiyyət ikinci məktəbdir. Müəllim, qonşu, qohum, dost, televiziya, nsane şəbəkələr — hamısı uşağın dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır. Uşağa “yalan danışma” deyib onun yanında yalan danışmaq, “böyüyə hörmət et” deyib böyüklərin özlərinin hörmətsiz davranmaları, “kitab oxu” deyib özlərinin bir kitabın üzünü açmamaları tərbiyənin sözdən çox nümunə ilə verildiyini unutmaqdır.
Bu fikirlərdən, düşüncələrdən, mülahizələrdən sonra rəhmətlik anamın o sözünü indi daha yaxşı anlayıram: “Uşağım əzizdir, tərbiyəsi ondan da əziz”. Bəli, övlad əzizdir, amma onun nsane kimi yetişməsi daha böyük məsuliyyətdir. Övladına mal-mülk, ev-eşik, pul-paradan daha qiymətli bir miras qoymaq istəyən valideyn, hər şeydən öncə, ona gözəl tərbiyə verməlidir. Gözəl və vaxtında verilən tərbiyə valideynin, ailənin, əsas da cəmiyyətin başucalığıdır. Sərvət tükənə, vəzifə əldən gedə, şöhrət unudula bilər, ancaq insanın tərbiyəsi onun adı ilə yaşayır. Unutmayaq ki, dünyaya yaxşı övlad gətirmək böyük xoşbəxtlikdir, amma cəmiyyətə yaxşı nsane bəxş etmək daha böyük valideynlikdir.
Övladı sevmək təbiidir, onu tərbiyə etmək isə hər kəsin borcudur!
Daşdəmir ƏJDƏROĞLU











Oxşar xəbərlər