YADDAŞLARDA YAŞAYAN DƏYƏRLİ ALİM, ƏSL ZİYALI
YADDAŞLARDA YAŞAYAN DƏYƏRLİ ALİM, ƏSL ZİYALI

Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqələrinə, Qafqaz Albaniyasının mədəniyyət tarixinə böyük töhfələr vermiş filologiya elmləri doktoru, professor Voroşil Levonoviç Qukasyanın anadan olmasının 90 ili tamam olur.
Milliyətcə udi əsilli olan Voroşil Qukasyan 1932-ci il yanvarın 9-da Qəbələ (keçmiş Qutqaşen) rayonunun Nic kəndində anadan olmuşdur. Orta təhsilini Nicdə almış Voroşil Qukasyan 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, 1955-ci ildə təhsilini başa vurararq Qəbələdə çıxan “Bolşevik mübarizi” rayon qəzetində çalışmışdır. Gənc yaşlarından onun respublikamızın bir sıra qəzet və jurnallarında xeyli sayda məqalə və felyetonları dərc edilmişdir.
Voroşil Qukasyan bir müddət “Siyəzən işçisi” qəzetində məsul katib, daha sonra Azərbaycan SSR Elmlər Akademiyasında nəşriyyat redaktoru vəzifələrində çalışmışdır.

