Aləmzər İlayın yaradıcılığına kövrək bir baxış...

Heç vaxt Azərbaycan ədəbiyyatında qadın və kişi şairləri arasında əsaslı keyfiyyət fərqi qoyulmayıb. Çünki əsas fərq daha çox mövzu seçimində özünü göstərib. Doğrudur, qadın və kişi yazarların dünyagörüşü, həyat təcrübəsi, duyğuların ifadə forması, şəxsi xarakteri və cəmiyyətdə tutduqları rol fərqli olduğundan bu amillər onların əsərlərində də əks olunub. Kişi şairlər daha çox ictimai-siyasi mövzulara, qadın şairlər isə daxili aləmlərinə, məhəbbətə, ailə və ana həyatına dair mövzulara üstünlük veriblər. Lakin bu, heç vaxt qəti bir qayda olmayıb. Əksər tədqiqatçılar və tənqidçilər də “qadın poeziyası” və “kişi poeziyası” anlayışları arasında kəskin sərhəd çəkməyiblər.
Əsas fərq və ya oxşarlıq məhz bunda deyil. Adətən qadınlar emosional dünyanı, məişət və daxili aləmi, ana və məhəbbət mövzularını, kişilər isə cəmiyyət, müharibə, sosial problemlər və hakimiyyət kimi məsələləri ön plana çəkiblər. Amma unutmamalıyıq ki, bir çox qadın şair sosial mövzuları yüksək səviyyədə qələmə alıb, eyni zamanda kişi şairlər də daxili aləmi ustalıqla ifadə edən dəyərli əsərlər yaradıblar.
Bu fərqlər yaradıcılıqda dil və yazı üslubunda ciddi şəkildə nəzərə çarpmayıb. Ancaq oxucu olaraq müşahidə etmişik ki, bəzən qadın şairlərin dilində daha incə, duyğusal və yumşaq çalarlar, kişi şairlərdə isə daha kəskin, ideoloji tonlar üstünlük təşkil edir.
Qadın şairlər həyatı fərqli cəmiyyət təcrübələrindən keçirərək əsərlərinə daxil edə bilirlər. Azərbaycan ədəbiyyatında qadın şairlərin sayının kişilərlə müqayisədə az olması bəlkə də bu fərqlər üzərində düşünməyə vadar edir. Lakin bu, keyfiyyət fərqi deyil. Fərqlər daha çox həyat təcrübəsi və baxış bucağı ilə bağlıdır. Yaradıcılığın özündə “qadın” və “kişi” anlayışları ilə kəskin bölgü aparmaq doğru olmaz. Sadəcə əsərlərin altında olan imza fərqlidir.
Çinli filosof və yazarı Konfüçyusun dediyi kimi: “Eşq qadının həyatında bütöv bir romandır, kişinin həyatında isə tək bir hiss.”
Bu yazını qələmə almağa məni düşüncələrimdə bu mövzunu canlandıran, gözəl şairimiz Aləmzər İlayın həssas, duyğulu və zərif qəlblə yazılmış şeirləri vadar etdi. Onun poeziyasında qadın sevgisinin incəliyi, zərifliyi, sevgidəki kədər və hicran özünəməxsus rənglə ifadə olunur. Gözəl şairimiz Aləmzər İlayın bu yazı üçün seçdiyim “Əsir sevgim”, “Tükənməz” və “Deyirəm” şeirləri bir-birindən mövzu baxımından fərqli görünsə də, mahiyyət etibarilə eyni ruh halının – insanın daxili əsarətinin poetik ifadəsidir. Bu əsərləri birləşdirən əsas xətt sevgi, zaman və həyat qarşısında aciz qalan, lakin hiss etməkdən və düşünməkdən vaz keçməyən lirik “mən” obrazıdır.
Baxdım ətrafıma, yandım kül oldum…
Bu bənd şeirin emosional başlanğıcıdır. Lirik “mən” ətraf mühitlə toqquşma nəticəsində daxili yanğını, ruhən tükənməsini ifadə edir.
Baxdım ətrafıma, yandım kül oldum,
İçimdə söndürdüm yanan alovu.
Çəkildim qəfəsə bir bülbül oldum,
Yazıram bu sinəm dərd, qəmlə dolu.

