
Xəbərlər
16.12.2024, 23:35
BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN
ABBAS BƏŞİR OĞLU VƏLİYEV
Ömürə zinət verən, səadət quran 45 dəqiqələr
Bu 45 dəqiqə onun dərsidir...
Sıxıntı yox, həyəcan çox, müəllimdən qorxu yox, ögeylik yox. Sinif atmosferi yenilənib sanki. Abbas Bəşir oğlu Vəliyevin dərsi olacaq. Uşaqların hamısı bilirdi ki, yenə maraqlı nələrsə olacaq. Bütün maraqlıların fövqündə onun ustadlığı, öyrətməyi, uşaqlara bəxş etdiyi dostluq, ülviyyət hisslərindən yaranan, onların gələcək həyatına bərəkət yağdıracaq səmimiyyət buludları dolaşırdı.
Abbas Vəliyevin öz təbirində olan pedaqoji fəaliyyət üslubu var idi. O, tədris boyu Bakıda, yaxud digər şəhərlərdə ali məktəblərə qəbul olduqdan sonra tələbəlik həyatında necə maraqlı və gözəl hadisələrə şahid olacağımız haqda hər zaman maraqlı söhbətlər açardı ki, tələbə adı qazanmaq üçün daha çox iştahlanaq. Bu hal daha çox oxumağımız üçün stimul yaradırdı. Gənclik və tələbəlik həyatındakı gözəllikləri ehtiva edən xoş və mənalı təəssüratları ilə ali məktəblərə qəbul olmaq hissləri aşılayan mənəvi- psixoloji hazırlıq səviyyəsində rəhnimizi tələbəliyin bal dadını dadmağa yönləndirirdi. “Gənclik ömrün baharı, tələbəliksə onun təravətidir” sloqanını duyğularımıza istiqamətləndirməklə kitab oxumaqdan bezməməyi, oxuduqca bizim də tələbəlik illərinin gözəlliklərini yaşayacağımıza inam aşılamaqla fikirlərimizin oxumağa konsentrə olunmasını təmin edirdi.
Abbas müəllim bizə tətildə kəndə dönən tələbələrin şagirdlik həyatı müddətində ixtsaslı mütəxəsis olmaq, cəmiyyətdə nüfuzlu şəxs kimi tanınmaq istəklərinin ağuşunda ucalmalarının, kəndə hörmətli şəxslər kimi dönmələrinin, sevilmələrinin səbəblərini və yollarını öyrədirdi. Əslində əsil pedaqoqluq elə bundan ibarət idi.
Hamı “oxu” deyirdı. Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq” sözləri müqəddəs devizə çevrilmişdi. İdeologiya eləydi ki, bəlkə də valideynlərdən və müəllimlərdən çox Leninin sözlərinə etimad göstərmək üçün oxumağı qarşımıza məqsəd qoyurduq. Heç bizəxatırladan yox idi ki, Məhəmməd peyğəmbər s.ə.s. “beşikdən qəbirə qədər elm öyrənin” demişdir. Yaxid da Qurani Kərimin ilk nazil olan ayəsi;- “Oxu, uca Rəbbinin adı ilə dur, oxu!” olmuşdur. Uşaqların bir növ “oxu” kəliməsinə antipatiyası yaranmışdı. Amma Abbas müəllim şagirdlərinə pedaqoq kimi elə professional manevrlərlə stimul yaradırdı ki, sevərək oxuyurduq onun dərsini.
