
Xəbərlər
26.05.2026, 02:13
HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO
HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR...
Həqiqətin sevgi şeirlərinin poetik duyumuna baxış...
Azərbaycan poeziyasında sevgi mövzusu hər zaman öz aktuallığını qoruyub saxlayan mənəvi mövzulardan biri olub. Həmdə məhəbbət mövzusu Azərbaycan poeziyasında ən çox işlənən, lakin hər şairin öz ruhu ilə fərqləndirdiyi əbədi mövzulardan biridir.Lakin sevgini yazmaq başqa, onu yaşanmış duyğu kimi oxucuya hiss etdirmək isə tamam başqa məsələdir.
Bu gün müasir poeziyamızda yetərincə sevgi şeirlərinə müraciət edən şairlərimiz var. Onların hər birinin duyum və yaşam hissinə görə qələmə aldığı sevgi şeiri həmişə maraqla qarşılanıb. Bu gün onlardan biri haqqında, Həqiqət Qaraliyevanın yaradıcılığından bu yazı üçün seçib götürdüyüm bir neçə şeirindən söz açıb, həmin şeirlərdə duyulan yaşantının içdən gələn səmimiyyətindən danışacağıq. Çünki gözəl şairimiz Həqiqət Qaraliyevanın şeirlərində məhəbbət mövzusu demək olar ki, əsas xətt kimi keçir. Onun şeirlərində qarşılıqsız sevgi, peşmanlıq, həsrət və daxili etiraf duyğularıdır. Həqiqət xanımın misralarında klassik məhəbbət lirikasının səmimiyyəti açıq hiss olunur. Çünki, Həqiqət xanımın misralarında pafosdan çox nisgil, süni bədii oyunlardan çox ürək ağrısı yaşayır.
Odur ki, onun səhifəsindən seçib götürdüyüm “GƏLMƏDİN” və “BAĞIŞLA MƏNİ” şeirlərində sevgi təkcə duyğu deyil, həm də insanın daxili hesabatı, vicdan və taleyi kimi təqdim olunub. Onun misralarında ayrılığın ağrısı, peşmanlığın sızıltısı və itirilmiş sevgiyə dönüş arzusu xüsusi emosional çalarlarla ifadə edilir.
“Gəlmədin” şeirində lirik qəhrəman sevdiyi insana həm müraciət edir, həm də onun yoxluğunun yaratdığı boşluğu yaşayır. Şeirin ilk bəndindən etibarən oxucu səmimi etirafla qarşılaşır:
"Hər zaman nazınla oynadım sənin,
Nəvaziş ünvanı yalnız tək səndin,
Söylə hara getdin, geri gəlmədin
Səni çox sevmişdim,ay üzü dönmüş."
“Söylə hara getdin, geri gəlmədin
Səni çox sevmişdim, ay üzü dönmüş misrasında - “ay üzü dönmüş”- ifadəsi klassik xalq şeirindən gələn poetik müraciət formasıdır. Şair sevgilinin dəyişməsini, uzaqlaşmasını qınaqla deyil, nisgillə ifadə edir. Bu isə şeirin emosional təsirini artırır.
Şeirin əsas üstünlüklərindən biri süni bəzəkdən uzaq olmasıdır. Həqiqət xanım sevgini pafosla deyil, yaşanmış hiss kimi təqdim edir.
"Demirəm eşq məni yandırır, yaxır,
Demirəm gəl sənsiz dünyam dağılır,
Xəyallar, xülyalar səni andırır,
Səni çox sevmişdim,ay üzü dönmüş."
“Xəyallar, xülyalar səni andırır” misrası sevginin yaddaşda yaşayan kölgəsini göstərir. Yəni sevgili artıq həyatda yoxdur, amma onun xatirəsi şairin düşüncəsində yaşayır.
Şeirin son bəndində müəllif öz adını poetik şəkildə misraya gətirir:
"Həqiqət mehrini sənə salmışdı,
Eşqinin sehrini səndə tapmışdı,
Qüssə, qəhərini sənlə danmışdı,
Səni çox sevmişdim,ay üzü dönmüş."
“Həqiqət mehrini sənə salmışdı,
Eşqinin sehrini səndə tapmışdı...”-misrasında müraciət klassik aşıq və qəzəl ənənəsini xatırladır. Şair özünü kənardan izləyirmiş kimi təqdim edir və bununla hisslərini daha da səmimiləşdirir.
Şairin “BAĞIŞLA MƏNİ” şeiri isə artıq sevginin başqa mərhələsidir. Burada ayrılıqdan çox peşmanlıq və daxili etiraf hiss olunur. Lirik qəhrəman sevgilisindən bağışlanmaq istəyir. Şeir boyu “bağışla məni” ifadəsinin təkrarlanması həm yalvarış, həm də vicdan ağrısı təsiri yaradır.
