Turaztv.az » Xəbərlər » Avropada gərgin gecə... - Fotolar
Xəbərlər

Avropada gərgin gecə... - Fotolar

01.11.2026, 12:49 7

Avropada etirazlar davam edir.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Fransada aksiyaların üçüncü həftəsidir.

Fransada Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə dünən keçirilən aksiyalarda 320 min nəfər iştirak edib. Onlardan 70 mini Parisdə küçələrə çıxıb.

Təhlükəsizliyi təmin etmək üçün 70 min polis və jandarm əməkdaşı, o cümlədən xüsus bölmələr səfərbər olunub.

Aksiyalar Paris, Lion, Marsel, Qrenobl, Tuluza, Renn və Nant şəhərlərində keçirilib. Lion və Qrenoblda polis gözyaşardıcı qazdan istifadə edib.

Marseldə nümayişçilər polisə səki daşları atıb, Parisdə isə polis əməkdaşına partlayıcı vasitə atılması barədə məlumat yayılıb. Polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.

Aksiyalarda məktəblilər, tələbələr, müəllimlər, həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının tərəfdarları iştirak edirlər.

Onlar təhsil sisteminin maliyyələşdirilməsini, əməkhaqlarının artırılmasını və yaşayış xərclərinin azaldılmasını tələb edirlər.

Almaniyada isə “Gen Z regelt” gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə nümayişlər keçirilib.

“Tagesschau” portalının məlumatına görə, təşkilatçılar aksiyalarda 100 mindən çox insanın iştirak etdiyini bildiriblər.

Gənclər məktəblərə və universitetlərə daha çox vəsait ayrılmasını, kirayə qiymətlərinin azaldılmasını, iqlim problemlərinə diqqət yetirilməsini və məcburi hərbi xidmətin tətbiqinə son qoyulmasını tələb ediblər.

Aksiyalar Berlin, Frankfurt, Hamburq, Münhen, Köln, Drezden və Leypsiq kimi şəhərləri əhatə edib. Gün ərzində əsasən dinc keçən nümayişlər axşam saatlarında bəzi şəhərlərdə qarşıdurmalarla nəticələnib.

Frankfurtda bir neçə mağazanın vitrinləri sındırılıb, bəzi obyektlər qarət edilib. Polisə “molotov kokteyl”ləri və pirotexniki vasitələr atılıb.

Hamburqda isə barrikadalar və zibil konteynerləri yandırılıb. Polis su şırnaqlarından istifadə edib.

Bəzi mağazalar mümkün iğtişaşlara görə əvvəlcədən taxta lövhələrlə bağlayıblar.

Təşkilatçılar noyabrın 20-də keçiriləcək növbəti ümumavropa aksiyalarına da qoşulmaq niyyətində olduqlarını açıqlayıblar.










Oxşar xəbərlər