
Xəbərlər
23.06.2026, 00:01
Ömrünü insanlara həsr edən ziyalı - FOTO
İsa Qaraşovun 80 illik ömür yolu – dövlətə xidmətin, dostluğun və insanlığın salnaməsi
Həyatda elə insanlar var ki, onların adı çəkiləndə təkcə tutduqları yüksək vəzifələr deyil, ilk növbədə insanlıq keyfiyyətləri yada düşür. Elə insanlar var ki, illər, onilliklər keçir, zaman dəyişir, vəzifələr dəyişir, amma onların qazandığı hörmət dəyişmir. Çünki bu hörmət və məhəbbət vəzifədən yox, xarakterdən, əməldən, insanlara münasibətdən qaynaqlanır.İsa Tapdıq oğlu Qaraşov məhz belə şəxsiyyətlərdəndir.
Bu il iyulun 3-də Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, səmimi dost, qayğıkeş insan, xeyirxahlıq missiyasına sadiq ziyalı İsa Qaraşov 80 yaşını tamamlayır. Bu yubiley təkcə bir insanın doğum günü deyil, həm də zəngin və mənalı ömür yolunun, dövlətə və xalqa xidmətlə keçən illərin hesabatıdır.
1946-cı il iyulun 3-də Ağdam rayonunun Əlimədətli kəndində dünyaya göz açan İsa Qaraşovun uşaqlıq və gənclik illəri zəhmətkeş kənd mühitində keçib. Hələ gənc yaşlarından onun xarakterində özünü göstərən məsuliyyət, təşkilatçılıq bacarığı və insanlarla işləmək istedadı sonrakı həyat yolunu müəyyənləşdirib.
Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən İsa Qaraşov qısa zamanda özünü bacarıqlı təşkilatçı kimi təsdiqləyib. Onun fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib və 1972-ci ildə o, dövrün ən nüfuzlu mükafatlarından biri olan Lenin Komsomolu mükafatı laureatı adına layiq görülüb.
Sonrakı illərdə İsa müəllimə etibar olunan vəzifələr onun peşəkarlığının və idarəçilik qabiliyyətinin göstəricisi idi. Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1980-1989) kimi, Oktyabr (indiki Yasamal) Rayon Partiya Komitəsinin birinci katibi kimi (1990), Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1991) kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi fəaliyyət göstərdiyi bütün dövrlərdə o, insanların problemlərinə həssas yanaşması, işgüzarlığı və prinsipiallığı ilə seçilib.
Azərbaycanın mürəkkəb və taleyüklü dövrlərində dövlət idarəçiliyində məsul vəzifələr daşıyan İsa Qaraşov hər zaman dövlətçilik maraqlarını üstün tutub. Azərbaycan Ali Sovetinin deputatı (1990-1995) kimi də ölkənin ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirib.
Lakin İsa müəllimin həyat salnaməsində ən qiymətli səhifələri yalnız vəzifələr və titullar təşkil etmir.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, İsa Qaraşov hər şeydən əvvəl böyük ürək sahibi olan insandır. O, dostluqda sədaqəti, münasibətlərdə səmimiyyəti, insanlara ehtiramı və qayğıkeşliyi ilə seçilən şəxsiyyətlərdəndir. Onun həyat prinsiplərinin mərkəzində insan amili dayanır.
Bəlkə də elə buna görədir ki, illər keçdikcə ətrafında ona hörmət bəsləyən insanların sayı daha da artır. Çünki insanlar vəzifələri yox, münasibəti xatırlayırlar. İnsanlar verilən tapşırıqları yox, göstərilən qayğını unutmurlar.
İsa müəllimin ömrünün son onillikləri isə humanitar fəaliyyətlə daha sıx bağlıdır. Artıq 26 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü kimi yorulmadan fəaliyyət göstərir. Bu illər ərzində Qızıl Aypara Cəmiyyətinin minlərlə insanın taleyinə toxunan humanitar layihələrin həyata keçirilməsində, ehtiyacı olan ailələrə yardım göstərilməsində, mərhəmət və xeyirxahlıq ideyalarının cəmiyyətdə təbliğində onun əvəzsiz xidmətləri olub, belə ki, hər zaman Ayparaçıların yanında olduğunu göstərir, məsləhət və tövsiyələrini əsirgəmir.
İsa müəllimin xidmətləri dəfələrlə yüksək qiymətləndirilib, müxtəlif mükafatlarla dəyərləndirilib. 2009-cu ildə Azərbaycan RespublikasınınPrezidenticənabİlhamƏliyevinSərəncamıilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunması isə dövlətin ona göstərdiyi yüksək etimadın və verilən əməyə qiymətin növbəti ifadəsi olub.
Bu gün 80 yaşını qeyd edən İsa Qaraşov ömrünün müdriklik çağını yaşayır. Arxada qalan səkkiz onillik zəhmətlə, məsuliyyətlə, dövlətə sədaqətlə, insanlara xidmətlə dolu bir ömürdür. Bu ömür yolunda qazanılan ən böyük mükafat isə insanların sevgisi, dostların ehtiramı və cəmiyyətin hörmətidir.
İsa müəllim haqqında danışarkən ilk yada düşən sözlərdən biri "insanlıq" olur. Çünki o, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə insan olaraq böyük qalıb. Sadəliyini, təvazökarlığını, səmimiyyətini heç vaxt itirməyib.
Bu əlamətdar yubiley günündə tanınmış dövlət və ictimai xadim, dəyərli ziyalı, sədaqətli dost İsa Tapdıq oğlu Qaraşovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq.
Qoy həyatının bundan sonrakı illəri də keçdiyi şərəfli yol kimi işıqlı, mənalı və xeyirxah əməllərlə zəngin olsun.
80 illik yubileyiniz mübarək olsun, hörmətli İsa müəllim!
Sizin ömür yolunuz dövlətə xidmətin, insanlara məhəbbətin, dostluğa sədaqətin və əsl ziyalılığın parlaq nümunəsidir.
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