Onun tövsiyyələri Bakıya gedib orada tələbəlik həyatında yeni dostlar qazanacağımıza, institutlarda müəllim və professor heyətilə ünsiyyətdə yeni əxlaqi keyfiyyətlər qazanacağımıza, öyrənəcəyimiz ixtisaslarda kamala çatacağımıza dərin və sarsılmaz meyllər yaradırdı. Hələ şəkillərdə gördüyümüz gənc və yaraşıqlı gözəl tələbə qızlara “səni sevirəm” demək arzuları gizlincə pərvazlanırdı sinəmizə. Üstəgəl Göyçə təbiətinin şairanə sözləri ilə bir bənd sevgi şeiri qoşub, bu şeirin qarşısında “ kim dayana bilər” təsəllisi ilə “hə” pıçıltısı ilə xəyali sevgililərimizin cavabını da alırdıq. Bax bizdə bu ruhu yaradırdı Abbas müəllim düşüncə və təfəkkür sistemimizdə. Kökləndiyimiz bu ruhda gəlib tələbə olurduq. Bu da bizim ömür yolumuzun projektoru kimi quracağımız gələcəyin əzminə, arzu və ümidlərinə işıq saçırdı.
Abbas müəllim bizim fikirlərimizə elə bir “çaşqınlıq” qapıları qoyurdu ki, oradan ancaq oxumağa çıxış vardı. Bu onun elmə həvəsləndirmədə məxsusi metodu idi . Əslində müəllimlərimin hər birinin öyrətmə metodu özünəməxsusluğu ilə seçilirdi. Hamsının tətbiq etdiyi tədris metodu effektiv və faydalı idi. Bütün müəllimlərimiz Göyçə təbiətinin yaratdığı gənclik və uşaqlıq formullarını gözəl bilirdilər. Elə bizə də həmin formullar üzrə düsturlaşan parametrləri tətbiq etməklə öyüd nəsihətə cəlb etməklə sabahkı günlərimizə fənər tuturdular.
Abbas müəllimin 45 dəqiqələri necə tamamlanırdı hiss etmirdik. Dərs müddətində partalar arasında gəzişməyi ilə dərsi başa salmağı vardı. Amma necə!?
Hər bir dərsin hansı hissəsini hansı uşaq çətin mənimsəyəcəkdisə o bunu bilirdi. Çün ki, hamının qabında nə var onu gözəl bilirdi. O hissəni ki, hansı uşaq pis başa düşəcəkdi, unudulmaz Abbas müəllim həmin hissəni həmin uşağın başı üstündə dayanar,onun beynini sanki tumarlaya- tumarlaya həzin, ahəstə, bəzən intonasiyalı, vurğulu səslə öyrədərdi. Baxırdın digər abzası ayrı bir uşağın yanına yaxınlaşdı, onun başı üstündə izah etməyə başladı. Bəlkə heç kim fərqinə varmırdı ki, bu cür sinifdaxili müəllim davranışı nəyə hesablanıb. Amma mən onun sevimli şagirdi olaraq diqqətlə izləyib bu qənaətə gələ bilirdim ki, müəllimlik təkcə pedaqoqluqdan ibarət deyil. Zaman keçdi, indi görürəm ki, düz fikirləşirəmmiş.Əslndə əksər müəllimlər dərslərimizi sinif içərisində gəzişməklə başa salırdılar. Amma Abbas müəllimin öyrətmə üsulu bu gəzişmələr içərisində ayrı cür çalarları ilə fərqlənirdi.