"Yazdım ürəyimə bir, tək adını,
Səndə tapdım təkcə, eşqin dadını,
Birgə içdik eşqə əhdin andını,
Etdiyim əhdimə, bağışla məni."
Burada şair sevgi yolunda, sevgisinin adını ürəyinə "yazmaq" , "eşqin dadını" çıxarmaq və sevgidən qazanılan əhd "andı" içmək, indi isə o anda xatir baxışlanmaq istəməsi adi bir sevgi ağrısının yaratdığı etirafıdır.
Şair daha sonra yaşadığı sevgi hicrindən söz açır;
Hər zaman gizlində,hicrində yandım,
Xəyallar, xülyalar içində yandım,
Alışdım sevgimin sehrində yandım,
O yatan bəxtimə, bağışla məni.
Şair sevgi sehrinin xəyallar içində alışıb yanma etirafını çox təbii verib.
Sonrakı bənddə şair sevgisində günahlarını sadalayır:
"Bəlkə sözlərimlə, xətrinə dəydim,
Bəlkə hiss etmədən, vüqarın əydim,
Bəlalı dilimdən cəzanə gəldim,
Lal olan dilimə, bağışla məni."
“Bəlkə sözlərimlə, xətrinə dəydim,
Bəlkə hiss etmədən, vüqarın əydim...”- misralarda insanın sonradan etdiyi səhvləri dərk etməsi göstərilir. Şair sevgidə yalnız hissləri deyil, məsuliyyəti də ön plana çəkir. Bu baxımdan şeir sırf romantik yox, həm də psixoloji çalar daşıyır.
"Həqiqət həsrətdən saraldı, soldu,
Eşqindən Leyli tək, eldə xar oldu,
Qayıt gəl əzizim, yaz-bahar oldu,
Sənli günlərimə, bağışla məni."
“Həqiqət həsrətdən saraldı, soldu”- misrası isə klassik Şərq poeziyasının təsirini hiss etdirir. Burada Leyli-Məcnun motivinə işarə edilməsi eşqin böyüklüyünü və iztirabını simvolizə edir.
Ümumilikdə Həqiqət xanımın bu şeirlərində diqqət çəkən əsas xüsusiyyətlər aşağıdakılardır.
Səmimi və təbii duyğular, klassik sevgi lirikasına bağlılıq, xalq şeiri üslubuna yaxın ifadələrinin məharətlə istifadəsi və təkrarların yaratdığı emosional axıcılıq. Bütün bunlarda həsrət, peşmanlıq və sədaqət motivləri çox güclü verilib.
Bu şeirlər oxucunu mürəkkəb fəlsəfi düşüncələrlə deyil, yaşanmış hisslərin sadəliyi və içdən gələn ağrısı ilə təsirləndirir. Elə buna görə də Həqiqət xanımın sevgi şeirlərində oxucu öz həyatından bir parça tapa bilir.
Bu yazı üçün şairimizin səhifəsindən seçib götürdüyüm daha iki, - "SƏNLİ GÜNLƏRİM" və "NƏ TEZ UNUTDUN" - şeirlərdə artıq sevginin təkcə həsrəti deyil, həm də zamanın dəyişdirdiyi insan münasibətlərinin ağrısı görünür. Əvvəlki şeirlərdə daha çox nisgil və peşmanlıq vardısa, burada xatirə, unudulmaq qorxusu və vəfasızlıq hissi ön plana keçir. Həqiqət xanımın poetik dünyasında sevgi sadəcə romantik duyğu deyil, ömrün taleyini dəyişən mənəvi hadisə kimi təqdim olunur.
“Sənli günlərim” şeirində ilk diqqəti çəkən cəhət təbiətlə duyğuların paralel verilməsidir:
"Çölə yağış yağır, fikrimdə sənsən,
Qəlbimdə həsrətim, gözümdə nəmsən,
Xəyalımdan bir an çəkilməyirsən,
Sənli günlərimi, xatırlayıram."
“Çölə yağış yağır, fikrimdə sənsən,
Qəlbimdə həsrətim, gözümdə nəmsən...”-deməklə şair, yağışı adi təbiət hadisəsi kimi vermir. Şair burada yağışla daxilindəki kövrəkliyi, xatirələrin islanmış ovqatını simvolizə edir. “Gözümdə nəmsən”- ifadəsi həm göz yaşını, həm də sevgidən qalan yaşantını poetikləşdirir. Şair təbiəti hisslərin dili ilə danışdırır.
