
Eşitmə və nitq məhdudiyyətli gənclərin iştirakı ilə “Qarabağ” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib
Noyabrın 10-da Nizami Kino Mərkəzində Zəfər Günü münasibətilə “Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək” təşkilatı və Respublikanın Əməkdar artisti Aygün Bəylər, eyni zamanda eşitmə və nitq məhdudiyyətli gənclərin iştirakı ilə “Qarabağ” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən təşkilatın rəhbəri Şamil Sabirzadə bildirib ki, klipin çəkilməsində məqsəd eşitmə və nitq məhdudiyyətli gənclərin Vətənə olan sevgisi və onların da Zəfər Gününə olan diqqətini cəmiyyətə çatdırmaq, həmçinin həmin gənclərin cəmiyyətə daha fəal inteqrasiyası, onların öz həmyaşıdları ilə aralarında heç bir fərqinin olmadığını göstərmək olub: “Hər bir azərbaycanlı kimi onların da qəlbi Vətən eşqi ilə döyünür və Qarabağı azad görmək arzusu ilə yanıb tutuşurdu. Onlar da Qələbəmizi böyük sevinc və fərəh hissi ilə qeyd edirlər”.
“Səssizlik fərq deyil, eynilikdir”, - deyə Ş.Sabirzadə fikirlərinə yekun vurub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin eşitmə məhdudiyyətli şagirdlərindən ibarət xor dərnəyinin üzvləri təşkilatın jest dili təlimçisi və tərcüməçisi Könül Quliyevanın müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini jest dilində səsləndiriblər.
Sonra Könül Əlibəylinin “Ey şəhidim” şeiri jest dilinə tərcümə ilə səsləndirilib, eşitmə və nitq məhdudiyyətli uşaqların iştirakı ilə “Şuşanın alınması” tamaşası nümayiş etdirilib.
Daha sonra “Qarabağ” mahnısına çəkilmiş klip təqdim edilib.
Əməkdar artist Aygün Bəylər klipin çəkilişi zamanı çox fərqli hisslər yaşadığını, ilk dəfə belə kollektivlə işlədiyini deyib: “Bu, mənim üçün çox gözlənilməz və təsirli oldu. Heç zaman işləmədiyim kollektivlə çox gözəl bir iş ərsəyə gəldi. Eşitmə və nitq məhdudiyyətli gənclər çox ürəklə iştirak etdilər. Bu mahnı neçə illərdir oxunsa da, klipi yox idi. Klipin Zəfərimizin ildönümü münasibətilə fərqli bir kollektivlə ərsəyə gəlməsi mənim üçün çox xoş oldu. Vətəni sevməyə heç bir məhdudiyyət əngəl ola bilməz. Eşitmə və nitq məhdudiyyətlilər də bizim cəmiyyətin bir parçasıdır, onlar da öz sevgilərini, kədərlərini bizim kimi ifadə etmək qabiliyyətinə malikdirlər. Zəfərimiz münasibətilə hər kəsi təbrik edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Belə gözəl missiyaların, cəmiyyətimizdə bərabərliyi nümayiş etdirən tədbirlərin davamlı olmasını diləyirəm”.
Ssenari müəllifi və rejissor Orxan Bektaş klipin qısa zamanda ərsəyə gəldiyini və eşitmə və nitq məhdudiyyətli gənclərin Zəfərimizin ildönümünə bir töhfəsi olduğunu deyib.
Digər çıxış edənlər də ekran işinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, belə layihələrin davamlı olmasını diləyiblər.








Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











