
Xəbərlər
1.07.2026, 14:54
ŞƏFAQƏT RƏSULOV – 75
MÜDRİKLİK ZİRVƏSİNDƏ
(Sevdiyim İNSAN haqqında təbrik sözü)..
Dünya şöhrətli alimimiz, şəxsiyyətinə və dühasına hədsiz məhəbbət bəslədiyim akademik Azad Mirzəcanzadə (fəxr edirəm ki, onun haqqında kitabın müəllifiyəm) həmişə deyərdi ki, “insan aysberq kimidir, görünən və görünməyən tərəfləri var, insanın da görünməyən tərəfləri daha zəngin, daha maraqlıdır”. Bəzən bəlkə də, böyük, tarixdə, yaddaşlarda yaşamağa haqqı çatan şəxsiyyətlərimizi ona görə dəyərləndirə, qiymətləndirə, yaddaşlarda yaşada bilmirik ki, onların məhz görünməyən tərəflərini görə, dərk edə bilmirik...
Görünən tərəfləri, fiziki, cismani parametrləri ilə heç birimizdən fərqlənməyən bu adi insanın qeyri- adi daxili aləmi, Xarakter dünyası haqqında Söz açmaq mənim üçün çox çətindir, çünki həyatda mən onu həmişə ziyalılıq nümunəsi, insanlıq və sadəlik idealı hesab etmişəm, onun zəngin insanlıq, ziyalılıq, pedaqoqluq, xeyirxahlıq, mərhəmət, ədalətlilik və nikbinlik dünyasından bəhrələnmək istəmişəm. Nə qədər, necə bəhrələndiyimi deyə bilmərəm, sadəcə onu deyə bilərəm ki, bu gün də mən ona qibtəylə baxıram, onu təqlid etmək istəyirəm.
O, hələ də mənim üçün çox ucalıqdadır, nümunə götürmək istədiyim örnəkdir, ona görə durduğu zirvəyə yaraşan, onun həqiqi ucalığını əks etdirən söz söyləməkdə, həm də bir kiçik yazıda 75 illik tale yolunda həyatın min-bir dolanbaclarından keçərək, çoxbaşlı əjdaha kimi qarşısını kəsən qüvvələri, maneələri dəf edərək suyunu içdiyi Babadağ kimi müqəddəs insan, nurlu, peşəkar zirvəsinə gələn yolu işıqlandırmaqda çox acizəm... Söhbət böyük ömür-zəhmət yolu keçsə də bu gün də gənclik həyat eşqi və enerjisiylə yaşayan, mübarizə aparan, sürətlə dəyişən zamanda ən çətin dəyər olan- İNSAN və ZAMAN zirvəsindən baxanda yenə də İDEAL hesab edilən, sevilən, seçilən, təkrarsız Müəllim və pedaqoq, təvazökar Ziyalı ŞƏFAQƏT RƏSULOVdan gedir. Hamı kimi adi tale yolu yaşasa da- bax o aysberq kimi, tərcümeyi-halının, şəxsiyyətinin, xarakterinin görünməyən tərəfləriylə o daha böyük və əzəmətlidir.
Hərbi-siyasi çevrilişlər, böhranlar, ziddiyyətli məqamlarda da o, təmkinini, obyektivliyini itirmədi, həmişə dövlətçilik mövqeyində durub daha uzaqlara baxmağı bacardı, bizləri də səhv addımlardan qorudu, çoxlarını qoruya bilib əslində emosional addımlardan çəkindirməklə. Lazım gələn məqamda öz Sözünü deməyi də bacarıb, hətta süngü altında Həqiqəti söyləmək qəhrəmanlığını da yaşayıb. Bu gün də gənclərin ən yaxın dostu və məsləhətçisidir. O, daim sabahı düşünən, onun üçün yaşayan Ziyalıdır, gəncləri isə sabahımız olduğunu duyub düşünən və ruhən yaşayan Şəfaqət müəllim bu gələcəyin daha parlaq olması, daha uca zirvələri fəth etməsi üçün bütün enerjisini, təcrübəsini, mənalı ömrünü fəda etməyə hazırdır. Yaşadığı məkanın, yurdun dərdi-səri ilə yaşayan əsl ziyalı, vətəndaş kimi həmişə öndə olub, lazım olan anda tələb olunan yerdə olmağı, öz sözünü deməyi bacarıb. Mən onu belə görmüşəm, belə tanımışam. Sovet dövründə ağ yalanın əsl həqiqət kimi xalqa sırındığı bir dövrdə də Şəfaqət müəllim Həqiqəti deməkdən çəkinməyib, qorxmayıb. Haqlı olmaq insanı cəsarətləndirir... Haqqın tərəfində olub hər zaman. Bu isə insana yaraşıq verən ən böyük xüsusiyyətdir, dəyərdir.
Böyük ürəkli İNSANın çəkdiyi zəhmət hədər getməyib. Çoxsaylı mükafatlar bəzəyib ömrünü, halal əməyini- “Əməkdar müəllim”, respublikanın ən yaxşı məktəbinin qalibi, ancaq ən böyük mükafatı peşəkar kadr və ləyaqətli insan, əsl Ziyalı kimi qazandığı hörmət və nüfuzdur. Hər zaman dövlət və dövlətçilik mövqeində dayanması ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna gələndə bir ziyalı kimi o salamladı, əsl İsmayıllı sadəliyi və mehribanlığı, nüəllim böyüklüyü ilə salamladı ölkə rəhbərini hətta zarafat eləyib güldülər də, əl-ələ vurdular dədə- baba qaydasında. Bax beləcə sadəlik zirvəsində, milıəti, Vətəni sevən dövlətçi adam olub dostumuz. Çoxlarına da nümunə olub.
