YETMİŞİNİ VERMƏ YELƏ,
GƏL RUHDAN DÜŞMƏ HƏLƏ!
Eldar Həsənov yalnız hüquqşünas deyil,
ilk növbədə mənəviyyatın simvolu, bədiyyatın isə vurğunu olub...


Uzaq illərdən, doğma ellərdən gələn səs
... Haqqında bu günə kimi fikrimi ikicə cümlə ilə də olsa da, ifadə etməmişəm. Buna nə özünün ehtiyacı olub, nə də mənim ciddi-cəhdim. Çünki xarakterinə bələd olmuşam.
Kəlbəcərimizin mənəviyyat obrazlıları haqqında, gücüm nəyə nə qədər çatıbsa, yazmağa çalışmışam...
Dünyaya göz açdığı ailənin adı Kəlbəcərdə həmişə xatir-hörmətlə çəkilib. Hümbət müəllimin balalarının hər birinin uşaqlıqdan el-obasına, kənd-kəsəyinə, böyüdükcə isə xalqına, Vətəninə sədaqətli xidmətləri göz qabağında olub.
Bu ailədə dünyaya gələnlərdən biri də respublikanın Baş prokuroru vəzifəsinədək yol keçən, ədliyyə general-mayoru Eldar Həsəovu isə 1985-ci ildə gördüm.

Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinin bədii rəhbəri işləyirdim. Mədəniyyət evinin Xalq aşıqlar ansamblını (bədii rəhbəri Qəmkeş Allahverdi idi, Allah rəhmət eləsin!) 1985-ci ildə Bakıya, Dövlət Filarmoniyasına (konsertə) gətirəndə ilk dəfə orada, Əlövsət Ağalarovla, eləcə də hüquq-mühavizə sistemində çalışan bəzi həmkarları ilə birlikdə gördüm. Həmin vaxtdan hər iki ziyalımızın (Eldar müəllimlə Əlövsət Ağalarovun) Kəlbəcər sevgisindən sanki mənə güc-qüvvə gəldi. Düşündüm ki, doğma yurdu, el-obanı, xalqımızın mənəvi sərvətlərindən olan ozan-aşıq sənətini - folklor yadigarlarımızı belə sevər və təbliğ edərlər.
O günlər mən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin tələbəsi idi. Filarmoniyanın yay salonunda - açıq havada təşkil edilən konsertin aparıcılığı Azərbaycan radiosunun diktoru Eldost Bayramla mən tələbəyə həvalə edilmişdi.
Konsert proqramı başa çatdıqdan sonra Eldar Həsənovun və qardaşlarının təşəbbüsü ilə ədəbi-bədii gecə isə heç vaxt yaddaşımdan silinmədi. Həmin tədbir Sahib Əkbərovun da yaddaşından silinməz. Dövlət İdarəçilik Akademiyasının müdavimi olan Sahib Əkbərov da konsertdə iştirak edən rəsmilərimizdən biri idi. Tədbirdən sonra yenidən bir sazlı-sözlü “Kəlbəcər gecəsi” adlı konsert başladı. Hətta, Eldar müəllim Naxşıvandan bu tədbirə dostunu da dəvət eləmişdi. Həmin dostu nələri etiraf erdi, bilirsiniz: “...Aşıq musiqisindən xəbəri olmayan, açığı, sevməyən biri idim, lakin Eldar müəllimlə tanışlığımız dostluğa çevriləndən mən də aşıq fanatıyam. Qanım qaralanda Eldar müəllim mənə telefonla bir aşıq musiqisi dinlədir, bununla stresi, əsəbiliyi atıram...”
Həmin konsert briqadasının üzvləri, başqa ustad ozan-şairimiz Qəmkeş Allahverdi olmaqla, qürur duyduq ki, nə yaxşı Kəlbəcərimizin belə ziyalıları var paytaxtda.
Bu, Eldar müəllimlə yaxından-uzaqdan tanışlığımızın ilk günü kimi yaddaşıma yazıldı. Aradan illər keçdi. Kəlbəcər düşmən qarşısında diz çökdürüləndə Eldar Həsənov Gəncə şəhər daxili işlər idarəsinin rəisi işləyirdi. Hələ 1992-ci ildə Ağdaban Ağdərədəki daşnaklar tərəfindən odlara qalananda kəndin köməyinə ilk gələnlərin arasında gözümüzə dəyən də məhz Eldar Həsənov və rəhbərlik etdiyi Gəncə milislərindən ibarət komandaolmuşdu. Çünki həmin soyqırım qurbanlarının kəndən çıxarılmasının canlı şahidlərindən biri idim.
Daha bir il keçdikdən sonra ata-baba yurdu Kəlbəcər, o cümlədən də Laçın kəndi işğal ediləndə Eldar Həsənovun kəlbəcərlilərin yanında olması heç vaxt unudulmayacaq. “Murovdağ” xeyriyyə cəmiyyətinin xətti ilə doğma ellilərinin qanayan yarasına maddi-mənəvi məlhəm olmaq Eldar müəllimin borcuna çevrilmişdi. O müdhiş aylarda, günlərdə Eldar müəllim, səhv eləmirəmsə, Baş prokurorun birinci müavini idi...
...Hələ Birinci Qarabağ döyüşlərinin şəhidləri haqqında Kəlbəcərdə qələmə aldığım “Dağların sinə dağı” kitabını çap etdirə bilməmişdim. 1993-94-cü illərdə həmin kitabın əlyazmasını (kitabın yazılmasının təşəbbüskarı və redaktoru) mərhum şairimiz Əli Qurban Dastançı Kəlbəcərdən özü gətirmişdi.
Bu kitab haqqında təsadüfi söhbətin nəticəsi olan, Azərbaycan radiosunda gedən veriliş haqqında Eldar müəllimə təhrif edilmiş formada məlumat verilmişdi. Guya ki, mən kəlbəcərli imkanlı ziyalılardan incikliyimi bildirmişəm. Əlsində, dolayısı ilə belə bir fikir getmişdi ki, hələ Kəlbəcərdə ağlaya-ağlaya yazdığım şəhid kitabı qalıb qoltuğumda, çap etdirə bilmirəm, çünki Kəlbəcər düşmən əsarətinə keçib. Ona görə də bu qanlı-qadalı günlərdə kitab buraxdırmaq bizə yaraşmazdı. Bu fikri mənə demişdilər. Eldar müəllim məni iş yerinə dəvət etdi. Daha yaxından tanışlığımız məhz o gün oldu. Radioda gedən verilişə görə, mənə iradını bildirdi. Haqlı idi. İncimək olmazdı. Elə bir imkanlı kəlbəcərlimizi də tanımırdım ki, yanına gedib xahiş edim. Bu mənada günahımı boynuma aldım. Sağ olsun, o da elə anındaca yaxın bildiyi adamlara, dostlara, əlbəttə, kəlbəcərlilərimizə zəng edib, kitabın çapına dəstək verməyi xahiş elədi. Əmr yox ha, göstərişlə də deyə bilərdi. Lakin Eldar müəllim sanki kitabın müəllifi kimi xahiş edirdi.
Silsilə faciələrimizin kitablaşan tarixi
Bu xahiş nəticəsini verdi: o vaxtlar Rəfael Hacıyev ilk şəhid kitabımın buraxılmasına, məhz Eldar müəllimin zəngi və xahişi ilə dəstək oldu. Mən də, təbii ki, bu xeyirxahlığı kitabın ilk səhifəsində qeyd etdim.
Bundan sonra daha 4 şəhid kitabım (“Yurd göynərtisi”, “Qanlı köynəklər”, “Qiyamətə qalan qisas” və “Ağdaban faciələri”) nəşr edildi ki, bu işdə də Eldar müəllim başda olmaqla, Cavid Qurbanovun və Əlövsət Ağalarovla Hacı müəllimin oğlu Nizami Məhərrəmovun (Allah rəhmət eləsin) maddi-mənəvi dəstəklərini untmaq nankorluq olardı.
Eldar müəllimlə təmaslarım həmin ağır, ağrılı-acılı günlərdən başlamışdı. Mən hələ bilmirdim ki, atası Hümbət müəllimlə mərhum anam Güllər eyni nəsildəndilər. Bunu çox sonralar öyrəndim və Eldar müəllimə bildirməyə utandım. Amma qardaşları Şahin müəllimə, Ələkbər Həsənova demişdim.
Mətbuat caməsində olduğum, Yeni Azərbaycan Partiyasının qəzeti - “Yeni Azərbaycan”da məsul katib vəzifəsində çalışdığım illər idi. Eldar müəllim məqalələrimi, dövlətçiliyin müdafiəsi, eləcə də 1995-ci ildən üzvü olduğum Yeni Azərbaycan Partiyasının yürütdüyü siyasətin təbliği, Qarabağ, o cümlədən Kəlbəcərin işğalı, erməni vandalizminə həsr edilən yazılarımı vaxt edib oxuyur və bəzən ifrata varmağıma iradını da gizlətmirdi.
Eldar Həsənovun Kəlbəcərin tarixi, dünəni, bu günü və gələcəyi ilə bağlı maraqlı söhbətlərindən doymayır, ulu yurdumuzun əsrarəngiz gözəlliklərindən yazmaqdan sanki zövq alır və öz üzərimə düşən missiyanı ödəməyə çalışırdım.
Kəlbəcərlilərimizlə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident Sarayındakı görüşündə bu sətirlərin müəllifi də iştirak edirdi. Tədbirdən bir neçə gün öncə Eldar müəllim məni yanına çağırıb, Kəlbəcər haqqında əlimdə olan məlumatlarla maraqlandı. Bildirdi ki, cənab Prezident kəlbəcərlilərlə görüşəcək (Kəlbəcərin işğalının 3-cü ildönümü idi). Ona görə də Kəlbəcərin tarixi, işğalı ilə bağlı məlumatlar lazımdır. Mənim artıq o vaxtlar (iki il ərzində) iki (“Dağların sinə dağı” və “Yurd göynərtsi”) kitabım nəşr edilmişdi, “Azərbaycan” nəşriyyatında. “Yurd göynərtisi” kitabımın girişində Kəlbəcərin tarixi keçmişi və işğalı ilə bağlı qısa da olsa, məlumatlar verilirdi. Ona görə də Eldar müəllim həmin kitabları Azərbaycan Prezidentinə təqdim etmişdi.
Prezidentlə görüşdən bir gün öncə (xatırladım ki, həmin görüş 1 aprel 1996-cı il tarixində keçirildi) Eldar müəllim kəlbəcərlilərlə özünün iş yerində - Respublika Prokurorluğunda görüşdü. Orada sabahkı görüş barədə qısa söz açdıqdan sonra Kəlbəcər haqqında əlimizdə geniş məlumat verə bilən kitabların olmamasından təəssüfini də gizlətmədi. Yeri gəlmişkən onu da bildirdi ki, nə yaxşı fəhlə yataqxasına sığınmış Məhəmmədin iki şəhid kitabını Cənab Prezidentə təqdim etmişik.
Həmin görüş də mənim üçün tarixə çevrildi. Cənab Prezidentimiz Heydər Əliyev biz kəlbəcərlilərlə görüşündə onu da bildirdi ki, Kəlbəcər elə-belə məkan deyil. Azərbaycanın bir parçası olan Kəlbəcərdə yerin altı da, üstü də sərvətdir. Aranızda hər sahənin mütəxəssisi var. Gedin Kəlbəcərin tarixini, Azərbaycan üçün necə strateji məkan olduğunu yazın, araşdırın, faciələrimizi unutmayın.
Bəli, həmin görüşdən sonra Eldar müəllimlə Sahib Əkbərovun tövsiyəsi ilə “Kəlbəcər - Azərbaycanın qala qapısı” kitabını Zimistan Həsənovla yazmağa başladıq. Bu işdə də Eldar müəllimin tövsiyə və məsləhətləri köməyimizə gəlirdi.
Erməni vandallığının ifşasında
Eldar Həsənovun xüsusi xidmətləri

