
Xəbərlər
5.04.2024, 23:24
O, PARLAQ ZƏKA, YANAR ÜRƏK SAHİBİ İDİ
O, PARLAQ ZƏKA, YANAR ÜRƏK SAHİBİ İDİ
İlk görüşün təəssüratları
Haqqında artıq keçmiş zamanda danışdığım Məhyəddin Bayramovu 1990-cı ilin isti iyul ayından tanıyıram. Səhv etmirəmsə, iyulun 25-i idi. Onda “Ədalət” qəzetinin ilk sayına hazırlıq işləri gedirdi. Mən “Azərbaycan” nəşriyyatına təzəcə qədəm basırdım. Demək olar ki, heç yeri tanımırdım. Qəzetin baş redaktoru Aqil Abbas məni ofset çap sexinin rəisi Elman Məmmədovun yanına göndərdi ki, sabahkı qəzetimizi qəbul eləsin. Bu boyda binanın daxilində bir qaynarlıq hiss edilirdi. İş əsasən linotip-səhifələmə sexində gedirdi. Amma dəhlizdə boş bir nəfəri belə görmək olmazdı. Soruşa-soruşa gəlib axtardığım məkana çatdım. Qapını astaca döydüm. İçəridən “gəlin” sözünü eşitdim. Otağın baş tərəfində bəstəboy bir kişinin aurası ilk baxışdan xoşuma gəldi. Onun mülayim səslə, - eşidirəm, - sözünə elə bil diksindim. O isə mənim danışmağımı, nə məqsədlə gəlişimi bilmək istəyirdi. Özümü toparlayıb dilləndim:
- Qəzetimiz sabah çapa gedəcək. Gəldim ki, sizi xəbərdar edim.
- Bilirik, nə lazımdırsa, edəcəyik. Qardaşım, sən Basqaldan deyilsən ki?
- Bəli, oralıyam, təzə gəlmişəm. Rayonda iş tapa bilmədim, məcbur olub Bakıya üz tutdum və bu qəzetdə işləməyə qərar verdim.
Sən demə, otaqda olduğum müddətdə Məhyəddin müəllim mənim basqallılara xas ləhcə ilə danışığıma fikir verirmiş. Mən də onun İsmayıllının Sərdahar kəndindən olduğunu biləndə çox sevindim.
Məni arxayınlaşdırıb yola saldı.
Oradan nəşriyyatın 4-cü mərtəbəsinə qalxdım, “Ədalət” qəzetinin yerləşdiyi otaqda Aqil müəllim məni gözləyirdi. Onu tam əmin edib yola saldıq. Və beləliklə Məhyəddin müəllimlə ilk uğurlu görüşümüzdən sonra mütəmadi görüşlərimiz başladı. Onun İsmayıllıdan olduğunu, hətta basqallıları belə tanıdığını biləndən sonra məndə müəyyən arxayınlıq, əminlik yarandı. Özlüyümdə sevinirdim ki, "dayı" tapmışam.
Az sonra yaxın dostum Hacı İlqarı da onunla tanış etdim. Beləliklə aramızda bir üçbucaq yarandı, dostluğumuz getdikcə möhkəmlənməyə başladı. Onu da qeyd edim ki. Məhyəddin müəllimin ömür-gün yoldaşı Aybəniz xanım montaj sexində qəzetlərimizin çapa hazırlıq işləri ilə məşğul idi. Çox səmimi və mehriban xanım kimi bizi daim gülərüzlə qarşılayırdı. Bir neçə il əvvəl Aybəniz xanım Məhyəddin müəllimə qarşı vəfasızlıq etdi, onu bu dünyada tək qoyub öz dünyasına getdi…
Dostların dostu
Onu yaxından tanıdığım və söhbətlərindən eşitdiyim üçün bilirəm ki, Məhyəddin Bayramov hələ erkən - gənclik illərindən çalışdığı kollektivdə, əhatələndiyi mühitdə hörmət qazanmağı, özünün müsbət aurası ilə insanlarla gözəl ünsiyyət quraraq dostlarının dairəsini genişləndirməyi bacarmışdı. Fəaliyyət çevrəsi genişləndikcə dostlarının sayı da artmış, hara getmişdisə, hansı sahəyə üz tutmuşdusa, orada özünə xeyli dost tapmışdı. Müxtəlif məkanlarda, iş sahələrində etibarlı dostları var idi. Ofset-çap sexində fəaliyyət göstərdiyi vaxtlarda həm də işgüzar dairələrdə, mətbuat aləmində özünə etibarlı tərəf-müqabillər, dostlar qazanmışdı. O, burada hər bir media qurumu və ümumiyyətlə, nəşriyyatda ona müraciət edən hər kəs üçün çox qiymətli bir insana çevrilmişdi.
