Xəbərlər
21.10.2026, 00:16
SABAHINIZI DÜŞÜNƏRƏK YAŞAYIN!
Oğlum Elnurun timsalında bütün Azərbaycan oğullarına bir atanın nəsihəti
Sabahın gözəlliyi bu gün əkdiyimiz yaxşılığın, qoruduğumuz dürüstlüyün və insanlara bəslədiyimiz sevginin bəhrəsidir.
Ey mənim əziz oğlum Elnur! Sənin timsalında bütün Azərbaycan oğullarına üz tutaraq ürəyimdən keçənləri bölüşmək istəyirəm. Bu, sadəcə bir atanın oğluna nəsihəti deyil, ömrün yollarında gördüklərindən, yaşadıqlarından, insanları tanıdıqca gəldiyi qənaətlərdən doğan həyat dərsləridir. İstəyim budur ki, bu sözlər bu günün gənclərinə, sabahın atalarına, gələcəyin qurucularına çatsın, hər kəs öz həyatına, davranışına və insanlıq borcuna bir daha nəzər salsın.Oğlum, həyat insanın qarşısına hər gün yeni yollar çıxarır. Bu yollardan hansını seçəcəyini isə onun ağlı, vicdanı, tərbiyəsi və mənəviyyatı müəyyənləşdirir. Elə yaşa ki, arxaya baxanda keçdiyin yoldan utanmayasan, qarşına çıxan insanların gözlərinə çəkinmədən baxa biləsən. Çünki insanın böyüklüyü tutduğu vəzifə, qazandığı sərvət, geyindiyi paltar və sahib olduğu ad-sanla deyil, başqalarına münasibəti, sözünə sədaqəti və vicdanının təmizliyi ilə ölçülür.
Sabaha açıq gözlə baxın! Bu, yalnız qarşıdakı günləri görmək deyil, həm də bu gün atdığınız addımın sabah hansı nəticələr doğuracağını düşünməkdir. Hər bir sözünüzün, hər bir hərəkətinizin, hər bir qərarınızın arxasında bir insan taleyi dayana bilər. Bu gün kiminsə qəlbinə toxunan sözünüz sabah bir ömürlük xatirəyə çevrilə bilər. Bu gün etdiyiniz yaxşılıq isə bəlkə də bir insanın həyata yenidən inanmasına səbəb olar.
Odur ki, sabahı düşünərək yaşayın. Elə yaşayın ki, bugünkü davranışınız sabah övladlarınızın qarşısında başınızı aşağı salmasın.
Zəifə mərhəmətlə, yetimə məhəbbətlə baxın
Həyat hamıya eyni qapıları açmır. Kiminin arxasında güclü bir ailə, kiminin yanında onu qoruyan bir əl, kiminin yolunu işıqlandıran bir doğma səs var. Elələri də var ki, çətinliklərlə təkbaşına mübarizə aparır, dərdini bölüşməyə bir kimsə tapmır. Məhz belə məqamlarda insanın həqiqi siması üzə çıxır.
Oğlum, zəifin zəifliyindən istifadə etmə, onun əlindən tut. Yetimin başını sığalla, qəlbinə sevgi toxumu səp. Kimsəsizin dərdinə biganə qalma. Unutma ki, insanın köməyə ehtiyacı olduğu anlarda ona uzanan bir əl bəzən dünyanın bütün var-dövlətindən qiymətli olur.
Böyük Nizami Gəncəvinin yaradıcılığında insanlıq, ədalət, mərhəmət və xeyirxahlıq ali dəyərlər kimi ucaldılır. Onun əsərlərinin bizə aşıladığı mühüm həqiqətlərdən biri budur: insanın dəyəri başqaları üzərindəki hakimiyyəti ilə deyil, öz nəfsinə hakim olması, ədaləti qoruması və insanlara göstərdiyi münasibətlə müəyyənləşir.
Güclü olmaq başqasını əzmək deyil, zəifə dayaq olmaqdır. Varlı olmaq hər şeyi almaq imkanına sahib olmaq deyil, ehtiyacı olanla bölüşməyi bacarmaqdır. Böyük olmaq başqalarının qarşında ucalmaq deyil, insanlığını heç vaxt itirməməkdir.
