Elmli sərvətlərimiz
NURSUZ GÖZ KİMİDİR ELMSİZ ÜRƏK
Səmərəli təkliflər müəllifi, iqtisadçı alim
Məhəmməd Nəcəfovun örnək ömründən səhifələr

Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz, hər kəsi özünə uyğunlaşdıra bilər.
Dahilərimizin fikirləridir: adi insanlar nağılları dinləməyi hər şeydən üstün tutarlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan “sirlər” (əslində, “cinlər”) çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirlər. Adi camaatın bu meylinə görə keşişlər (mollalar), şəriət və qanunvericilər vəcd həvəskarlarına və cahillərə bağlanırlar.

Elmlilər, alimlər isə kənardan buna laqeydcəsinə baxmır, özlərini onların yandığı oda ataraq, xilas etməyə çalışırlar...
Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz dindarından latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır.
Birindən soruşdular:
-Barsız alim nəyə bənzər?
Deyir:-Balsız arıya.
Alimin mürəkkəbinin şəhid qanı qədər müqəddəs olması da bizim xalqın müdriklərinin deyimlərindəndir.
Deyirlər ki, elm sahilsiz bir dərya, alim isə sahilsiz dəryaya atılmış bir dəryadır. İnsan üçün elm ağılın çırağıdır. Dədələrimizin müdrik kəlamlarından öyrənmişik: “Elmin gücü yıxar bürcü”, “hər oxuyan Molla Pənah olmaz”, “qafil yaşamaqdan ölmək yaxşıdır”, “qələm qılıncdan itidir”, “qələm əyri yonulsa da, düz yazar”, “elmsiz adam qanadsız quş kimidir”. Yaxud “qələm yazanı qılınc poza bilməz”, “qüvvə hər şeyi, ağıl isə qüvvəni sındırar”, “savadsız adam kor kimidir”...
Əlbəttə, hər dünayaya göz açan da elm adamı ola bilmir. Məsələn, tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan isə "bu gün oxuyaram, sabah oynayaram",- düşüncəsi ilə yaşayır.

Elmlilərimizdən biri haqqında fikirlərimi cəmləşdirmək üçün kamillərimizin düşüncələrinə baş vurmağım əbəs deyildi.
Məhəmməd Nəcəfov haqqında fikirlərimi cəmləşdirəndə bəzi mənbələrə nəzər salmalı oldum. Axı, sıradan biri haqqında yazmırdım. Nəinki kəlbəcərlilərimdən, əslində, bəlkə də, səhv edərəmsə, Tanrı günahımı bağışlasın, ölkəmizdə - Azərbaycanda, o cümlədən Kəlbəcərimizdə şəxslərdən və şəxsiyyətlərdən 40 il ərzində (əlimə qələm alandan) ən çox yazan (demirəm ki, qeyri-adi iş görmüşəm) mən olmuşam. Xalqımızın sıravisindən başlayaraq (axı, alimlərimiz, sevimli sənət adamlarımız da dünyaya sıradan biri kimi gəlir), alisinədək (atalarımız deyib: “Alim olmaq asan, adam olmaq çətindir”) nümunəvilərini tanımalı və tanıtmalıyıq. Axı, dövlət və xalq da elələrinin zəkası ilə basılmaz - qüdrətli və qüvvətli olur.
Məhz bu kimi vacib məsələləri nəzərə alaraq, Kəlbəcərimizin, o cümlədən beş kənd qılınclıların da ilk alimlərindən biri olan Məhəmməd Nəcəfov haqqında yazarkən, necə deyərlər, “yüz ölçüb, bir biçməli” oldum.
Dünyanın məşhur filosoflarının alimə verdiyi qiymət onların müdrikləşmiş deyimlərində də öz əksini tapır. Məsələn, Levri-Strossun fikrincə, “alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır”. Xudu Məmmədov isə deyirdi: “Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir”.
Allah, Allah, nə gözəl deyim! Rabiə Abdul əl-Rəhmanın fikirlərinə baxın: “Alimlərin qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir”. Bunları dərk edən insan övladı nadan, nadürüst olarmı? İnanmıram!
Əbu Turxan bir az da irəli gedərək yazırdı: “Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur”.
40 illik mətbuat təcrübəmdə həmsöhbət olduğum alimlərimizdən öyrəndim ki, ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. Daş-qaş əvəzinə, özünə bilik yığsan, daha çox tanınarsan. Ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.
Məhəmməd Peyğəmbər (s.ə.s.) bütün bu deyimlərədək elmə necə dəyər verdiyinə baxaq:
“Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın”.
Alimlərimiz, filosoflarımız, dünyagörüşlü müdriklərimiz onu da deyib ki, elm bəşəriyyətin idarə olunmasının paslanmayan açarıdır. Onu hansı sahədə sınasan, sənə yollar açar, sən onu sevdirdiyin kimi, o da səni tanıdar, məşhurlaşdırar.
“Tərs şagird”in inadı...
...Bizim beş kəndimizin (Kəlbəcər rayonunun Yuxarı Qılınclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə və Əmrallar (Otqışlaq da deyilirdi) elm adamları çox olmayıb. Bunun da səbəbləri var. Burada həmin səbəblərə toxunmasaq da, qısaca onu deyə bilərik ki, istər Çar Rusiyasının hakimi-mütləqlik dövründə, istərsə də 70 illik sovetlər dönəmində bizim kəndlərin yetirmələri Kəlbəcər rayonunun idarə edilməsində ən öndə gedənlərdən olublar. Buna baxmayaraq, onlar sonrakı nəsillərin oxuyub elm aləmində tanınması yolunda, nədənsə, nümunə olacaq bir iş görməyiblər. Lakin çətin illərin sınağından çıxan uşaqlar böyüdükcə özləri nicat yolunu ancaq oxumaq və elm yolunda şam kimi əritməkdə görüblər.
***