Saçını daramağında, səliqəsində, simasında, emosiyalarında olan fərqliliyin özü ayrı-ayrılıqda öyrətmən idi. Abbas müəllimin üz dili, davranış dili, emosiya dili, təbəssüm dili, baxış dili ayrı -ayrılıqda hərəsi bir müəllim idi. Sinif otağına daxil olub, sonra davamiyyəti yoxlayıb bitirər, keçən dərsdə uşaqların aldığı qiymətlərə gözucu nəzərə yetirər, lazım olan yerləri yenidən xatırladardı ki, zehnimizdə yaxşı fiksasiya olsun. Maraqlı idi ki, yaxşı cavab verə bilmədikdə onun əsəbləşməyini hiss etmirdik. O, bütün şagirdlərinin həm müəllimi, həm valideyni, həm də dostu kimi davranması ilə özünü sevdirmişdi. Dərsinə ən yaxşı cavab verdiyimiz halda gözündəki sevinc parıltısını qara rəngli parlaq avtomat qələminin çernilinə qataraq “5” yazaradı. Bir balaca zəif olduqda isə sakit və məğrur görüşü ilə yazardı. Qiyməti yazdığı uşaqlara zəif mənimsədiyi yerləri başını 3 dəfə yana yellədərək yenidən başa salmaqdan yorulmazdı. Gələn dəfə həmin uşaq onun öyrətdiyini özünə qaytardığı zaman 3 dəfə başı ilə təsdiq işarəsi göstərərək əla qiymət yazmağı ilə də sanki zövqünü dünyanın ən böyük gözəllikləri ilə bəzəmiş olurdu. Mən bu əlamətləri hiss etdikcə Abbas müəllimimi daha çıx sevirdim. Elə gözəl yazı xətti var idi ki, imzası da gözəl görünüdü. “A” hərfinin sağ qolunu hüsnxəttdən bir qədər aşağıya uzadaraq “B” hərfinin solqolunun cızmaqla “A Vəliyev” yazısı ilə manşırlanan imzası var idi. Göyçək görünürdü onun imzası.
Abbas müəllimdə bəzən rastlaşdığımız “oxuyursan oxu, oxumursan cəhənnəmə oxu” prinsipi yox idi. Həyat və pedaqoji təcrübəsi çox olduğundan konkret olaraq müəyyənləşdiridi ki, məsələn bu iki uşağı neynəsən də oxumayacaq. Amma elə uşaqlar var idi ki, oxuma öyrənmə potensialları vardı, qoşulurdular oxumayanlara. Belə uşaqların üzərində çox işləyirdi rəhmətlik. Təhrik edirdi ki, öyrənsinlər, onlar da oxuyub öyrəndikcə əlaçılarla eyni sıraya çıxdıqlarını gördükdə həvəslə davam edirdilər. Onun öyrətmə metodu 45 dəqiqəyə sığışa bilməyən ümumilikdən çox fərdi yanaşma prinsipləri içərisində həll olurdu. Dərsi elə alqoritmləşdirmişdi ki, 45 dəqiqəni sanki həm bütün sinifə həm də ayrı-ayrılıqda hər uşağa fərdi dərs keçirdı.
Abbas müəllim öyrətdiklərinin nəticəsini gördüyü zaman onun çöhrəsindəki aydınlığı hər zaman izləyirdim. Gün işığı aləmi doldurduğu kimi onun simasını elə doldururdu. O, mənim adaşım olduğundan daha çox doğmalıq duyurdum aramızda. Həm zəhmətkeşliyimə, həm də dərslərimi yaxşı oxumağıma görə məni çox sevirdi! Mən onun sevgisini qazanmağımın qürurunu yaşamağımla öyünür, bunu hər kəsdən pünhan saxlayır və uşaqlıq illərimi müəllimimin şəxsiyyətinə sonsuz sevgi ilə keçirirdim. Böyüdüm, qandım heyrətə gəldim ki, Allah bizim ata- babalarımızın hansı əməlinə görə görəsən bu cür müəllimləri nemət olaraq bizə rəva görübmüş. Bu qədər böyüklük içərisində böyüməmək özü günah olardı. Bizim böyük məktəbimiz, böyük müəllimlərimiz, böyük ağsaqqallarımız olub. Biz də bu böyüklüyü yaşadanlarımızdan biri Abbas müəllimin əziz xatirəsini yad edərək “Böyük nərimanlılar” siyahısı gördükcə necə uzun bir sətir yarandığının şahidi olaraq iftixar edirik.
Günəşin şəfəqləri həm aləmə, həm sinif otağınə, həm də Abbas müəllimin çöhrəsinə saçılırdı. Biz bu aydınlıq içərisindən süzülərək aydınlaşmağa başladıq və aydınlardan olduq.
