Turaztv.az » Xəbərlər » QOŞULUB PAYIZA ÇIXIB GEDƏSƏN
Xəbərlər

QOŞULUB PAYIZA ÇIXIB GEDƏSƏN

16.11.2026, 14:22 12

(Payıza qoşulub getmə, amandı... )

Əzizə Ağahüseynqızı 1960 -cı ildə Beyləqan rayonun Dünyamallar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. Hələ kiçik yaşlarından şeir yazmağa başlamışdır.
Əzizə Ağahüseynqızının "Qoşulub payıza çıxıb gedəsən" şeiri lirik qəhrəmanın mənəvi sıxıntılarından, cəmiyyətdəki haqsızlıqlardan uzaqlaşmaq istəyindən və təbiətə sığınmaq arzusundan bəhs edən dərin emosional bir əsərdir.


Yağan yağışları islada səni,
Buludlar bilələr bir ada səni,
Gəzib tapmayalar dünyada səni,
Qoşulub payıza çıxıb gedəsən.


Şair burada deyir ki, payız yağışlarının altında islanıb təbiətin bir parçasına çevrilmək istəyir. Buludların onu dənizin ortasındakı tənha "bir ada" kimi görməsi obrazı onun dünyadan tamamilə təcrid olunmaq arzusunu ifadə edir. "Gəzib tapmayalar dünyada səni" misrası insanlardan, gündəlik qayğılardan və onu incidən mühitdən qaçıb gizlənmək istəyinin ən yüksək nöqtəsidir.

Onsuz da bezardi ruhum bu yerdən,
Yalandan, kələkdən, böhtandan, şərdən,
Bir fikir ağlıma gəlir ki, hərdən,
Qoşulub payıza çıxib gedəsən.


Şerin bu bənddə şairin niyə getmək istədiyinin səbəbi açılır. Lirik qəhrəmanın ruhu yaşadığı mühitdəki yalandan, kələkdən, böhtandan və şərdən yorulub. "Ruhum bezardı" ifadəsi bu narahatlığın fiziki deyil, dərin mənəvi yorğunluq olduğunu göstərir. Çıxış yolu isə yenə rədifdəki kimi — payıza qoşulub getməkdə görülür.

Guya ki, tanımır bu yollar məni?
Yavaş yaz qələmim duyarlar məni,
Yaxamı buraxmır xəyallar mənim,
Qoşulub payıza çıxıb gedəsən.


Şair doğma bildiyi yollara belə yadlaşdığını hiss edir ("Guya ki, tanımır bu yollar məni?"). O, içindəki ağrıları kağıza kğçürərkən belə ehtiyat edir ("Yavaş yaz qələmim duyarlar məni"), çünki dərdinin başqaları tərəfindən bilinməsini istəmir. Keçmişin və ya arzuların xəyalları onu rahat buraxmır. Burada qələmə müraciət şairin öz daxili dünyası ilə tək qalmaq istəyini gücləndirir.

Daha bu şəhər də mənə dar gəlir,
Günlər ötüsdukcə intizar gəlir,
Xəzan keçib gedir, şaxta, qar gəlir,
Qoşulub payıza çıxıb gedəsən.


Yaşadığı şəhər artıq ona dar gəlir. Günlər keçdikcə intizarı artır, payız (xəzan) bitib yerini soyuq qışa (şaxta, qar) verir. Fəsillərin dəyişməsi insan ömrünün və ümidlərinin soyuması ilə paralellik təşkil edir. Şair qışın sərtliyi gəlməmiş, məhz payızın həzinliyinə qoşulub getməyə tələsir.

Həsrətim həb kimi canımı yeyib,
Payıza üç aylıq "qızıl"ım deyib,
Götürub əyninə sarı don geyib,
Qoşulub payıza çıxıb gedəsən.


Şairin çəkdiyi həsrət sanki bir dərman (həb) kimi canını əridib yeyir. Bu ağrıdan qurtulmaq üçün payızı özünə "üç aylıq qızılım" deyə əzizləyir, onun rənginə bürünərək (sarı don geyib) bu dünyadan uzaqlaşmaq istəyir. Payızın "qızıl" adlandırılması və "sarı don" metaforası bu fəslin şair üçün kədər deyil, əksinə, doğma və sığınılacaq bir məkan olduğunu göstərir.

Yağmuru, çiskini, küləkləriylə,
Durna qatarının lələkləriylə,
Kövrək xəzəllərin bələkləriylə,
Qoşulub payıza çıxıb gedəsən.


Əzizə Ağahüseynqızı bu bənddə gedişinin mənzərəsini çəkir, yağmur, çiskin, külək, köçəri durnaların lələkləri və körpə kimi bələyə bükülmüş kövrək xəzəllər... "Xəzəllərin bələkləri" bənzətməsi çox orijinaldır, tökülən yarpaqlar sanki yenidən doğuluşun və ya sakit bir yuxunun simvoludur. Şair bütün bu payız atributları ilə birlikdə əbədi bir səfərə çıxmağı arzulayır
.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Oxşar xəbərlər