Eldar Həsənovun Azərbaycan dövlətinə və xalqına misilsiz xidmətləri yalnız bu qeyd etdiklərimizdən ibarət deyil, əlbəttə. Hüquqi müstəvidə, öz peşəsinə sədaqətli xidmətləri onu elmlər doktoru, professor pilləsinə qədər ucaltdı.
Azərbaycanı xarici ölkələrdə diplomat kimi təmsil edəndə də Eldar Həsənov daşnak erməni vandalizminin xalqımıza vurduğu maddi, mənəvi zərbənin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdi. Həmin xidmətlərdən biri bu idi: Rumıniya, Bosniya və Hersoqovinada Azərbaycanın səlahiyyətli səfiri vəzifəsində çalışanda Daşnaksütyun Partiyasının (terrorçu təşkilat olması sonradan dünyaya məlum oldu) yaradıcılarından biri, türk qanına susayan, Zori Balayanın silahdaşı və məsləkdaşı, azərbaycanlıların indiki Ermənistandan (tarixi Oğuz yurdu olan 16 mahaldan) nəinki deportasiya şəklində, əslində, isə təcavüzkarlıqla çıxarılması hərakatının başında duran, tayqulaq Andronik Ozanyanın orada heykəlinin ucaldılmasının qarşısını alması həmin dövrdə dünya mətbuatında geniş yayılan xəbərlər sırasında idi.
Bu yazımda məqsədim ötən günlərə boylanmaqla Eldar müəllimin kimliyini bir daha diqqətə çatdırmaq deyil. Eldar müəllimin ən yaxın dostu, orta məktəbdə (Kəlbəcər rayonunun Qılınclı kənd orta məktəbində eyni sinifdə oxumuş, bu gün də həmin sədaqətliliyi qardaşlıq səviyyəsində qoruyub saxlayan, “Azərnəşr”in Baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarovun ürək yanğısı ilə qələmə aldığı daha bir məqaləsini göz yaşlarımla (məhz kəlbəcərlilərin göz yaşları ilə) oxudum. Özündən icazə almağa imkanım olmasa da, “sözəbaxanlıq” etməyib, bu dəfə olub-keçənləri qələmə almaq istədim. Əlbəttə, fikirlərim bir məqalə həcmində deyil.
Əlövsət müəllimin məqalələrinin birində Eldar Həsənovun ölməz alim-şairimiz Ənvər Rza yaradıcılığına sevgisini oxuyanda da beləcə kövrəlmişdim. Axı, Eldar müəllim şəhidlərimizin yarım qalan, lakin şərəfli ömürlərinə ayna tutan kitablarımın nəşrində Əlövsət müəllimlə birlikdə dəstəyini əsirgəməmişdi. Bu dəfə isə o, Ənvər Rza yaradıcılığına ictimaiyyətin laqeydliyindən təsirlənişdi.
Əlövsət müəllimin yazılarının birindən yaddaşıma həkk olan epizodları xatırlayıram. Əlövsət müəllim yazırdı ki, Eldar Həsənov Azərbaycan ədəbiyyatı incilərinin toplanamsı və nəşri yolundakı tövsiyələrini yerinə yetirdikcə onun milli təəsübkeşliyini daha dərindən duyur və yaxşı mənada həsəd aparırdım.
Bir dəfə Eldar müəllim “Azərnəşr”ə gəlir və Əlövsət müəllimin iş otağındakı kitab rəflərində Dədə Şəmşirin, Qəmkeş Alahverdinin, ümumiyyətlə, bir çox kəlbəcərli qələm-söz adamlarının kitablarını görür və ona razılığını bildirir. Gözü Ənvər Rzanın kitabına da sataşır. Ənvər müəllimin “seçilmiş əsərləri”nin nəşr olunmadığından təəssüfünü də gizlətmir. Əlövsət müəllim təəssüfə elə təəsüflə də cavab verir.
Əlövsət müəllim Eldar müəllim haqqında qələmə aldığım məqalənin bir yerində həmin məqam belə qələmə alınıb: “...Cəmi-cümlətanı 4-cə kitabı işıq üzü görüb şairin, onlardan ikisi sağlığında, ikisi isə son illər - Ənvərsiz qaldığmız və harayladığımız didərginlik, Kəlbəcərdən uzaqlarda, Kəlbəcər həsrətiylə göyüm-göyüm göynədiyimiz bu günlərdə. “Könlümə bahar düşüb” (bəxtinə xəzan yazılan şairin), “Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq” bizi yamanca ağladır, “Kəlbəcərə gedən yollar” isə sinəmizi dağladır...”
Bəli, bundan sonra Ənvər Rzamızın daha bir kitabı Əlövsət Ağalarovun redaktorluğu və naşirliyi ilə işıq üzü gördü. Açıq deməliyik, kitabların işıq üzü görməsində elimizin və xalqımızın dəyərli ziyalıları - Eldar Hümbət oğlu Həsənovla “Azərnəşr”in Baş redaktoru, təəssübkeşliyi ilə kəlbəcərlilərinin sevimlisi olan və dərd ortağı kimi tanıdığımız Əlövsət Ağalarovun xidmətləri, maddi və mənəvi dəstəkləri də xüsusi qeyd edilməyə dəyər.
Sədaqətlilik nümunəsi:
həm də Eldar Həsənovla Əlövsət
Ağalarov timsalında

