
Azərbaycanda ekoloji siyasətin məqsədi sağlam sabahdır

Azərbaycan zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə olan bir ölkədir. Hazırki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri sağlam vəziyyətə çıxarmağa məcbur etmişdir. Artıq ərtaf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində də öz əksini tapmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də dəyərləndirilə bilər.
Ölkənin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayyət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərlə təsdiq olunmuşdur. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin dayanıqlı olması, ölkə tərəfindən əsas prioritet kimi qəbul edilmişdir. Ölkənin ekoloji vəziyyəti, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Ölkədə inkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.
Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətini aşağıdakı əsas istiqamətlər üzrə dəyərləndirmək olar:
- Ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində ardıcıl tədbirləri davam etdirməklə, mühafizəsinin tənzimlənməsi və davamlı olmasıdır:
- Gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq;
- Ekoloji məsələlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, elecə də mövcud imkanlardan istifadə etməklə həyata keçirmək.
Belə siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələr əsas sayılmalıdır.
– Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istidadə edilməsi;
– İndiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılması təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi:
- Müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;
- Həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii, olduğu kimi qorunub saxlanılması;
- Qısa müddət və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə, həyata keçirilməsi və alternativ imkanların nəzərə alınması;
- Ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məsələyə cəlb edilməsinin genişləndirilməsi;
- Ətraf mühitin hər hansı bir sahədə bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması;
- Ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
- Belnəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrdə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;
- Əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.
Azərbaycan Respublikasında ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazasının yaradılmasını, ətraf mühit üzrə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə vacib layihələrin tədricən həyata keçirilməsini qeyd etmək olar.
Respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə də yeni metod və prinsiplər üzə çıxarılır. Bu baxımdan ETSN tərəfindən hazırlanmış “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram ekoloji siyasəti daha da təkmilləşdirilmiş səviyyədə özündə əks etdirərək, onun tətbiq edilməsi üçün imkanlar yaratdı.
Əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması mühüm məsələlərdəndir. Son illər Azərbaycan Respublikasının Milli Məclis tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə uğurlu fəaliyyət üçün böyük imkanlar açır.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Senayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və digər təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə də iki tərəfli əməkdaşlıqlar qurulur və davam etdirilir.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Azərbaycan Respublikası bu günə kimi 20-dən artıq konvensiyaya qoşulmuş, müvafiq sənədlər imzalamışdır.
Bütün bu işlərin həyata keçirilməsi məqsədi Azərbaycanda sağlam sabaha xidmətdir.
Ziyadxan Nəbibəyli
Prezident mükafatçısı,
AYB-nin, AJB-nin üzvü,
Qarabağ Müharibəsi Veteranı,
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