Günəşin aydınlatmağını qeyd etmişkən, hər bir canlının böyüyüb inkişaf etməsi üçün Günəş işığı ən mühüm amillərdən biri olmasını hamımız bilirik. O olmasa canlı aləmin inkişafı mümkün deyil Bizim Abbas müəllim kimi müəllimlərimiz də hər biri ayrılıqda bir dünya Günəşidir. Onların işığı ilə cana gəlirik, onların ziyası ilə zəka sahibinə çevrilirik, onların nuru ilə inkişafımız təşəkkül tapır.
Ömür bir saraya, bir bağçaya bənzər. Sarayın ustası nə qədər mahir olsa onun gözəlliyi görkəminə o qədər cazibə yaradar. Usta həm də ustadlıq deməkdir. Eyni kökdən gələn sözlərdir. Ömür sarayımızı inşa edən ustalar valideynlərimiz olsa da ömür mühəndislərimizin sayəsində çatmağımız danılmazdır.
Şəfadarlıq, vəfadarlıq, cəfadarlıq onların qoyduğu yollardır. Həmin yollar ki, insanın öz rahatçılğını gözünə xurmayılq gətirən bir formada pozur, fəqət insanı əsil insan qiyafəsinə salır. Hər nə olsa da əsil insanlıqdan uca rütbə təsəvvür edə bilmirəm. Bizlərə əsil insanlığı öyrədirdi Abbas müəllimim.
Ömür bir bağ-baxçadır. Bağban naşı olsa yazıq bağın halına. Bağbanı gözəl olan bağ-bağçalar yetişib Nərimanlı məktəbində. Həmin bağ- bağatın Abbas müəllim tərəfindən becərilən sektorunda ömrü bürüyən ətirin, laləzarlığın, kəhkəşanlığın içində qarşılaşdığın vüqarlı simvollar ömür yolunu hamarlayan , ömür yolunu inşa edən tale yazısının yazıldığı mürəkkəbə çevrilir.
Mən qəzet və jurnallarda yeni bir maraqlı məqalə çıxdığını gördüyüm halda Abbas müəllimin marağına səbəb olan mövzuları bilir, dərhal ona çatdırırdım. O bu münasibəti elə gözəl dəyərləndirirdi ki. Onun üzündə elə bir ehtiram, təşəkkür və minnətdarlıq hiss edirdim ki, dünyanın ən böyük qədir və qədərini o qiymətə dəyişmərəm. Çün ki, əsil ehtiram əsil insanların surətində ilahi qiymətdə görünür. İnsanın verdiyi qiymət bunu dəyərləndirməyə yetmir.
Adətən övlad dünyaya gəldiyi zaman atasının və valideynlərinin kimə qarşı necə münasibətdə olmasını görür və özünün də bu münasibət çərçivəsində həyati, mənəvi , hərəki, davranış tərzini müəyyənləşdirir. Mən gözümü açıb dünyanı dərk edəndən Qağamın Abbas müəllimə qarşı münasibətinin səmimi olduğunun şahidi olmuşam. Şübhəsiz ki, hər bir münasibət qarşılıqlıdır. Deməli Abbas müəllimin də Qağam Əli kişiyə münasibəti adekvat olub. Evdə müəllimim haqda eşitdiklərim elə onun özünü də valideyn statusunda tanımağıma vəsilə oldu. Adımızın eyni olmağı məndə bir doğmalıq yaratmağı ilə bahəm, onun familiyasının Vəliyev olmasını da ayrı bir bağ kimi hiss edirdim iç dünyamda. Vəli mənim ana babamın adı idi. Ona görə özümlə söhbətləşəndə uşaq ağlımda maraqla düşünürdüm ki, burada da bir ilişgənlik var yəqin. Abbas müəllim Vəliyevi əzizim bilirdim, özünü bu cür tanıtmışdı. Həm evimiz eyni səmtdə idi, həm də Qağama qarşı onun səmimi olmağını görürdüm. Elə bu dəyərlər də xatirimdə müqəddəs xatirələr kimi qaldığından öz müəllimim haqda bu yazdığım məqaləni tarixin yaddaşına vermək qərarındayam.