Ləyaqətli icraçı
Məhyəddin Bayramov daşıdığı vəzifədən irəli gələn işlərin sadəcə sıradan bir icraçısı yox, həm də çox ləyaqətli icraçısı idi. Həyata keçirdiyi hər layihənin böyük və ya kiçikliyindən asılı olmayaraq, işin uğurlu sonluğu üçün maksimum səy göstərir, lazım gəldikdə sexin rəisi Elman müəllimlə birlikdə əlaqədar təşkilatlar qarşısında da məsələ qaldırırdı. Bu gün nəşriyyatda onun işini görənlər bu keyfiyyətini xüsusi vurğulayaraq belə söyləyirlər: “Məhyəddin müəllim hansı ünvana gedirdisə, hansı quruma müraciət edirdisə, hansı təşkilatın qapısını döyürdüsə, ora əlidolu, ürəyidolu gedir, öz səviyyəsinə, savadına, qabiliyyətinə, ziyasına, mədəniyyətinə uyğun söhbət quraraq sözünü, istəyini məntiqlə, elə tutarlı arqumentlərlə əsaslandırırdı ki, heç zaman geri əliboş dönmürdü. Poliqrafiya ilə bağlı elə idarə və təşkilat olmazdı ki, M.Bayramovun əsaslı fikri, tutarlı arqumentləri ilə razılaşmayaraq onu oradan əliboş, məqsədinə nail olmadan qaytarsınlar. Bunun bir səbəbi onun təşkilatçılıq qabiliyyəti, ünsiyyət qurma bacarığı, kökdən, gendən gələn istedadı idisə, digər səbəbi gördüyü işin haqq işi, özünün də həmişə haqqın və haqlının tərəfində durması, kollektivdən güc alıb onların rifahları naminə çalışması idi. Atalar nahaq deməyiblər ki, haqq iş yerdə qalmaz. Onun da gördüyü işlər mütləq uğurlu sonluqla nəticələnirdi.
Bir şəxsiyyət kimi sözübütöv, əməlisaleh idi,
yarımçıqlığı sevməzdi və onun həyata keçirdiyi işlərdən az-çox halı olan hər kəs özünü şəxsən tanımasa da, hesab edirəm ki, mütləq bu qənaətə gələr. Başa çatan hər bir layihə və uğurlu iş kollektivin sevincinə səbəb olmaqla yanaşı, onun özünə qarşı hörmət və sevgini də artırırdı.
Yanar ürək
Məhyəddin müəllim doğulub boya-başa çatdığı el-oba üçün də, sözün əsl mənasında, yanar ürək idi. Onun dəfnində iştirak etmək üçün hər yerdən
gələn insan axını, son mənzilə yolasalma anında onların çöhrəsindəki təəssüf, kədər hissi, söyləmək istədikləri vida sözləri də bunu bir daha sübut etdi. İnsanlar gözyaşlarını saxlaya bilmirdilər.
Dostları, yoldaşları ilə zəngin Məhyəddin Bayramov
Adətən deyirlər, kişi ağlamaz. Amma həmin gün ağlamaqdan özünü saxlaya bilməyənlərin, vida sözünü hönkürtülər içində, göz yaşından boğula-boğula söyləyənlərin sayı-hesabı yox idi. Ürəklər dolu idi. Hamı onun xeyirxah əməllərindən danışırdı. İstər-istəməz düşünürdün ki, ilahi,
yaşanmış bu ömürdə M.Bayramov nə qədər xeyirxahlıqlar edib, əməlləri və sözü-söhbəti ilə könüllərdə özünə necə möhtəşəm qala qura bilib.