“Yandım kül oldum” – dərin ruhi sarsıntının bənzətməsidir.
“Qəfəsə çəkilən bülbül” obrazı azadlıqdan məhrum, sevgisi içində dustaq qalan insanı simvolizə edir.
Sinənin “dərd, qəmlə dolu” olması şeirin əsas mövzusunu – boğulan, ifadə olunmayan sevgini – açıq göstərir.
Dedilər, Məcnun da sevdi Leylini,
Məhəbbəti onu saldı çöllərə.
Zalım fələk mənə saldı meylini,
Məhşur şair etdi, saldı dillərə.
Dedilər, Məcnun da sevdi Leylini…

Burada gözəl şairimiz Aləmzər İlay klassik ədəbiyyata istinad edir.
Məcnun–Leyli motivi sevginin dəli edən, insanı cəmiyyətdən ayıran gücünü vurğulayır.
“Zalım fələk” anlayışı taleyin insana qarşı amansız münasibətini göstərir.
Sevgidən doğan dərd şairi “məşhur” edir — yəni ağrı yaradıcılığın mənbəyinə çevrilir.
Dərdim qalaq-qalaq hamısı cavan,
Ləçəyi açmayan qönçələr kimi.
Araya sədd qoyub bizi yaradan,
Dərd verib götürdü əsir sevgimi.

Şair, - "Dərdim qalaq-qalaq hamısı cavan…" - deməklə, dərdi qönçə obrazı ilə verir.
Burada "Açılmamış qönçələr" – həyata keçməmiş arzular, yarımçıq qalan sevgi kimi verilib.
“Araya sədd qoyan yaradan” misrası isə taleyin və ya ilahi hökmün sevgini ayıran güc kimi təqdim edilir.
“Əsir sevgim” anlayışı burada tam mənası ilə formalaşır: sahib oluna bilməyən, azad olmayan sevgi.
Qəlbimdə dəfn oldu arzu, diləyim,
Sanki sevgim mənə gərək deyildi.
Bu əsir sevgimi indi neyləyim?
Sevdikcə bu sevgim məni yeyirdi.
Qəlbimdə dəfn oldu arzu, diləyim…

Bu misra, eləcədə bütövlükdə bənd ümidsizlik və daxili faciə ilə yüklüdür.
Arzu və diləklərin “dəfn olunması” ruhən ölmə halıdır.
Sevgini nə edəcəyini bilməyən lirik qəhrəman onun özünü “yediyini” etiraf edir. Burada sevgi xilas yox, dağıdıcı qüvvədir.
Şeir məhəbbətin azadlıq yox, əsarətə çevrildiyi bir ruh halını poetik dillə ifadə edir. Klassik motivlər müasir iztirabla birləşdirilib.
Aləmzər İlayın digər bir şeirində, -"TÜKƏNMƏZ"-şeirində isə şair insanın daxili aləmi ilə qələm arasında qurulan poetik dialoqunu canlandırıb.
“Tükənməz” şeirində isə bu iztirab artıq zamana və taleyə yönəlir. Fəsillər həyat mərhələlərinin simvolu kimi çıxış edir və şeirin ümumi ovqatı daxili “qış”la xarakterizə olunur. Bu əsərdə qələm obrazı xüsusi əhəmiyyət daşıyır. Qələm lirik qəhrəmanın tək dostu və sirdaşıdır. Yazmaq burada xilas olmağın deyil, dözməyin formasıdır. Dərd tükənmir, lakin insan yazmaqla onun altında əzilməməyə çalışır.
Ömrümə yaz gəlib tufan qoparıb,
Hələ mən o isti yayı demirəm.
Payız sevgi dolu qəlblər aparıb,
Onun qan-qadalı qışın demirəm.

Ey qələm, sən donub dayanma, yaz ki,
Bu donmuş qəlbimi sökə biləsən.
Nədir həyatımda düzgün, taraz ki,
Sükunət yaradıb fikirləşəsən.

Sən yaz kəlmə-kəlmə, yaz sətir-sətir,
Günlərə fərq qoyub onları seçmə.
Yaz ki, az da olsa toxtaqlıq gətir,
Nə qədər ki, sağam, durub geçişmə.

Donma, yaz ömrümdə olub-keçəndən,
Onsuz da illərin yükü çiynimdə.
Çaşma, yaz gülüşdən, yaz ki, o qəmdən,
Əziyyət çəkmərsən ölçü-biçimdə.

Bu donmuş taleyin dərdin ananlar,
Düşünüb aylarla özünə gəlməz.
Yazsan neçə əsər, neçə romanlar,
Ömrün dərd-qəmindən bitib, tükənməz.

Durma, yaz ey qələm, həyatda mənim,
Dostdum, sirdaşım da təkcə sən oldun.
Dərdimi bölüşdüm, məni dinlədin,
Anlayan sən oldun, duyan sən oldun.


