ELÇİN NƏSİB,
jurnalist, Kür-Araz qəzetinin təsisçisi və Baş redaktoru

BİZİM MÜSAHİBƏ

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi...

Jurnalistlərin peşə bayramı ərəfəsində Sabirabadda çıxan “Kür-Araz” qəzetinin ictimai əsaslarla poeziya və nəsr şöbəsinin rəhbəri,“Yazarlar” jurnalının Aran bölgəsi üzrə təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xəlil Mirzə “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru Elçin Nəsiblə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:
Qısa tanıtma:

Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib) 1958-ci il aprelin 16-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə kitabxana müdiri kimi başlayan E.Nəsib öz taleyini jurnalistika ilə bağlayıb.
1976-cı ilin fevralından Sabirabadda çıxan rayon qəzetində müxbir, yerli radionun redaktoru, həmin qəzetdə sənaye, tikinti və nəqliyyat, kənd təsərrüfatı, aqrar-sənaye, iqtisadiyyat şöbələrinin müdiri, baş redaktorun müvini, baş redaktor vəzifələrində çalışıb.
Bir sıra respublika mətbuatının bölgə müxbiri,“Yeni Muğan” qəzeti baş redaktorunun I müavini, “Respublikaçılar” qəzetinin baş redaktoru olub. Xarici ölkələrin mətbuatında bir sıra maraqlı yazılarla çıxış edib. Eyni zamanda onun haqqında xarici ölkələrin mətbu orqanlarında maraqlı yazılar dərc olunub. Bir sıra video-çarxlara ssenarilər yazıb. 2022-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək “Muğanın səsi” qəzetinin baş redaktoru olub. 2026-cı il yanvarın 28-dən “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru olmaqla bərabər,”Muğan-Şirvan” qəzetinin təsisçisi və baş redaktorudur.
E.Nəsib ailəlidir, 2 övlad atasıdır. Böyük oğlu Ərtoğrul Aprel döyüşlərində və Vətən müharibəsində, kiçik oğlu Nəsib isə 2022-ci ildə “Antiterror əməliyyatı”nda (“Qisas”) iştirak edib.