Abbas müəllim el adamı kimi də, ağsaqqal kimi də, qohum kimi də özünü təsdiq etmiş şəxsiyyət idi. Unudulmaz siyasi- ictimai xadim Professor Səfiyar Musayev Abbas müəllim haqda ağızdolusu və ehtiramla xatirələrini söylədiyinin şahidi olmuşam. Bir kəliməsini xatırlatmaqla demək istəyirəm. O, qeyd edirdi ki; “Abbam mənim o qədər dayağım olub, mənə o qədər kömək edib ki ”. Deməli Səfiyar Musayev Moskvada müdafiə etdiyi gün Abbas müəllim Göyçədən Moskvaya erkəkləri və kababçını təşkil edib göndərir ki, ziyafətin hesabını özü qarşılasın. Həmin dövrdə Abbas müəllim Qayabaşının kolxoz sədri vəzifəsində işləyirmiş. Təsəvvür edin Göyçənin dağlarının ətirli-duzlu otu ilə bəslənmiş erkək kababı Moskvada urus arağı ilə vurullar.Bəh bəh bəh elə urusa da bu lazım deyilmi!? Ruslar bu ziyafətdən o qədər məmun qalmışdılar ki, hər il Səfiyar müəllimdən xahiş edirlərmiş ki, gəl Moskvaya nə işin var görək amma o ziyafətdən birini də təşkil elə.
Heç kimin yaxşılığı heç kimin yanında qalmır. Yaxşılıq elə gözəl şeydir ki, elə at bir tərəfə. Banka qoyduğun sərmayə kimidir. Qaldıqca üzərinə əlavə sərmayə gəlir, nəhayətdə isə sənə yaxud zürriyyətinə qayıdacaq. Elə Səfiyar müəllim də Abbas müəllimin balalarına həmin qohumluğun əvəzində unudulmaz dərəcədə hörmət etdiyini də xatırlamaq istərdim. Abbas müəllimin rəhmətə getdiyi gün Səfiyar müəllimin canfəşanlığı, zəruri xərcləri qarşılaması, öz böyükülük və qohumluq münasibətini göstərməsi xatirimdə barziləşərək qalıb. Abbas müəllimin oğlu Asəf müəllim Vəliyev qeyd etdikləmin canlı şahidir ki, Səfiyar müəllim Abbas müəllimin mərəkəsi ilə bağlı taşırıqlarını bilavasitə Asəf müəllimə verirdi. O, həmçinin Asəf müəllimə atasının yolunun itməməsinə sadiq qalmağını taşıraraq hamının xeyrində , şərində iştirak etməyi öyüd verdi. Bu etmadı Asəf müəllimə göstərməsi də təsadüfü deyildi. Asəf müəllim ata- ana yolunda övladlığını təsdiqləyən bir ailə başçısı olması onun üzağlığıdır.
Abbas müəllim öz övladlarına verdiyi öyüd nəsihəti eyni qayğı ilə də şagirdlərinə də rəva görürdü. O, deyirdi ki, çalışın yaxşı yazar olun, yaxşı yazar olduqca yaxşı oxucu olacaqsınız, yaxşı oxucu olduqca biliyiniz çox olacaq, biliyiniz çox olduqca qədir -qiymətiniz çoxalacaq. Abbas müəllimin bu sözlərinin fəlsəfi mənasını araşdırdıqca Qurani Kərim fəlsəfəsini xatırlayıram. Onun bu hikmətli sözləri Quran fəlsəfəsindən gələn mənaları ehtiva edir. “And olsun yazıya və qələmə”. Belə bir ayəmiz mövcuddur. Qələmin və yazının necə müqəddəs olması Abbas müəllimin göstərdiyi yolun Allah kəlamı ilə təsdiqləndiyini göstərir. Bəlkə də Abbas müəllim Qurani Kərimi oxumuşdu, yaxud oxumamışdı onu deyə bilmərəm. Bir onu bilirəm ki, Abbas müəllimin müəyyənləşdirdiyi həyat yolunun əxlaqı, mənəvi,dəyərləri Quran fəlsəfəsindən rişələnir.