Dahilərin fikrincə, insandan vəzifə və var-dövləti çıxdıqdan sonra yerdə qalan onun şəxsiyyətidir. Doğrudan da, çox müdrik və maraqlı fikirdir, elə bil Şəfaqət müəllimin boyuna və xarakterinə biçilib, heç vaxt maddiyat, var-dövlət pərəstişkarı olmayıb, halallığı və ədalətliyilə, nəfsinə hakimliyilə seçilib-sevilib, sadə həyat tərzini hər şeydən üstün tutub, sadəliyi ömrünə yaraşıq bilib. Bəli, “sadəlik-dahilikdir” deyənlər yanılmayıblar... Yaşadığımız zamanın qədrini bilə-bilə zəhmətlə, əməklə yaşamalıyıq, İnsan naminə, Sabah naminə, Övladlarımız naminə. Budur Şəfaqət müəllimin düşüncələri, həyat fəlsəfəsi. Bütün düşündüklərimizin, duyduqlarımızın, hisslərimizin, baxışlarımızın, mövqeyimizin, böyüklüyümüzün ifadəsi- əqlimiz, zəkamız, əməyimizlə yaratdıqlarımızdır...”İnsanın çiyninə götürdüyü Yük nə qədər ağır olsa, torpaqda qoyduğu iz o qədər dərin olar”. Bu dərin izlərdə yaşayacaq qayğıkeş, həssas, xeyirxah ömrü çox dəyərli və fərqli Dostumuzun!...
Tanınmış pedaqoq İsrayıl Həsənovdan ən çox misallar, nümunələr gətirir hər söhbətində gözəl natiqliyi olan Şəfaqət m. Tale elə gətirdi ki məhz İsrayıl Həsənovun adını daşıyan məktəbə 20 il uğurla rəhbərlik edərək məktəbə ad-san qazandırdı, İsrayıl müəlimin ruhunu sevindirdi. Hər dəfə onu zəmanəmizin İ. Həsənovu adlandırıram.. Belə klassik pedaqoqu indi çox çətindir qarışıq zəmanəmizdə tapmaq.
Torpağına, el-obasına ürəkdən bağlı böyük zəkalı insan kimi rayonun, millətin yaxşılarını sevməyi və sevdirməyi bacarır, bunu təbii şəkildə ürəkdən edir, böyük fədakarlıqla. Onunla həmsöhbət olan adam az müddət ərzində neçə-neçə dahinin, böyük şəxsiyyətlərin adını eşidəcək, onların xidmətlərindən xəbərdar olacaq, çox böyük məsələlərin sadə izahını eşidəcək, dahilik duyulur düşüncə və həyat baxışlarında. Onu taleyimdə, dünyagörüşümdə və yetkinləşməyimdə müstəsna rolu olan dahi alimimiz, nadir Şəxsiyyət Azad Mirzəcanzadəyə bənzədirəm, çox oxşarlıqlar duyuram mürəkkəbliklərin sadə həllini tapmaq intellek və dərrakə sahibi kimi. “Mən” yox, “Biz” fəlsəfəsiylə yaşayan fədakar vətəndaşdır. O yaşadığı yurdun böyük dəyərlərini öz xarakterində, mənəviyyatında yaşadaraq yurdumuzun mənəvi pasportuna çevrilib - bu onun tale xoşbəxtliyi və mükafatıdır!
Əziz qardaşım Şəfaqət müəllim! Müdriklik ifadəsi olan 75 yaşın mübarək! Ömründən, taleyindən, nurundan pay verdiyin insanların əməllərində, yaratdıqlarında, kəşflərində, qəhrəmanlığında yaşanan, cavanlaşan ŞƏFAQƏT Ömrünün, daha uca Zirvələrə ünvanlanan Tale Yolunun 75-cı pilləsi çox mübarək! Daha uca Zirvələrdə görüşənədək!
P.S.
Çox Söz demək istəsəm də, böyük Şəxsiyyət haqqında bunu etmək çətindir. Sözü bu məqamda şəkillərə verirəm- Şəfaqət müəllimlə birgə olduğumuz epizodlar, məkanlar, tədbirlər, məclislər, ortaq dostlar, ziyalılar. Hətta ağır ürək əməliyyatına girməmişdən öncə xəstəxana həyətində dostlarla birgə çəkdirdiyimiz şəkillər.. Burda 1992-1993-cü ldə Qarabağda ön cəbhədə şəkilən şəkillər də var- o çətin anlarda vətənpərvər dostumuz daim ön cəbhədə döyüşən əsgərlərin yanınmda olurdu və bizləi də daim buna sövq edirdi. Müxtəlif məkanlarda, müxtəlif vaxtlarda, müxtəlif insanlarla çəkilən şəkillər. Hamısında biz çox sadə, səmimi, dostcanlı, müdrik, gənclik ruhlu Şəfaqət müəllimi görürük...
XEYRULLA AĞAYEV - dostu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





















