İyulun 15-də Bakının Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatların təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə baş tutub. Təqdimatda ölkənin aparıcı elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, tanınmış alimlər, qeyri-hökumət təşkilatları və media qurumlarının nümayəndələri, yerli sakinlər və sahibkarlar iştirak edib.

Tədbiri giriş sözü açan AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam arxeologiyası şöbəsinin müdiri, Zərgərpalan hamamı ekspedisiyasının rəisi, tarix elmləri doktoru professor Qafar Cəbiyev bildirib ki, Bakı şəhəri zəngin tarixə malik olmaqla yanaşı, Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində yerləşən nadir şəhərsalma nümunələrindən biridir. Bakının İçərişəhərdən kənarda, Bayırşəhər kimi tanınan ərazisində XIX əsrin sonu - XX əsrin əvvəllərində formalaşmış məhəllələr – Çəmbərəkənd, Qaraşəhər, Zərgərpalan, Sovetski və s. – bu prosesin nəticəsidir. Bu məhəllələrin hər biri özünəməxsus yaşayış mədəniyyəti və arxitektura elementləri ilə fərqlənib. Zərgərpalan məhəlləsində yerləşən və 1899-cu ildə inşa edilmiş ictimai hamam binası bu baxımdan xüsusilə diqqətəlayiqdir.

2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sifarişi ilə burada ilk dəfə arxeoloji tədqiqat aparılıb. Tədqiqatlar zamanı həm yazılı mənbələr, həm də yerli sakinlərin məlumatları əsas götürülüb, abidənin memarlıq, konstruksiya və maddi-mədəniyyət qatları sistemli şəkildə öyrənilib.

Arxiv sənədlərinə əsasən, Zərgərpalan hamamı 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub. Sovet dövründə hamam sahibi repressiyaya məruz qalıb, bina isə təyinatını dəyişərək sex, daha sonra dəmirçi-misgər emalatxanası və nəhayət güzgü sexi kimi fəaliyyət göstərib. Bu mərhələlər abidənin daxili strukturlarına mühüm müdaxilələrə səbəb olub.

2001-ci ildə abidə dövlət qeydiyyatına alınsa da, uzun illər baxımsız vəziyyətdə qalıb və yalnız 2024-cü ildən etibarən “Miras” İctimai Birliyi tərəfindən tədqiq və konservasiya işləri həyata keçirilməyə başlanıb. Abidənin əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkar edilib. Hamam binasının müxtəlif dövrlərdə funksional dəyişikliklərə uğraması şəhərin transformasiyasını anlamaq baxımından vacib mənbə kimi çıxış edir. Odur ki, gələcəkdə Bayırşəhər ərazisində planlaşdırılan istənilən abadlıq və tikinti işləri mütləq şəkildə arxeoloqların nəzarəti altında həyata keçirilməlidir. Zərgərpalan hamamı nümunəsində olduğu kimi, şəhər mədəniyyətinin görünməyən qatlarını ortaya çıxarmaq və onların qorunmasını təmin etmək dövlət və cəmiyyət üçün vacib vəzifələrdəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatları yüksək qiymətləndirib. O, AMEA-nın son illərdə həyata keçirdiyi əhəmiyyətli arxeoloji layihələrdən bəhs edərək, bu tədqiqatların ölkənin elmi və mədəni irsinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Akademik bu abidənin gələcəkdə muzey-sərgi zalı kimi istifadəsinin zəruriliyini ön plana çəkib.

SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxışında Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Qədim Qəbələ şəhərində apardığı arxeoloji tədqiqatların nəticəsi olaraq abidənin YUNESKO-nun Ümumdünya İlkin Siyahısına daxil edilməsini yüksək qiymətləndirib və bu uğuru Azərbaycan arxeoloqlarının peşəkarlığının parlaq nümunəsi kimi dəyərləndirib. O, eyni zamanda, Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqat və konservasiya işlərini təqdir edib, bu işlərin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra millət vəkili Vasif Qafarov, professor Hidayət Cəfərov, yerli sakin Fəxrəddin Əliyev, sahibkar Əli Əliyev və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatlara dair fikirlərini bölüşüblər.
Təqdimat mərasimi çərçivəsində iştirakçılar üçün abidə ərazisində ekskursiya təşkil olunub.



Son xəbərlər

Dünya Kubokunda iştirakçıların sayı artırıla bilər

Venesuelada zəlzələ qurbanlarının sayı 4490 nəfərə çatıb

PÜSTƏ RƏVAN : MƏNİ NEYLƏYİR - FOTO

TOVUZ DÖYÜŞLƏRİ 12 iyul 2020 - FOTO

Fransada üç atom elektrik stansiyası istilərə görə dayandırıldı

Britaniyanın məşhur nəşri Paşatəpədəki həmin tapıntıdan yazdı

AKADEMİK HÜSEYN ƏHMƏDOV VƏ NAXÇIVAN ELMİ - PEDAQOJİ MÜHİTİ

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Kəlbəcərdə yeniyetmə çaya düşüb

Türkiyədə beşulduzlu hoteldə turistlər kütləvi zəhərləndi

UNEC-in tələbəsi dünyasını dəyişdi

Türkiyədən köçürlər

Gürcüstana səfər etmək istəyənlərin diqqətinə!

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

O da Burakın serialına çəkilir - FOTO

İnternet kabeli üstündə mübahisə qətllə nəticələndi

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı

"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın

Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

Qəbul imtahanında 12 nəfərdə mobil telefon aşkarlandı

Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb

Ot tayaları yandı, yük maşını yararsız hala düşdü - Fotolar

EYLƏYİRSƏN : EYLƏYİRSƏN - FOTO

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031