Müəllim ömrünü şam-çırağa bənzədənlər səhv etməyiblər. Müəllimlər yalnız öz balalarının böyüyü olmayıblar. Müəllim zəkası insan övladını işıqlı yolla gələcəyə aparır. Müəllim dərs dediyi hər şagirdinə, tələbəsinə öz övladı kimi baxır.
Kəlbəcərdə müəllim adının şərəfini qoruyanlar yalnız uşaqlar, məktəblilər olmayıb, valideynlər də onları özlərinin mayakı, yolgöstərəni sayıblar. Ata-anaların müəllim sevgisi də məktəblilərə bir özgə duyğularla keçirdi.
Bizim üçün müəllim müqəddəs varlıq olub. Onlar adilikdən qeyri-adiliyə keçmişdilər. Müəllim özü savad, bilik, elm, bir sözlə, alim demək idi bizim üçün. Ata-anadan daha çox müəllimdən çəkinər və onlara hörmətlə yanaşardıq. Müəllimdən qorxardıq ona görə yox ki, onlar bizi danlayır, səhvimiz üstündə döyür, hətta daha ciddi formada cəzalandırırdı. Bizim dövrümüzdə müəllimlik sıradan bir peşə deyildi. “Hər oxuyan Molla Pənah olmazdı”...
O çətin illərin uşaqlarından biri də hələ orta məktəb illərindən müəllimlərinin diqqətini cəlb edən Məhəmməd İsa oğlu Nəcəfov olub. El-obasının, eləcə də rayonunun, daha sonra isə respublika ictimaiyyətinin, elm aləminin tanınmış simalarından biri kimi tanınan Məhəmməd Nəcəfovun həyat və fəaliyyətini əks etdirən qısa tərcümeyihalına birlikdə nəzər salaq.
Keçək mətləbə: Nəcəfov Məhəmməd İsa oğlu 1939-cu ildə Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndində anadan olmuşdur. Atası İsa Kəlbəcərdə doğulmayan kəlbəcərli kimi tanınmışdır. Əslən Dərələyəz mahalından olan İsa gənc yaşlarından Kəlbəcərə gəlib. Xatırladaq ki, nəinki bizim beş kəndin əhalisinin, əslində, kəlbəcərlilərin çoxunun kökü həmin mahala bağlıdır. Kimi dindirirsən, nəsillərinin ya Cənubi Azərbaycan kökənli, ya da Zəngəzur, Göyçə, Dərələyəzdən olduqlarını deyir.
Məhəmməd müəllimin atası İsa dayı da burada Çiçək adlı bir qıza könül verib. Bu sevgi ötəri hiss olmadığı üçün ailə qurulub. Ailənin ilk övladı dünyaya gəlib. Bu sevincin ömrü az olub. Atalı-analı, qayğısız uşaqlıq illəri az olub Məhəmmədin: anası Çiçək elə bir yaz çiçəyinin ömrünü yaşayıb. Kiçikyaşlı Məhəmmədin nənəsi Xanım ona ilk növbədə ana olmağa çalışıb. Ana ola bilməsə də, anasızlıq dərdini, ağrılarını unutdurmağı bacarıb...
“Sındırılmış buz”,
Yaxud qədirbilənlərin
qəmli qələmi