Bir yetimin sevincinə səbəb olan insan, bəlkə də özü bunu heç vaxt bilməyəcək, amma həmin uşağın yaddaşında ömürlük xeyirxahlıq nümunəsi kimi qalacaq. Yaxşılığın ən gözəl tərəfi də budur: o, bəzən səssiz edilir, lakin təsiri uzun illər yaşayır.
Yalanın olduğu yerdə etibar yaşaya bilməz
Oğlum, həyatın ən qiymətli nemətlərindən biri etibardır. Onu qazanmaq üçün bəzən illər tələb olunur, itirmək üçün isə bircə yalan kifayət edir. İnsanlar arasında dostluq, ailədə mehribanlıq, cəmiyyətdə birlik məhz qarşılıqlı inam üzərində qurulur.
Yalan bir münasibətin təməlində çat yaradır. O çat vaxtında düzəldilməsə, getdikcə böyüyür və bir gün ən möhkəm görünən əlaqələri belə dağıdır. İnsan yalan danışmaqla qarşısındakını aldada biləcəyini düşünür. Halbuki aldadılan insanın ağıllı, yaxud sadəlövh olması məsələnin əsas mahiyyəti deyil. Əsas məsələ aldadanın öz vicdanı qarşısında hansı vəziyyətə düşməsidir.
Sən bir insanı aldadanda o, ağılsız olmur; sən öz dürüstlüyünü, öz adına olan hörməti zədələyirsən. Qarşındakının etibarından sui-istifadə etməklə onun deyil, ilk növbədə öz mənəvi dəyərini aşağı salırsan.
Həyatda səhv etmək mümkündür. İnsan yanılar, yanlış qərar verər, bilmədən kiminsə xətrinə dəyər. Əsas məsələ səhvi etiraf etmək, üzr istəmək və onu təkrarlamamağa çalışmaqdır. Ancaq bilərəkdən yalan danışmaq, aldatmağı vərdişə çevirmək, başqasının yaxşı niyyətindən öz mənafeyi üçün istifadə etmək tamam başqa məsələdir. Burada artıq təkcə səhvdən deyil, mənəvi məsuliyyətdən söhbət gedir.
Dahi dramaturqumuz Mirzə Fətəli Axundzadənin komediyalarında cəhalət, riyakarlıq, yalançı nüfuz və insanların zəif cəhətlərindən istifadə etmək kimi hallar tənqid olunur. Bu əsərlər bizə göstərir ki, zahiri görünüşün, saxta hörmətin və aldadıcı sözlərin arxasında həqiqət gizlənə bilər, amma onu əbədi ört-basdır etmək mümkün deyil.
Yalan danışanı bağışlamaq məsələsində də insanın vicdanı ilə yanaşı, ağlı işləməlidir. Bir dəfə səmimi peşmanlıqla səhvini etiraf edən insana fürsət vermək olar. Lakin davamlı şəkildə aldadan, hər dəfə verdiyi sözü pozan, etibardan sui-istifadə edən insana sərhəd qoymaq lazımdır. Bağışlamaq hər şeyi unutmaq, etibarı düşünmədən yenidən təslim etmək demək deyil. Mərhəmət göstərmək olar, amma öz ləyaqətini qorumaq da vacibdir.
Düz danışın, oğullarım! Həqiqət bəzən çətin, hətta acı ola bilər, amma yalanın yaratdığı fəsadlardan daha sağlam bir yoldur. Düzlük insanı hər zaman asanlıqla məqsədinə çatdırmaya bilər, lakin ona başıuca yaşamaq imkanı verər.
Zamanı da, sözü də geri qaytarmaq olmur
Həyatda geriyə qaytara bilmədiyimiz iki böyük nemət var: biri zamandır, digəri dilimizdən çıxan söz.
Zaman səssizcə keçir. Nə onu saxlamaq, nə də ötüb keçmiş bir günü yenidən yaşamaq mümkündür. Dilimizdən çıxan söz də eynilə belədir. Düşünülmədən deyilən bir ifadə bəzən bir insanın qəlbində illərlə sağalmayan yara açır. Sonradan peşman olmaq, üzr istəmək mümkündür, lakin deyilmiş sözü heç vaxt tamamilə deyilməmiş hala gətirmək olmur.