Uzun müddət Basarkeçərdə rəhbər vəzifələrdə işləmiş el ağsaqqallarından biri xatırladır ki, rayonda iclas idi. Erməni- obkomun müdiri çıxış etdi. Abbas müəllim də Ağkilsədə kolxoz sədri idi. Həmin obkomun müdiri danışdıqdan sonra Abbas müəllimə söz verdilər. O, erməni dilində elə çıxış etdi ki, ermənilər öz dillərini Abbas müəllim kimi bilmədiklərini etiraf etmək məcburiyyətində qaldı və başladılar həsəd və paxıllıqla baxmağa. Abbas müəllim zəkası və idrakı dərin adam idi.
Ermənini öldürən bir müsəlmanı həbs etmişdilər, onu da içəridə ermənilər öldürmüşdülər. Həmin adamın öz qohumları hündür qulluqda olmalarına baxmayaraq, qorxub çəkindilər, türmədən cənazənin gətirilməsinə yankarlıq vermədilər. Abbas müəllim heç qohum olmamasına rəğmən özü bu işi təşkil etdi. Cənazəni gətirib şərəfli qaydada dəfn etdirdi, hələ kolxozun bir inəyini də verdi ki, ehsan edin. Bu cür nəcib xasiyyətli kişilərdən dərs almaq elə bir akademiyanı bitirməkdir ki, heç harada təsis olunmayıb.
SSRİ-nin bütün yerlərində, bütün istiqamətlərində, kurort və sanatoriyalarında ünsiyyətdə olduğu bütün xalqların nümayəndələrinin fikirini Nərimanlıya yönəltməklə el adını ziyalılar kəndi səviyyəsində parladan şəxsiyyətlərdən biri kimi iz qoydu hər zaman.
Abbas müəllim qohuma, qardaşa, bacıya, qonşuya xüsusi münasibətdə olması ilə də nümunəvi ömür yaşadı. Bacılarına o cür qardaş olmaq nümunəsi onun şəxsində ən gözəl görünürdü. Bacısı Tamaşa Xalanı çox sevirdi. O, bilirdi ki, bacı son nəfəsində nə oğlulu, nə qızı, nə nəvəni, nə atanı, nə ananı, nə də əri çağırmaz və istəməz! Bacı son nəfəsində ancaq qardaşını çağırar və səsləyər. Hər qardaş da qardaş ola bilmir dünyada. Abbas müəllim qiymətli şəkildə yerinə yetirdi bu missiyanı da.
Hər dəfə səyahətə gedib qayıdanadək hamı onun yolunu səbrsizlik və maraqla gözləyirdi. Hamıya ayrıca hədiyyə, pay , peşkəş gətirəcəkdi deyə, bütün doğmalar onun siyahısında yer almışdı. Hərənin payı ayrıca. Aldıqlarının yazılası olanlarının üstünü də adı ilə yazdırıb gətirərdi. O vaxtlar belə münasibətlər çox mötəbər münasibətlər hesab edilirdi. İndi artıq bu xasiyyət ya azalıb, çox vaxt da heç izi- tozu da görünmür. Əyyam dəyişib ona görə ki, əyyama keşik çəkən sözü boğazlardan keçən kişilər hamsı köçüb çox az qalıb, onların da yolunu saxlayan adamlar barmaq sayı qədərdir. Deməli bu cür möhtəşəm kişilər sıradan getdikcə möhtəşəm dəyərlərimiz də qeyb olur təəssüf ki.