Bu məqamda bir məsələni də diqqətə çatdırmaq yerinə düşərdi. Təəssüf hissi ilə bildirməliyəm ki, sovetlərin 70 illik dövründə respublikanın bölgələrinə partiya və hökumət tərəfindən istənilən və umulan diqqət-qayğı göstərilməyib. Buna görə də ucqarlardakı istər sənət, istərsə də elm adamları haqqında xalqın geniş məlumatı olmayıb. Acınacaqlısı odur ki, paytaxt Bakıda illər uzunu müxtəlif sahələrdə çalışanlar da nə özləri, nə də əyalətdə fəaliyyət göstərən dəyərlilər haqqında ikicə kəlmə yazmayıb, qəzet-jurnallarda məqalə dərc etdirməyiblər ki, sonrakı nəsillər onları tanısınlar.
Açığı, Kəlbəcərin işğalınadək orada yaşayıb-yaradan sənət adamları, xalq üçün gərəkli şəxsiyyətlərimizdən, alim qədər dərin elmi biliklərə malik olan müəllimlərimizdən kimsə nəsə yazmayıb. Kəlbəcərin işğalından sonra bu “buz sındırılıb”. Kəlbəcərli qələm adamları gərəklilər haqqında nəinki məqalələr, hətta kitablar da yazmağa başladılar. Bu mənada Məhəmməd Nərimanoğlu, Yusif Hüseyn, Mirvari İdrisqızı və Kifayət Umudqızının adı və kitabları geniş ictimaiyyətə yaxşı tanışdır.
Məhəmməd Nəcəfov haqqında məlumatlar toplamağa başlayanda müəllimin ailəsində dünyaya göz açan qızı Tamara xanım (o, ixtisasca həkimdir) bildirdi ki, indiyədək atası haqqında yazan yalnız Mirvari xanımla Kifayət Umudqızı olub.
Kifayət Umudqızının 2009-cu ildə (Allah nakam taleli bacımıza rəhmət eləsin!) nəşr edilən “Qərib gecələrimin qonaqları” kitabında Məhəmməd Nəcəfov haqqında da xeyli dəyərli məlumatlar var. Müəllifin göz yaşları ilə qələmə aldığı “Nəsillərə örnək olan müəllim” sərlövhəli oçerki, oxucusunu da ağladır.
Məhəmməd müəllimin yas mərasimində (çox güman ki, “cümə axşamı”larının birində) iştirak edən Kifayət xanım onsuz da elə bütün yazılarında Kəlbəcər həsrətini gizlədə bilmir. Radiodakı verilişləri də xüsusilə bu həsrətə köklənərdi. O gün Məhəmməd müəllimin qız balalarına qoşulub, necə ağlayıbsa, elə oçerkini də o ruhda yazıb.
On üç illik Kəlbəcər həsrətindən başlayan müəllif Məhəmməd müəllim haqqında sanki bəhanə axtarırmış yazmağa. Yazıb, nə istəmişiksə onu deyib. Qoymayıb bizə də bir-iki kəlmə qalsın.
Məhəmməd Nəcəfov da Kəlbəcərsizliyin on iç ilinə ancaq dözüb-tablaşıb. Kifayət bacımız yazır: “...Məhəmməd müəllimin ağı bilməyən, atasının dərdinə əlac tapmayan həkim qızları Elmira ilə Tamara da dil açmışdılar:
-Salam ver sağa, ata,
Dolan gəl bağa, ata!
Sən duman ol, biz çiskin,
Çəkilək də dağa, ata!”

Uzaqgörənlik
– alimin elminin gücü

...Ana məhəbbətinə tamarzı, nənə sevgisiylə böyüyən balaca Məhəmmədin uşaqlıq illəri 1941-45-ci illər müharibəsi dövrünə düşdüyündən, o, sanki böyük ömrü yaşayıb. 1944-cü ildə Kəlbəcərdəki orta məktəbə gedib. Tale bəzən insanı özündən xəbərsiz atır doğmalardan uzaqlara. Amma Məhəmmədin orta təhsilini davam etdirdiyi Göyçə mahalının Nərimanlı kəndi ona yad yer deyildi. O, buradakı doğmaları arasında özünü rahat hiss edir. Elə ilk və son məhəbbəti olan Zəhranı da orada tapır. Bu sevda hər iki gəncin taleyini, ömür yollarını qırılmaz tellərlə bağlayıb bir-birinə: ailə qurublar. Lakin bu evlilik, ailə qayğıları Məhəmməd Nəcəfovun oxuyub, ali təhsil almaq həvəsini və marağını azaltmayıb. Buna görə də o, Bakıya gəlib və o zamankı Xalq Təsərrüfatı İnstitutuna imtahan verib. Həmin illərin tələbələri yaxşı bilirdi ki, orta məktəbi əla oxuyub qurtaranların bu instituta qəbul olması o qədər də asan deyildi. Yazılmamış bəzi qanunlar çoxlarının bu ali məktəb tələbəsi olmaq arzusunu gözündə qoyurdu. Amma Məhəmməd Nəcəfov bütün sədləri aşaraq, öz arzusuna çatmışdı.
Ali məktəbi bitirdikdən sonra Məhəmməd Nəcəfov aspiranturaya girmək ərəfəsində “Heyvandarlığın düzgün ixtisaslaşdırılması” mövzusunda referat işləmiş, orada kolxoz və sovxozlarda qoyunçuluğun ləğvi məsələsini qoymuş, ictimai təsərrüfatda qoyunçuluğun özünü doğrultmadığını sübut etmişdir. Kənd Təsərrüfatı Nazirliyindən gələn mütəxəssislərdən ibarət komissiya Məhəmməd Nəcəfovun həmin işlərini əsas götürmüş, əksər təsərrüfatlarda qoyunçuluğu ləğv etmişdir. Bununla da şəxsi təsərrüfatlarda qoyunçuluğun inkişafına imkan yaranmışdı. Bu ona görə edildi ki, rayonun əksər kəndlərində örüş-otlaq qışlağı var idi.
Deməli, ictimai təsərrüfatın özünü doğrultmadığını Məhəmməd müəllim hələ 1965-66-cı illərdə görürdü. Həmin tədbirdən sonra rayonda əhalinin iqtisadi vəziyyəti xeyli yaxşılaşmışdı. Məhəmməd müəllimin dövlət və xalq üçün etdiyi səmərəli təklif öz bəhrəsini verdiyi üçün, o, bundan ruhlanaraq, öz üzərində çalışır, həmin dövrdə elmin zirvələrinə hələ yolunun uzun olduğunu görürdü. Ona görə də o, 1967-ci ildə qiyabi olaraq AMEA-nın Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına qəbul olur və Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim işləməyə başlayır. Aspiranturanı başa vurub, 1978-ci ildə “Mil-Qarabağ təbii iqtisadi zonasında əmək ehtiyatlarından istifadənin yaxşılaşdırılması” mövzusunda dissertasiya müdafiə edən Məhəmməd Nəcəfov iqtisadi elmlər namizədi alimlik dərəcəsinə layiq görülür.
Layiqli övladlar atası

