İranda hakimiyyət əleyhinə etirazlar fonunda devrilmiş İran şahının ABŞ-də yaşayan oğlu Rza Pəhləvi yenidən gündəmdədir.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, özünü hakimiyyətə namizəd kimi yox, İranı avtoritarizmdən demokratiyaya aparacaq milli keçid prosesinin etibarlı rəhbəri kimi təqdim edən Pəhləvi həm dəstəkçiləri, həm də sərt tənqidçiləri olan bir fiqurdur və ölkənin gələcəyi ilə bağlı müzakirələrdə ciddi fikir ayrılıqlarına səbəb olur.

İranda Ayətullah Əli Xameneinin rəhbərlik etdiyi İslam Respublikasına qarşı etirazlar bütün ölkəyə yayıldıqca, onun adı tez-tez hallanmağa başlayıb.

Son həftələrdə Tehran, Məşhəd və digər iri şəhərlərdə etirazçılar “Pəhləvi geri dönəcək” və “Seyid Əli devriləcək” şüarları səsləndirərək, sürgündə olan vəliəhdi həm ölkə daxilində, həm də xaricdə yenidən gündəmə gətiriblər.

31 oktyabr 1960-cı ildə Tehranda anadan olan Rza Pəhləvi İranı 50 ildən çox idarə edən Pəhləvi sülaləsinin son nümayəndəsidir. Atası Məhəmməd Rza Şah Pəhləvi 1979-cu il İslam İnqilabında devrilib, bununla İranda 2500 ildən çox sürən monarxiya başa çatıb və Ruhuallah Xomeyni rəhbərliyində İslam Respublikası qurulub.
1967-ci ildə vəliəhd elan edilən Pəhləvi inqilab zamanı ABŞ-də döyüş pilotluğu təhsili alıb.

İnqilabdan sonra ailəsi ilə birlikdə sürgündə qalıb; atası müxtəlif ölkələrdə sığınacaq tapdıqdan sonra Misirdə xərçəngdən vəfat edib. Gənc yaşda həm hakimiyyətini, həm ölkəsini, həm də vətəndaşlıq statusunu itirən Pəhləvi üçün sürgün illəri həm də ailə faciələri ilə keçib: bir qardaşı və bir bacısı intihar edib, sülalənin simvolik liderliyi Rza Pəhləviyə qalıb.

İnqilabdan sonra Pəhləvi ABŞ-də yaşamağa başlayıb. Cənubi Kaliforniya Universitetində siyasi elmlər təhsili alıb, İran əsilli amerikalı hüquqşünas Yasminlə evlənib və üç qız övladı olub. Vaşinqton yaxınlığında nisbətən sakit həyat yaşayan Pəhləvi dəstəkçiləri tərəfindən “əlçatan” şəxs kimi qiymətləndirilir. Uzun illər boyu İran daxilində dəyişiklik olmasının zəruriliyini vurğulayıb. 2022-ci ildə “Etirazların lideri sizsinizmi?” sualına həyat yoldaşı ilə birlikdə “Dəyişiklik daxildən gəlməlidir” cavabını verib. Lakin son illərdə regional böhranlarla əlaqədar mövqeyini kifayət qədər sərtləşdirib.

Son etiraz dalğasında Rza Pəhləvi İran xalqına açıq çağırışlar edərək, küçələrə çıxmalarını istəyib. Sosial media paylaşımlarında internetin bloklanması və təhlükəsizlik qüvvələrinin sərt müdaxilələrinə baxmayaraq, etirazların davam etdirilməsini dəstəkləyərək, nümayiş marşrutlarının birləşdirilməsini tövsiyə edib.

