Turaztv.az » Xəbərlər » SÖZÜNƏ SADIQ, QƏLƏMİ KƏSKİN BİR ZİYALI – HÜSEYN İSAOĞLU
Xəbərlər

SÖZÜNƏ SADIQ, QƏLƏMİ KƏSKİN BİR ZİYALI – HÜSEYN İSAOĞLU

10.09.2026, 11:21 3
Bəzən insanı tanımaq üçün 65 il gözləmək lazım gəlirmiş...

İnsan həyatda elə adamlarla qarşılaşır ki, onlarla tanışlığın nə vaxt və necə başlandığı o qədər də mühüm olmur. Əsas məsələ həmin tanışlığın zaman keçdikcə hansı münasibətə, hansı mənəvi yaxınlığa çevrilməsidir. Bəzən təsadüfi bir görüş illər sonra səmimi dostluğun başlanğıcına çevrilir.
Hüseyn Məmmədovla – oxuculara daha çox Hüseyn İsaoğlu imzası ilə tanış olan dəyərli qələm sahibi ilə mənim tanışlığım da belə olub.
Şəxsi tanışlığımız elə də uzun illərin söhbəti deyil. Dəyərli qələm dostumuz Pünhan Şükürün oğlunun toyunda dəvətli olduğum bir məclisdə, foyedə siqaret çəkərkən tanış olmuşduq. Sonra bir dəfə də nəşriyyatda rastlaşdıq. Qısa görüşlər, səmimi söhbətlər və xoş ünsiyyət aramızda qarşılıqlı rəğbət yaratdı.


Dostluğumuz sonralar sosial şəbəkədə – Facebook üzərindən bir-birimizi izləməklə davam etdi. Bir dəfə isə yaşadığım qəsəbəyə işləyən ictimai nəqliyyatda qarşılaşdıq. Yol boyu etdiyimiz uzun söhbət, həyat, ədəbiyyat, jurnalistika və insan haqqında fikir mübadiləmiz bizi bir-birimizə daha da yaxınlaşdırdı.
Amma sonralar öyrəndiyim bir məqam bu yaxınlığı mənim üçün daha da maraqlı etdi.
Məlum oldu ki, bu gün haqqında böyük qürur və ehtiramla söz açmaq istədiyim insan – ömrünün müdriklik çağında 65 illik yubileyini qeyd edən, geniş oxucu auditoriyasına malik səmimi və alicənab publisist, dəyərli ziyalı və sadiq dost Hüseyn İsaoğlu Gədəbəy rayonundan olan, dünyasını dəyişmiş bacanağımla yerli imiş. Üstəlik, Hüseyn müəllim, yaşadığım qəsəbədə mənim qohumlarımın demək olar ki, hamısını tanıyırmış.
Bu təsadüf məni Hüseyn müəllimə daha da yaxınlaşdırdı. O vaxtdan onu təkcə jurnalist və yaradıcı insan kimi deyil, həm də şəxsiyyətinə hörmət etdiyim bir qələm dostu kimi sevməyə başladım.
Sonralar ictimai nəqliyyatda bir neçə dəfə yenə qarşılaşdıq. Hər dəfə onun ayaq üstə qalmasına razı olmur, özüm durub ona yer vermək istəyirdim. Buna cəhddə göstərirdim. Səbəbi də sadə idi. Hüseyn müəllim bədəncə iri olduğundan zahirən məndən yaşlı görünürdü.
Bu günlərdə onun 65 yaşının tamam olduğunu eşidəndə isə sanki hər şey öz yerini tapdı...

Deməli, mənim ona hörmətlə “Hüseyn müəllim” dediyim, zahirən məndən böyük bildiyim insan məndən cəmi iki yaş kiçik imiş.
Bəlkə də elə buna görə bir dəfə sosial şəbəkədə yazdığı şərhdə mənə “ağsaqqal” deyəndə keçirdiyim qəribə hissin səbəbini indi daha yaxşı anlayıram.
Etiraf edim ki, mən təbiətcə tərifə o qədər də meyilli deyiləm. Hətta bəzən ünvanıma deyilən xoş sözlər məni sevindirməkdən çox utandırır. “Ağsaqqal” sözü də həmin vaxt məni xeyli sıxmışdı. Hüseyn müəllimin bu şərhinə nə cavab verəcəyimin həmin vaxt xeyli tərəddüdündə oldum...
İndi isə səbəb mənə bəllidir.
Hüseyn müəllim məndən iki yaş kiçikdir!
Beləliklə, “ağsaqqal” sözünün də özünəməxsus bir izahı varmış...

