Xəbərlər
2.08.2026, 01:29
Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO
Bir kəlmə sözü olmayanlar indi “ədəbi təhlilçi” olublar...
Son aylar təhlili yazıları yazanların sayı çoxalıb. Bu adamların da əksəriyyəti bizim əvvəldən tanıdığımız yazı yazmaq qabiliyyəti olmayanlardır. Bəs necə oldu ki, onlar birdən-birə müxtəlif məzmunlu şeirlər, yeni şeir kitabları haqqında təhlillər aparırlar? Tanımayanlar bilməyə bilər, biz həmin adamları yaxşı tanıdığımızdan əminik ki, onlar bu təhlilləri süni intellekt vasitəsilə əldə edirlər...
Süni intellekt zəka və bilik dolu beyinlərin – dünyada fərqlənən elm adamlarının indiyə qədər inkişaf etdirdiyi texnologiyadır. Yəni süni intellekti də insan beyni formalaşdırıb. Bəs insan belə bir elmi kəşfə niyə imza atıb? Axı bu metod bilikli insanla savadsızı qarşı-qarşıya qoyur... Hətta iş o yerə çatır ki, savadsız insan – süni intellektin hesabına nəsə əldə edən biri elmli insana “meydan oxuyur”. Yəni bu elmi yeniliyi ərsəyə gətirərkən mümkün olmazdımı ki, savadsızların bu texnoloji imkanlardan istifadəsinə qadağa qoyulsun?
Mənim özümün tanıdığım onlarla adam var ki, süni intellektə qədər adını belə yaza bilmirdilər, indi onlar “əməlli-başlı” “təhlilçi” olublar, sosial çəbəkələrdə az qala partlayış törədirlər. Bu, bir qədər də belə davam etsə, mən şəxsən gələcək yazılarımda süni intellekt hesabına qələm sahibinə çevrilənlərin adlarını açıqlamaq məcburiyyətində qalacağam.

İndi müasir oxucu ayırd edə bilmir həqiqi qələm sahibi kimdir, süni intellekt hesabına qələm sahibi olan kimdir.
Söz yox, onsuz da süni intellekt heç bir halda insan kimi düşünə və ya yaza bilmir. Ancaq cəmiyyət çox halda bunun fərqinə varmır, əksinə, süni intellektdən oğurluq edənləri həqiqi qələm sahiblərindən daha çox sevir və təqdir edirlər.

Təbiidir ki, süni intellekt ondan nəsə tələb edənlərin arzularına xidmət edir. Fırıldaqçılar özlərini qələm adamı kimi cəmiyyətə sırımaq üçün bu yeni elmi metoddan öyrənir, guya fikirlərini əsaslandırır, guya hansısa problemin həllinə nail olur, özlərini qavrayışlı adamlar kimi göstərirlər. Bir çoxları guya şeirləri novatorcasına təhlil edir, ssenarilər qurur, fəaliyyətlərini davamlı şəkildə genişləndirirlər. Hansı ki, bütün bunları süni intellekt yerinə yetirir.
Xülasə, o adamlar ki, süni intellektin hesabına kişilənirlər, boşuna sevinməsinlər, onsuz da biz qələm adamları doğru ilə yanlışı dərhal ayırd edə bilirik. Allah bizə elə fəhm verib ki, hətta quşu belə gözündən tanıyırıq. Yəni yaza bilmirsinizsə, yazanların yerini dar etməyin. Yoxsa bir gün o oğurluq etdiyiniz süni intellektin haqqı gözlərinizdən bir-bir gələcək.
Məndən deməkdir, gerisi sizə qalsın. Sabah deməyin ki, bilirdilər, demədilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