...Məhəmməd müəllimin ailəsində dünyaya göz açan Tofiq, Faiq, Elmira və Tamara atalarının adına layiq böyüyüblər. Ata məsləhəti onların yoluna işıq salıb, hər biri də ali məktəb məzunu kimi müxtəlif sahələrin mütəxəssislərinə çevriliblər.
O, 7 dərslik və dərs vəsaitinin müəlliflərindən biri olmaqla yanaşı, həmçinin 35 çap vərəqi həcmində elmi əsər yazmış və nəşr etdirmişdir. Təşəbbüsü və elmi redaktorluğu ilə ilk dəfə Azərbaycan dilində “Ticarət statistikası” adlı dərslik yazılmışdır. Bundan əlavə, Məhəmməd müəllim 1967-ci ildən ömrünün sonunadək daha 25 çap vərəqi həcmindən artıq elmi əsərə imza ataraq, çapına nail olmuşdur.
Məhəmməd Nəcəfov pespublikamızda iqtisadi elmlərin inkişafı və statistika işləri sahəsində səmərəli xidmətlərinə görə, respublika Kənd Təsərrüfatı Baş idarələri və keçmiş SSRİ Ali Sovetinin “Fəxri Fərman”larına, təşəkkürnamələrinə layiq görülmüşdür. Yeri behişt olsun, yurdunda qalanlar da layiq oldular ata adına.
***

...Məhəmməd müəllimin qızı Tamara xanım alim atasından söz açmağa çalışsa da, qəhər boğur. Telefondan gələn qırıq-qırıq səsdən eşidirəm: “...Məncə, hər övlad üçün ata, ana əvəzedilməz varlıqdır. Mənim atamın bizim üçün əziz və unudulmaz olmasının isə səbəbləri bir az fərqlidir. Atam uşaqlıq illərini əzabla yaşayıb. Anasını çox erkən yaşlarından itirdiyi üçün onu nənəsi (anasının anası Xanım) saxlayıb, ona ana nəvazişi göstərib.
Xanım Çiçəyin anasıdır... Babam (atamin atası) İsa əslən Qərbi Azərbaycandan, daha dəqiqi, Dərələyəzdəndir. Atamın anası Çiçək nənəm isə Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndindəndir. Atamın yaxın qohumu - əmi, bibi, xala, dayı, doğma qardaş-bacısı yoxdur.
Anam Həmzəyeva Zəhra Mehdi qızı Göycə mahalının Nərimanlı kəndindəndir. Atamın orta məktəbdə oxuyarkən Kəlbəcərdə riyaziyyat müəllimi ilə dərs üstündə sözləri düz gəlmir. Atam riyaziyyatı çox yaxşı bilirdi. Hər axşam bizim riyaziyyat dərsimizlə maraqlanırdı. Nəyi başa düşməsək, ondan soruşardıq. Atam adını çəkmədiyim həmin riyaziyyat müəllimi ilə mübahisə etdikdən sonra onun burada qalıb oxumasının çətin olacağını düşünüb, ona görə də Göyçə mahalının Nərmanlı kəndinə oxumağa gedib. 10-cu sinfi orada qurtarıb və həyatının vəfalı sadiq yoldaşı – anamla da orada tanış olub. Biz dörd uşaq olmuşuq: iki qardaş iki bacı...”
Bir ağacın qol-qanadı...
Babalardan balalara gedən yol

