Çoxdan yazılan yazı Uşaqlıqdan uzaqlığadək - FOTO
Dayım oğlu Əlişin 70 illik yubileyinə yazdığım bu”tale kitabı”nın hər səhifəsində bir əsrlik xatirə olmalıydı...

...Haradan başlayım bi yazını, “tale kitabı”nın ilk səhifəsindən, yoxsa, bu günündən? Haradan başlasam da, fərq eləməz, mənim uşaqlığımdan keçib gələcək. Ona görə ki, onu uşaqlığımdan tanıyıram və elə isinişmişik ki...
Bu gün ad günüdür, amma, qeyd eləmir. Səbəbi gizli deyil. Onun gizli işlərlə işi yox, olmayıb heç vaxt. Bəlkə də ilk dəfədir ki, Onun haqqında nəsə qələm yazır. Təbrik üçün doğulmayıb. Amma özü təbrikdən yayınmayıb: uzaq-yaxın qohum-tanışın əziz günlərində hamıdan əvvəl Onun xeyir-duası alınıb.

İllər necə də “quş qanadında” uçub gedib, xəbərimiz yox. Yox-yox, xəbərimiz olub, amma, fərqində olmamışıq.
İntizarda qoymayım sizi. Haqqında söz açmaq istədiyim doğmaca dayım (day-dayılı böyümədik, nə dayım uşaqları, nə də biz-bacısı uşaqları) Əhmədin ikinci oğludur - Əliş. Amma, çoxları onu İlya kimi də tanıyıb (həmyaşıdları və kəndimizin cəfakeşləri).
Əhməd dayımın ailəsində dünyaya göz açan oğlanlarının birincisi Əli, ikincisi Əliş, üçüncüsü isə... Uğurlu ailədə dördüncü uşaq olub. Bilirsinizmi niyə Uğurlu qoyublar sonbeşiyin adını? Dayım da, ömür-gün dostu (həm də dayısı Məhəmmədin qızı) Lala bibi də Tanrıdan qız istədikcə Əli ilə Əliş dünyaya gəlmişdi. Tanrı Əlişdən sonra ailəyə qız vermişdi, adını da dayım Raya qoymuşdu...
Onu da uşaq vaxtlarımızda eşitmişdim ki, dayılarım (Əli ilə Əhməd) Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı olublar.
Əli dayımın “qara kağız”ı,
Əhməd dayımın isə özü qayıtmışdı

