
Xəbərlər
9.07.2026, 23:23
ƏDALƏT QARABULUD YARADICILIĞINA "QARIŞIQ" BAXIŞ - FOTO
İnsanın mənəvi kamilləşməsində gözə görünməyən daxili inkişaf...
İnsanın ömür yolunda elə adamlar olur ki, bəzən onların bircə cümləsi, bircə xoş sözü illər keçsə də yaddaşdan silinmir. Mənim üçün Ədalət Nəbi Qarabulud da belə insanlardan biridir...
Bu barədə dəfələrlə danışmışam, yazmışam. Bu gün isə onun "QARIŞIQ" şeirini oxuyanda həmin köhnə duyğular yenidən qəlbimə doldu, içimdə qəribə bir rahatlıq və işıq oyatdı.
O illər mən hələ orta məktəbin doqquzuncu sinfində oxuyurdum. Poeziya aləminə yenicə qədəm qoymuşdum. Yazdıqlarım isə uşaqlıq həyəcanı ilə qələmə alınan ilk şeir cəhdləri idi. Ağsu rayonunun "Birlik" qəzetinin redaksiyasına göndərdiyim şeir barədə qəzetin növbəti nömrəsində gənc yazarların yaradıcılıqına həsr olunmuş qısa bir rəy dərc edilmişdi. Həmin yazının altında Ədalət Nəbinin imzası vardı.
O gün özüm və şeirim haqqında o sətirləri oxuyarkən sanki qanad açıb uçurdum. Ədalət müəllimin şeirim haqqında yazdığı o qısa, lakin səmimi rəy sonrakı yaradıcılıq yolumda mənə mənəvi dayaq, tükənməz stimul oldu. Kənardan baxan üçün bu, adi bir redaksiya qeydi idi. Mənim üçün isə sözün məsuliyyətini dərk etməyə, daha çox oxumağa,daha dərindən düşünməyə səsləyən ilk ciddi qiymət idi.
Sonralar Ədalət müəllim "Birlik" qəzetinin baş redaktoru oldu. Daha sonra Bakıda müxtəlif mətbuat orqanlarında çalışdı, öz qəzetini yaratdı, informasiya saytını qurdu, publisistik yazıları ilə tanındı. Düzünü desəm, onu uzun illər daha çox jurnalist və publisist kimi tanıyırdım. Elə düşünürdüm ki, poeziya onun həyatında sadəcə ötəri bir dayanacaq olub.
Lakin illər sonra Bakıda redaksiyasında görüşəndə bu fikrim tamamilə dəyişdi. Ədalət müəllim mənə yeni yazdığı bir şeiri oxudu. O şeirdə hiss etdiyim səmimiyyət, obrazların təravəti və düşüncənin dərinliyi məni heyrətləndirdi. O zaman bunu adi saysamda, bu gün gördüklərimdən anladım ki, bəzi insanlar şeir yazmağa tələsmirlər, onlar əvvəlcə şeiri yaşayırlar. Vaxtı yetişəndə isə misralar öz-özünə qələmin ucuna gəlir...
Tez-tez baş tutan görüşlərimizdə yaradıcılıq barədə söhbətlərimiz zamanı Ədalət müəllim böyük səmimiyyətlə etiraf edir ki, heç vaxt şeir yazmaq onun əsas maraq dairəsinə daxil olmayıb. Məhz şair dostları, ona poeziyaya daha ciddi yanaşmağı israrla tövsiyə ediblər. Görünür, onlar Ədalət Qarabuludun daxilində gizlənən şairliyi hələ çoxlarının görmədiyi vaxt görmüşdülər. Bu gün isə altı yüz səhifəyə yaxın həcmdə sanballı bir şeir kitabının işıq üzü görməsi həmin inamın nə qədər doğru olduğunu bir daha təsdiqləyir...
Bu gün isə məni yenidən düşüncələrə qərq edən "QARIŞIQ" şeiri mənim üçün adi lirik nümunə deyil. Çünki, Ədalət Qarabulud bu şeirində təbiət təsvirlərini sadəcə bədii (dekorasiya) bəzək kimi təqdim etmir. Hər bir detal fəlsəfi məna daşıyan simvola çevrilir. Şeirin əsas ideya xətti insanın mənəvi kamilləşməsi, gözə görünməyən daxili inkişafı və ilahi mənşəyi üzərində qurulub.
Şeirin adına çıxarılan "Qaraişıq" anlayışı isə şeirin ən maraqlı və dərin poetik tapıntılarından biridir. Burada qaranlıq işığın əksi kimi deyil, əksinə, işığın doğulduğu sirli başlanğıc, görünməyən mənbə kimi təqdim olunur. Elə şeirin ilk bəndindən oxucu bu fəlsəfi məkanın içinə daxil olur və müəllifin qurduğu bənzətmə sistemi öz təsirini göstərməyə başlayır.