Odur ki, danışmazdan əvvəl düşünün. Bir söz deməzdən qabaq özünüzə sual verin: bu söz həqiqətdirmi, faydalıdırmı, kiminsə qəlbini səbəbsiz yerə qıracaqmı? Əgər sözünüz bir insanı alçaltmaq, təhqir etmək, incitmək üçündürsə, bəlkə də susmaq daha böyük müdriklikdir.
Atalarımız nahaq yerə deməyiblər: “Söz gümüşdürsə, sükut qızıldır.” Bu kəlam susmağı hər zaman danışmaqdan üstün tutmaq deyil, yersiz sözün qarşısında özünü saxlamağı bacarmaqdır.
Söz insanın mənəvi imzasıdır. Verdiyiniz vədə əməl edin. Əgər hansısa işi görməyə gücünüz çatmayacaqsa, əvvəlcədən dürüst danışın. Bacarmadığınız işi bacaracağınızı söyləyib kimisə intizarda qoymayın. Bir insanın sizə bağladığı ümidi əsassız vədlərlə puça çıxarmayın.
Sözün çəkisi onun ucadan deyilməsində deyil, arxasında dayana bilməkdədir.
Həyatı sabaha saxlamayın
İnsanların çoxu elə düşünür ki, əsas həyat hələ qabaqdadır. Guya sabah daha çox vaxtımız, daha çox imkanımız, daha çox fürsətimiz olacaq. Bu düşüncə ilə sevgini sabaha, barışığı sabaha, valideynə baş çəkməyi sabaha, yaxşılıq etməyi sabaha saxlayırıq.
Amma həyatın bizə verdiyi sabahların sayı bəlli deyil.
Qabaqda bizi hansı günlərin gözlədiyini bilmirik. Gənclik əbədi deyil, sağlamlıq həmişə eyni qalmır, yaxınlarımız daim yanımızda olmur. Zaman keçdikcə insan anlayır ki, ömür təkcə qarşıdakı günlərdən ibarət deyil, yaşanıb geridə qalan anların da cəmidir.
Ən böyük səhvlərimizdən biri hər şeyə gecikməyəcəyimizi düşünməkdir. Halbuki bəzi görüşlərə gecikmək olar, amma bəzi fürsətlər bir daha qayıtmır. Bu gün danışa bildiyin insan sabah yanında olmaya bilər. Bu gün könlünü ala biləcəyin bir doğma sabah yalnız xatirələrdə yaşaya bilər.
Ona görə də, oğlum, sevdiklərinin qədrini sağlığında bil. Valideynlərinin üzünə sevgi ilə bax, ailənə vaxt ayır, övladlarının suallarına səbirlə cavab ver. Qohumunla, dostunla aranda inciklik varsa, mümkündürsə, onu böyütmə. Haqqı tapdalamadan, ləyaqətini itirmədən barışığa yol axtar.
Ömrün sonuna yaxın insanın ən böyük peşmanlığı çox vaxt əldə edə bilmədiyi əşyalardan deyil, göstərə bilmədiyi sevgidən, deyə bilmədiyi xoş sözdən, vaxtında edə bilmədiyi yaxşılıqdan doğur.
Sabahı düşünmək bu günü unutmaq deyil. Əksinə, sabahın məsuliyyətini anlayaraq bu günü daha mənalı yaşamaqdır.
Nöqtə boyda günəşin dünya boyda işığı
Bəzən insan özünü kiçik, imkanlarını məhdud, gördüyü işi əhəmiyyətsiz hesab edir. Halbuki kiçik görünən bir xeyirxahlıq böyük bir dəyişiklik yarada bilər.
Nöqtə boyda görünən günəşin işığı dünyanı aydınladır. Deməli, kiçik görünən bir yaxşılığın da böyük mənəvi gücü ola bilər. Bir uşağa deyilən xoş söz onun özünəinamını artıra, bir kimsəsizə göstərilən qayğı onun həyata baxışını dəyişə, bir gəncə verilən düzgün məsləhət onu yanlış yoldan döndərə bilər.