...Səs burada kəsilir. Hiss edirəm ki, Tamara xanım yaddaşında olanları ardıcıllaşdırır və deyir: “Qardaşım Faiq 1957-ci ildə anadan olub. 1978-1983-cü illərdə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1981-84-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Normativ Tədqiqat Stansiyasında böyük iqtisadçı, 1984-87-ci illərdə Kəlbəcər rayonunun Kalinin adına kolxozunda (bizim beş kənd bu ictimai təsərrüfatda birləşmişdi-M.N.) iqtisadçı, 1987-90-cı illərdə Kəlbəcər rayon maliyyə şöbəsində dövlət gəlirləri inspeksiyasının rəisi, sonra Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarının maliyyə şöbələrində dövlət gəlirlərinin proqramlaşdırılması, iqtisadi təhlil müfəttişliyinin rəisi, Sabunçu Rayon İcra Hakimiyyətində böyük referent işləmişdir. Hazırda təqaüddədir. Həyat yoldaşı Səfərova Solmaz Mədət qızı Milli Qəhrəman Səfərov Sərdar Mədət oğlunun bacısı idi. Azərbaycan Tibb İnstitutunu bitirmiş, Kəlbəcərdə, daha sonra isə Bakıda həkim-ginekoloq işləmişdir. 2018-ci ildə rəhmətə gedib, Allah rəhmət eləsin!
Kiçik qardaşım Tofiq 1959-cü il təvəllüdlüdür. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Kəlbəcərdə, sonradan Bakıda müxtəlif idarələrdə işləyib. Tofiq 1-ci Qarabağ müharibəsinin könüllülərindən olub. Tərtər və Beyləqanda hərbi qulluq keçib. Dəfələrlə erməni daşnaklarının rayonlarımıza hücumlarının qarşısının alınmasında iştirak edib. Müharibə veteranıdır, hazırda təqaüddədir. Tofiqin həyat yoldaşı Tağıyeva Kifayət Əlabbas qızı Kəlbəcərin Yuxarı Qılınclı kəndindəndir. Əlabbas kişinin qızı, Ələmdar müəllimin bacısıdır. Kifayət Gəncə Pedaqoji Univerisitetini
bitirib. Kəlbəcərin Quzeyçirkin, Otaqlı kəndlərində, sonra Bakıdakı 220 nömrəli orta məktəbdə müəllim işləyib. Hazırda təqaüddədir.
Yeri gəlmişkən bir məsələni xüsusilə qeyd etmək istərdim. Bizim Kəlbəcərdəki “beş kənd qılınclılar”a heç də ötəri yerə “imam övladları” - haqqın tərəfdarları adlandırmamışdılar. Kəlbəcərin işğalından sonra bu, özünü daha qabarıq formada göstərdi. Bircə fakt deyəcəyəm. Yuxarı Qılınclı kəndində dünyaya göz açıb, Azərbaycanda tanınmış yol inşaatı mühəndisi Xəqani İsmayıl oğlu Kazımovun rəhbərlik etdiyi idarələrdə neçə-neçə kəlbəcərli, o cümlədən qılınclı ailənin başçıları işləyərək, o dar, ağır günlərdə çörəkpulu qazanıb. Qardaşlarım Faiq və Tofiq də həmin kəlbəcərlilərin sırasında olublar. Hər iki qardaşım eloğlunun rəhbərlik etdiyi yol idarəsində çalışmaqla, bir öz ailəsinin deyil, hamımızın qayğısına qalıblar. Buna görə də mən Xəqani müəllimə cansağlığı arzulayıram.
Bacım Elmira Əsgərova 1964-cü il təvəllüdlüdür. 1983-1989-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 2007-ci ildən Kanadada yaşayır. Elmiranın həyat yoldaşı Xalid Əsgərov Kəlbəcərdəndir. Kəlbəcər ziyalısı, ağsaqqalı, mərhum şair-alim Şamil Əsgərovun oğludur. Xalid Əsgərov 1979-84-cü illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Ştat Universitetinin (ABŞ) birgə ikillik proqramında təhsil alaraq, biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə 1988-ci ildə “Azərinform”da (indiki “Azərtac”) fotomüxbir kimi başlamış, 1991-2004-cü illərdə isə “Reuters” agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri və foto/video-müxbiri olmuşdur. 2004-cü ildə bank sektoruna keçərək, “Unibank”da departament direktoru, 2006-2007-ci illərdə isə “UniLeasing” şirkəti İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 2007-ci ildən Kanadada yaşayır…”
Bir həsrətin yaşı və göz yaşı…