Anam Güllər Məmmədqızı bu barədə “Qəriblər ağısın oxuyan durna” kitabında “Ömrümün gündəliyindən” poemasında ətraflı yazıb.
Əhməd dayımın müharibədə komandirinin adı İlya, onu hospitalda sağaldan isə Raya adlı bir tatar qızı - tibb bacısı olub. Ona görə də o, xilaskarlarının adını oğlu ilə qızına verib yaşadırdı.
Dayım uşaqları ilə yeniyetməlikdən bir-birimizə sadiq, sədaqətli, mehriban, qayğısız aylar, illər keçirmişik. Dayımın balalarının taleyi ayrıca bir kitablıqdır. Amma nə yazmaq mümkündür, nə də oxumaq.
Nədənsə, dayım uşaqlarının arasında Əlişlə olan səmimiyyətimiz tamamilə fərqli idi, çox istəməkdən də o yana keçmişdi. Bu istək bizimlə illərdir ki, yol gəlib. Biz qocalsaq da, o səmimiyyət, ülfət, sədaqət, mərhəmət əvəzedilməz məhəbbətə çevrildi.
Ötən əsrin 80-ci illərinin ortalarında mən ailə quranda Əliş yenə də seçildi. Dayımla sinəsini irəli verib, köhnə, uşaqlıq, gənclik sədaqətini bir daha o toy günlərində təsdiqlədilər.
Kəlbəcərin mühasirə illərində balalarımın kiçik toyuna hazırlaşırdıq. 1992-ci ilin dekabr ayı idi. Sənanla Kənanın kiçik toyunda kimsə soruşdu ki, bəs kiçik bəylərin kirvəsi kimdir? Düşünmədən dilləndim:
-Dayım oğlu Əliş!
Gülüb, sevincini gizləmək istəsə də, bacarmadı: məni qucaqladı. Sanki illərin ayrıları görüşürdü.
-Belə mənim gözlərim üstə!-Deyib Sənanla Kənanı da bağrına basdı.
Ömür-gün yoldaşı İmperial xanım bu kirvəlik məsələsindən çaş-baş düşdü:
-Bııy, ay bajı, bə niyə vaxtında demirdiniz? Bəs qəfil də kirvəlik olar?!
O, bunları desə də, elə kirvəlik mərtəbəsində olduqlarını təsdiqlədilər ki, biz buna mat qaldıq! Sevinclərimiz bir-birinə qarışdı.
Qar-boranlı bir qış günündə keçirilən kiçik toy hər iki tərəfin qəlbinə bir bahar nəfəsi gətirdi. Bu sevgidən hər kəsə pay düşdü...
İllər qovhaqovda, biz isə Kəlbəcərin ağır günlərində başımızın hayında...
Kəlbəcərsizlik illərimizin ilk günlərində Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan dayımın balaları ilə hər gürüşümüz bir ziyarət kimi yazılırdı ömrümüzə.
Kəlbəcərimiz kimi, bu iki ailənin bir-birinə sevgisi də bədnəzərdən yayına bilmədi. Dayım oğlunun evi heç nədən qəflətən od tutub yandı. Kəlbəcərdən gələndə köhnə-nimdaş əyin paltarında olan ailə 3-5 ildə özünə əməlli-başlıq gün-güzəran düzəltmişdi ki, nanəciblər bunu da həzm edə bilmədilər, hər iki ailəni bir-birindən “uzaqlaşdırdılar”...
Şeytan ölməyib, ölməyəcək də...
Anam qardaşı uşaqlarının hamısını çox istəyib (Allah rəhmət eləsin!), lakin, onların arasında Əlişi daha çox sevməsinin (Əliş boy-buxunda atasına - dayıma çox bənzədi, üstəlik də, onun sənətini - bənnalığı, dülgərliyi qısa müddətdə öyrənib, bu peşə ilə balaları - Hikmət və Əfruzla Aytəkini böyütdü) səbəbləri az deyildi. Ən əsası o idi ki, o da bibisini (mamasını) başqalarından fərqli çox istəyirdi. Uzun qış gecələrində yeni qurduğu ailəsi ilə bizim qonağımız olar, qaynayıb-qarışar, qohumcanlılığı hər addımında təsdiqləyərdilər.
Bu da Əlişin hamıdan çox istədiyi bibisi (maması) Güllərlə (anamla) son və vida görüşü: 2005-ci ilin aprel ayının son günləri idi. Nabat nənə (həyat yoldaşımın 105 yaşlı nənəsi) dünyasını dəyişmişdi. Gəncədən bütün qohum-əqraba, mənim də qardaş-bacılarım, eyniz amanda Əliş də Bakıya, yas yerinə gəlmişdilər. Anam gələnlərin hər birini bağrına basdı, eləcə qapının dəhlizində, Əlişi görəndə isə...
O gecə sevincimiz perik düşdü. O gecə ötənlər xatirəyə çevrilib yada düşdü. O gecə ailəmizə, anamın ürəyinə qada düşdü. O, Əlişin boyunu sevib, qucaqlıyıb başını onun çiyninə qoyub, “ooyyyy, qardaşımın boyunu, ətrini, nəfəsini özüylə gətirənim, boyuna qurban!”-deməsi, hər birimizi ağlatdı. Sən demə, elə ağlamalı günlərimiz başlayırmış. Bir azdan anam başını qardaşı oğlunun çiyninə qoyub, bu gün Şəhidlər və Fəxri xiyabanları ziyarətindən, AzTV-də və radioda qonaq olmağından danışacaq, son şeirlərini deyəcəkmiş və...
Əliş o gecə də “sevincinə düşdü”. ..
Yox, yox, sevincondan perik düşdü, Əliş də onun dalınca. Anamın qara karvanının önündə gedirdi Əliş, gözlərində yaş, sinəsində daş. Yazıq elə qalmışdı çaş-baş...
Anam onu o qədər istəyirdi ki, hər dəfə “qadan mən mamana gəlsin, Əhməd bilirəm səni”,-deyir və boynunu qucaqlayıb öpürdü. Əliş ailə quranda da anamın istəklərini nəzərə almışdı. Yaxşı ailə qurduğu üçün də anam onu çox istəyirdi (indi istəməsin).
Əliş Əhməd oğlu təkcə bibisini (mamasını) yox, qohumların hamısını çox istəyən bir oğul olub həmişə. Elə balalarına da bu istəyi, sevgini verib. Onlar da ata-anası kimi, qohum-övladcanlı olublar!
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətində çalışan, xidməti illərində peşəkarlığına görə fərqlənən Hikmət Əlişoğlu həm də gözəl qələm adamıdır. Təkcə kamil ustadlar kimi, saz çalmağı ilə deyil, həm də lirik qəlbi ilə seçilir. Şeirləri onun necə bir istedad sahibi olmasını təsdiqləyir.
Hə, mən bir ömrün 70-ci fəslində dayanıb üzü geri boylanan, ötənlərə baxanda dərindən ah çəkən, uşaqlığını yaşamayan bir cocuğu görürəm. Görürəm ki, ikimiz də Barmaq Binəyə gedib, mənim atamın əvəzinə kolxozun mal-qarasını otarırıq. Axı, atam da onun dayımla, Əsəd əmiylə bizim ailə üçün Məmməd babamın əkin yerində ev tikir, yeni məhlə salırdı ki, onun da üstündə kolxoz sədri onu 15 gün həbs elətdirmişdi.
Biz Əlişlə, hətta, gizlicə siqaret də çəkirdik o “naxırçı” olduğumuz günlərdə və gecələr ictimai tövlənin çardağında qucaqlaşıb yatardıq. Yaylaqda, qışlaqda bizə boyumuzdan yekə iş tapşırılanda çönüb etiraz eləməzdik böyüklərimizi. Biz böyüklərimizin işini görəndə onları sevindirərdik.
Böyüdükcə, “dərdlərimiz” böyüyürmüş, xəbərimiz olmadan. Bizi bir-birimizdən uzaq saxlamaq üçün nələr fikirləşmirmişlər!
Həyat, deyirlər ki, amansızdır, ona baş əydinsə, səni qula çevirər. Həyatın amansızlıqlarını arxada qoyub, sabaha baxanlar udurlar. Bu qələbədən bizə də pay düşdü. Sevinclərimizi, qəm-kədərimizi bölüşəndə bizə həsəd aparanlar da az olmadı.
Necə də gözəl olur uşaqlıq illəri, lap bizimki kimi. Qayğılarımızı çəkirdilər. Könlümüzə sevgi əkirdilər. İndi o sevgidən boy verən “can, qadan alım, başına dönüm, qurban olumlar” elə o uşaqlıq və gənclik illərimizdəki kimi, səmimi və təravətlidir.
Yuxum ərşə qalxıb ah-nalə kimi,
Sinəm dərd-sərini açır bu gecə