İnsan özünün hər kəs üçün nə qədər əhəmiyyətli olduğunu bəzən dərk etmir. Halbuki bir ailədə ata və ananın davranışı uşaqların gələcəyinə təsir göstərir. Müəllimin bir cümləsi şagirdin yaddaşında ömür boyu qalır. Ağsaqqalın ədalətli sözü bir mübahisəni sakitləşdirə bilər. Dürüst bir insan bütöv bir kollektivdə etibar mühiti yarada bilər.
Füzulinin əsərlərində insanın daxili aləmi, məhəbbət, sədaqət və mənəvi saflıq dərin bədii ifadəsini tapır. Onun irsindən aldığımız dərslərdən biri də budur ki, insanın zahiri zənginliyi ilə daxili aləmi eyni ölçü ilə qiymətləndirilə bilməz. Qəlbin böyüklüyü bəzən sadə bir davranışda, səssiz bir fədakarlıqda, heç kimin görmədiyi bir yaxşılıqda üzə çıxır.
Oğlum, insanları yalnız vəzifəsinə, geyiminə, sərvətinə, tanınmışlığına görə qiymətləndirmə. Onların ürəyinə, davranışına, çətin gündə necə insan olduqlarına fikir ver. Çünki insanın əsl siması hər şey yaxşı gedəndə deyil, başqasının köməyə ehtiyacı olanda daha aydın görünür.
Bir insanın yanında özünü rahat, güvəndə və dəyərli hiss edirsənsə, bu, onun sənə bəxş etdiyi böyük nemətdir. Belə insanları qorumağı bacar.
İnsanı görüşünə görə deyil, ürəyinə görə tanıyın
İnsanların zahiri görkəmi, danışıq tərzi, geyimi və davranışları ilk təəssürat yarada bilər. Ancaq ilk təəssürat həmişə həqiqətin özü deyil. Elə insanlar var ki, sadə geyinir, az danışır, özünü gözə soxmur, amma daxilən böyük bir mənəvi zənginlik daşıyır. Elələri də var ki, zahirdə nəzakətli görünür, gözəl sözlər danışır, lakin davranışları həmin sözlərlə üst-üstə düşmür.
İnsanı tanımaq üçün ona zaman vermək lazımdır. Onun verdiyi sözə münasibətini, başqalarının haqqına hörmətini, zəiflərə davranışını, çətinlik qarşısında mövqeyini görmək lazımdır.
Xalqımızın “İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar” məsəli də ilk təəssüratla son qənaət arasında fərq olduğunu xatırladır. Lakin mənəvi münasibətdə bundan da vacib ölçü var: insanı ürəyinə, vicdanına, əməlinə görə dəyərləndirmək.
Kiminsə sadəliyini zəiflik, sakitliyini qorxaqlıq hesab etməyin. Hər kəs özünü eyni şəkildə ifadə etmir. Bəzən ən dərin düşüncələr ən az danışan insanların qəlbində yaşayır.
İnsanları tanımağa çalışın, amma onları tələsik mühakimə etməyin. Haqqı nahaqqa verməyin, kiminsə haqqında eşitdiyiniz sözlə hökm çıxarmayın. Ədalətli olmaq üçün hər iki tərəfi dinləyin, faktlara əsaslanın və özünüzü başqasının yerinə qoymağı bacarın.
Çünki sabahımızı gözəlləşdirəcək əsas qüvvələrdən biri də qarşılıqlı hörmət və ədalətdir.
Dünyanın ən gözəl yeri öz evindir
Oğlum, insan haralara getsə də, dünyanın hansı gözəlliklərini görsə də, ürəyinin dinclik tapdığı bir yerə ehtiyac duyur. Həmin yer onun evidir. Amma evin gözəlliyi divarlarının hündürlüyü, otaqlarının genişliyi, mebellərinin bahalılığı ilə ölçülmür.
Dünyanın ən gözəl yeri insanın öz evidir — yetər ki, o evdə sevgi, xoşbəxtlik, dürüstlük və böyüyə-kiçiyə hörmət olsun.