"Sən də yağış kimi, qəfildən gəldin,
Dağlardan selləmə, səpildin gəldin,
Ömrümə bənövşə ətirli gəldin,
Şənli günlərimi, xatırlayıram."
Şeirin ən uğurlu misralarından biri də budur: -“Ömrümə bənövşə ətirli gəldin...”.
Bu ifadədə sevgili bahar təravəti, zəriflik və gözəllik simvoluna çevrilir. Bənövşə obrazı Azərbaycan poeziyasında incə duyğuların rəmzidir. Şair sevgilinin həyatına gəlişini sadəcə bir insanın gəlişi kimi deyil, ömrün rəng dəyişməsi kimi təqdim edir.
"O gün də, bir gündü, Həqiqət gördü,
Sən getdin, bəxtimin, çırağı söndü,
Yaşam həvəsim də, səninlə öldü,
Qəmli günlərimi, xatırlayıram."
Lakin şeirin son bəndində ovqat tamam dəyişir:-“Sən getdin, bəxtimin çırağı söndü,
Yaşam həvəsim də, səninlə öldü..".
Burada artıq sevgi həyat enerjisi ilə eyniləşdirilir. Sevgilinin gedişi yalnız ayrılıq yox, həm də daxili çöküş kimi təqdim olunur. “Bəxtimin çırağı söndü”- misrası klassik poetik ifadə olsa da, şeirin ümumi emosional yükü ilə uyğunlaşma təsiri bağışlayır.
Şairin, - “Nə tez unutdun” - şeiri isə daha çox giley və hesabat xarakteri daşıyır. Burada şair sevgilinin dəyişməsinə təəccüb edir :
"Dünya hey fırlanır, səssiz- səmirsiz,
Onun yaşaması belədir hərgiz,
Bir vaxt söyləyərdin mənə, birik biz,
Axı bu sözləri, nə tez unutdun?!"
Şeirin əsas emosional dayağı təkrarlanan sualdır:-“Axı bu sözləri, nə tez unutdun?!”
Bu təkrar həm ritm yaradır, həm də daxili sarsıntını gücləndirir. Şair keçmişlə indiki zaman arasında müqayisə aparır. Vaxtilə birlik, sədaqət və əbədiyyət vəd edən sevgidən indi yalnız xatirə qalıb.
"Evdən qoşa çıxıb, qoşa gəzərdik,
Sevincə hay verib, qəmi üzərdik,
Sən məni, mən səni birgə bəzərdik,
Axı bu sözləri, nə tez unutdun?!"
Şeirdə sadə danışıq üslubunun olması da diqqət çəkir. Misralar xalq şeirinə yaxın ahənglə qurulub:
“Evdən qoşa çıxıb, qoşa gəzərdik,
Sevincə hay verib, qəmi üzərdik...”
Bu sadəlik şeiri oxucuya yaxınlaşdırır. Oxucu burada bəzədilmiş poetik oyunlardan çox, yaşanmış həyat hiss edir.
"Cavanlıq ömrümü, sən verdin bada,
Məni bilərəkdən satdın sən yada,
Deyirdin gəlməsin, sənə bir qada,
Axı bu sözləri, nə tez unutdun?!"
Vəfasızlıq, etibarsızlığı simvolizə edən şair daha sonra deyir;
"Həqiqət bu eşqdən ox alıbdı, ox,
Dərdi də vermisən söyləməyib yox,
Məni unudurdun unut, eyib yox,
Axı bu sözləri, nə tez unutdun?!"
Son bənd artıq Həqiqət xanımın poetik xarakterini daha aydın göstərir:
“Məni unudurdun unut, eyib yox,
Axı bu sözləri, nə tez unutdun?!”
Burada qürurla ağrının qəribə bir vəhdəti var. Şair bir tərəfdən barışırmış kimi görünür, digər tərəfdən isə unutmağın bu qədər asan olmasına inana bilmir.
Ümumilikdə bu şeirlərdə aşağıdakı xüsusiyyətlər daha qabarıq görünür.
Xatirə və nostalgiya hiss, təbiət obrazları ilə daxili aləmin əlaqələndirilməsi. Xalq şeirinə yaxın ritm və dil, səmimi etiraf və daxili monoloq, vəfasızlıqdan doğan mənəvi sarsıntı.
Həqiqətin şeirləri mürəkkəb metaforalar üzərində qurulmur. Onun əsas gücü hissləri sadə, anlaşıqlı və ürəyə toxunan şəkildə ifadə etməsindədir. Bu isə sevgi lirikasında ən çətin və ən qiymətli keyfiyyətlərdən biridir.