Əlövsət müəllimin əvvəlkilərindən daha təsirli bir yazısını da elə bu gün sosial mediadan oxudum. Əlövsət Ağalarov yazır: “Əziz və əvəzedilməz qardaşım, şüurlu həyatım boyu dostluq və sədaqət, etibar və düz ilqarın nə olduğunu səndə gördüm, sənin daxili aləminin zənginliyinə şahid oldum, səninlə bir məktəbdə oxuduğum, bir kəndə beş il ayaq döydüyüm üçün özümü dünyanın ən şanslı insanı sandım və şükürlər olsun ki, zərrə qədər yanılmadım. Səninlə tanış olanda uşaq idik, qayğısız-dərdsiz xoşbəxt uşaqlıq illərimiz bir keçdi, böyüdük, başqa-başqa şəhərlərdə təhsil aldıq, mən Leninqradda, sən Bakıda. Qayğılar başladı: ev-ailə, qarğaşa, iş… amma səni ilk dəfə necə gördümsə, eləcə də qaldın—qayğıkeş, mehriban, gülərüz, dostcanlı, ailəcanlı. Sən elə yerdə işləyirdin ki, hamının - qohum-əqrabanın, dost-tanışlarının işi düşərdi, köməyə ehtiyacı olanların birini də naümid qaytarmırdın. Ona görə də dostların getdikcə artır, artdıqca da sənin qayğıların artırdı. Səbrinə, dözümünə heyran olmayan yox idi. İllər keçəcək, böyük vəzifələrdə çalışacaqsan, bərkə-boşa düşəcəksən, amma həmin təmkin, həmən dözüm, həmən səbir…
Həyat yolları heç də hər zaman hamar olmur, enişi olur, yoxuşu olur, fəqət, sənin fil dözümün, sənin səbir kasan heç zaman yox olmayacaq, əksinə, daha da mətinləşəcək, daha da etibarlı və sədaqətli olacaqsan. Bu gözəl günündə, ömrümüzün ahıllıq dövründə – 70 yaşında başımıza gələn qəzavü-qədəri xatırlatmaq istəməzdim, amma ən ağır günündə - illərində də səbrin tükənmədi, kimsəyə asi olmadın, sənə təskinlik verənlərə özünəməxsus ağayanalıqla “alın yazımdır”,- dedin. Məhkəmədə haqsız verilən hökmü dinləyəndə “son söz”ündə dediyin cümlələr aydın səmada çaxan şimşək kimi məhkəmə zalında olanlarla bərabər, başını qaldırmadan yazılmış o hökmü oxuyan hakimi də diksindirdi: “Son 28 ildə Ulu Öndər Heydər Əliyev ideyalarına, onun davamçısı olan İlham Əliyev siyasətinə heç bir halda dönük çıxmaram, bu illərin sınağından çıxmış sədaqətli mövqeyim məzara qədər də dəyişən deyil.”
Mən, əlbəttə, Əlövsət müəllimin həmin yazısındakı tarixi faktları onun özü kimi dəqiq bilmədiyim üçün məqaləsindən sitatlara daha çox müraciət etmək məcburiyyətindəyəm.
Elimizin dəyərli naşiri yazır: “...6-cı ilə keçir məhbəs həyatın, amma bu gün də eyni mövqedən bir zərrə də olsun, dönmədin, qürurunla, mərdliyinlə bu ömrü əvvəldən necə yaşamısansa, elə də davam etdirirsən. Sənin sözünə bütöv, alicənab qardaş olduğunu bildiyimdən, bunlar mənim üçün yeni deyil. Səni özüm kimi tanıdığımdan qətiyyətlə deyirəm: Sən əsl Vətəndaşsan, etibarlı və sadiq dostsan! Kitablarının birində hələ gənc yaşlarından yazdığın “Gündəlik”dən bəzi hissələri vermişdin. Dostluğa aid bir fikrini xatırlatmaqda məqsədim özümün etibarlı dost olmağımı göstərmək yox, sənin əsl dost olduğunu vurğulamaq istərdim. Yazırsan ki: “Dostluğa aid öz həyatımdan bir misal da çəkim. Əlövsət Ağalarovla orta məktəbdə bir yerdə oxumuşuq. O məndən bir sinif yuxarıda oxuyurdu. 13-14 yaşa çatanda dostluğa başladıq, özü də bu estafeti əsl dostluq eləyən atalarımızdan qəbul etmişdik. Onların dostluğu rayonda hər kəsə bəlli idi, hamı onları nümunə göstərirdi. Elə mən də hər zaman olduğu kimi, bu gün də Əlövsətlə dostluğumdan qürur duyuram. Sonra mən Bakıda, o isə Leninqrad Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almağa getdik. İndi o, “Azərnəşr”in Baş redaktorudur, dostluğumuz əvvəlki qaydada davam edir. Çünki Əlövsət sınaqdan çıxmış elə bir dostdur ki, adama heç vaxt arxa çevirməz, yarı yolda qoymaz, xüsusən də dar gündə…10 dekabr 2009-cu il.”
Ulu Öndərimizə dərin ehtiram
və qərib türk ellərində ucaldılan abidə