“Washington Post”da dərc olunan yazısında Pəhləvi İslam Respublikasının 1979-cu ildən bu yana “ən zəif və parçalanmış” dövrünü yaşadığını yazıb, kütləvi həbs və edamları isə hakimiyyətin qorxusunun göstəricisi hesab etdiyini qələmə alıb. Etirazlarda öz adının azadlıq və milli birlik çağırışları ilə birlikdə çəkildiyini bildirib:

“Bunu hakimiyyət tələbi kimi görmürəm. Xalqın tiranlıqdan demokratiyaya keçidi idarə edəcək birləşdirici fiqura ehtiyacı olduğunu bilirəm. Buna görə də özümü idarəçi deyil, demokratik keçidin etibarlı rəhbəri kimi görürəm”.

Pəhləvi hakimiyyət çöküşü olacağı təqdirdə, 100 günlük keçid planından bəhs edir, sərbəst seçkilər, hüququn aliliyi və qadın-kişi bərabərliyi vəd edir. Rejimin forması - monarxiya, yoxsa respublika olması isə xalq səsverməsi ilə müəyyən edilməlidir.

Rza Pəhləvi son dövrlərdə Qərb paytaxtları ilə əlaqələrini artırıb, ABŞ və Avropadan siyasi dəstək axtarışını açıq şəkildə ifadə edib. ABŞ Prezidenti Donald Trampa ünvanladığı təriflər və onu “azad dünyanın lideri” adlandırması diqqət çəkir. Lakin Tramp Pəhləvi ilə görüşün hazırda məqsədəuyğun olmadığını bildirib, Vaşinqtonun açıq şəkildə “varis” dəstəkləməkdən çəkindiyi mesajını verib.

Pəhləvinin İsrail ilə yaxın əlaqələri ən mübahisəli mövzulardan biridir. 2023-cü ildə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşməsi və “Holokost” anma tədbirində iştirak etməsi bəziləri tərəfindən “körpü qurma” addımı kimi qiymətləndirilsə də, bəzi iranlılar tərəfindən Fələstin məsələsi səbəbindən sərt tənqid edilib.

Son İsrail hücumlarından sonra “rejimi zəiflədən hər şeyin” İran xalqı tərəfindən müsbət qarşılanacağını deməsi də müzakirələri artırıb.

Pəhləvinin dəstəkçiləri onu zorakılığı rədd edən, beynəlxalq nüfuzu olan və İran müxalifəti arasında ən çox tanınan fiqur kimi görür. Xüsusilə iqtisadi böhran və təzyiqlər qarşısında Pəhləvi dövrünü modernləşmə və Qərblə inteqrasiya illəri kimi xatırlayanlar nostalji hissi keçirir.

Tənqidçilər isə fərqli baxış sərgiləyir: Pəhləvi dövründə senzura, işgəncə və SAVAK kəşfiyyat xidmətinin yaratdığı qorxu atmosferi hələ də yaddaşlardadır. 1980-ci ildə Qahirədə özünü simvolik olaraq “şah” elan etməsi bugünkü demokratik çağırışları ilə ziddiyyət təşkil etdiyi üçün tənqid olunur. 40 ildən çox sürən sürgün həyatına baxmayaraq, ölkədə güclü bir təşkilatlanma və ya müstəqil media şəbəkəsi qura bilməyib.

Bu gün Rza Pəhləvinin İranda real dəstəyinin nə qədər olduğunu müstəqil sorğular olmadan müəyyənləşdirmək mümkün deyil. Bəzi iranlılar üçün Pəhləvi adı hələ də sabitliyin simvoludur, bəziləri üçün isə xalqın iradəsi ilə devrilmiş bir rejimi xatırladır. Atasının məzarı hələ də Qahirədədir; krallıq tərəfdarları bir gün onu İrana gətirəcəklərinə ümid edirlər.

Rza Pəhləvinin prosesdəki taleyinin necə olacağı hələlik bilinmir. Lakin indiki etirazlar zamanı onun adının yenidən gündəmə gəlməsi “sürgündəki şahzadə”nin siyasi və simvolik rolunun hələ də müzakirələrdə əhəmiyyətli olduğunu göstərir.




Son xəbərlər

Sabah Azərbaycanda hava yağışlı olacaq

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031