Elçin Nəsib Sabirabadda ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. 26 ildir ki, “Suqovuşan” Ədəbi Məclisinin rəhbəridir. Ədəbi məclisin kitab-almanaxlarını çapdan buraxır. O, Azərbaycan Yazıçılar Birliyi Aran Bölməsinin orqanı “Aran” jurnalı baş redaktorunun müavinidir. “İllər aparır bizi”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “Sabirabad mətbuatı tarixi”, “Ədəbi düşüncələr”, “Xatirələrdə yaşayanlar”, “İgidlər yenilməz, şəhidlər ölməz”, “Sabirabad qarpızı”, “Musahibə”, “Sabirabad teatrı” kitablarının müəllifidir. Onlarla kitabın tərtibçisi, ön söz yazanı, redaktoru olan E.Nəsibin “Sabirabad futbolu” kitabı da çap olunmaq üzrədir. Bir sıra mükafatlara layiq görülüb.
-Gəlin söhbətə həyat yolundan başlayaq...
- Orta məkəb illərimdə məni divar qəzetinin redaktoru seçdilər. Bu o vaxt idi ki, artıq qələm təcrübələrim respublika qəzetlərində çap olunurdu. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi qəbul edilməklə (onu da deyim ki, mən qəbul olan il ilk dəfə üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilməyə başlamışdı, jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzet və jurnallarda çıxış etmiş olmalıydı, həmin yazılar əsasında rəy verilirdi ki, bu gəncdən jurnalist olar, ya olmaz) 1976-cı ilin fevralından Sabirabadda çıxan “Muğan” qəzetində müxbir kimi əmək fəaliyyətinə başladım...Və bu günə qədər də seçdiyim yoldayam...
-Elçin müəllim, “Sabirabad mətbuatı tarixi” kitabının müəllifi kimi, istərdim rayon qəzetinin keçdiyi inkişaf yoluna nəzər salaq...
-Sabirabad mətbuatının tarixi 1930-cu il avqustun 8-dən başlayır. Əslində rayon qəzetini zaman özü yaratmışdır. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu verilməklə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul olunmuşdur. Bir il sonra rayona Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin adı verilmişdir. Qəzet bir vərəq, yəni iki səhifə həcmində, A-3 formatında buraxılmışdır. Materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. Sonralar qəzet 4 səhifə həcmində çıxmağa başlamışdır. Qəzet 1930-1962-ci illərdə “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət, 2020-ci ildən “Muğanın səsi” adı ilə çıxmışdır. 1930-cu ildən 2026-cı ilədək fəaliyyət göstərən qəzet Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Tarixi zərurət nəticəsində təsisçilərin qərarı ilə öz fəaliyyətini dayandıran “Muğanın səsi”nin missiyasını yeni hüquqi statusda “Kür-Araz” qəzeti davam etdirir. Öz mənbəyini Türkiyə ərazisindən götürərək Sabirabadda qovuşan məmləkətimizin iki böyük çayının adını daşıyan qəzet MEDİA Reyestrində qeydiyyata alınaraq 2026-cı il yanvar ayının 28-dən fəaliyyətə başlamışdır.
-Yəqin “Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzeyi də keçmişi yaşatmaq üçün yaratmısınız...
-İndiki dövrdə rayon mətbuatını tarixləşdirməyə ehtiyac duyulurdu. Muzeyin açılması “Kür-Araz” qəzetinin kollektivinin vətəndaşlıq sevgisindən irəli gəldi. Muzeyin ekspozisiyasında toplanmış eksponatlar, sənədlər mətbuat tarixinin ötən dövrləri haqqında ətraflı bilgilər verir. Məsələn, ziyarətçilər öyrənirlər ki, “Muğan” qəzetinin həyatında 1969–1982-ci illər inkişaf dövrü olub. O dönəmdə Azərbaycan KP MK-nın 1-ci katibi olan, ümummilli lider Heydər Əliyev hər mövsümdə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşürdü. Pambıqçılıq rayonlarının zona müşavirələri də, adətən, Sabirabadda keçirilirdi. Bu hadisələr “Muğan” qəzetinin səhifələrində yer alan qiymətli materiallar olurdu. Həmin dövr günaşırı çıxan qəzetin tirajı 20 minə yüksəlmişdi. Ulu öndərin bütün tədbirlərində “Muğan”ın əməkdaşları da yaxından iştirak edirdilər. Bu gün rayonun Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzetinin əvəzsiz xəzinəsindəndir.
Muzeydə “Ümummilli lider Heydər Əliyevin Sabirabada səfərləri”, “Sabirabad mətbuatının klassikləri”, “XX–XXI əsrlərdə Sabirabadda nəşr olunmuş mətbuat orqanları”, “İzi qalan jurnalistlər” bölmələrində fotoşəkillər, müxtəlif illərdə dərc olunmuş qəzetlər, Sabirabad jurnalistlərinə aid kitablar, onların şəxsi əşyaları, sənədləri və s. yer alıb.