1960-cı ilin əvvəllərində o, Akademiyanın Nəsimi adına Dilçilik İnstitutuna işə qəbul olunmuşdur. Əmək fəaliyyətinə başladığı elə ilk günlərdən dilçilik məsələləri, xüsusən də respublikamızın azsaylı xalqlarından sayılan udilərin dili, Qafqaz albanlarının əlifbası, o cümlədən Qafqaz albanlarının erkən orta əsr epiqrafik yazılı abidələri ilə maraqlanmağa başlamışdır.
Voroşil Qukasyan doğulub boya-başa çatdığı Nic kəndində, Oğuz rayonunda yaşayan udilərin dilini müqayisəli şəkildə öyrənmiş, tədqiq etmiş, səmərəli ümumiləşdirmələr aparmış, dil materialları vasitəsilə tarixi hadisələri öyrənməyə çalışmışdı. O, qədim alban tayfaları haqqında daha ətraflı məlumat almaq üçün keçmiş SSRİ-nin bir çox şəhərlərində – Moskva, Leninqrad, Nalçik, Qroznı, Yerevan və Tbilisidəki arxivlərdə elmi araşdırmalar aparmışdır.
Onun 1960-ci illərdə “Udi dilində qohumluq terminləri”, “Qədim Ağvan əlifbası və udi dili haqqında”, “Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqələrinə dair” və s. kimi elmi məqalələri Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərlərində dərc edilmişdi. “Alban yazılarının tarixindən” adlı irihəcmli məqaləsi isə Parisdə fransız dilində dərc olunmuşdur.
Voroşil Qukasyanın namizədlik dissertasiyası “Udi dilinin Nic dialektinin fonetik və morfoloji xüsusiyyətləri” mövzusunda idi. O, bu mövzu üzərində səmərəli axtarışlar apararaq, 1966-cı ildə Tbilisi Dövlət Universitetində namizədlik işini uğurla müdafiə etmişdir.
Dilçiliyimizdə az işlənmiş, həllini gözləyən sahələrdən biri də Azərbaycan dilinin qohum olmayan dillərlə əlaqəsi problemidir. Voroşil Qukasyanın filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqəsi” mövzusunda yazdığı doktorluq dissertasiyası məhz bu aktual məsələyə həsr olunmuşdur ki, görkəmli alim onu da 1973-cü ildə uğurla müdafiə etmişdir.
Onun 1974-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap olunmuş altı minə yaxın söz, minə yaxın söz birləşməsi, o cümlədən frazeoloji və idiomatik ifadəni əhatə edən “Udincə – azərbaycanca-rusca lüğət”i də dillərin qarşılıqlı əlaqəsini öyrənmək baxımından çox əhəmiyyətli və əvəzedilməzdir.
Voroşil Qukasyanın son əsəri Vaqif Aslanovla birgə yazdığı “ Исследования по истории азербайджанского языка дописьменного периода” (Баку,” Элм”, 1986 г.) monoqrafiyasıdır.
Məlumat üçün onu da qeyd edək ki, Voroşil Qukasyanın yazdığı elmi məqalələr, kitablar, monoqrafiyalar sovet dönəminin məhsulu olsa da onlar öz aktuallığını, elmi yeniliyini bu gün də qoruyub saxlamaqdadır.
O, ali məktəblərin filologiya fakültələrində “Ümumi dilçilik” fənnindən dərs demiş və ardıcıl olaraq bir neçə il də Dövlət İmtahan Komissiyasına sədrlik etmişdir.
Professor Voroşil Levonoviç Qukasyan 1986-cı il oktyabrın 11-də yaradıcılığının çiçəkləndiyi bir vaxtda – 54 yaşında dünyasını dəyişmişdir.
1992-ci il yanvarın 11-də tanınmış dilçi alim, mərhum Voroşil Qukasyanın Qəbələnin Nic qəsəbəsində 60 illik yubileyi qeyd olunmuşdur. Nic qəsəbə Mədəniyyət Evində keçirilən tədbirdə akademik Ziya Bünyadov başda olmaqla Bəkir Nəbiyev, Cahangir Qəhrəmanov, Xalid Əlimirzəyev, Qara Əhmədov, Fəridə Məmmədova, Ədalət Tahirzadə, Fazil Əhmədov, Hamayak Koasari və Qəbələ rayon rəhbərliyinin nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən natiqlər Voroşil Qukasyanın xatirəsini ehtiramla yad etmiş, onu elmin şərəfini, ziyalı adının hörmətini gözləyən, istedadlı, obyektiv alim kimi dəyərləndirmişdilər.
Çıxışlarda o da dönə-dönə vurğulanmışdır ki, Voroşil müəllimin xitabət kürsüsündən söylədiyi elmi məruzələr həmişə alimlər tərəfindən maraqla qarşılanardı.
Professor Voroşil Qukasyanın doğma kəndi Nicdə keçirilən bu tədbir onun alimliyinə, şəxsiyyətinə, böyüklüyünə verilən dəyər idi. Bu, həm də respublikamızda yaşayan milli azlıqlara, o cümlədən udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığına, Azərbaycanın dünyada tolerant ölkə kimi tanındığına ən gözəl nümunə idi.
Voroşil Qukasyan respublikamızın dilçi alimləri, ziyalıları arasında sayılıb-seçilən, habelə insanlığın çox sayda müsbət cəhətlərini özündə yaşadan alimlərdən idi. İlk baxışdan sakit görünsə də böyük ürəyi, sadəliyi, insanpərvərliyi vardı. O, həmişə Qəbələli olmağı ilə fəxr edərdi. Əbəs yerə deyildir ki, o, hələ gənclik illərindən yazdığı məqalələrini də “Voroşil Qutqaşenli” imzası ilə dərc etdirərdi.
Mən onun haqqında ilk dəfə 1969-cu ildə Qəbələdə çıxan “Qalibiyyət” rayon qəzetində işləyərkən eşitmişdim. O vaxtlar qəzetdə Jora Koçaryan adlı redaktor mavini işləyirdi. O, bizə həmkəndlisi, professor Voroşil Qukasyan haqqında maraqlı söhbətlər edərdi. Rayon Partiya Komitəsində işləyən Roza xanım Qazaryan da Voroşil Qukasyan haqqında yaxşı sözlər söyləyərdi.
AMEA-nın Tarix İnstitutunda Arxeologiya və Etnoqrafiya bölməsinin rəhbəri, tarix elmləri doktoru Qara Əhmədov adlı bir sanballı alim işləyirdi. O, mənim həmkəndlim idi. Mən 1972-ci ildə “Kommunist” qəzetində işləyərkən hərdən onun yanına gedərdim. Bir dəfə onun iş otağında oturub söhbət edərkən qapı açıldı, içəriyə hündürboy, nurani bir kişi daxil oldu. Qara müəllim ayağa qalxıb Voroşil Levonoviç, xoş gəlmisiniz – deyə ona əl uzatdı. Bax, ilk dəfə o böyük alimi mən orada görürdüm. Birisi tarixçi, digəri isə filoloq olan bu iki alim arasında çox maraqlı, elmi mövzuda söhbətlər gedərdi...
Uca dağların əzəmətini onun ətəklərindən görmək mümkün deyil. Dağdan uzaqlaşdıqca isə onun əzəmətini daha aydın görürsən. Parlaq zəka, böyük qəlb sahibi olan insanlar da belədir. Zaman onları bizdən uzaqlaşdırdıqca nəhəng simaları gözlərimiz önündə daha aydın canlanır.
Qafqaz Albaniyasının mədəniyyət tarixinə dair araşdırmalar aparmış, özündən sonra zəngin irs qoyub getmiş udi xalqının görkəmli oğlu, filologiya elmləri doktoru, professor Voroşil Levonoviç Qukasyan da bax, belə şəxsiyyətlərdən idi.
Akif HACIYEV,
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Azərbaycan dili və
pedaqogika kafedrasının dosenti.

Son xəbərlər

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031