
Xəbərlər
22.10.2026, 15:41
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
Elçin Əmirbəyov Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordü, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Ana Maria Bura, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollongren, baş katibin müavini və siyasi direktor Olof Skuqla görüşlər keçirib.
O, eyni zamanda, Avropa Komissiyasının genişlənmə və şərq qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Vivian Lunella və Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Lene Vensild ilə danışıqlar aparıb.
Danışıqlar zamanı tərəflər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlər də daxil olmaqla, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi imkanları, hazırda nəzərdən keçirilən ikitərəfli sənədlər, o cümlədən Tərəfdaşlıq Prioritetləri və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin razılaşdırılmasını müzakirə edib.
Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan töhfəsi, regional nəqliyyat bağlantılarının inkişafında Azərbaycanın aparıcı rolu və bu sahədə əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, Naxçıvan dəmir yolu xəttinin bərpası layihəsi üzrə Avropa İttifaqı tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesinin gedişi sülh və bu proseslə bağlı əsas çağırışlar və Azərbaycan tərəfinin gözləntiləri, inkişaf etməkdə olan iqtisadi-ticarət əlaqələrinin qarşılıqlı etimadın gücləndirilməsində roluna dair fikir mübadiləsi aparılıb.
Bundan başqa, danışıqlar zamanı Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Cənubi Qafqazda və ətraf bölgələrdə mövcud təhlükəsizlik çağırışlarına da toxunulub.
Görüşlərdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyəti bir daha vurğulanıb, 2026-cı ilin ikitərəfli əməkdaşlıq baxımından yüksək dinamika ilə səciyyələnməsi məmnunluqla qeyd edilib.
Tərəflər ikitərəfli gündəlikdə duran aktual məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