"Bir quş dimdiyində bir dan gətirir,
Səhər qanadlanır göyün üzünə.
Elə bil göylərin ilk nəfəsidir,
İşıq səf-səf qonur yerin izinə..."
Şeir kosmik bir tablo ilə başlayır. Quş burada sadəcə quş deyil, həyatın və ümidin müjdəçisidir. "Bir dan gətirir"- ifadəsi çox uğurlu poetik tapıntıdır. Dan sanki quşun dimdiyində daşınır.
"Səhər qanadlanır" - misrası səhərin passiv yox, canlı varlıq kimi təqdim olunmasıdır.
"İşıq səf-səf qonur" - ifadəsində isə işıq əsgərlər kimi düzülür. Bu artıq ilahi nizamın rəmzidir.
Bu bənd oxucunu sanki real aləmdən çıxarıb (metafizik) fiziki ölçüləri (uzunluq, en, hündürlük) olmayan, maddi aləmin və duyğuların xaricində təsəvvür edilən fəlsəfi varlıq olan bir məkana aparır.
"Bir sirrdir, kök atır dərinliyimdə,
Torpaq ürəyimə səssiz yol çəkir.
Mən susduqca məni böyüdür zaman,
Səbrim budaqlanıb göyə uzanır."
Burada şair artıq təbiətdən insanın daxilinə keçir. "Sirr kök atır", yəni insanın inkişafı zahirdə deyil, görünməyən qatlardan başlayır.
"Torpaq ürəyimə səssiz yol çəkir."-misrasında şair burada torpaqı həm Vətən, həm yaddaş kimi verməklə insanın mənəvi başlanğıcını göstərir.
Şeirin ən gözəl misralardan biri:- "Mən susduqca məni böyüdür zaman"-misrasıdır.
Çünki bu fikir Şərq irfanının əsas prinsiplərindən biridir.
Burada sükut zəiflik yox, kamillikdir.
"Mən də bir ağacam-sirri-Xudayam,
Köküm görünməyən bir işıq içir.
Baharım gizlənib kökümün altda,
Qaraişıq məni sabaha biçir."
Şeirin əsas mərkəzi məhz isə bu bəndidir. "Mən də bir ağacam."
Ağac dünya ədəbiyyatında həyatın rəmzidir.
Lakin, - "Köküm görünməyən bir işıq içir"- ifadəsi tamam yeni poetik tapıntıdır.
Bilirik ki, ədətən kök su içir.
Burada isə işıq içir, ifadəsi işlədilir.
Bu işıq Allahın nuru, ruh, ilahi hikmət kimi başa düşülə bilər.
"Qaraişıq" - şeirin adı da buradan gəlir. Şeirdə, - "Qaranlığın içində gizlənən işıq", "Doğulmamış sabah", "Hələ görünməyən həyat", "İnsanın daxilində yetişən nur" - məncə şairin öz düşüncəsinin məhsulu olaraq, hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsinin tapıntısıdır.
"Yağış da torpağa bir söz deyirmiş,
Bənövşə o sözü açıb oxuyur.
Sözün də anası sükutdur, bəlkə,
Külək də o səsi budaqda duyur."
Ədalət müəllimin - "Qarışıq"-şeirinin bu bəndi deyərdim ki, tam poetik fəlsəfədir. "Yağış danışır", "torpaq dinləyir", "Bənövşə oxuyur", "külək eşidir"-fikirləri ilə şair bütün kainatı danışan varlığa çevirir.
Şeirin, həmdə şairin bu şeirdə ən güclü fikiri, - "Sözün də anası sükutdur"-misrasıdır.
Bu misra həm də ayrıca aforizmdir.
Çünki, böyük söz həmişə böyük sükutdan doğur.
"Qönçə nəfəs-nəfəs yazı toxuyur,
Kök də budaq-budaq işıq gəzdirir.
Damla-damla nur ağacın içində
Səssiz-səssiz yarpaqları göyərdir".
Ədalət müəllim şeirin bu bəndində artıq həyatın biologiyasını yox, mənəviyyatını təsvir edir.
"Qönçə yaz toxuyur", "Kök işıq daşıyır", "Nur yarpaq yetişdirir", amma, bütün proseslər səssiz gedir.
Şair bununla demək istəyir ki, -"Ən böyük inkişaf gözə görünmür".
"Mən doğulmamışam - yetişmişəm mən,
Köküm gecələrdə dana çevrilib.
İçimdə görünməz bir ağac hər gün
Göylərin sükutuna yarpaq verib".
