
Xəbərlər
11.12.2024, 23:25
YÜKSƏK ANALIQ KEYFİYYƏTİ, AİLƏSİNƏ VƏ DOSTLARINA SƏDAQƏTİ İLƏ SEÇİLƏN ƏSLİ XANIM - FOTO
YÜKSƏK ANALIQ KEYFİYYƏTİ, AİLƏSİNƏ VƏ DOSTLARINA
SƏDAQƏTİ İLƏ SEÇİLƏN ƏSLİ XANIM
SƏDAQƏTİ İLƏ SEÇİLƏN ƏSLİ XANIM
Həyatın hər əzabına, yükünə mərdliklə sinə gərən Tanrının ən gözəl əsəri qadın...
Ailənin, ocağın qoruyucusu, bəşəriyyətin anası deyirlər sənə. Fədakarlığın, cəfakeşliyin və zəhmətsevərliyinlə sən ən böyük sevgiyə, ən gözəl bayrama layiqsən. Bu gün sənin günün, bu gün sənin gül-çiçək ətirli özəl bayramındır. Qəhrəman qadın, əlləri torpaq qoxan qadın, bütün güllərdən gözəl qadın!
Yaşından kiçik görünən qadın
Onun əlləri ta uşaqlıqdan əməyə, zəhmətə alışıb. Bu hünərini isə ailəsindən əxz edib. Lap uşaqlıq dövründən ailə üzvləri ilə birlikdə olub, onlara kömək edib. Yaşını yazmıram, amma görkəminə baxanda ona heç 40 yaşdan çox vermək olmaz.
“Məni belə cavan, gümrah saxlayan əmək və zəhmət, çalışdığım sahədir”, - deyir Əsli xanım. Adı çoxuna – ellilərinə də, çalışdığı kollektivə də, dostluq etdiyi “Ziyalılar”ın üzvlərinə də tanışdır bu qadının. O, sağlamlığın rəmzi olan idman, bədən tərbiyəsi sahəsində çalışır, görkəmli pedaqoqdur, “Azərbycanın Əməkdar məşqçisi”dir. Tez-tez onu “Ziyalılar”ın keçirdiyi tədbirlərdə görürəm, hal-əhvallaşıram. Hətta bir neçə dəfə eyni məclisdə iştirak edib, hətta eyni masada yanaşı oturub bir-birimizi yaxından tanımağa başlamışıq.
Belə bir yaxın təmas, şirin görüş bacım oğlunun bu ilin yayında keçirdiyi toy məclisində oldu. Onda gördüm ki, o, necə bir xanımdır. İştirak etdiyi tədbirlərdə xüsusi fəallığı ilə seçilir, ürəyini o tədbirin maraqlı alınmasına qoyur. İstəyir ki, hər şey qarşı tərəfin ürəyincə olsun. Bu mənada rəfiqəsi Şelli xanımla eyni xasiyyətdədir. İkisi birlikdə iştirak etdiyi tədbirlər uzun müddət yaddan çıxmır.
Çalışdığı sahə elədir ki, hər gün işdə olmaq, yorulmadan məşq etmək, öz üzərində çalışmaq kimi keyfiyyətləri əxz edir: həm pedaqoq, həm də məşqçi kimi. Odur ki, onu iş-gücündən ayırmaq insafsızlıq olar. O, özünü dərk edən gündən ataların məşhur “İş insanın cövhəridir” deyimini həyat amalı bilib. Bir sözlə, halal zəhməti ilə evinin təknəsini boş qoymur.
Vətən sevgisi, vətənpərvərlik ailədən, məktəbdən, ananın, müəllimin verdiyi təlim-tərbiyədən başlayır. Əsli Namazovanın ömrünün haradasa 37 ili ali məktəb auditoriyasında partalar arxasında əyləşən gənclərə dərs deməklə, onlara vətən sevgisini aşılamaqla, vətənə layiq övlad böyütməklə keçib. Zaman-zaman dərs dediyi bütün yetirmələrinin yaddaşına vətənpərvərlik, Vətənə məhəbbət hisslərini köçürmək, torpaq uğrunda şəhid olmuş gənclərin döyüş yolunu həkk etdirmək kimi böyük missiyanı daşıyıb.