Bu göstərilən tarix Eldar müəllimin kitabından Əlövsət müəllimin gətirdiyi sitatdandır. Əlövsət müəllim daha sonra məqaləsində qeyd edir ki, həyatmda özüm haqqında bundan qiymətli və qürurverici sözlər eşitməmişəm: “ Bu dostluğu sən başladın, əziz qardaşım, sən davam etdirdin, hazırda da sən yaşadırsan! Mən sadəcə, sənə oxşamağa çalışıram, səndən nümunə götürürəm. Çünki sən dostluğun zirvəsisən, nüvəsisən, dostluğun özüsən! Sən, hətta bu gün də harada olmağının fərqində olmadan dostlarını itirib- axtarırsan, məsləhətə ehtiyacı olanlara məsləhət, köməyə möhtac olanlara hər cür köməyini əsirgəmirsən. Sənin bu məziyyətin təkcə ölkə daxilində deyil, işlədiyin bütün ölkələrdə də özünü büruzə verdi. Avropanın dörd ölkəsində Səfir olanda təkcə orada şəxsi dostlar qazanmadın, ölkələrin özünü də Azərbaycanla dostlaşdırdın. Dostluğun orada da bəhrəsini verdi - respublikamızı, millətimizi tanıtdırdın, görkəmli adamlarımızın adlarını əbədiləşdirdin, olduğun ölkələrə sevdirdin. Rumıniyaya səfir təyinatından qısa müddət sonra ailə büdcən hesabına Ulu Öndərimizin abidəsini mərkəzi Tey parkında ucaltdırdın, rumın dilinə bərbad tərcümə edilmiş müqəddəs kitabımız “Qurani-Kərim”i yenidən tərcümə etdirib əhaliyə payladın, onlarla böyük şair və yazıçılarımızın ən gözəl əsərlərini rumın dilində nəşr etdirdin. Bu danılmaz xidmətlərini sonrakı təyinatlarında da davam etdirdin. Serbiyanın paytaxtı Belqrad şəhərinin Taşmaydan parkında Ulu Öndərimizin möhtəşəm heykəlini ucaltdırdın. İndi o park Azərbaycanın bir parçası olaraq, şəhər əhalisinin sevimli istirahət yeridir. Bununla da kifayətlənmədin, Serbiya universitetlərinin birində “Heydər Əliyev” mükafatı təsis etdirdin, indiyə qədər o mükafat əlaçı tələbələrə verilir. Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açdırdın, səfirliyimizə gedən küçəyə Xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsinə nail oldun, Azərbaycan ədəbiyyatının, elminin görkəmli əsərlərini serb dilinə tərcümə etdirdin, dahi bəstəkarımız, milli-mənəvi sərvətimiz, dünya şöhrətli Üzeyirbəy Hacıbəylinin əzəmətli heykəlini Serbiyanın ikinci böyük şəhəri Novi-Sadda qoydurdun, məscidi təmir etdirdin. Eyni fəaliyyətini Monteneqroda da, Bosniya və Hersoqovinada da şərəflə davam etdirdin - Monteneqronun paytaxtı Podqoritsada dahi Hüseyn Cavidin büstünü Kral Parkında ucaltdırdın, səfirliyimizə gedən küçənin adını Bakı küçəsi adlandırmağa nail oldun. Sarayevoda möhtəşəm “Xocalı” abidəsi ucaltdırdın…”
Əlövsət Ağalarov məqalədə Eldar müəllimə müraciətlə xüsusi olaraq onu da vurğulayır ki, sadalamaqla qurtaran deyil, o illərin bir-iki epizodunu yəqin özün də unutmusan: “…1989-cu ildə respublikamıza, Azərbaycanın böyük oğlu Heydər Əliyevə düşmən münasibət sərgiləyən mənfur və gorbagor Qorbaçovun yoxlama çetesi-erməni-rus müstəntiqlərin əlindən neçə ləyaqətli soydaşımızı aldığını, Bakı şəhəri Nizami rayon milis şöbəsinin rəisi olarkən qeyri-azərbaycanlı (o zaman milis idarələrində çoxluq təşkil edirdilər) milislərə Azərbaycan dili dərsləri təşkil etdirəndə məndən yenicə çap etdiyimiz “Rusca-Azərbaycanca lüğət” alıb onlara payladığını niyə deməyim? Əsl vətənpərvərlik, ana dilinə hörmət, sevgi deyilmi bu addımın?!”
Nə yaxşı ki, Eldar müəllimin Əlövsət Ağalarov kimi səmimi, qardaş qədər doğma dostu var. Heç ona da təəssüflənmirəm ki, vaxtilə, Baş Prokurorluqdan da öncə başqa vəzifələrdə çalışanda Eldar müəllimin qapısını açıb, ondan imdad diləyən, haqq-ədalətin yolundakı xidmətlərinə görə təşəkkürünü əsirgəməyən, oradan dua edə-edə uzaqlaşanların səsi son 5-6 ildə çıxmadı…
Naxçıvandan Bakıya tarixi təbrik məktubu…