"Qarışıq" - şeirinin bu bəndi, deyərdim şeirin ən orijinal hissələrindən biridir. Burada, - "Mən doğulmamışam."-fikri ilə şair çatdırır ki, insan yalnız bioloji varlıq deyil.
Yəni insanın özüdə uzun mənəvi yetişmə prosesinin nəticəsidir.
"Görünməz ağac"-ifadəsi isə burada insan ruhudur. O hər gün böyüyür,
Göylərə yarpaq verir. Yəni insanın kamilliyi kainata xidmət edir.
"Bir ömür görünməz əllər toxuyub
Kökümdə gizlənən bahar səsini.
Demə, mən əvvəldən itməmişəm heç -
Allah nəfəs alır içimdə səssiz".
Şeir burada öz zirvə nöqtəsinə çatır.
"Görünməz əllər" - İlahi qüvvənin rəmzidir. "Allah nəfəs alır içimdə" isə dini baxımdan Allahın insanın daxilində yaşaması mənasında yox, insanın ruhunun ilahi nəfəsdən yaranmasına işarə edən yüksək poetik bəzətmədir. Bu misra Quran-da insanın yaradılışı ilə bağlı ilahi nəfəs motivini xatırladır.
Şeir bununla insanın əsl mahiyyətinin ilahi başlanğıcdan gəldiyini ifadə edir.
Mənim fikrimcə, "Qaraişıq" Ədalət müəllimin yalnız hisslərini deyil, düşüncə mədəniyyətini nümayiş etdirən şeirdir. Burada obrazlar zahiri gözəllik yaratmaq üçün yox, fəlsəfi məna daşımaq üçün işlədilib. Şeir boyu torpaq, kök, ağac, işıq, yağış, sükut, bənövşə və külək vahid bir mənəvi sistemin hissələri kimi çıxış edir. Ən diqqətçəkən cəhətlərdən biri də müəllifin yeni poetik ifadələr yaratmaq bacarığıdır: "kök işıq içir", "qaraişıq", "sözün anası sükutdur", "səhər qanadlanır", "göylərin sükutuna yarpaq vermək" kimi misralar müasir Azərbaycan poeziyasında seçilən bədii tapıntılar təsiri bağışlayır.
Şeirin dili ağır deyil, lakin mənası çoxqatlıdır. Onu bir dəfə oxumaq kifayət etmir. Hər oxunuşda yeni bir məna qatı açılır. Ədalət Qarabulud burada oxucunu hadisə ilə deyil, düşüncə ilə təsirləndirir. Məhz buna görə "Qaraişıq" daha çox irfani-fəlsəfi poeziya nümunəsi kimi dəyərləndirilə bilər.
Ədalət müəllim çox sadə təvazökar biridi. O heç zaman ad-san üçün özünü oda-közə vurmayıb. Dünyaya sadə gəlib, sadə yaşayır. Yəqin ki, yuxarıda dediklərim bu fikrimi təsdiqləyər. Onun bir neçə gün öncə qarşıma çıxan "HEYKƏLSİZ QALAN AD" şeiri yenidən diqqətimi cəlb etdi. Həmin şeirə döndüm. Çünki, Ədalət bəyin yazı üslubuna bələd olan biri kimi şeirin sətiraltı mənasını, fəlsəfi dəyərini diymaq üçün mütləq şeiri bir neçə dəfə oxumaq lazım olduğun bilirəm. Çünki onun şeiri, digər bir çox şair dostların şeirləri kimi adi mənada bir poetik mətn olmur. Onun şeirləri daha çox fəlsəfi-poetik manifest təsiri bağışlayır.
Ədalət Qarabulud bu şeirində də həmişə olduğu kimi nə sevgidən, nə vətəndən, nə də sosial problem haqqında yazıb. O, insanın ən qədim və ən ağrılı suallarından birinə — adın, şöhrətin, xatirənin və varlığın mahiyyətinə toxunub.
"Heykəlsiz qalan ad" - şeirində Ədalət bəy insanın özündən sonra qalacaq iz haqqında düşüncəsinin sanki konstruksiyasın, lahiyəsin qurub. Şair ənənəvi "yadda qalmaq", "ad qoymaq", "şöhrət qazanmaq" anlayışlarını sorğu-suala çəkib.
Ədalət müəllim şeirin ilk misralarından etibarən medal, titul, şöhrət kimi simvolları mənasızlaşdırır;
"Nəyinə gərək axı bu medal, axmaq şair?
Boynundan asmaq istədiyin hər parıltı
əslində içində gizlətdiyin çatın
işıq almış şəklidir."
Bu çox güclü bənzətmədir. Burada medal uğurun yox, insanın daxili natamamlığını gizlətmək cəhdinin simvolu kimi təqdim edilir.
"Gümüş gecikir.
Mis tələsmir.