Evdə qarşılıqlı etibar yoxdursa, ən zəngin süfrə belə insanın qəlbini doyura bilməz. Orada sevgi əvəzinə kin, hörmət əvəzinə təhqir, səmimiyyət əvəzinə yalan hökm sürürsə, o evin zahiri gözəlliyi mənəvi boşluğu doldurmaz.
Ailə insanın ilk məktəbidir. Uşaq evdə gördüyünü öyrənir, eşitdiyini yadda saxlayır, valideynlərinin davranışını gələcək həyatına nümunə götürür. Ata dürüstlüyü yalnız öyüd verməklə deyil, özü dürüst yaşamaqla öyrədir. Ana mərhəməti yalnız sözlə deyil, öz qayğısı ilə aşılayır. Böyüklər bir-birinə hörmət etdikdə, uşaqlar da hörmətin nə olduğunu anlayırlar.
Böyüyün yeri hörmətlə qorunmalı, kiçiyin haqqı qayğı ilə müdafiə olunmalıdır. Lakin böyüklük heç kimə kiçiyi alçaltmaq, onun fikrini dinləməmək, ləyaqətini tapdalamaq hüququ vermir. Həqiqi ailə həm təcrübəyə, həm də gəncliyin səsinə dəyər verən ailədir.
Ev elə bir məkan olmalıdır ki, insan çətinliklə qarşılaşanda ora sığınmağa, sevinc yaşayanda onu bölüşməyə can atsın. Ailə üzvləri bir-birinin uğuruna sevinsin, dərdinə şərik olsun, səhv edəndə isə alçaltmaq əvəzinə düzəlmək üçün yol göstərsin.
Belə evdə böyüyən uşaq sabah cəmiyyətə də sevgi, dürüstlük və məsuliyyət aparacaq. Deməli, gözəl sabahın təməli elə bu gündən ailədə qoyulur.
Dürüstlük insanın ən böyük sərvətidir
Həyatda pul qazanmaq, ev tikmək, vəzifə sahibi olmaq, ad-san qazanmaq mümkündür. Bunların hər biri insan zəhmətinin nəticəsi ola bilər. Ancaq heç bir maddi sərvət itirilmiş vicdanın yerini doldura bilməz.
İnsan varlı olub mənən kasıb qala bilər. Yüksək vəzifə tuta bilər, amma ətrafındakıların etibarını qazana bilməz. Çoxlu tanışı ola bilər, amma çətin günündə yanında dayanacaq bir səmimi dostu olmaya bilər.
Dürüstlük isə insana başqa bir zənginlik verir: rahat vicdan, başıuca gəzə bilmək, özünə və sözünə hörmət etmək imkanı.
Klassik ədəbiyyatımız əsrlər boyu insanları haqqı qorumağa, ədalətə, mərhəmətə və mənəvi kamilliyə çağırıb. Nizaminin ədalət düşüncəsi, Füzulinin məhəbbət və sədaqət dünyası, Axundzadənin ictimai qüsurlara yönəlmiş tənqidi bu gün də öz əhəmiyyətini saxlayır. Çünki zaman dəyişsə də, insanın qarşısında duran əsas mənəvi suallar dəyişmir: Düz yaşayırsanmı? Başqasının haqqını qoruyursanmı? Sözünlə əməlin bir-birinə uyğundurmu?
Bu suallara hər kəs ilk növbədə özü cavab verməlidir.
Düz olmaq bəzən çətin seçimdir. Həqiqəti demək müəyyən mənfəətdən imtina etməyə, başqasının haqqını qorumaq öz marağını arxa plana keçirməyə, verdiyin sözə əməl etmək isə əlavə zəhmət çəkməyə məcbur edə bilər. Amma insanın mənəvi ucalığı məhz belə məqamlarda üzə çıxır.
Oğlum, qazancın az olsa da, halal olsun. Sözün qısa olsa da, doğru olsun. Dostların az olsa da, sədaqətli olsun. Evin sadə olsa da, içində sevgi olsun. Adın böyük olmasa da, adına hörmət olsun.