Həyat yolu əsl nümunədir
Gəlin onun ömürnaməsinə nəzər yetirək:Əsli Hüseyn qızı Namazova 14 dekabr 1963-cü ildə Azərbaycanımızın dilbər guşələrindən biri olan Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1970-ci ildə kənd orta məktəbində birinci sinfə gedib və 1980-ci ildə orta məktəbi bitirib. Orta məktəb illərində idmana, bədən tərbiyəsinə marağı böyük olub. Bu maraq onu 1975-ci ildə rayonun həndbol yığma komandasına gətirib, burada oynamaqla rayonun komandasına uğurlar gətirib. 1979-cu ildə respublikamızın həndbol üzrə yeniyetmələrdən ibarət yığma komandasının tərkibində oyunlarda iştirak edib, 1980-ci ildən “Məhsul” komandasını təmsil edərək uğurlara imza atıb və hər iki komandada da öz sözünü deyib.
Ali məktəbdə oxumaq arzusu onu tərk etməyib. Odur ki, 1982-ci ildə sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna təqdim edərək imtahanlardan müvəffəq qiymət alıb, instituta daxil olub və 1987-ci ildə ali məktəbi bitirib. Həmin ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Xarici Dillər İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb.
1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında baş laborant işləyib. Akademiyanın basketbol və həndbol kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.
1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycanın Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Hazırda akademiyanın İdman oyunları kafedrasınin dosentidir.
Əsli xanım bir oğul, iki qız olmaqla üç övladın anası, altı nəvənin şirin-şəkər nənəsidir.
Övladlarının hamısı ali məktəbdə təhsil alıb. Böyük qızının iki uşağı - bir oğlu, bir qızı var. Böyük qızı yığma həndbol komandasının üzvü olub. Hazırda Okspricdə idman işləri üzrə departament müdiridir, idman mütəxəssisidir.
Ortancıl qızının bir oğlu, iki qızı var. İki ildir Kanadada yaşayır.
Oğlunun bir qızı var. O, Okspricdə idman işləri üzrə direktor müavinidir.
Bütün keyfiyyətləri ilə ucadan ucadır
Qadın Tanrıdan sonra ikinci yaradıcı qüvvəyə malik şəxsdir. Qadın atasına qız, anasına həmdəm, qardaşına bacı, sevdiyi şəxsə məhəbbət, övladına anadır. Qadın zəhmətkeşdir, sevgi doludur, bütün ağrısını, acısını gözlərinin dərinliklərində dəfn edib həyata, sevdiyinə, valideyninə, övladına, cəmiyyətə gülümsəməyi bacarandır. Qadın yaşından, bədənindən, qüvvəsindən qat-qat ağır yükün öhdəsindən sevdiklərinin xətrinə dodaqlarındakı təbəssümü ilə gələn fədakardır. Qadın "kipriyi ilə od götürüb, saçlarını süpürgə etməyi" bacarandır.
"Qadın zəif məxluqdur" bu ifadə həyatda çox eşidirik Qadına zəif demək ilk dəfə kimin ağlına gəlib görəsən? Axı bu dünya hələ daş dövründə mövcud olan anaxaqanlığının üzərində qurulub. Nə idi anaxaqanlığı? Bu proses hələ üst paleolit dövründə yaranmışdı. İcmanın bütün işlərində öncül olan qadınlar idarəetməni də öz üzərilərinə götürmüşdülər. Həmin zaman yemək bişirmək, odu qoruyub saxlamaq, uşaqlara baxmaq, məhsul-qida toplamaq qadının işi idi və qəbilə ana xətti ilə qohumluq əsasında yaranmışdı.
Sonradan isə cəmiyyətdə qadın bir addım geriyə çəkildi və patriarxal, yəni ataxaqanlığı yarandı. Bəs, qadın həmin işlərindən imtina etdimi? Təbii ki, yox. Qadının işləri daha da artmağa başladı, nəinki azalmaq. Heç təsadüfi deyil ki, İohann Kristof Fridrix Şiller deyirdi: “Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır”.