Əlimə qələm alandan, könlümə yatanlardan “dastan bağlamışam”, amma, doğma dayım oğlundan, uşaqlıq və gənclik illərimin dostundan bir kəlmə yazmamışdım. Yaza bilməmişdim yox, səbəb gec gəlib çıxmışdı, haradasa yubanmışdı, azıb illərdə qalmışdı.
Bu axşam evində, ailəndə, balalarının, gəlinin Gülşən müəllimənin, nəvələrin Lalə, Jalə və Bəhram balanın təbrikini almamış, dərdi dərya boyda olan qardaşın Uğurluya təsəlli üçün ocağındasan, dayıoğlu! Bala itkisindən solan qardaşına (dayım oğluna) nə desən də, təsəlli olmur. Bilirəm, bu, səni üzdüyü kimi, məni də ağı yazmağa vadar eləyir:
Xəyalım dolanır, fikrim perikir,
Ruhum o dağlara uçur bu gecə.
Yuxum ərşə qalxıb ah-nalə kimi,
Sinəm dərd-sərini açır bu gecə.


Dayıoğlu, bibioğlun dilinə qurban,
Səni yetişdirən elinə qurban.
Gözdən axıtdığın selinə qurban,
Dərdlərim üstümə qaçır bu gecə...

Könlümüz qışda da gülüstan idi,
Bu sevgi dillərdə bir dastan idi.
Məhəmməd, bir barlı bağ-bostan idi,
Talanıb, dağılıb uçür bu gecə...

Bu da belə, gecə keçsə də,
sənin 70 illiyinə hədiyyə edəcəyim
düşüncələrimə nöqtə qoya bilmirəm.
Yanınızda bu axşam ola bilmədim,

bulud kimi dola bilmədim,
sellər-sular daşdandı.
Mənə dedilər ki, bu, istəkdən,
sevgidən, bir də başdandı.

