
Xəbərlər
4.07.2026, 00:50
TOVUZUN ELM VƏ TƏHSİL TARİXİNDƏ SİLİNMƏZ İZ QOYAN ZİYALI – TALIB SÜLEYMANOV
Tovuz torpağı hər zaman elmə, təhsilə və ziyalılığa böyük dəyər verən insanların vətəni olub. Bu torpağın yetişdirdiyi dəyərli ziyalılardan biri də iqtisad elmləri namizədi, dosent Talıb Əli oğlu Süleymanovdur.
1948-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olan Talıb müəllim ilk təhsilini doğma yurdunda alıb. Elmə olan həvəsi onu 1966–1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna gətirib. Ali təhsilini başa vurduqdan sonra aspiranturada təhsilini davam etdirərək iqtisad elmləri üzrə tədqiqatlar aparıb və 1975-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib.
Onun həyat yolu yalnız elm öyrənmək deyil, həm də elm yaratmaq və onu gələcək nəsillərə ötürməkdən ibarət olub. Müəllim, baş müəllim, dosent, dekan müavini kimi müxtəlif vəzifələrdə çalışaraq minlərlə tələbənin yetişməsində mühüm rol oynayıb. İqtisadiyyatın müxtəlif istiqamətlərinə həsr olunmuş 25-dən artıq elmi əsər, dərslik və metodik vəsaitin müəllifidir.
Talıb müəllimin fəaliyyəti təkcə auditoriyalarla məhdudlaşmayıb. O, Azərbaycanda özəl ali təhsil sisteminin formalaşmasının ilk təşəbbüskarlarından biri olub. 1992-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Respublikamızın ilk özəl ali təhsil müəssisələrindən olan Azərbaycan Texnologiya Universitetinin Tovuz filialının yaradılmasında fəal iştirak edib və filialın təşkilatçılarından biri olub.
1993-cü il 24 oktyabr tarixində isə onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Texnologiya Universitetinin Tovuz filialının bazasında Tovuz İqtisad Kolleci yaradılıb. Uzun illər bu təhsil müəssisəsinə rəhbərlik edən Talıb müəllim regionda yüzlərlə gəncin ali və orta ixtisas təhsili almasına şərait yaradıb.
Onun rəhbərliyi dövründə kollecin maddi-texniki bazası möhkəmləndirilib, yeni ixtisaslar açılıb, bölgənin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Bu gün Azərbaycanın müxtəlif dövlət qurumlarında, elm, təhsil və biznes sahələrində çalışan yüzlərlə mütəxəssis Talıb müəllimin yetirmələridir.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tovuz rayonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə də fəxri fərman və mükafatlarla təltif edilib. Yeni Azərbaycan Partiyasının II və III qurultaylarında rayon təşkilatını təmsil edən nümayəndə kimi də iştirak edib.
Talıb Süleymanov ömrünü elmə, təhsilə və gənclərin savadlı yetişməsinə həsr etmiş ziyalılarımızdandır. Onun fəaliyyəti sübut edir ki, bir insanın biliyi və zəhməti bütöv bir bölgənin inkişafına təsir göstərə bilər.
Belə ziyalılar Tovuzun qüruru, Azərbaycanın isə sərvətidir.
CƏMİYYƏT
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












