İŞIQLI ADAM
İŞIQLI SÖZ, İŞIQLI QƏLƏM SAHİBİ QRUP YOLDAŞIM NURİDƏ QILINCLININ YUBİLEY YAŞINA
Arıların balladası...

Bütün dünya hadisələrinə rəğmən öz yolu ilə ahəstəcə addımlayan füsunkar baharın ətrafdakı gözəlliklərin əhatəsində bu günlər bir musiqi adamı ayaq saxlamağa, onu dinləməyə vadar edir… Bu musiqi sanki barmaqların notların üzərində hərəkəti ilə birdən zilə qalxıb, birdən bəmə enməklə təbiətin ucsuz-bucaqsızlığında uzaqlaşır, yaxınlaşır. Ətrafdakı çiçəklərin bir-birinə qarışan rayihəsi bu musiqinin ifaçılarından “söhbət açır”. Çünki o ifaçıların həyatı bu rayihənin onları çiçəyə çağırışı ilə başlayar, kiçicik, sadə daxmalarında bitər. Musiqi nə qədər gözəl olsa da, lakin ilk ağla gələn həmişə eşitdiyimiz bu söz olur: arı vızıltısı… Yox, əsla vızıltı deyil bu. Kim arıların səsini belə adlandırmış görəsən? Bu sözün ilk səslənməsi belə, adama xoş gəlmir, haradasa insanı narahat edən, başağrısı gətirən bir səs təsirini bağışlayır. Nə qədər yanlış imiş, bununla əsla razılaşmaq olmaz. Axı bu səs vızıltı deyil, gözəl bir musiqi əsəridir – balladadır. Adama bal kimi şipşirin gələn balladanın xorla oxunan nəğmə, musiqi ilə müşayiət olunub, dramatik oyunlar və rəqslərlə başa çatan bir xalq poeziyası nümunəsi olduğuna nəzər saldıqda bu janrın, bəlkə, elə arılara istinadən yaradılması adamı çox düşündürür. Bəli, arıların balladası, bal balladası... Ağacların, güllərin, çiçəklərin bu möhtəşəm simfonik orkestrin üzvləri, təbiətin özünün isə dirijoru olduğu, şövqlə ifa olunan böyük bir musiqi bəstəsidir. Arıların zəhmət nəğməsidir. Həmin zəhmət nəğməsi ilə arıların nazını çəkən, oxşayan insanlardan biri də Nuridə Qılınclıdır.
Kəlbəcər dağlarının səsi, sədası...

Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi onun xəyalına gəlməzdi. Onunla birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdi. Amma, sən demə, qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Onun yol yoldaşlarından qatarı ilk tərk edən babası, nənəsi olub. Hər ikisi də 1941-1945-ci illərin Böüyk Vətən müharibəsində dünyalarını dəyişiblər. Sonra atası Kamran İbrahim oğlu Rəsulov, anası Narın Nəsib qızı Rəsulova, həmçinin başqa qohumları, doğmaları da bu qatarı tərk eləyiblər...

Üzünü vaxtilə Kəlbəcər dağlarına tutub deyərdi: - Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu sətirlərdə sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq. Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəyəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.
“Bu yaz da belə keçdi”..

Əzizim Nuridə xanım! Bilmirəm, yazdığım bu cızmaqaralarla könlünü oxşaya biləcəyəmmi?
Amma bu cızmaqaradan bir sətir, bir fikir, bir cümlə, bir abzas, tək bircə söz də xatirində qalsa, özümü xoşbəxt hesab edərəm.
Mən isə bu yazını oxumağa sərf etdiyin, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyin üçün sənə minnətdar olaram.
Bu yaz da belə keçdi ömürdən - Allah bilir, daha neçə belə yaz keçəcək…

