Xəbərlər
29.07.2025, 13:21
XEYİRXAHLIQ ƏN YÜKSƏK İNSANİ KEYFİYYƏTDİR - FOTOLAR
XEYİRXAHLIQ ƏN YÜKSƏK İNSANİ KEYFİYYƏTDİR
Bu, savab əməllər sahibi Əlipənah Kəngərlinin daxilində və qanındadır
Bilmirəm, nədənsə həmişə müqəddəs kitabımız olan “Qurani-Kərim”dən müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir: “Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir”.
Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin və o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir. Bu müdrik kəlamları elə-belə xatırlamadım.Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insandan ki amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdir, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu sözü, əməli, fikri xeyirlə yoğrulmuş insan Əlipənah Kəngərlidir.
O, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci və kədəri ilə döyünən əsl azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Əlipənahın sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı, faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı! - deyə düşünür, Əlipənah qardaşımız.Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, savab işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Əlipənah Kəngərli də tabeliyində olan sadə insanların - işçi kollektivinin hər zaman sözünü səbirlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Əlipənah qardaşımızda cəmlənib. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara, Vətənin keşiyini çəkən əsgər balalarımıza xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bu yaxınlarda bir olayın şahidi olduq. “TURAZ TV” saytının rəhbəri, “Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru Cəmil Dadaşov və “Carçı TV” saytının rəhbəri Rahib Kərimli ilə adətimiz üzrə “Milli mətbəx” deyilən bir məkanda oturub çay içir, söhbət edirdik. Biziml yanaşı 4 əsgər öz sifarişini gözləyirdi. Mən də bunu maraqla müşahidə edirdim. Ofisiant xanımlar əsgərlərin sifarişinə əsasən onların yeməklərini və digər azuqələrini gətirib stolun üstünə qoydular. Bu stola xidmətin səviyyəsi çox yüksək idi, xüsusi fərqlənirdi. Gördüklərim getdikcə mənim marağımı artırırdı. Nəhayət, əsgərlər ofisiantı çağırıb hesab vermək istəyəndə qulluq edən xanım bildirdi ki, hesabınız çatıb. Bu məqamda fikirləşirdik ki, onların hesabını özümüz verərik. Bu sözü eşidən əsgərlər həm təəccübləndilər, həm də çox sevindilər. Onların çöhrələrindəki sevinci, razılıq əlamətini gərək sezəydiniz. Onlar gedəndən sonra Təranə xanım bildirdi ki, bu humanist addımı Əlipənah müəllim atıb, əvvəlcədən də tapşırıb ki, nə istəsələr, təmin edin. Əslində onların sifarişləri elə də böyük məbləğ deyildi. Amma buna baxmayaraq onlar hədsiz dərəcədə sevinirdilər...
Bəli, hər bir kəsə öz doğması kimi dəyər verən Əlipənah Kəngərli demək olar ki, tez-tez belə addımlar atır, neçə-neçə insanı sevindirir. Onun da ikinci övladı İman KİŞİLİK məktəbinin müdavimidir, hərbi borcunu Kişi kimi ödəyir. Bu günlərdə qısamüddətli məzuniyyətə gələndə bizimlə də görüşdü. Maşallah, yekəlmişdi.
Hər kəsə xüsusi qayğısı ilə yanaşan, səmimi rəftar edən Ə.Kəngərli sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Əlipənah qardaşımız dəyişməz qalır. Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmır, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz onun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir işdən heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi etməmək lazımdır? Xeyirxahlığı maddi ölçüsündə zənginlik şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir, ruhani ehtiyacdır, qandan, ilikdən, tərbiyədən süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir?
Əsl dost insan üçün vuran ürəkdir,
Dar gündə, xoş gündə arxa köməkdir,
Yaxşı dost həyatda qardaş deməkdir,
Qürurlanır insan yaxşı dostlara,
Canım da qurban yaxşı dostlara
Dar gündə, xoş gündə arxa köməkdir,
Yaxşı dost həyatda qardaş deməkdir,
Qürurlanır insan yaxşı dostlara,
Canım da qurban yaxşı dostlara
Hər nədirsə, təşnə insanın dodaqları gözü qurumuş bulaqdan umsuq düşdüyü kimi, hamının gözlədiyi bir matahdır, tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi özünüifadə forması, davranış tövrüdür.
Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər. Əlipənah Kəngərli kimi!
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