Əlövsət müəllimin həmin məqaləsinin daha bir vacib məqamına baxaq: “…Xalqımızın başına gətirilən bəlaların pik nöqtəsində - Qərbi Azərbaycanımızdan soydaşlarımızın zorla deportasiyası zamanı rəhmətlik dostumuz professor Səfiyar Musayevə camaatımızı yerləşdirmək üçün nə qədər ünvan göstərdiyini, ləyaqətlə yerləşdirdiyini də deməyim? Sonralar Gəncə şəhər milis idarəsinin rəisi olarkən işğal təhlükəsi ilə üzləşən rayonlarımıza - Naxçıvandan tutmuş Tovuza, Kəlbəcərə, Goranboya, Qazaxa və s. göstərdiyin misilsiz xidmətlərini qədirbilən, kimsənin haqqını tapdamağa qoymayan böyük şəxsiyyət Heydər Əliyev Naxçıvan Ali Məclisinin rəsmi blankında sənə yazdığı təşəkkür məktubunu necə yaddan çıxarım? Ulu Öndərimiz heç kimsənin Vətən üçün göstərdiyi xidmətini unutmurdusa, mən necə unudum? O məktubu evində xüsusi çərçivəyə salıb indi də saxlayırsan. Mən də bu təbrik məktubuma əlavə edirəm. Ulu öndərimiz yazır: “ Hörmətli Eldar Həsənov, Naxçıvan Muxtar Respublikasına tarixin bu çətin dövründə xoş münasibətlər göstərdiyinizə, Naxçıvan əhalisi ilə həmrəyliyinizə və yardımınıza görə Sizə təşəkkür edirik! İşlərinizdə yeni uğurlar, həyatınızda səadət arzulayırıq. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri: H. Əliyev, 25 iyun 1992”.
Əlövsət müəllimin qələmə aldığı təbrik yazısındakı belə ürəkaçan, həm də tariximizin yazılmamış səhifələrindən oxuduqlarımız Eldar Həsənov şəxsiyyətini bir daha gözlərimizdə ucaldır: “…Sonralar hakimiyyət dəyişəndə, səni Gəncədən uzaqlaşdıranda bu möhtəşəm xidmətini səbəb kimi göstərmişdilər. Qulaq şahidiyəm, özümə dedilər ki, Heydər Əliyevi silahlandırıb. Zavallılar başa düşmürdülər ki, şəxsən Heydər Əliyevə silah lazım deyildi, Naxçıvanı qorumaq üçün lazım idi. Özümə də aid olduğu üçün bir epizodu da xatırlatmaq istəyirəm: Sən Baş prokuror idin, mən Milli Məclisin üzvü, bazar günü zəng vurub dedin: “Təcili Prokurorluğa gəl!”
Gəldim, dedin:
-Rusiya mətbuatında Prezidentimizin ünvanına, ailə üzvlərinə qarşı səfeh-səfeh yazılar ötürür yaramaz ünsürlər. Bu materialları götür, diqqətlə oxu və qələminə layiq cavab yaz…
Yazdım və Rusiyanın ovaxtkı nüfuzlu “Nezavisimaya qazeta”da yazımı dərc elətdirdin, sanki bu yazıyla qurbağa gölünə daş atıldı…
Hansı xıdmətlərini sadalayım, əziz qardaş? Birdirmi-beşdirmi? İnşallah, 80-90…illik yubileylərində yanımda olacaqsan və artıq qəmli nağıla dönmüş bu məhbəs həyatını, şərəfli ömrünün digər çoxsaylı akkordlarını birlikdə xatırlayacağıq, xatırladacağıq! İndi sənə nə arzu edim, nə deyim? Ən böyük və müqəddəs arzumuz artıq çin oldu - Qarabağımız işğaldan tam azad oldu, Müzəffər Ali Baş Komandanımız, görkəmli Sərkərdəmiz, əziz Prezidentimiz İlham Əliyevin mahir diplomatik fəaliyyəti, uzaqgörən daxili və xarici siyasəti, qəhrəmanlıqla şəhid olan övladlarımızın, qazilərimizin sayəsində TAM VƏ QƏTİ QƏLƏBƏ qazandıq! Əminəm ki, qısa müddətdə sənin haqq etdiyin azadlığını da görəcəyik və hələki yarımçıq sevincimiz bütövləşəcək - AZƏRBAYCANIN ÖZÜ KİMİ!”
Eldar Həsənovun Lavrova cavabı
Elektron mediada, sosial şəbəkələrdə son vaxtlar Eldar müəllimin səhhəti, Azərbaycan dövlətçiyinin qorunması və müdafiəsində, xarici ölkələrdə diplomat kimi layiqincə təmsil etməsinə baxmayaraq, haqsız və günahsız yerə 6 ildir ki, həs cəzasına məhkum olduğunu da bildirilər. Xüsusən də keçmiş Baş Prokurorun, sabiq səfirin səhhəti ilə bağlı narahatlıqlar kütləvi hal almaqdadır.
Keçmiş xidmətlərinə görə Eldar Həsənovun əfv olunmasını dövlət başçısından xahiş edən soydaşlarımızdan mediaya yayılan məlumatlar maraqlıdır.
Azərbaycan-Rusiya münasibətləri fonunda belə xəbərlərin inandırıcılığına şübhə yeri qalmır. Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan vaxtlarda Eldar Həsənov Rusiya XİN-nin başçısı Sergey Lavrovun Azərbaycanda hiddətlə qarşılanan məlum ermənipərəst açıqlaması ətrafında Moderator.az saytının suallarını cavablandırmışdı. Gununsesi.info həmin müsahibəni paylaşmaqla bir daha bəzi məqamlara aydınlıq gətirmişdir. Keçmiş, sabiq səfirlə müsahibəsini oxuduqda, bir daha inanırsan ki, “üzdə mələk, arxada kələk”lər təhlükəli oyunlarını bu gün də gah açıq, gah da gizli şəkildə oynayır, ölkəmizin daxilində müxtəlif formatlı təxribatlar törətməkdə maraqlı olduqlarını daldalaya bilmirlər.
Adıçəkilən müsahibədə verilən suallardan biri belə idi: “Eldar müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə azərbaycanlı jurnalistin sualına cavab verərkən səsləndirdiyi fikirlər ölkəmizdə böyük narazılıqla qarşılanıb. Onun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyildir“ fikrinə münasibətinizi bilmək istərdik”.