Sağlıq problemlərimizə rayon mərkəzində yer tutmuş ermənilər çox pis baxırdı. “Türkdür, ölür ölsün” prinsii ilə işləyirdilər. Türk həkimlərini işə qoymazdılar, ya da şərləyib uzaqlaşdırardılar ki, bütün sahələrdə müsəlman əhalini özlərindən asılı saxlasınlar. Yalnız iş qalırdı ermənilərin münasibətini kənd əhalisinə qarşı müsbət istiqamətdə dəyişməyə nail olmağa. Abbas müəllim buna nail oldu. Hayrabetyan adlı erməni həkimi ələ almaqla kənd camaatına tibbi xidmətin keyfiyyətində müəyyən düzən yarada bildi. Bizim kənddən az- az hallarda rayona xəstəxanaya gedərdilər. Yalnız əməliyyat qaçılmaz olan halda. Qalanlarına Abbas müəllimin Hayrapetyanla yaratdığı isti münasibət hesabına erməni həkim gəlib kənndə evində baxırdı. Bu isə camaatın ehtiyacında olduğu ən mühüm məslələlərdən biri idi.
O zamanlar əsgərlikdən saxlamaq üçün ancaq Harabetyanın kağızı keçirdı. Kənddən neçə nəfəri axtarışa vermişdiılər. Abbas müəllim saxta kağız düşəltdirdi. Həmin adamların böyüklərinə də onları kartof quyusunda gizlətməyi tapşırdı, axtarışa gələnlərə də həkim kağızını göstərdi ki, Azərbaycana müalicəyə gediblər. Bu yolla adlarını qeyd etmədiyim neçə adamı həbs olunmaqdan mühafizə edə bildi.
Mənim yadımdadır beşinci sinifdə oxuyurdum. Qaraqoyunludan qohumlarımız gildən kəndə gəlirdim velosipedimlə. Saat günorta iki zad olardı. Birdən baxdım ki, “Dal təpədə” Abbas müəllim qoyun sırasına gedib. Bunu gördüyümdə velosipedi döndərdim onun yanına dedim ki, Abbas müəllim icazə verin mən otarım, siz gedin. Həftənin birinci günü idi, poçt da yox idi. O əlindəki torbasını mənə vermək istədi, amma yemək yemişdim deyə almadım. Günün uzun vaxtları idi. Abbas müəllim qayıtdı kəndə mən qaldım. Axşam sürünü kəndə gətirməzdən bir az əvvəl dəhşətli yağış başladı, göy gurultusu vahimə yaradırdı. Bir də gördüm rəhmətlik QAİ-lərin yapıncısında birini çiyninə atıb gəlir. Birlikdə sürünü gətirdik kəndə, düzdü bir az taxıla ziyan da dəydi. Hər rübdə hər dərsdə mənim qiymətlərimlə maraqlanırdı. Jurnalı açıb bütün fənnlərdən qiymətlərimə baxırdı. Çox sevinirdi. Ermənicə rahat danışa bilirdim deyə “Erməni dili “dərsində bütün dərs boyu hayların dilində danımağımla sanki müəllimimin etimadını doğrultmağımın qürurunu yaşayırdım.
O qədər dərin hörmətlə yadımda qalıb ki, onçu da ruhuna dualarla bu xatırəmi onun haqda yazıb sizlərlə paylaşdım. Qoy bütün törəmələri də qiymətləndirsin ki, el yadında qalan kişilər həmişə rəhmətlə yada salınır. Haqqında söhbət açdığım Abbas Bəşir oğlu Vəliyevin tərcümeyi halını qısaca diqqətdə saxlamaq istəyərək bu silsilə yazılarımın mabədinə keçmək istəyirəm.
Vəliyev Abbas Bəşir oğlu 1924 cü ilin mart ayının 27 də Göyçə mahalının Basarkeçər rayonunun, Nərimanlı (Hüseynquluağalıkəndində anadan olmuşdur.
Göyçə mahalının ali təhsillilər ordusunun ilk sıralarına 1945 ci ildə V.İ.Lanin adına Pedaqoji İnstitutun Coğrafiya fakültəsinə qəbul olmaqla qatılmışdır.