Tamara həkim özünə gəlincə, “mənim haqqımda yazmasanız da olar”,-dedi. Lakin öyrənirik ki, o da həkimdir: Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1987-ci ildən 1993-cü ilə qədər Kəlbəcər rayon mərkəzi xəstəxanasında həkim işləyib. Kəlbəcərdən məcburi köçkün düşdükdən sonra bir müddət Gəncədə çalışışıb, hazırda Bakıda Ağciyər Xəstəlikləri Mərkəzinin poliklinikasında işləyir. Həyat yoldaşı Sultanov Oktay Əziz oğlu da Kəlbəcərdəndir. Kəlbəcərdə “Göyçəli Əziz” kimi tanınan el ağsaqqalının (Allah anası Xuraman xalaya da rəhmət eləsin!) oğlu, ixtisasca stomatoloq olan Oktay Kəlbəcərdə və Bakıda diş texniki işləyib. Ömrü Kəlbəcərə dönməyə yetməyən Oktay da digər kəlbəcərlilər kimi, Kəlbəcər həsrəti ilə 2019-cu ildə dünyaya göz yumub, Allah rəhmət eləsin!
Tamara xanım Məhəmməd müəllimin ocağından boy verən, pöhrələyən “qol-qanad”ların da ziyalı kimi yetişdiklərindən söz açır: “Atamın səkkiz nəvəsi var: Rəşad Faiq oğlu 1986-cı il təvəllüdlüdür. Azərbaycan Tibb Univerisitetini bitirib, hazırda Almaniyada həkim işləyir. Elşad Faiq oğlu 1987-ci ildə anadan olub. 2011-2015-ci illərdə Ukraynanın Poltava Milli Texniki Universitetində İnşaat mühəndisi ixtisası üzrə bakalavr, 2019-2020-ci illərdə Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetində isə “Fərqlənmə” ilə magistratura, 2021-2025-ci illərdə həmin ali məktəbdə doktorantura təhsili alıb. 2025-ci ilin iyun ayında dissertasiyasını müdafiə edib və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2016-cı ilin yanvar ayından indiyə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin 11 saylı İDYM MMC-də layihələr üzrə aparıcı mühəndis vəzifəsində çalışır. O, eyni zamanda 2021-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat və logistika” kafedrasının baş müəllimi vəzifəsində “Dəmir yollarının tikintisi və layihələndirilməsi” fənnini tədris edir və elmi tədqiqatlarla məşğuldur...”
Məhəmməd müəllimin nəvələrindən biri, 1988-ci ildə anadan olan Sultanov Əli Oktay oğlu Azərbaycan Dövlət Pedoqoji Univerisitetini bitirib. Qarabağın işğaldan azad edilməsindən sonra başlanan bərpa və yenidənqurma işlərində yaxından iştirak edib. Hazırda sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit üzrə aparıcı mühəndis vəzifəsində çalışır.
Adil Tofiq oğlu Nəcəfov da həkimdir: 2007-2013 cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2013-2017-ci illərdə Rezidentirada oxuyub, Ankara və Bursada (Uludağ Universitetində) təkmilləşmə kursu keçib. Bakı şəhərindəki məşhur 5 nömrəli xəstəxanada və “Stimul” klinikasında qastroenteroloq işləyib.
Əsgərli Gülgəz Xalid qızı nənəsinin adını daşıyır. 2009-2013-cü illərdə Kanadanın Saymon Frezer Universitetində təhsil alıb, 2013-cü ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə edib. Bundan sonra o, Kanadanın Vankuver şəhərindəki Vancity bankında işləyib. Ailəlidir, Bakıda yaşayır.
Rauf Tofiq oğlu Nəcəfov 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi-həkim fakültəsini bitirib, Ankaradakı Gülhanə hərbi klinikasında kurs keçib. Azərbaycanın Qusar, Laçın və Kəlbəcər rayonlarında hərbi həkim kimi fəaliyyət göstərib. İkinci Qarabağ müharibəsində ön cəbhədə xidmət edib: Cəbrayılın, Xocavəndin Qubadlı və Laçının azadlığı uğrunda medallarla təltif olunub, müharibə veteranıdır. Hazırda Kəlbəcərdəki “N” saylı hərbi hissədə həkim işləyir.
1992-ci ildə anadan olan Əsgərli Şamil Xalid oğlu Britaniya Kolumbiyası Universitetində oxuyub, 2014-cü ildə riyaziyyat üzrə bakalavr dərəcəsi əldə edib, 2014-2019-cu illərdə Braun Universitetində də təhsil alıb. 2019-cu ilin may ayında dissertasiyasını müdafiə edərək, riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alan Şamil 2019-2022-ci illərdə Britaniya Kolumbiyası Universitetində postdoktorant elmi işçi olub. 2022-ci ildən Santa Klara Universitetində assistent-professor vəzifəsində çalışır, burada riyaziyyat sahəsində dərs deyir və elmi tədqiqatla məşğuldur.
Qulamova Xuraman Oktay qızı 2016-2020-ci illərdə Azərbaycan Dillər Univerisitetinin İngiliş dili fakultəsini bitirib.
Məhəmməd müəllimin nəvələri Elşad və Şamil babalarının peşəsini davam etdirirlər: Azərbaycanda və Amerikada tələbələrə dərs deyirlər.
Tamara xanım atası haqqında söz açarkən qəhərdən boğulsa da, fikrini cəmləşdirib, bilmədiyimiz bir çox həqiqətləri dilə gətirdi:
-Atam nəvələrini, bizə elə gəlirdi ki, balalarından da artıq çox istəyirdi. Mehr-məhəbbətini Adilə, Raufa, Əliyə, Xuramana, Gülgəz və Şamilə salmışdı. Kəlbəcərsizlik, elə Göyçəsizlik də, onun ürəyini paralamışdı. Savadlı olmaq, oxumaq, biliklərə nail olmaq üçün tələbələrinə sanki xüsusi təlim keçirdi. Yaxşı xatırlayıram. Uşaqlara daha çox xatırlatdığı Almaniyanın kansleri Bismarkın bir kəlamı idi: “Mən müharibədə qalib gələrəm. Çünki ölkəmin təhsil sistemi Müdafiə Nazirliyindən möhkəmdir”.
Son istək: “kitab oxumaq...”
Məhəmməd müəllim, sıradan bir müəllim, yaxud da alim kimi deyil, həm də xalq təbabətinin bilicisi olaraq da yaddaşlarda iz buraxıb. Təbii dərman bitkilərinin möcüzələrini, sirlərini yaxından tanıdığı dostlara, qohumlara öyrətməyi unutmurdu. Bununla o, özünün həm də əsl təbiətsevərliyini təsdiqləyirdi.
Onun təbii bitkilərlə müalicəsinin bəhrəsini görən insanların sayı-hesabı olmayıb.
Amma, o, özünün dərdinə əlac edə bilmədi, çünki, onun dərdinin dərmanı Kəlbəcər idi. Kəlbəcərin əsrarəngiz gözəllikləri təbiət vurğununu xəstə etmişdi, əli, səsi, ahı-ünü ora yetmirdi.
...Ömrünün son günləri imiş. Bir gün qızı Elmira xanım Məhəmməd müəllimdən soruşur: “Ata, ürəyin nə istəyir?”
Elmə, biliyə həmişə yüksək dəyər verən Məhəmməd müəllim fikirləşmədən: “kitab oxumaq...”,-deyir.
Bax, beləcə, 40 illik pedaqoji fəaliyyəti dövründə dərs dediyi gənclərin düşüncələrinə nur çilədi. Vətən sevgisini təkcə öz balalarına, nəvələrinə deyil, həm də hər kəsə payladı. Ona görə də tələbələri onu ata, əmi, dayı kimi sevdilər.
Ömrünün sonuna kimi sevdiyi peşəsinə xidmət edən Məhəmməd müəllim Azərbaycan Dövlət İqtisad Universitetində minlərlə tələbənin kamil, peşəkar mütəxəssis kimi yetişməsində var qüvvəsini əsirgəmədi. Bir tələbə deyə bilməzdi ki, Məhəmməd müəllim də digərləri kimi, təmənnalı qiymət yazıb! O, belə düşüncələrdən uzaq olduğu üçün bəzi həmkarlarının hərdən qınağına da gəlirdi.
Tamara həkimin eləcə telefonda söylədiyi “Ata” şeirini dinlədikdə bildim ki, bu, bir qızın ataya olan sevgisinin ifadəsidir. Həmin bu şeiri hər ataya, əlbəttə, şamil etmək olmaz. Məhəmməd Nəcəfov kimi ataya ünvanlı həmin şeir budur:
Dostluğunda dəyanətli,
İnsanlıqda ləyaqətli,
Duz-çörəyə sədaqətli,
Sadədən də sadə atam!