Pas isə
heç nəyi məhv etmir -
sadəcə əşyaların
özlərinə qayıtmasına kömək edir.
Sən isə hələ də
adının səsini dinləyirsən
boş otaqlarda.
Amma bir vaxt gəlir,
otaqlar da köçüb gedir.
Və sənin adını
heç divarlar belə xatırlamır."
Mətnin ən təsirli hissələrindən biri yeraltında "adların" insanlardan ayrılması səhnəsidir:
"Bir gecə
torpaq yuxuda danışırdı.
Qəbirlər açılmırdı.
Heç kim dirilmirdi.
Sadəcə
yerin altında yatmış adlar
öz hərflərindən çıxıb
bir-bir uzaqlaşırdı.
Əvvəl hərflər gedirdi.
Sonra səslər.
Ən sonda isə
onları bir ömür daşıyan
sahibləri."
Bu hissə mənə müəyyən mənada Şərq sufizmini, xüsusilə "fənaya çatmaq" düşüncəsini xatırladır. İnsan təkcə bədəni ilə yox olmur, adı, ünvanı, sosial kimliyi də dağılır. Nəticədə geriyə heç nə qalmır.
Burada şair ölümü qorxulu hadisə kimi deyil, kimliklərin soyunub töküldüyü bir proses kimi təqdim edir.
Şeir sərbəst vəznlə yazılıb və ritmini qafiyədən yox, fikrin axarından alır.
Şair istifadə etdiyi obrazlarda olduqca çox maraqlıdır:
Pasın məhvetməməsi, əşyaları özlərinə qaytarması;
Adların hərflərindən çıxıb uzaqlaşması;
Zamanın əlində sökülən paltar sapı;
Danışanın dilində unudulan söz yaddaşı;
Yağış altında silinən köç izi.
Bunlar abstrakt düşüncələri konkret görüntülərə çevirən uğurlu poetik tapıntılardır.
Şeirin dil sadə görünür, amma yükü ağırdır. Burada klassik poetik bəzək-düzək yoxdur. Şeir daha çox düşüncə üzərində qurulub.
Bəzi yerlərdə şair nəsrlə şeir arasındakı sərhədə yaxınlaşır. Lakin məhz bu xüsusiyyət mətnə müasir fəlsəfi poeziya havası verir.
Mənim fikrimcə şeirin zirvə nöqtəsi sonluqdur:
Sən ömrün boyu
ona çatmağa çalışdın.
O isə
hər dəfə
sənin çatdığın yerdən
bir addım əvvəl keçdi.
İndi isə
nə cənnət istəyirəm.
Nə iz qoymaq.
Nə də yadda qalmaq.
Mən yalnız
bir gün
içimdən keçib gedən
bütün adların,
bütün səslərin,
bütün üzlərin
məni də özləri ilə aparmasını istəyirəm.
Geridə
nə şair qalsın,
nə medal,
nə də xatirə.
Yalnız
küləyin belə oxuya bilmədiyi
bir silinmə qalsın.
Və bəlkə
var olmaq deyilmiş
insanın son sirri.
Bəlkə
tamamilə yoxa çıxmağı bacaran şeylərdir
əslində
əbədi qalanlar."
Bu paradoks bütün şeirin fəlsəfi açarıdır. İnsan adını əbədiləşdirməyə çalışır, şair isə deyir ki, əbədiyyət bəlkə də iz qoymaqda deyil, izdən azad olmaqda gizlənir.
Bu şeir hər oxucu üçün yazılmayıb. Emosional lirika axtaran oxucu onu ağır qəbul edə bilər. Amma fəlsəfi poeziyanı sevənlər üçün mətn kifayət qədər dərin və düşündürücüdür.
Məncə, şeirin ən böyük uğuru oxucunu heyrətləndirmək yox, onu öz içindəki suallarla tək qoymağı bacarmasıdır. Şeir oxunub bitəndən sonra da davam edir; insan istər-istəməz öz-özünə soruşur:
"Doğrudanmı insanın ən böyük arzusu yadda qalmaqdır, yoxsa bütün adlardan azad olmaq?"
Bu sualı hər insanın içində oyada bilən şeirdi, "Heykəlsiz qalan ad".
Ədalət Qarabuludun poeziya dünyasından seçdiyim bu iki şeir göstərir ki, o, oxucunusunu hadisə ilə deyil, düşüncə ilə təsirləndirir. Onun şeir dili çox sadə və mənası çoxqatlıdır. Onu hər oxuduqca yeni məna qatı açılır.
Mən də dəyərli müəllimimə bu yolda uğurlar diləyib, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər və gözəl yaradıcılıq fəaliyyəti arzulayıram.
Böyük səmimiyyətlə,

AYB-nin üzvü.Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












