Azərbaycanda ekoloji vəziyyət diqqət mərkəzindədir
![]()
Son bir əsrdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən çox istismarı ilə nəticələnmişdir. Bununla əlaqədar, müstəqil Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması diqqət mərkəzindədir.
Azərbaycan müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almışdır.
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Son zamanlar ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına bariz nümunədir.
Azərbaycan ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkəyə əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantıllarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərdə dəyərli tədbirlər həyata keçirir.
Azərbaycan üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətdə tədbirlər görülür.
Belə ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” milli proqramlar, həmçinin “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair Dövlət Proqramına daxil edilmiş tədbirlər ardıcıl həyata keçirilir.
Azərbaycan Prezidentinin 2006-ci il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin müxtəlif bölgələrinin, əsasən də Bakı şəhər və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində ETSN tərəfindən məqsədyönlü tədbirlər görülür.
Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəcamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınaraq Abşeron yarımadasının şimal hissəsinin 61-km-lik sahil zolağında quraşdırılıb və istismara buraxılmışdır.
Azərbaycan Xəzəryanı dövtlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə bu cür kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələri ləğv ediləcəkdir.
Xalqımzın rifahının yüksəldilməsinə yönəldilmiş ardıcıl tədbirləri davam etdirən Azərbaycan 2007-ci il 20 iyun tarixində “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatınının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sənəd qəbul etmiş və bununla da Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə qısa müddət ərzində konkret tədbirlər görmüşdür. Belə ki, 2007-2008-ci illər ərzində 100 ədəd təmizləyici qurğu ölkəyə gətirilmiş, Kür və Araz çaylarının kənarında yerləşən kəndlərdə quraşdırılmış və ətrafında abadlaşdırma işləri həyata keçirilmişdir. Hazırda bu işlər uğurla davam etdirilməkdədir.
Azərbaycan da ölkəmizin təbii örtüyünün olduğu kimi, toxunulmaz vəziyyətdə saxlanılmasına da böyük diqqət və qayğı göstərir. Elə bunun nəticəsidir ki, qısa zaman ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində böyük nəticələr əldə olunmuşdur.
2003-2008-ci illər ərzində Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş müvafiq sərəncamların icrası ilə əlaqədar Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478000 ha-dan 748402,7 ha-a çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 8,7%-ni təşkil edir.
Azərbaycan ekologiya və ətraf mühitin qorunması, biomüxtəlifliyin, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyət beybəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Ziyadxan Nəbibəyli
Prezident mükafatçısı,
AYB-nin, AJB-nin üzvü,
Qarabağ Müharibəsi Veteranı,
Yazıçı-publisist, t.e.d, professor
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









