Turaztv.az » Xəbərlər » Anamın məzarına qovuşmayan həsrətim Vətənin azadlığında dincəldi...
Xəbərlər

Anamın məzarına qovuşmayan həsrətim Vətənin azadlığında dincəldi...

25.11.2026, 21:29 6
Anamın məzarına qovuşmayan həsrətim Vətənin azadlığında dincəldi...
Cəmilə ÇİÇƏK

25 Noyabr – Bir qızın yarımçıq arzularının Zəfərlə tamamlandığı gün
Hekayə

Bəzən insan bir ömürdə iki dəfə yetim qalır: əvvəl anasını, sonra onun məzarını itirəndə...
Mənim hekayəm də belə başladı. Bu hekayənin adı Kəlbəcər idi...

Hələ həyatın nə olduğunu anlamayan səkkiz-doqquz yaşlı bir qız idim. Anamın yoxluğu uşaqlığımı vaxtından əvvəl qocaltmışdı. Kiçik bacı-qardaşlarıma dayaq olmaq üçün uşaq yaşımda böyüməyə məcbur olmuşdum. O balaca qəlbdə hansı fırtınaların qopduğunu, hansı arzuların səssizcə solduğunu yalnız Allah bilirdi.Anamdan mənə bir məzar qalmışdı. O məzar mənim üçün sadəcə bir qəbir deyil, anamla aramdakı son körpü, dərdlərimin ünvanı, səssiz təsəllim idi. Nə zaman ürəyim sıxılsa, xəyalən onun yanına gedər, sevincimi də, kədərimi də onunla bölüşərdim.
Elə bilirdim, dünyada hər şeyimi itirsəm də, bir gün anamın məzarına qayıda biləcəyəm. Başımı onun məzarının üstünə qoyub illərlə içimdə yığılan həsrəti ağlayacağam...

Amma 1993-cü ildə tale mənə daha ağır bir ayrılıq yaşatdı. Kəlbəcər işğal edildi. Anasızlığın ağrısı ilə yaşayan o qız bu dəfə anasının məzarından da ayrı düşdü.
Mən təkcə doğma yurdumu deyil, anamla görüşə biləcəyim son ünvanı da itirdim.
O gündən Kəlbəcər mənim üçün xəritədəki bir rayon deyildi. O, anasının məzarına gedə bilməyən bir qızın göz yaşları, yarımçıq qalmış uşaqlığı, dağların qoynunda dustaq qalan xatirələri idi.
İllər boyu ürəyimdə bir sual dolaşırdı:
— Ana, görəsən, üşümürsən? Məzarının üstündəki güllər solubmu? Mən gələcəyəm, ana... Bir gün mütləq gələcəyəm...
İllər keçdi... Təqvimlər dəyişdi, amma mənim uşaqlığım heç vaxt yaşanmadı. Mən böyüməmiş uşaqlığım qocaldı, anasızlığın ağır kədəri yaşımın çatmadığı vaxtda saçlarıma dən saldı. Həyat məni vaxtından əvvəl böyütdü, amma qəlbimdəki o balaca qızı heç vaxt böyüdə bilmədi. O qız illərin o üzündə, yarımçıq qalmış uşaqlığının qapısında dayanıb hələ də bir möcüzə gözləyirdi: anasının bircə dəfə də olsa ona sarılmasını...
Və nəhayət...
25 noyabr 2020-ci il! Kəlbəcər azad olundu!
Həmin gün sanki qəlbimdə illərdir bağlı qalan bir qapı açıldı. Mən yalnız doğma yurdumun azadlığına deyil, anamın məzarının da əsarətdən qurtulmasına sevindim.
Lakin insanın həsrəti bəzən azadlıqla da bitmir...
Azadlıqdan sonra, sentyabrın 8-də Kəlbəcərə getdim. Anamın uyuduğu məzarlıqda qəbrini axtardım. Daşları bir-bir qaldırdım, torpağa diqqətlə baxdım. Bəlkə adını görərəm, bəlkə bir nişanə taparam deyə...
Tapa bilmədim, ana!..
O an anladım ki, insan bəzən ən böyük sevincinin içində də ən böyük ağrısını yaşaya bilər. Səni tapa bilmədim, amma sənin uyuduğun torpaq azad idi. Bu, mənim yeganə təsəllim oldu.
İçimdəki balaca qız illər sonra yenidən dilləndi:
— Ana, eşidirsənmi? Kəlbəcər azaddır! Sənin məzarın da artıq əsir deyil. Doğma dağların, doğma torpağın azaddır! Mən söz verdiyim kimi geri döndüm, ana...
Bəlkə də o an torpağın altında bir qönçə baş qaldırdı. Bəlkə dağların küləyi anamın ruhuna qızının səsini çatdırdı...
Bu Zəfər asan qazanılmadı. Kəlbəcərin hər qarışında şəhidlərimizin qanı, anaların göz yaşı, qazilərimizin ağrısı, əsgərlərimizin fədakarlığı var. Bu, Azərbaycan xalqının birliyi, iradəsi və Vətən sevgisinin tarixə yazılmış təntənəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.
Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə şəfa və uzun ömür arzulayıram. Şəhid analarının qarşısında isə xüsusi ehtiramla susuram. Çünki onların övladları Vətənə canlarını verdilər ki, bu torpaqda bir daha heç bir uşaq yurd həsrəti ilə böyüməsin.
Mənim də bir anam vardı... Onu uşaqlıqda itirdim, sonra məzarını. Amma bu gün bilirəm: anamın uyuduğu torpaq azaddır!
Kaş bircə dəfə də olsa, məzarının başında dayanıb sənə deyə biləydim:
— Ana, mən gəldim! Sənin qızın qayıtdı! Uşaqlığımın yarımçıq qalan arzusu gerçəkləşdi. Sənin torpağın azaddır!
Mənim hekayəm ana həsrəti ilə başladı, Vətən sevgisi ilə böyüdü, Zəfər sevinci ilə tamamlandı. Çünki bəzən insan anasının məzarında Vətənin ağrısını, Vətənin azadlığında isə anasının ruhunun təsəllisini tapır.
25 Noyabr mənim üçün sadəcə Kəlbəcərin azadlıq günü deyil. Bu, anasının məzarını itirmiş bir qızın illərlə gözlədiyi ümidə qovuşduğu gündür.
Ana, ruhun şad olsun! Sənin torpağın azaddır!
Kəlbəcər, sən azadsan! Səninlə birlikdə neçə-neçə yarımçıq arzu, neçə-neçə həsrət də azadlığa qovuşdu.
Yaşasın azad Kəlbəcər! Yaşasın Azərbaycan!

Oxşar xəbərlər