Xəbərlər
1.08.2026, 09:50
Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib
Haci Əkbər Rustamovun "Xatirələr yaşadır məni" kitabını oxumaqda davam edirəm...
Növbəti bölümdə "Ağdama gedirik bu gün Ağdama" adlı esse diqqətimi çəkdi.
Bu essdə Əkbər müəllim 32 ildən sonra canı, qədər sevdiyi Ağdama gedərkən keçirdiyi hissləri qələmə alıb.
"Neçə illər həsrət qəlbimi üzdü,
Ağdamım işğalda qalmışdı mənim.
Bu gün qatar gedir mənim yurduma,
Mənə gəl-gəl deyir mənə Vətənim"
Mən bilmirəm, qatarla Ağdama gedərkən Əkbər müəllim həyəcandan dəli olmaq dərəcəsinə gəldi ya yox, amma öz aləmimdə belə düşünürəm ki, dəli olmaq kimi hissləri şəxsən mən özüm ilk dəfə Ağdama səfər edərkən yaşamışdım.
Əkbər müəllim bu xatirəni öz kitabında bütün təfsilatı ilə yazır.
Gözlərimin önünə bir izi-tozu belə qalmayan Ağdam kəndləri gəlir;
Xaçın çayını keçəndən sonra bizi qarşılayan Qərvənd kəndi idi.
Şübhəsiz, qatardan düşüb, qalan yolu maşınla keçən bu kəndin qalıqlarını Əkbər müəllim də gördü.
Yoxdur bu kənd...
Nəinki bu kənd, Göytəpə, Kəngərli, Ətyeməzli kəndləri də yoxdur. Tək-tük ayaqda qalan uçuq divarlar düşmənə olan nifrətimizin üstünə odun atır...
Əkbər müəllim Ağdamda yaşayıb.
Ağdamda yaşamağın nə olduğunu mən bilmirəm, mən Çəmənlidə doğulub-böyümüşəm, 16 yaşına qədər bu kənddə yaşamışam, ayda, ildə bir dəfə yolum Ağdama düşüb, amma Əkbər müəllim yeddi arxa dönənli bir ağdamlıdır.
Onun hansı hissləri keçirdiyini ifadə etmək mənim qələmimin imkanları xaricindədir.
Hər daşında yüzlərlə xatirəsi yaşayan bir şəhərin viran olmasına bu kişi necə dözdü?
Ağdamda şəhidlər xiyabanında oğlu Sənanın, dostu Allahverdinin məzarlarını 32 ildən sonra ziyarət edəndə ürəyi necə tab gətirdi?
Əkbər müəllim son dəfə 1993-cü ilin iyul ayının 21-də Ağdam dəmiryol vağzalında qatara minib şəxsi işi üçün Bakıya gəlmişdi. Ertəsi gün Bakıda Ağdamın işğalını eşidəndə necə sarsıldığını təsəvvür etmək çətindir.
Amma o vaxt Əkbər müəllim təmkinini itirməmiş, 25 iyulda "Gənclik" metrosunun yaxınlığındakı izdihamda radio ilə xalqa müraciət edərək, onları Ağdamı işğaldan qurtarmaq üçün səfərbər olmağa çağırmışdı. Ertəsi gün döyüşmək, Ağdamı xilas etmək üçün geriyə, səngərə dönmüşdü.
Əziz dostlar, mən bu kitabı oxuduqca, mənə bir insan, bir şair kimi, ən azından bir ağdamlı kimi təsir edən anları diqqətinizə çatdırıram.
Əlbəttə, Əkbər müəllimin qəlbində olan Vətən sevgisinin bir misqalını sizə çatdıra bilərəm. Nə az, nə çox...
Amma onun ürəyini deşən xatirələrin ağ kağıza necə köçdüyünü bütün varlığımla dərk edirəm.
Nə yaxşı, Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib. Yoxsa biz Əkbər müəllimin, eləcə də Əkbər müəllim kimi minlərlə həmvətənlərimizin qəlbində olan Vətən sevgisindən xəbərsiz olardıq.
Bakı
01.08.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