Çünki insan dünyadan köçəndə özü ilə sərvətini deyil, bu dünyada qoyduğu izləri aparır. Geridə qalanlar isə onun necə yaşadığını, kimə dayaq olduğunu, kiminsə haqqını qoruyub-qorumadığını xatırlayırlar.
Gələcək nəsillərə bir atanın son sözü
Əziz oğlum Elnur! Sənin timsalında bütün Azərbaycan oğullarına demək istəyirəm: həyatınızı elə qurun ki, təkcə özünüz üçün deyil, ailəniz, xalqınız və gələcək nəsillər üçün də faydalı olsun. Özünüzdən sonra gözəl ad, təmiz xatirə və yaxşılıq nümunələri qoyun.
Heç vaxt unutmayın ki, insanın böyüklüyü başqasını kiçiltməklə artmır. Başqasının uğuruna sevinmək, ehtiyacı olana əl uzatmaq, səhv etdikdə üzr istəmək, verdiyin sözü tutmaq, haqsızlıq qarşısında susmamaq insanı ucaldan xüsusiyyətlərdir.
Yalanı həyatınızdan uzaq tutun. Aldatmağı məharət, başqasının zəifliyindən istifadə etməyi ağıllılıq saymayın. Həqiqi ağıllılıq insanları aldatmaqda deyil, heç kəsi aldatmağa ehtiyac duymadan yaşamaqdadır.
Zamanın qədrini bilin. Həyatı yalnız gələcək üçün hazırlıq kimi qəbul etməyin. Bu gününüzü də mənalı yaşayın. Sevin, sevdiklərinizə bunu bildirin, yaxşılıq edin, öyrənin, öyrədin, çalışın, yaradın. Bir insanın qəlbində xeyirxah xatirə qoymaq üçün bəzən böyük imkanlara deyil, təmiz niyyətə ehtiyac var.
Zəifin ahından qorxun, yetimin göz yaşına biganə qalmayın, valideynlərinizin qədrini bilin, ailənizin etibarını qoruyun. Qadına hörmətlə, uşağa şəfqətlə, ağsaqqala ehtiramla, hər bir insana ədalətlə yanaşın. Heç kimin haqqını öz haqqınızdan aşağı tutmayın.
Sabaha açıq gözlə baxın, amma bu günün məsuliyyətini də unutmayın. Çünki sabah öz-özünə gözəlləşmir. Onu bu günün zəhməti, vicdanı, mərhəməti və dürüstlüyü qurur.
Bir gün siz də övladlarınıza nəsihət verəcək, onlara həyatın yollarını göstərməyə çalışacaqsınız. O zaman sözlərinizin təsirli olması üçün əvvəlcə öz həyatınızla nümunə olun. Çünki övladlar çox vaxt atalarının dediklərindən daha çox etdiklərinə baxaraq böyüyürlər.
Arzum budur ki, hər bir Azərbaycan oğlu ailəsinin dayağı, cəmiyyətin etibarlı üzvü, xalqının ləyaqətli nümayəndəsi olsun. Hər bir evdə sevgi, hər bir münasibətdə etibar, hər bir sözdə həqiqət, hər bir əməldə ədalət yaşasın.
Qoy sabahın insanı bugünkü insanın yaxşı əməlləri ilə fəxr etsin. Qoy övladlarımız bizdən yalnız evlər, var-dövlət və adlar deyil, həm də dürüstlük, mərhəmət, vicdan və insanlıq miras alsınlar.
Unutmayaq: ömür qısadır, zaman dönməzdir, söz məsuliyyətdir, etibar əmanətdir, insanlıq isə hər gün qorunmalı olan mənəvi sərvətdir.
Sabahınızı düşünün, oğullarım! Çünki sabah sizin bu gün necə insan olmağınızdan başlayır.
Və ən əsası, elə yaşayın ki, bir gün övladlarınız sizin adınızı çəkəndə təkcə ata olduğunuzu deyil, necə insan olduğunuzu da qürurla söyləyə bilsinlər.
Bizdən qalsa, söz qalacaq. Sözümüzün içində həqiqət, əməlimizin içində xeyirxahlıq, ömrümüzün sonunda isə başıucalıq qalsın.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


