Xəbərlər
22.09.2026, 15:34
Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar
Ötən gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Şamaxı rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olunub.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şamaxı RİH başçısı Tahir Məmmədov, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, aidiyyəti dövlət qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.
Görüş çərçivəsində sahibkarlar Heydər Rahib Paşa oğlunun, Qasımov Əyyub Qarakişi oğlunun, Şıxıyev Hacıbaba Hacıbala oğlunun və “Şirvan Aqro” MMC-nin təsərrüfatlarında görülən işlərə baxış keçirilib, mövcud vəziyyət, əldə olunan nəticələr və qarşıda duran məsələlər barədə məlumat verilib.
Sahibkar və fermerlərlə keçirilən görüş zamanı əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqi, su təminatının yaxşılaşdırılması, istehsal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı ilə bağlı görülən işlər müzakirə olunub. Həmçinin təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların gələcək fəaliyyət planları dinlənilib.
Görüş zamanı qeyd olunub ki, kənd təsərrüfatının inkişafı rayonun iqtisadi potensialından səmərəli istifadə olunması, əhalinin məşğulluğunun artırılması və yerli istehsalın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi, təsərrüfatlarda məhsuldarlığın artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.
Şamaxı RİH başçısı Tahir Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın qarşıdakı dövrdə aqrar sahənin inkişafı üçün mühüm yol xəritəsi olduğunu bildirib. Qeyd edilib ki, proqram kənd təsərrüfatında mövcud potensialın tam şəkildə reallaşdırılması, istehsalın həcminin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və fermerlərin fəaliyyət imkanlarının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsal göstəricilərinin artırılması ilə məhdudlaşmır. Torpaq və su ehtiyatlarından düzgün və səmərəli istifadə, müasir texnologiyaların təsərrüfatlara tətbiqi, məhsul istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması da əsas istiqamətlər sırasındadır.
Görüşdə həmçinin kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün sahibkar və fermerlərin təşəbbüslərinin dəstəklənməsinin, onların qarşılaşdıqları problemlərin aidiyyəti qurumlarla birgə həllinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, rayonun aqrar potensialından daha səmərəli istifadə etməklə istehsal imkanlarının artırılması və yeni təsərrüfat layihələrinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilməlidir.
Sonda Dövlət Proqramı çərçivəsində qarşıda duran vəzifələr, görüləcək işlərin əlaqələndirilməsi və aqrar sahədə mövcud imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