1950-ci ildə müvəffəq şəkildə həmin institutu bitrimişdir. İkinci təhsilini isə İrəvan Prdaqoji texnikumunda erməni dili ixtisası üzrə bitirib. Habelə 1951 ci ildən Nərimanlı kənd orta məktəbində müəllimliyə başlayıb.
1960-1964 -cü illərdə Ağkilsə kəndində kolxoz sədri vəzifəsinə təyin olunub.
1964-1968 -ci illərdə Qayabaşı kəndində kolxoz sədri işləyib.
1969 cu ildən Nərimanlı kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib, paralel olaraq “Sovet Ermənistanı” qəzetinin Basarkeçər rayonu üzrə ştatdankənar müxbiri işləyib.
1979-1988- ci illərdə Nərimanlı kənd orta məktəbində Coğrafiya, son zamanlar isə Erməni dili müəllimi işləyib.
1988-ci ildə bütün qərbi azərbaycanlılara amansız divanla deportasiya siyasəti həyata keçirilərkən Abbas Vəliyev də qurulu xanimanını qoyub, gəlib Bakı şəhərində məskunlaşmışdır. 1991 ci ildə Bakı şəhərində də həyatı sona çatmışdır.
Ömür sarayları sonsuz rəmzi mənalar daşıya müxtəlif yaddaşlara şahidlik edən kərpiclərdən qurular. Ömür qurucuları, ömür memarları, ömür mühəndisləri ustadlar, müəllimlər, öyrədənlərdir. Nərimanlı camaatının tədris tarixində məxsusi parlaq xidmətləri ilə hafizəmizdə özünə mübarək yer açmış Abbas müəllimin öz əlləri ilə ömür sarayımıza qoyub, hördyüy daşlarla sütunlaşıb fəzilət otaqlarımızın divarları.
Bəzən özümüzlə baş- başa qalıb keçən ömrün dəyərlərini təhlil etdikcə sıxıntlarımız və yalnızlığımızın təsirini xəfiflətmək üçün ruhumuzu aramlaşdıran mənsub olduqlarımızı təsəlli olaraq görməyə çalışırıq. Bu təsəlli içərisində mənəviyyatımızda həyatı qazancımızda parlaq fərqliliklər hiss edib ruhlanırıq. Həmin parlaq görünən fərqlər müəllim əziyyətinin güzgüdəki əksidir. Müəllimsiz qazanmaq üçün elə gərək doğulan kimi müəllim olasan , o da mümükün deyil. Həyatın özü də bir müəllimdir. Müəllimin şilləsini duymayan, həyat şilləsinin acısın mütləq duyacaq. O şillənin təsiri daha ağrıdıcı olacaq. Amma Abbas müəllim kimi müəllimlərimizin iş əmək fəaliyyəti canlı bir əsərə çevrilərək bizlərin qarşısında həyat şilləsinin sarsıdıcı ağrısından hifz olunmağımız üçün qurulmuş ayrı bir sütunlu divardır. Hara baxsaq aynada olan özmümzü görürük, əslində hər özümüzün içində olan özlüyümüzün özü müəllimin əsəridir. Əgər ki, müəllimlərimizin dəyərini bildiksə onların zəhmətinə dəyər verib özümüzünküləşdirdiksə xoş özümüzün halına. Əksimizdə əkslikləri əksiklikləri görürüksə gözlərimizə pərdə çəkilməsinin təqsirkarı olmağımızı bizə anladan yenə müəllimdir. Abbas müəllim kimi müəllimlərimizin sayəsi hər zaman müqəddəs şəkil olaraq zehniyyətimizdə qalacaq. Müəllimin öyrətdikləri ömür boyu ömürə qalibiyyət qalxanı kimi gərək olandır!
Hacı Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Provizor , Həkim
Qələbə Tibb Mərkəzi MMC - nin direktoru
Tibb üzrə fəlsəfə doktoru

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