Yüzündə də səni belə saz görək,
Dayım oğlu, yetmiş yaşın mübarək!

Ömrünün 72-ci fəslində səni uşaqlıq illərimizdəki kimi,
saz-gümrah görmək, bağrıma basmaq istədim,
əlim yenə də yetmədi. Bu da bir qismət... Qalsın təbrikim 75-nə!

Sağlıqla dolu ömür arzulayıram,
Bax beləcə, için-için sızlayıram...
Səni vaxtında təbrik edə bilməsəm də,
Bu misralar dilimin əzbəri olub,
Baxma, təravətin itirib: saralıb-solub.

Qüsə-kədərin qəlbimə dolub,
Gözlər sel axıtsa da, dilim lal olub:
Ulu bir ocağın od qoruyanısan,
Dayım oğlu, yetmiş yaşın mübarək!

Bu ocağın həm də ki, ad-sanısan
Çox olmusan dost-tanışasən gərək,
Dayım oğlu, yetmiş yaşın mübarək!
Murovun zirvəsi, Göygölün gözü,
Muğanın ceyranlı-cüyürlü düzü,
Deyir ki, dayımın ocağı-közü,

Yanar olsun, istisinə isinək,
Dayım oğlu, yetmiş yaşın mübarək!
Əyilməz, basılmaz şah vüqarın var,
Hikmət kimi budağında barın var!
İmperyalın – nənə olan yarın var,
Yaradanım olsun onlara kömək,
Dayım oğlu, yetmiş yaşın mübarək!

Əfruzunun, Aytəkinin atası,
Arzuların zirvəsinə çatası!
Səndən uzaq olsun şeytan xatası,
Kəsmisən elinlə halal duz-çörək,
Dayım oğlu, yetmiş yaşın mübarək!

Lalə balam əzəlindən baldı ki,
Jalə bacısı al yanaqda xaldı ki.
Gülşənlə Bəhramın yada saldı ki,
Hikmətin arxadı, həm də ki, gərək,
Dayım oğlu, yetmiş yaşın mübarək!

Çox Məhəmməd dədəsizdi bu yanda,
Şad oluram, Əliş yada salanda.
Halallıq var kökündə, həm soyunda,
Yüzündə də səni belə saz görək,
Dayım oğlu, yetmiş yaşın mübarək!


Hörmətlə:
Bibin oğlu Məhəmməd Nərimanoğlu,

Bakı, 31 yanvar 2025-ci il.
Çoxdan yazılan yazı Uşaqlıqdan uzaqlığadək - FOTO

Son xəbərlər

Əsgərlər bu tarixdə and içəcək

Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar

Arzu Yaqub qızı : İgidlik yolu - FOTO

Ermənistanda kilsədə partlayış - Keşiş xəsarət aldı

“Nilay”ın qolu sındı - Foto

Obama haqqındakı iddialara belə cavab verdi - Foto

MÜQƏDDƏS YOLUN YOLÇUSU (Esse) - FOTO

“Abxaziyadakı qondarma seçkiləri tanımırıq” - Rəsmi Bakı

Görüşlərinin vaxtı məlum oldu

Lavrov Rubio ilə telefon danışığı aparıb

AYGÜL BAĞIROVA : Akademik Arif Paşayev: Elm, Təfəkkür və Zəkanın Zəfəri - FOTO

"Mançester Siti" üç xalı 4 qolla qazandı

İsveçdə yüzdən çox avtomobil toqquşub

G7 Suriyada hərtərəfli siyasi keçidi dəstəkləyir

Çexiya Prezidenti Ukrayna məsələsində ABŞ ilə birgə yanaşmanın tərəfdarıdır

Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı"

Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib

Azərbaycan və Türkiyə XİN başçıları görüşüblər

İbrahim Kalın: Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir

Təkirdağda ağır yol qəzası olub, 25 nəfər yaralanıb - FOTO

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb

Futzal üzrə Yüksək Liqada X tura yekun vurulub

Şahmat üzrə Azərbaycan çempionatın bağlanış mərasimi keçirilib

Avropada hərbçilərin Ukraynaya göndərilməsi gizli şəkildə müzakirə olunur

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ikinci günündə 3 medal qazanıblar

Şolts: ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Bu xərçəng növü soyuqdəymə ilə səhv salınır - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728