Böyük, kiçik, həmyaşıdı,
Anlamayanlar naşıdı.
Müqəddəs bir ad daşıdı,
Söykəndi bu ada atam,
Sadədən də sadə atam!

Qazandığı məhəbbəti,
Ölçüyə gəlməz hörməti,
Mənimçün hər məsləhəti
Mənəvi bir qida atam,
Sadədən də sadə atam!

Gündüzlər də axşam kimi,
Əritdi ömrü şam kimi.
Səbrim aşıb-daşan kimi,
Tez yetişir dada atam,
Sadədən də sadə atam!

Sadə, nəcib adamları,
Akula tək udanları,
Vəzifəli nadanları
Sevməyib dünyada atam,
Sadədən də sadə atam!


Açığı, düşünməzdim ki, bu beşlik gəraylının müəllifi Tamara xanım deyil. Soruşduqda, təəssüf hissilə bildirdi ki, yox. O, atasının şəxsiyyətinə yazılan bu şeirin müəllifini tanımırmış. Amma şeir onun ürəyindən xəbər verdiyi üçün atasının ruhu ilə baş-başa qalan anlarda pıçıldayırmış.
Amma çox istərdi ki, bu şeirin müəllifini tanısın, çünki sanki elə onun atasına yazılıb. Amma Məhəmməd müəllimə şeir yazılıb, təəssüf ki, sağlığında yox. Vaxtilə Kəlbəcərdəki orta məktəbdə ona “Coğrafiya” fənnindən dərs keçən, ana təbiəti sevdirən, şairtəbli İdris Verdiyev Məhəmməd müəllimin özünün heç vaxt oxumayacağı bir qoşma ilə onu balalarına təqdim edib. Hacı İdris Verdiyevin alim atanın dili ilə yazdığı həmin şeiri indi yalnız müəllimin balaları, nəvələri deyil, yaxın-uzaq doğmaları da ürək ağrısı ilə oxuyurlar.Çünki məzar daşına həkk edilib:
Altmış altı bahar ömür eylədim,
Zəhmətim bu zalım dövrana qaldı.
Zalım əcəl qəfil kəsdi yolumu,
Əllərim uzalı dərmana qaldı.

Elimə töhfədi olanım, varım,-
İsmətli qızlarım, mərd oğullarım.
Mənzilə çatmadı çox arzularım,
Çıxarda bilmədim bir yana, qaldı.

Daha tapmaz, kimsə axtarsa məni,
Nə zamandı gözüm qan ağlar mənim.
Doğma Kəlbəcərim – ana vətənim
Cəllada, zalıma, düşmana qaldı!..

Dili acı, əli kasad olmadım,
Məndən incimədi qohumum, yadım.
İndən belə alim Məhəmməd adım
Dillərdə dolana-dolana qaldı!