Muzeyin yaradılması Sabirabad jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisədir. Sabirabadlı qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar insanda zəngin təəssürat yaradır. Bizim hamımızın borcumuz muzeyi zənginləşdirməkdir. Arxivlərdə olan digər sənədlər, eksponatlar muzeyə təqdim edilməlidir ki, təəssürat daha zəngin və bütöv olsun.
-Müstəqillik dövrünün jurnalistikasını keçmişlə necə müqayisə etmək olar?
-Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etsək, həm müsbət, həm də mənfi cəhətlərin olduğunu görərik. Sovet dövrü partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Sovet ideologiyası, Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün bircə misal çəkmək istəyirəm. Yazılarımın birində Mirzə Fətəli Axundovu dahi sənətkar kimi göstərmişdim. Mənə irad tutmuşdular ki, “dahi” sözü ancaq Lenin haqqında işlənə bilər. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. O dövrün mətbuatını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o dövrdə qəzet alıcılığı yüksək idi. O vaxt bütün xərci dövlət çəkirdi. Çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxslərin buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi...
-Müasir dövrümüzdə sosial media da meydana gəlib. Hansı vacibdir, internet, yoxsa çap mediası?
-Məlumdur ki, operativliyinə görə ənənəvi jurnalistika sosial mediadan geridə qalır. Lakin bu o demək deyildir ki, sosial mediada verilən məlumatların hamısı doğrudur... Hər gün agentlik və saytlarda, sosial şəbəkələrdə qarşımıza bir-birinin təkrarı olan istinadlı, istinadsız minlərlə xəbər çıxır. Bəlkə də bir xəbərlə gün ərzində ayrı-ayrı saytlar, sosial şəbəkələrin təqdimatı ilə dəfələrlə qarşılaşırıq. Çünki indi özü xəbər istehsal edən agentlik və saytlar çox azdır. İnsanlara xəbər ötürən “jurnalistlər” yeni xəbər axtarışına çıxmır, oradan-buradan mənimsəməklə xəbər yaradırlar. Heç şübhəsiz, əsl jurnalistlər bu gün internet jurnalistikasında da var, çap mediasında da...Lakin bununla belə, indi çap, xüsusilə də internet mediasında bir kitab belə oxumayan, sözün, cümlənin, mətbuatın nə demək olduğunu əsla anlamayan, jurnalistikaya yamaq “jurnalistlər”ə də rast gəlmək olur...
Əslində hər ikisi vacibdir. Lakin çap mediası dünənimiz kimi, həm də sabahımızdır. İnternet mediasına bel bağlamaq olmaz. Çünki bu gün saatlarla qopa bilmədiyimiz internetin, sosial şəbəkələrin yaddaşı bir anın içində silinib gedə bilər. Odur ki, internet mediası bizim deyil, çap mediası isə necə deyərlər, əlçatandır. İllər əvvəl verilmiş yazını internetdən tapmaq bu gün müşkülə çevrilir. İnternet mətbuatına arxayın olub yazılı mətbuatı itirmək olmaz. Bu, xalqın tarixinin itməsinə səbəb ola bilər. Onu qorumaq lazımdır. Tarixi faktların ənənəvi kağız daşıyıcıda, daha etibarlı yazılı mənbələrdə əbədiləşdirməyin vacibliyi həmişə öz əhəmiyyətini saxlayır. Bu gün baş verən hadisələr qəzet və jurnalların arxivlərində tarixləşir. Lazım gələndə qəzet və jurnalları vərəqləməklə, keçmişlə tanış olarkən sanki həmin dövrə qayıdırsan. Bir sözlə, biz nəyi əlimizdə tutub saxlaya biliriksə, o bizim ola bilər.
-Jurnalist əxlaqı, etikası ilə əlaqədar sözünüz...
-Jurnalistlər siyahısında adamların çoxluğu, əsl qələm sahiblərinin, yaxşı yazanların azlığı məni daim narahat edir. Kimi görürsən, qoltuğunda qovluq deyir: “jurnalistəm”.