ÖMRÜNÜ SÖZƏ HƏSR EDƏN QƏLƏM SAHİBİ


Hüseyn İsa oğlu Məmmədov 1961-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. 1968–1978-ci illərdə Hacılar kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
1983–1988-ci illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil alıb. Bir müddət müəllim işləyib.
Lakin onun sözə, qələmə, ədəbiyyata və publisistikaya bağlılığı, görünür, tələbəlik illərindən daha əvvəl özünü göstərməyə başlayıb.
Söhbətlərimizin birində öyrənmişdim ki, onun imzası hələ gənclik illərindən “Azərbaycan gəncləri”, “Bakı” və digər dövri mətbuat orqanlarının səhifələrində görünürmüş. Deməli, bu gün tanıdığımız publisistin yaradıcılıq yolunun təməli hələ o illərdə qoyulub.

İllər keçdikcə həmin gənc qələm sahibi öz dəst-xəttini formalaşdırıb, sözə münasibətini müəyyənləşdirib və mətbuatda özünəməxsus yer tutub.
Bu gün Hüseyn İsaoğlunun mətbuatda işıq üzü görən yazılarının oxucular tərəfindən maraqla qarşılanmasının da əsas səbəbi budur. Onun yazılarında sadəcə söz yığını deyil, fikir, müşahidə, həyat həqiqəti və insan taleyi var.
Hazırda “Bütöv Azərbaycan” qəzetində çalışan Hüseyn müəllimin publisistik yazıları dövri mətbuatda mütəmadi dərc olunur. O, bir neçə kitabın müəllifidir. 2024-cü ildə oxucularla sonuncu kitabı – “Anam yuxuma gəlmişdi...” kitabı ilə görüşüb.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Hüseyn İsaoğlu uzun illərdir qələmi ilə sözə xidmət edir.

65 İL – BİR ÖMRÜN SÖZ SALNAMƏSİ


65 il insan ömründə sadəcə rəqəm deyil.
Bu rəqəmin arxasında uşaqlıq, gənclik, müəllimlik, hərbi xidmət, ailə, dostlar, itkilər, sevinclər, mübarizələr və ən başlıcası – insanın özündən sonra qoyduğu mənəvi iz dayanır.
Hüseyn İsaoğlunun 65 illik ömür yoluna nəzər salanda isə həmin salnamənin mühüm səhifələrinin sözlə, qələmlə, qəzetlə, kitabla və publisistika ilə yazıldığını görürük.

Qələm adamının ən böyük sərvəti də elə budur: zaman keçdikcə maddi olan çox şey unudulur, amma səmimi söz, dürüst fikir və ürəkdən yazılmış yazı yaddaşlarda qalır.
Bu gün biz dəyərli ziyalımız, hörmətli qələm dostumuz Hüseyn İsaoğlunun 65 illik yubileyinin astanasındayıq.
Bu əlamətdar gün münasibətilə Hüseyn müəllimi ürəkdən təbrik edir, ona Uca Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.

Qoy qələmi daim iti, sözü həmişə kəsərli, ürəyi isə sözə və insanlara bağlı olsun!
Qoy qarşıdakı illər onun yaradıcılıq yolunun ən məhsuldar, ən parlaq səhifələrinə çevrilsin.
65 illik yubileyin mübarək, əziz Hüseyn müəllim!
Sənə uzun və mənalı ömür, möhkəm cansağlığı və qələminə tükənməz güc arzulayıram!
Dərin hörmət və ehtiramla,
Elxas Comərd
AYB-nin üzvü,
şair-publisist

Oxşar xəbərlər