Həqiqətin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri də ağır fəlsəfi konstruksiyalara meyl etməməsidir. O, mürəkkəb metaforalarla deyil, yaşanmış hisslərin təbii axarı ilə təsir etməyə çalışır. Bu sadəlik isə bəzən ən böyük poetik gücə çevrilir.
Şairin şeirlərində klassik sevgi lirikasının nəfəsi hiss olunur. Xalq şeirinin ahəngi, aşıq poeziyasına yaxın müraciət formaları və səmimi etiraf üslubu onun poetik dünyasının əsas xüsusiyyətlərindəndir. Elə buna görə də bu misraları oxuyarkən oxucu yalnız şairin hisslərini deyil, öz həyatından keçən duyğuları da xatırlayır.
Sevgi mövzusu poeziyada ən çox işlənən mövzulardan biridir. Amma hər sevgi şeiri oxucunun qəlbində iz buraxmır. Həqiqətin şeirlərində isə oxucuya toxunan əsas məqam məhz hisslərin təbii və içdən gələn şəkildə təqdim olunmasıdır. Bu poeziyada sevgi yalnız romantik duyğu deyil, həm də insan taleyinin ağrılı yaddaşı kimi yaşayır.
Həqiqət xanımın yaradıcılığında daha bir gözəl üslubu özüm üçün müəyyən etmişəm. Bəndləşmə, yəni deyişmə.
Bilirik ki bəndləşmə, yəni növbəli şəkildə şairlər arasında şeirin bəndlərini tamamlaması, bir-birinə bədahətən cavab verməsi kimi başa düşülür. Bu aşıq şeirində (əsasən qoşma, gəraylı və təcnislərdə) iki və ya daha çox aşığın qarşı-qarşıya gələrək bir-birinə cavab verməsi üzərində qurulur. Bu kimi yarışlar canlı gedir. Bu proses həm də aşıqların öz bilik, mərifət və bacarıqlarını sınadığı bədii yarış, söz savaşı xarakteri daşıyır. Bu şairlər arasında da geniş yayılıb. Şairlər əvvəlcədən müəyyən edilmiş heca vəzninə və qafiyə quruluşuna ciddi əməl edərək bu cür özlərini sınayırlar. Bu da ədəbiyyatşünaslıqda şeirin quruluşundan, misraların qruplaşmasından əmələ gələn bənddə (şeir bəndi) gətirilməsi, termin olaraq bəndləşmə adlandırmaq olar.
Ədəbiyyat tariximizdə bu ənənə xüsusilə Deyişmə janrı ilə məşhurdur və şifahi poeziyamızın ən maraqlı səhifələrindən sayılır.
Həqiqət xanımın da bu üslubda bir çox şairlərlə yaradıcılıq nümunəsi var. Ən çox da dəyərli şairimiz Fərhad Abuzoğlu ilə baş verib.
Sonda gözəl şairimiz Həqiqət xanım Qaraliyevanın bir bəndləşməsini Dəyərli dostlarımızın ixtiyarına verirəm.
Şair Fərhad ABUZƏROĞLU.
Ay qız bir gün gedərsən Borçalı torpağına
Bəzənib ceyran kimi çıxarsan dağlarına
Bir az hava isinsə enərsən bağlarına
Gəzişəndə elə gəz,ovçu görməsin səni.
Şair Həqiqət QARALİYEVA
Oğlan bir gün gedəcəm,Borçalı torpağına
Həsrət qalmışam onun dağlarına,bağına,
İnan ki, səbəb yoxdur narahat olmağına
Biz tərəfdə ovçular güllə atmır ceyrana.
Şair Fərhad ABUZƏROĞLU .
Yaraşıq ver bağina alma heyva nar kimi
Ağaclar səni bilsin yetirdiyi bar kimi
Ay qız elə geyin ki ağappaq ol qar kimi
Meyvə sanarlar səni sonra dərərlər səni
Şair Həqiqət QARALİYEVA
Hər ağacın öz barı, hər gülün öz adı var
Hər meyvənin öz rəngi, öz tamı var,dadı var
Hər kəsin öz sevdiyi,sevgilisi yarı var
Burda sadiq qalırlar bağlanan əhd peymana.
Şair Fərhad ABUZƏROĞLU .
Fərhad Salam göndərir sənə Ağsu elindən
Bircə dəfə düsmədin dodağindan dilindən
Gəl mənə qismət eylə Borçalının gülündən
Qorxuram o çicəyi başqasına verərlər
Şair Həqiqət QARALİYEVA
Borçalıdan Ağsuya Həqiqət səfər edər
Qulluğunda dayanar,hey başına hərlənər
Birgə ömür yolumuz gülçiçəklə bəzənər
Fikir edib qəm yemə,qəsd etmə şirin cana.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