Tamara xanım onu da əlavə edir ki, “bu şeiri hələ Kəlbəcərdə balaca Mamedə (Məhəmməd adı sanki o illərdə yasaq edilmişdi, Məmməd, ya da Mamed deyilirdi-M.N.) dərs keçmiş Hacı İdris müəllim yazmışdır”.
Budur müəllimin şagirdinə, şagirdin də müəllimə sədaqəti, səmimiyyəti.
Hər kəsə mən gərək oldum,
Niyə tək oldum, tək oldum?!

Qayıdaq klassiklərimizin elmə vaxtilə verdikləri qiymətə bir daha nəzər yetirək. Cəlaləddin Əfqani deyib: “Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş: gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür”.
“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.
Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Bu fikirlər isə Əbülhəsən Bəhmənyara aiddir.
Volterin qənaətincə, elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər.
Elm sanki bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur, əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır.
Şəbüstəridən də bir misal: “Elm bir nur, cəhl zülmətdir”.
“Elm hər dildə birdir”- Hüseyn Cavid belə, Albert Eynşteyn isə, “Elm ideyalar dramıdır”,-deyib.
Bizə uşaq şeirlərinin müəllifi kimi tanıdılan Abdulla Şaiq də elmi belə ifadə edib: “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”. Ona görə də elmi əxlaqla üzvi surətdə görüblər alimlərimiz.
Baxın, elmə, alimə verilən tarixi dəyərlərə. Təəssüf ki, bu gün bir sıra mənəvi dəyərlərimiz aşılanmaqda, dəyərdən uzaq şoular isə xalqa sırınmaqdadır. Cəhalət çarşabına bürünənlər övladlarının yolunu məktəbdən salmaq əvəzinə, hansısa qrup və dərnəklərdə saxta din pərdəsi altına salmaqdadırlr. Bu isə xalqımıza və dövlətimizə xidmət deyil, əksinə, inkişafımıza badalaqdır. İmperiyaların maddi şirnikləndirmə siyasəti yeni nəsli elmdən uzaqlaşdırmaq məqsədi daşıyır. Ona görə də Məhəmməd Nəcəfov kimi elm xadimlərimizin, alimlərimizin, şəxsiyyəti ilə xalqının, elinin-obasının ən dəyərlisinə çevrilənlərimizin yeri görünür, onlaraın zəkasına, düşüncələrinə möhtac olduğumuzu anlayırıq.
Deyirəm görəsən, elimizin dəyərli alimi ömrünün sonunda ona “ata-ananın tək övladı oldun”,-deyəndə Məhəmməd müəllim bu gəraylını pıçıldayanda yanında kimlər olub? Axı, kəlbəcərlilərin şeirdilli olması təbii idi. Hələ, üstəlik, onun mayası Göyçə və Kəlbəcər təbiətindən tutulubsa, şəksiz, heç kimə bildirməsə də, “cızma-qara” adlandırdığı çox belə şeirləri olub.
Ata-anama nə deyim,
Niyə tək oldum, tək oldum?!
Qüssə çəkib, qəmlər yeyim,
Deməyin üzübərk oldum,
Niyə tək oldum, tək oldum?!

Nə qardaş var, nə də bacı,
Bu dərd zəhər, bu qəm acı.
Nə ocaq oldu, üstdə sacı,
Nə qorxaq, nə ürkək oldum,
Niyə tək oldum, tək oldum?!

Anamı tez itirəndən
Qəlbimdə dərd bitirəndən,
Özüm sizə yetirəndən,
Həm arı, həm pətək oldum,
Niyə tək oldum, tək oldum?!

Unutmadım ünvanımı,
Qorudum öz ad-sanımı.
Qorumadım öz canımı,
Hər kəsə mən gərək oldum,
Niyə tək oldum, tək oldum?!

Məhəmməd - Xanım nəvəsi,
Elmə çox olan həvəsi.
Bir çətən külfət yiyəsi,
Həm halal duz-çörək oldum,
Niyə tək oldum, tək oldum?!


Kəlbəcərin işğaldan azad edilməsini arzulayan, amma bu istəyinə digər yurdsevər kəlbəcərliləri kimi qovuşa bilməyən Məhəmməd Nəcəfov da vaxtında axtarılmayan, anılmayan, qədir-qiyməti rəsmi şəkildə bilinməyən alimlərimzidən biri kimi yazıldı yaddaşlara.
Kaş, o, bu günləri görəydi – kəlbəcərlilərinin, o cümlədən də qılınclılarının xarabalığa çevrilmiş yurdlarını ziyarət edəınlərdən biri olaydı. Balalarının, nəvələrinin ad-sanı ilə qürur hissi keçirdiyi kimi, Kəlbəcər şəhərindən Yuxarı Qılınclı kəndinə piyada yola düşəydi və əlindən tutub apardığı nəticəsinə deyəydi: -Bax, Kəlbəcər əvvəlkindən də gözəl tikiləcək. Kəndimizlə şəhər qovuşur. O məhlə də bizimki idi...

Bakı, 06 avqust 2025-ci il

Son xəbərlər

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930