Xəbərlər
MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ
“Dağlar oğlu Həsən” Atatürkü öldürmək istəyən erməni terrorçusunu necə məhv etdi?
Qurbanəli Həsən oğlu İsmayılov 1939-cu ildə Qərbi Azərbaycanın İrəvan mahalının dilbər guşələrindən olan Xeyirbəyli kəndində dünyaya göz açıb. İlk təhsilini də həmin kənddə alıb. Otən əsrin 50-ci illərində Ermənistandan deportasiya olunub. Hazırda Sabirabad rayonunun Suqovuşan kəndində yaşayır. Uzun illər mədəniyyət sahəsində çalışıb. Eyni zamanda 1 nömrəli avtoklubun müdiri olub. Q.İsmayılov bədii yaradıcılıqla da məşğuldur. “Qanlı körpü” romanı, “Qan qardaşları” povesti, “Qanlı köynək” pyesi, bir sıra hekayə və novellaları da onun qələminin məhsuludur. Azərbaycanlıların soyqırımı günü ərəfəsində onunla həmsöhbət olduq:
-Qərbi Azərbaycandan deportasiya olunduğunuzu necə xatırlayırsınız?
-Biz deportasiya olunanda mənim on bir yaşım vardı. İndiki Ermənistanın ərazisində qalmış Qərbi Azərbaycan torpaqlarında, eləcə də İrəvan mahalında erməni millətinin sayını artırmaq üçün Türkiyədən, İrandan, Suriyadan, Livandan və digər ölkələrdən erməniləri köçürüb həmin ərazilərdə yerləşdirmişdilər. O vaxt məcburi surətdə bizim kəndləri də köçürdülər. Soydaşlarımız tarixi etnik torpaqlardan kütləvi surətdə deportasiya edildilər. Məkrli düşmənlərimizin niyyəti “Dənizdən dənizə türksüz Böyük Ermənistan” yaratmaq idi.
-Necə oldu ki, Sabirabadda məskunlaşdınız?
-Həmişə Vətən deyib fəxr etdiyimiz doğma Azərbaycanımız bizi öz övladları kimi qəbul etdi. Rəhmətlik atamın Sabirabadın Surra kəndində yaşamış Azad bəy adında dostu olub. Ona görə də Sabirabadı seçmişdik. Atam türk ordusunun tərkibində Azərbaycanda daşnaklara qarşı vuruşanda Azad bəy bir həftə onun əsgərlərini qonaq edib, yedizdirib.
-Atanız türk ordusunun tərkibində vuruşub?
-Atam “dağlar oğlu Həsən” adı ilə məşhur olub. Əvvəlcə Qərbi Azərbaycanda daşnaklara qarşı mübarizə aparıb. Sonralar könüllü olaraq Atatürkün ordusunda xidmət edib. Atam danışırdı ki, bir dəfə Atatürk İqdır yaxınlığında ordusunu yığıb tapşırıq verirmiş. Birdən görürlər ki, çadralı bir şəxs Atatürkə sarı gedir. Onun boyunun hündür olması, sağ əlini qoltuğuna qoyması, bir də yaxınlıqdakı arxı tullanarkən sağ ayağını atması atamda şübhə yaradıb. Odur ki, sərrast atəşlə onu vurub. Atam deyirdi ki, tez məni tərkisilah edib qolubağlı Atatürkün yanına gətirdilər və ona məlumat verdilər ki, azəri türküdür, könüllü gəlib vuruşur. Atatürk məndən soruşdu: “Niyə belə etdin?” Cavabında bildirdim ki, şübhələndim, o, qadına oxşamırdı. Çadranı açıb gördülər ki, doğrudan da həmin şəxs qadın deyil, silahlı erməni imiş. Məqsədi Atatürkü öldürməkmiş. Ulu öndər buna əmin olduqdan sonra sayıqlığıma görə təşəkkür etdi və dedi ki, məndən istəyin nədir? Mən də “Vətəni qorumaq mənim üçün hər şeydən vacibdir”,-dedim. O gündən Atatürk məni ordusuna yüzbaşı təyin etdi, xatirə olaraq mənə qılınc və qızıl saat da hədiyyə verdi...
Atamla o vaxt türk ordusunda xidmət edən azərbaycanlılardan Əli Paşa oğlu, Məmmədhəsən Məhərrəm oğlu, Rzaqulu, Bəhruz və digər igid eloğlularımız həmin hadisəni tez-tez maraqla danışırdılar.
-Yəqin ki, atanız və digər yaşlı insanlar Sizə ermənilərin vəhşilikləri, xalqımıza qarşı törətdikləri fəlakətlər barədə çox şey danışıblar...
-Məkrli, ikiüzlü düşmənimiz olan ermənilərin xalqımızın başına gətirdikləri ağlagəlməz fəlakətlərdən çox məlumatlıyam. Ermənilər körpə, uşaq, qoca, cavan, qız-gəlin bilmirdilər, hamısını amansızcasına güllələyirdilər. Körpə, süd qoxulu uşaqları analarının qucaqlarından alıb yerə çırpırdılar. Adamları samanlığa doldurub diri-diri od vurub yandırırdılar. Hamilə qadınların döşlərini kəsib xəncərlə qarınlarını yırtıb uşağı çıxarır və yandırırdılar. Qız-gəlinlərin kürəklərinə samovar bağlayırdılar. Adamları dərələrə üst-üstə ataraq üstlərini torpaqla doldurub, diri-diri basdırırdılar. “Qanlı körpü” romanında bütün bunlar barədə geniş yazmışam. Orada heç bir şişirtməyə, fantaziyaya yol verməmişəm. Romanı yazmaq üçün çox yerdə olmuşam, tarixi sənədləri araşdırmışam. Bilavasitə o günlərin şahidi olan yaşlı adamları danışdırmışam. Roman artıq çapa hazırlanır. Kitabı yazmağımda əsas məqsəd gələcək nəsilləri keçmişimizdən hali etməkdir.
-O yerlərə bir də qayıtmaq istərdinizmi?
-Ağır dərddir didərginlik. Adam öz dünyasını, nəslinin qəbirstanlığını, keçmişini, gələcəyini itirir. Bizdən sonra ermənilər məzarlarımızı dağıtdılar. O yerlərin minillik adlarını dəyişdirdilər. İndi gəl buna döz görüm, necə dözürsən. O yerlərə bir də qayıtmaq istəyirəm. Heç olmasa, ürəyimdəkiləri göz yaşına çevirib o torpağa qatım deyə...Gələcək nəsillərimiz o torpağa mütləq qayıdacaqlar. Çünki əzəli bizim olub, axırı da bizim olacaq.

(Elçin Nəsibin “Müsahibə” adlı kitabından)
*Qurbanəli İsmayılov indi haqq dünyasındadır. Ruhu şad olsun.