Bütün bunlara baxmayaraq qadın heç zaman zəif məxluq olmayıb. Amma qadın zərif məxluqdur. Bunu da kimsə inkar edə bilməz. Qadın şərafəti ilə, həssas, kövrək qəlbi ilə, analığı ilə zəriflik Tanrısıdır!
Qadına dünya tarixində iz buraxmış ədiblər, ziyalılar, filosoflar da böyük dəyər veriblər. Alferd Hausmana görə, "qadın evi şam kimi işıqlandırır", Onore de Balzak isə qadınsız evi məzara bənzədirdi.
Bu deyimlərdən, bənzətmələrdən sonra belə nəticəyə gəlmək olur ki, yazımın qəhrəmanı Əsli xanım da onlardan geri qalmır. Özünün zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman ailəsinin, ünsiyyətdə olduğu insanların, dostların adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adı çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu sırada Əsli Namazovanın adı istisna deyil. Onun həm ailəsinin üzvləri, həm də illər ərzində yetişdirdiyi tələbələri ölkəmizin adını ucalarda saxlayıb, idman şərəfini ləyaqətlə qoruyublar. Bundan böyük fəxarət, qürur hissi ola bilərmi? Bəlkə də kimsə kənarda mənim fikirlərimin şişirtmə olduğuna şübhə ilə yanaşar. Amma Əsli xanımı yaxından tanıyandan sonra şübhə ilə yaşadığına peşman olar, təəssüf hissi keçirər.
Əsli xanım anadır, bacıdır, xaladır, bibidir, nənədir, qayınanadır, pedaqoqdur, ziyalıdır. Bu gün o, ali məktəbdə sabahımızın bünövrəsini qoymaqla yanaşı evdə də saf bir ailənin əsasını qoyur. Əslində bu bünövrə çoxdan qoyulub. Sadəcə, ailənin təlim-tərbiyəsi kimi olduqca şərəfli bir missiyanı daşıyır.
Dekabrın 14-də onun doğum günüdür.
Bu şədərli və müqəddəs gün münasibətilə onu “Ziyalılar” qrupunun üzvlərinin, eləcə də “ Ədalət və Həqiqət”qəzetinin, “Turaztv.az” saytının adından təbrik edir, bu gözəl, incə qəlbli, saf əqidəli xanıma sağlam ömür, tükənməz xoşbəxtlik və uğurlar arzulayırıq. Və sonda:
Ay Əsli xanım
Qaranlıq yolların ulduzu, ayı,
Arzumdur Günəşə dön gəl, ay Əsli.
Tovuz elimizin igid, ər qızı,
Ustadın sazında din gəl, ay Əsli.
Xeyirxah əməlin bəllidi elə,
Leyli tək sorağın düşübdü dilə.
Sözlərin gəzəndə bil əldən-ələ,
Qartal tək göylərdən en gəl, ay Əsli.
Qartal biləklisən qaya, dağ çapan,
Axtarın gör neçə xəzinə tapan.
Hər sirli ürəkdə kəlməni yapan,
Ailənə yar ol, tən gəl, ay Əsli.
Əkdiyin güllərin vədəsiz solmaz.
Aslanın erkəyi, dişisi olmaz.
Daşdəmir bu gün təbriksiz qalmaz,
“Ziyalılar”ın gözəli, dön gəl, ay Əsli.
Arzumdur Günəşə dön gəl, ay Əsli.
Tovuz elimizin igid, ər qızı,
Ustadın sazında din gəl, ay Əsli.
Xeyirxah əməlin bəllidi elə,
Leyli tək sorağın düşübdü dilə.
Sözlərin gəzəndə bil əldən-ələ,
Qartal tək göylərdən en gəl, ay Əsli.
Qartal biləklisən qaya, dağ çapan,
Axtarın gör neçə xəzinə tapan.
Hər sirli ürəkdə kəlməni yapan,
Ailənə yar ol, tən gəl, ay Əsli.
Əkdiyin güllərin vədəsiz solmaz.
Aslanın erkəyi, dişisi olmaz.
Daşdəmir bu gün təbriksiz qalmaz,
“Ziyalılar”ın gözəli, dön gəl, ay Əsli.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

