Müdriklərimizdən biri haqlı olaraq deyib: “Mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm”. Məhyəddin Bayramov, həqiqətən də, böyük ürək və böyük ağıl sahibi idi… O, dostları, yoldaşları ilə varlı, zəngin idi. Onun mayası ancaq xeyirxahlıqdan yoğrulmuşdu. Müdriklərimizdən birinin sözüdü:
Ocağında dövlət daşa, var daşa,
Dostun yoxsa, kasıblardan kasıbsan.
Dostun yoxsa, kasıblardan kasıbsan.
Bu mənada, Məhyəddin müəllim çox zəngin idi. Bu varlılığı, bu zənginliyi uca zirvələr səltənətinə gedən yol da adlandırmaq olar.
Həmişə yerin görünəcək
Məhyəddin müəllimin bizi qəfil tərk etməsindən üzülən, sıramızdan erkən getməsini əvəzolunmaz itki hesab edən dostları onun yoxluğunun hər zaman hiss olunacağını, həmişə yerinin görünəcəyini dedilər.
O, Vətəni də həddən ziyadə sevirdi. Həmişə istəyirdi ki, xalqın içərisində olsun. Doğulduğuğu kəndin elə bir yeri, elə bir guşəsi yoxdur ki, orada Məhyəddin müəllimin izi olmasın. Onun kimilərə aid bir məşhur bayatı var:
Eləmi, bizim qala,
Durduqca, bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Durduqca, bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
M.Bayramov elə bir ziyalı idi ki, özünün nüfuzu, içinin paklığı, mənəvi zənginliyi, geniş dünyagörüşü, həyata nikbin, mənalı rənglər prizmasından baxışı ilə seçilirdi, o bizim dünyamızdan getdi. İnsan üçün, özü də alicənab insan üçün nə tələb olunurdusa, bütün bunların hamısı Məhyəddin müəllimdə var idi…
Bir şairin fikridir:
Baxmağa güzgüsü, aynası yoxdur,
Yüz il yaşasa da, mənası yoxdur.
Diri ölülərin dünyası yoxdur,
Bu dünya əbədi dirilərindir.
Yüz il yaşasa da, mənası yoxdur.
Diri ölülərin dünyası yoxdur,
Bu dünya əbədi dirilərindir.
Bu sözlərdə ehtiva olunan hikmət bizlərə bir daha onu təlqin edir ki, M.Bayramov həmişə sağdır, həmişə diridir, Sərdaharın, İsmayıllının, lap elə Şirvanın yetişdirdiyi əbədi dirilərdən olan və daim diri qalacaq oğuldur.
Sağlığında yazmaq istəyirdim…
Məhyəddin müəllim nəşriyyatda çalışdığı dövrlərdə haqqında yazmaq istəyirdim. Ancaq hər dəfə də özünəməxsus yüksək mədəniyyət və təvazökarlıqla çox incə şəkildə söhbəti başqa mövzuya yönəldirdi və mən də onun belə şeyləri xoşlamadığını bildiyimdən fikrimdən daşınmalı olurdum. Bu gün məni təəssüfləndirən bir də odur ki, sağlığında həmin yazını yazmadım. Kaş onun necə qəbul etməsinin fərqinə varmadan o yazını yazaydım. İndən sonra mənə - “yazmağa ehtiyac yoxdur”, - deyən olmayacaq və nə qədər ki, mən sağam, əlim qələm tutur onun haqqında yazacağam. Yazacağam ki, bizim tanıdığımız, sevdiyimiz, hər yerdə dəyərli məsləhətlərinə ehtiyac duyduğumuz M.Bayramovu bizdən sonra gələn nəsillər də tanısın, sevsin, fəxr etsin.
Və sonda uca Allahdan Məhyəddin müəllimə rəhmət diləyirəm.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














