
Xəbərlər
20.09.2026, 22:33
Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Banu Muharrem yazır:
O körpə şəklin var e, hər baxanda sanıram,
Bütün məsum baxışlı körpələr səndən keçir.
Onda yolun yoxuydu, qalmışdın döngələrdə,
İndi özün bir yolsan, döngələr səndən keçir.
Çox dolub, kövrəlmisən, sənlə dolan olmayıb,
Dərdinə güc gəlmisən, ömrün talan olmayıb.
Bilirəm, başın üstə kölgə salan olmayıb,
Böyüyüb Gün olmusan, kölgələr səndən keçir.
Ata, ana yox idi, üşüyürdün sazaqda,
Sənin uşaq ahın var hər sahibsiz uşaqda,
Balaca kənd qızıydın, qalmışdın künc-bucaqda,
İndi özün dünyasan, ölkələr səndən keçir.
Dönüb sənə baxanda öz dərdimə gülürəm,
Özümdən yol çıxmışam, sənə tərəf gəlirəm.
Nə olar ki, ağlama, onda elə bilirəm,
Hər körpəyə toxunan qəlpələr səndən keçir.
Banu Muharrem
Sevil Gül Nur da yazır:
Səndən keçir
Ağlama, balaca qız, baxışın sönük olur,
Bu dünya məsumlara həmişə dönük olur.
Uşaqkən böyüyənin dərdi də böyük olur,
Sən nələrdən keçmisən, gör nələr səndən keçir...
Köhnə xatirələrin alışırsan oduna,
Yazdığın şeirlər də yetə bilmir dadına.
Səni öz atan, anan salmayanda yadına
Doğmalar uzaq gəzir, özgələr səndən keçir...
İndi heç bir təsəlli ovutmaz bu dərd-səri,
Zamansız dən bitirir saçının sığal yeri.
Ömrün hər addımında dönüb baxanda geri
Ağrı olub "kaş ki"lər, "bəlkə"lər səndən keçir...
Unutma, təbiətin güclü səsi də sənsən,
Yer üzünü isidən xoş nəfəsi də sənsən,
Dünyanın əvvəlinci möcüzəsi də sənsən,
Bütün ilahi adlar, simgələr səndən keçir...
Demə, bu gələn illər elə yaman gəlir ki...
Onlara elə ümid, elə güman gəlir ki...
Və bir gün elə məqam, elə zaman gəlir ki,
Tanrı özün olursan, bəndələr səndən keçir...
Ağlama, balaca qız, gör nələr səndən keçir...
19. 09. 2026.
Sevil Gül Nur
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