Buna görə də mətbuatımızı təsadüfi adamlardan qorumaq lazımdır. Əks halda zərbə istedadlı adamlara dəyir. Jurnalist davranışı, ətrafa münasibəti ilə mənfi emosiya doğurmamalıdır. Bütün mövqelərdə vicdadının səsinə qulaq asmalı, qərəzkarlıqdan uzaq olmalıdır. Demokratik təsisatlara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına hörmət etməlidir.
-Siz eyni zamanda “Suqovuşan” Ədəbi Məclisin rəhbərisiniz. Məclisin mövcud durumu və fəaliyyəti barədə danışın.
-Məclisimiz yazarları öz işığında cəm edib, istedadlıların üzə çıxması üçün fəaliyyət göstərir. Biz onların taleyüklü məsələləri ilə maraqlanırıq. Şair və yazıçıların əsərlərini məclisin müzakirəsindən sonra yaxşılarını seçib “Suqovuşan” Ədəbi Məclisinin almanaxlarında kitab halında buraxırıq. Məclis üzvlərimizin öz vəsaitləri hesabına şeir, hekayə, povest və romanları kitab halında çap olunur. Ədəbi məclisimiz bir sıra görüşlər, şairlərin yaradıcılıq gecələrini də keçirir.
-Niyə məhz “Suqovuşan”, Aranla, bölgələrlə bağlı ədəbi məclisinizə daha tutarlı bir ad seçə bilməzdinizmi?
-Əgər söhbət həqiqi ədəbiyyatdan, Vətən sevgisindən gedirsə, onda bizim də fikirlərimiz, düşüncələrimiz yeni və fərqli olmalıdır. Biz bu adı düşünülmüş şəkildə qoymuşuq. Ona görə ki, Azərbaycanın iki nəhəng çayı məhz bizim ərazidə-Sabirabadda qovuşur. Bu da təbiətin bu günə kimi açılmayan bir sirri, möcüzəsidir. “Suqovuşan” da simvolik məna daşıyır. Hətta rayonda bu adda kənd də var. Bir vaxtlar rayon qəzeti də həmin adla çıxırdı. Həm də Kür və Araz bütövlükdə Azərbaycan deməkdir. Vətəni düşmənlərimiz şaqqaladılar. Hissələrə kəsik-kəsik edib bölsələr də, Kür və Araz çayı torpaqlarımızı birləşdirir və bizi bir olmağa çağırır. Bizim də silahımız qələm və onun ucundan süzülüb gələn müqəddəs sözdür. Bizim ədəbi məclis məhz bu ruhda köklənib. Ümumiyyətlə, biz “Suqovuşan” Ədəbi Məclisində bütöv Vətəni, Azərbaycanı görürük. Bu, həm də Arazın o tayındakı qardaşlarımızın eşqi, arzusu deməkdir. Burada “eşq” Vətən, “arzu” isə xalqımızın birliyi deməkdir.
-Bölgə mətbuatının hazırkı durumu Sizi qane edirmi?

- Qəzet təsis etməyin nə qədər asan, lakin onu çap etdirib dövriliyinin saxlanılmasının nə qədər çətin olduğunu bütün naşirlər bilirlər. Bütün bunlara baxmayaraq, “Kür-Araz” bu gün də rayon mətbuatının ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır, hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir
-Maraqlı müsahibə üçün çox sağolun. Fürsətdən istifadə edərək, Sizi, “Kür-Araz” kollektivini və bütün dəyərli media təmsilçilərimizi qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm! Bu çətin, məsuliyyətli və şərəfli peşəni fədakarlıqla yerinə yetirdiyinizə və ölkəmizdə mətbuatın inkişafı üçün çalışdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar, xoşbəxtlik və cansağlığı arzulayıram!
Söhbətləşdi:
Xəlil MİRZƏ

Son xəbərlər

İran iki tankeri vurdu - Ölən və yaralananlar var

Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır

Lütfəli Abdullayevin ciddi bir xəstəliyi olmayıb - FOTO

ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb

Qumar üçün 5 ilə 14 dəfə “hə” dedi - 170 min qazanc

"Prezident Əliyevin yumor hissi çox yaxşıdır" - Batsman

“Anne yarısı”nda rol alacaq - FOTO

BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır

Mundialın ən çox səyahət edən komandası bəlli oldu

Gücləri ayıya çatdı

QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR...

ƏZİZƏ AĞAHÜSEYNQIZI : İnciyib, çıxıb gedirəm - FOTO

Südabə Sərvi : DAŞ OLMAQ ƏZABI - FOTO

Elçin Nəsib: “Əsl jurnalistlər bu gün internet jurnalistikasında da var, çap mediasında da...”

Pelleqrini Azərbaycandadır

AQTA-dan ciddi sağlamlıq riskləri yaradan arıqlama məhsulları ilə bağlı çağırış

"Halef"in aktrisası yeni serialda

Tərəf müqabili oldular

Maykl Ceksonun filmi 1 milyard dollardan çox gəlir əldə edib

Aygün Kazımova Röyagilə qonaq getdi

“Yura dövrünün parkı”nın məşhur aktyoru vəfat etdi

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb

"Çukur"un aktrisası evləndi - FOTOLAR

Naibə Allahverdiyevanın adından dələduzluq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031