Eldar müəllim həmiun suala belə cavab vermişdi: “Suallarınıza yurdu Ermənistan tərəfindən işğal olunmuş bir Azərbaycan vətəndaşı kimi cavab verirəm. S.Lavrov jurnalistin sualına cavabında münaqişənin istisnasız olaraq Azərbaycanın daxili işi olmadığını bildirdi. Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, unutmaq olmaz ki, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də vardır. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri vardır. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyildir, mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm və bu cavabdan da təəccüblənmədim. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ vardır. Bu hüququmuz nə S.Lavrovun, nə N.Bordyujanın, nə də hər hansı başqa bir şəxsin bəyanatı ilə məhdudlaşdırıla bilməz”.
Eldar müəllimə ünvanlanan suallardan biri də belə idi: “Rusiya naziri həm də BMT Təhlükəsizlik Şurasının atəşkəsə kimin riayət edib-etməməsi barədə BMT arxivlərinə üz tutmağı məsləhət verdi”...
Cavab öz aktuallığını bu gün də saxlamaqdadır. Sanki 2017-ci il deyil, elə bu günlərdə alınıb həmin sorğulara cavab: “...Hamı bilir ki, S.Lavrov uzun müddət Rusiyanın BMT yanında Daimi Nümayəndəsi kimi fəaliyyət göstərib. Yəqin ki, o, həmin dövrün proseslərini yaxşı xatırlamır. Biz isə o prosesləri yaxşı bilirik. Həm də Ermənistandan fərqli olaraq, bizim arxivlərin açılması ilə bağlı hər hansı bir problemimiz yoxdur”.
Sabiq səfirin fikrincə, həmsədr statusunda olan dövlətin xarici işlər naziri kimi qərəzsiz mövqe tutmalı və bitərəflik nümayiş etdirməli olan S.Lavrov isə belə bəyanatları ilə Ermənistanı uçuruma aparmaq əvəzinə, onun öz təbirincə desək, BMT TŞ-nın qərarlarını arxivdən çıxarıb diqqətlə oxuyaraq, Ermənistanı məhz yuxarıda göstərilən kriteriyaya uyğun davranmağa sövq etməlidir. Bununla Rusiya həm də keçmiş SSRİ məkanında hərbi münaqişələrdən heç olmasa birinin, həm də birincisi olan Ermənistan-Azərbaycan sülh yolu ilə nizamlanmasına töhfə verməklə özünün sülhməramlı mövqeyini ortaya qoymaq üçün yaranmış tarixi şəraitdən istifadə etmiş olardı...
Keçər, dövran belə qalmaz...
Adətən, insan övladı özünə və yaxınlarına ağır, çətin şəraitdə təsəlli olacaq atalar sözləri, zərb-məsəllər axtarır. Azərbaycan ədəbiyyatnıda isə belə müdrikləşmiş kəlamlar yetərincədir, çünki dilimiz zənginliyi ilə türkdilli xalqlar arasında da seçilir.
Həmin təsəlli olacaq fikirlərdən biri də ustadların vaxtilə söylədiyi: “Keçər, dövran beləq almaz”dır. Son bir neçə ildir ki, nəinki kəlbəcərlilərimizin, Eldar müəllimi, onun yaxınlarını, qohum-əqrabasını tanıyanların dilinin əzbəri olub. Təkcə bu yox, həm də hər ad günü, ya da müqəddəs bayramlar gələndə çoxlarının əlləri Tanrı dərgahına açılır: “Rəbbim! Sən bağlı qapıları açansan, yoxdan var edənsən! Sənin böyüklüyünə güvənir və yalvarırıq: bəndələrini darda qoyma, Eldar müəllimi də biz. Ailəsinə, sevənlərinə qovuşdur, amin!”
Bəli, tarixin ağlı-qaralı səhifələrində qalanlara bir daha nəzər salanda arxadakı, əlimiz yetməyən illər göz önündə canlanır. Kimin kim olduğu, bu Vətən, dövlət, xalq üçün xidmətləri yaddaşda təzələnir, köhnəlməyən, sağalmayan yaralar kimi bəzən qövr edənləri də az olmur.
Ömrünün 70-ci fəsli xəzana dönən, lakin bahar təravətli arzularla dolu qəlbi doğma yurdu üçün döyünən, yalnız hüquq elmində deyil, həm də ümummilli məsələlərdə heç vaxt kənarda qalmayan, kəlbəcərlilərin sədaqətli Vətən oğlu kimi tanıdığı Eldar Həsənovu canından artıq sevdiyi, işğaldan azad edilən, yeni həyat növrağına başlayan Kəlbəcərində, kəlbəcərlilərinin arasında görmək arzusu da müqəddəsdir. Fikrim yenəd ə dağda-daşda payız nəfəslidir. 70 illik yubileyinə görüş arzuladığımız eloğlu, darıxma, “dar günün ömrü az olar”,- inşallah!
Ruhum qan ağladı, gözüm yaş tökdü,
O günlər yadıma düşdü, nə düşdü.
Dərd elə sıxdı ki, qəddimi bükdü,
Ürəyim həsrətdən bişdi, nə bişdi.

