
Xəbərlər
18.09.2026, 12:03
Vaqifin məqbərəsi önündə — Şuşada

Dağların qoynunda uyandı sözüm,
Keçmişə çevrildi hər baxış, gözüm,
Vaqifin izinə dikildi gözüm,
Bir şair ruhuyla doldu Şuşada.
Daşında tarixim, yaddaşım yatır,
Hər yanda bir nisgil, bir yaşım yatır,
Torpaqda babamın sirdaşı yatır,
Min illik bir dastan oldu Şuşada.
Vaqifin kəlamı könlümə dəydi,
Sükutun içində bir nəğmə dedi,
Bir zaman ayrılan qəlblər birləşdi,
Söz yenə öz taxtın buldu Şuşada.
Burda hər qayanın bir sözü vardır,
Hər daşın altında bir izi vardır,
Bu yurdun göylərdə ulduzu vardır,
O ulduz sabaha doğdu Şuşada.
Həsrətin küləyi çəkildi dağdan,
Qəmli xatirələr uçdu bu bağdan,
Azadlıq günəşi qalxdı torpaqdan,
Vətən öz adına döndü Şuşada.
Məqbərə önündə dayandım dinməz,
Qəlbimdə bu duyğu heç zaman sönməz,
Vaqifin adıyla bu torpaq ölməz,
Şeir kimi əbədi qaldı Şuşada.
Ey Vaqif, sözünün işığı yanır,
Şuşanın daşında adın ucalır,
Bu şəhər Daşdəmiri hər an çağırır,
Mən də bir misra tək qaldım Şuşada.
Daşdəmir ƏJDƏROĞLU
26 iyun 2026-cı il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