Fəsillər həyatımızın mərhələli simvoludur. Yaz – ümid, yay – ehtiras, payız – itki, qış – donmuş tale kimi xarakterizə edildiyi hamıya məlumdur.
Qələm lirik “mən” üçün təkcə yazı aləti deyil, dost, sirdaş, xilasedici obrazıdır.
Şeirin əsas ideyası, dərd yazıldıqca azalmaz, əksinə tükənməzdir, çünki həyatın özü onu yenidən yaradır-düşüncəsinin bir reallığını ortaya qoymadı. Elə ona görə də şair, şeirində “yaz”, “donma”, “durma”-kimi sözlərlə şeirin daxili dinamikasını gücləndirir.
Bu əsər yaradıcılığın insanı ayaqda saxlayan son dayaqlardan biri olduğunu göstərir.
Şairin “Deyirəm”–şeiri fəlsəfi - psixoloji xarakter daşıyır və həyat–ölüm arasında qalmış bir insanın etirafıdır.
“Deyirəm” şeiri bu daxili yolçuluğun ən ağır mərhələsini əks etdirir. Burada artıq sevgi də, yazmaq da insanı xilas etmir. Lirik qəhrəman “nə diri, nə ölü” vəziyyətindədir. Keçmişin şəkilləri, cavabsız divarlar, yuxusuz gecələr insanın zamanla və həyatla əlaqəsinin qırıldığını göstərir. Şeir nəsihət forması alsa da, əslində bu, özünə ünvanlanmış gecikmiş etirafdır.

Dostum, soruşmuşdun həyat fanidir?
Mənsə cavabında düşün, deyirəm.
Qəflət gələn ölüm bizə anidir,
Ömrünə dəyər ver, yaşa deyirəm.

Mən canlı nümunə, gözün önündə,
Nə ölü tək ölü, nə də diriyəm.
Vallah, düşüncəmin deyim yönündə,
Həyat eşqi ölən, ölü biriyəm!

Gecələr fikirli, bəzən də yalqız,
Yuxusuz sübh danın gözləyirəm mən,
Düşüncəmlə fikir bölüşüb yalnız,
Sözləri xəlbirdən ələyirəm mən.

İllərin acısı yığılıb qalıb,
Divar tək önümü kəsən boşluğa.
Xəyallar ağlımı tilsimə salıb,
Gözümü tikmişəm ağır sonluğa.

Oğrun-oğrun baxıb ötən illərə,
Neçə fəsilləri yola salmışam.
Həsrət qaldım ana deyən dillərə,
Köks ötürdüm, yəqin mən karıymışam.

Divardan asılan şəkillər donub,
Səsimə səs vermir, suala cavab.
Üstünə nisgilli qəm-qüssə qonub,
Onlarda yorulub, gətirməyir tab.

Hardan bilərdim ki, belə bir həyat,
Məni edəcəkdir özünə vurğun.
Çıxış yolu yoxdur, tapmadım nicat,
Ruhumda cismim tək düşübdür yorğun.


Müəllif oxucuya nəsihət verir, amma özü həmin nəsihətin əksini yaşayan biridir.
“Nə ölü tək ölü, nə də diri” misrası ruhi ölümlə fiziki həyatın ziddiyyətini göstərir.
Keçmişə baxış, şəkillərin “donması”, səssiz divarlar – hamısı zamanın durğunluğunu simvolizə edir.
Şeir boyu çıxış yolu axtarılır, lakin tapılmır; bu da əsəri daha realist və ağrılı edir.
“Deyirəm” həyatın faniliyindən çox, mənasızlaşmış yaşamağın faciəsi haqqındadır.
Aləmzər İlayın poeziyasında sevgi – azadlıq yox, sınaqdır.
Dərd – həm yük, həm yaradıcılıq mənbəyidir.
Həyat isə – fiziki deyil, mənəvi ölçülərlə dəyərləndirilir
“Əsir sevgim” şeirində sevgi azadlıq yox, qəfəs kimi təqdim olunur. Bülbül obrazı və Məcnun–Leyli istinadı sevginin klassik ucalığını xatırlatsa da, müəllif bu ucalığı müasir insanın iztirabı ilə toqquşdurur. Burada sevgi insanı yaşadan deyil, onu içdən-içə məhv edən bir qüvvəyə çevrilir. Arzuların dəfn olunması, sevgidən qaça bilməmək əsərin əsas faciə nöqtəsidir.
Bu üç şeiri müqayisə etdikdə aydın olur ki, müəllif eyni dərdi müxtəlif mərhələlərdə təqdim edir: “Əsir sevgim”də hissin əsarəti, “Tükənməz”də taleyin və zamanın ağırlığı, “Deyirəm”də isə mənəvi tükənmişlik. Lakin bütün bu mərhələlərdə insanın düşünməsi, hiss etməsi və sual verməsi davam edir. Bu da göstərir ki, Aləmzər İlayın poeziyasında əsas məğlubiyyət yaşamaq yox, hiss etməyi itirməkdir.
Nəticə etibarilə, bu şeirlər bir-birini tamamlayan poetik etiraflardır. Onlar oxucunu yalnız kədərləndirmir, həm də insanın öz daxili aləmi ilə üz-üzə qalmasına şərait yaradır. Müəllifin gücü də məhz bu səmimi və ağrılı həqiqəti bəzəksiz şəkildə ifadə etməsindədir.
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin
və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.







Son xəbərlər

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930