Leysan olub eynim yaşı süzülür,
Muncuq kimi yanağımda düzülür.
Bulaq üçün dodaqlarım büzülür,
Xəyalım dağlara uçdu, nə uçdu.

Sinəm atəşlidi, gözlərim yaşdı,
İki əlim yumulub, başıma daşdı.
Ah-naləm görəsən sədləri aşdı?
Bu həsrət sinəmi deşdi, nə deşdi...

Qaçqınlıq-köçkünlük yamandı, yaman,
Çəkirdik bu dərdi, aman, əl-aman!
Yamanca olmuşam yenə bəd-güman,
Dedilər ürəkdə şişdi, ayə, nə şişdi?

Eldar kimi oğulların var, Vətən,-
Dar günlərdə harayına ilk yetən!
Qədrini nə bilər hər yoldan ötən!
Hələ də köksümdə qanlı savaşdı!

Yayılarmı, fikir-xəyal azıbdı,
Bu taleni fkimlər belə yazıbdı?!
Zalım düşmən növrağımı pozubdu,
Qanım başa vurdu, coşdu, nə coşdu,

Yurdda tonqalımı qalayım necə,
Əldən gedib yurdum bahar gəlincə.
Çəkirik bu dərdi bütün ellikcə,
Çəkmirsə bu dərdi, başdı, nə başdı?

Durna qatarında, xəyalım çaşdı,
Kiprikdən nəm çəkdi, gözüm bulaşdı.
Bayram süfrəsinin bəzəyi aşdı,
Anan dəmləyib ki, aşdı, nə aşdı?

Yaz gəlibdi, çəmən-çiçək gül açıb,
Bülbül nəğməsiylə bağda dil açıb?!
Məhəmməd Tanrıya yenə əl açıb,
Xəyalım yol aldı - köçdü, nə köşdü?


Məhəmməd Nərimanoğlu,
Bakı, 10 oktyabr 2025-ci il

Son xəbərlər

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK: Aylıq və illik PAKETLƏR GƏLİR

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Goranboyda sel fəsadlar törətdi - FOTO

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Paytaxtın bu ərazisində işığın verilməsində fasilə yaranacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031