“Bu yaz da belə keçdi”-yə keçməzdən əvvəl Nuridə Qılınclı soyadının, imzasının üzərində bir az dayanmaq istəyirəm. Nuridə Qılınclı - bu imzadakı Nuridə elə Nuridədir ki, bunun şərhə, əlavə izahata ehtiyacı yoxdur. O ki qaldı dağlar qoynunda daşlaşan Kəlbəcərə, bu torpaq olduqca müxtəlif sahələrdə sayılıb-seçilən, dəli-dolu oğulları, nazlı xatınları ilə məşhurdur. Bu gün belə ləyaqətli, abırlı övladlardan biri olan Nuridə Qılınclı sözünün hənirtisinə isinib, kölgəsində sərinləməyə çalışacağıq… Sözün əsl mənasında, çox qurşaqlı iqlimə malik Azərbaycan torpağından pöhrələnib, qol-budaqlı söz ağacına çevrilmiş Nuridə yaradıcılığı həqiqətən çoxşaxəli, əhatəlidir, zəngin və rəngarəngdir. Bu ağacın hər bir budağında istədiyin qədər ağlamaq üçün bəhanə tapa da, ürəyini boşaldana qədər hönkür-hönkür ağlaya da, acı-acı gülə də, tənhalıqdan üşüyən zaman isinə də, üz qızardan əməlləri görməmək üçün qaçıb gizlənə də, sərinlənə də bilərsən… Söz istidən düşmüşkən, gələk “Bu yaz da belə keçdi” məsələsinin üstünə… Nuridə xanım bu işə 60 illik ömürlüyündə gözünün nurunu, saçının qaralığını, qəlbinin fərahlığını verib böyütdüyü qollu-budaqlı bir söz ağacının (lap bir neçə il əvvələdək həyətimizdəki, Basqalın dörd bir tərəfi görünən hündür tut ağacı yadıma düşdü…) ən hündür budağından əlini gözünün üstünə qoyub göz işlədikcə baxır. Baxdıqca da ürəyində köks ötürür, köçkünlükdə keçən ömrünün ən şirin dövrlərinə, Kəlbəcərsizliyin ona verdiyi ağrıları, əzabları gözlərinin önünə gətirərək heyfsilənir...
Ziyalı qadın, gözəl insan

Hər kəs bir ömür yaşayır. Kimisinin həyat yolu hamar, rahat, kimisininki isə daşlı-kəsəkli olur. Çoxları ona verilən ömrü elə yaşamağa çalışır ki, özündən sonra bir izi, cığırı qalsın, gələcək nəsil onu xatırlasın. Haqqında şövqlə bəhs etdiyim Nuridə xanım enişli-yoxuşlu, çətinliklərlə və zəhmətlə dolu bir həyat yaşasa da, özündən sonra yaradıcılığı, yaxşı əməlləri ilə bir nişanə qoymağa çalışır. Özü demiş, həyatdan izsiz-soraqsız getməyi yaşamaq hesab etmir. Ancaq nə əldə edibsə, zəhmətilə, dişi-dırnağı ilə, iynənin gözündən keçərək qazanıb. Bu zəhmətkeşliyi, istedadı və bacarığı ona hörmət qazandırıb.
"Dünya səni tanımadı" , "Azərbaycanlılar Belarusiya uğrunda müharibədə" adlı iki sanballı kitabın müəllifi olan Nuridə Qılınclı vaxtilə “Azərbaycan ordusu” qəzetində çalışıb. Sevimli qrup yoldaşımız, “dayı” deyə çağırdığım, eyni zamanda bir müddət eyni kollektivdə çalışdığım Rəşid Faxralı (Hüseynov) ilə həmkar olub, eyni sahəni bölüşüb. Bu gün də vaxtilə Rəşiddən əxz etdiyinə görə ona minnətdarlığını bildirən N.Qılınclı istər mətbuata, istərsə də hərbi sahəyə gəlişinin səbəbkarı kimi də sevincini gizlətmir. İstefada olan mayor kimi Nuridə xanım həmin dövrü ömrünün qızıl çağları hesab edir.

Bəli, iç dünyasını açmaq, tərcümeyi-halına diqqət yetirmək, bununla da oxuculara, dostlara tanıtmaq istədiyim və imzalar içində imzası tanınan Nuridə Qılınclının həyat və yaradıcılığının bəzi məqamlarına bu yazımızda işıq salmağı lazım bildik.
Özünün söylədiklərindən belə məlum olur ki, ailədə 7 uşaqdırlar, o isə evin 4-cü övladıdır. Sadə bir zəhmətkeş ailədə dünyaya göz açmış Nuridə xanımın atası sürücü, anası isə tütünçü işləyib. Kiçik qardaşları qaçqınlığa görə ali təhsil ala bilməyiblər. Nuridə xanım BDU-nun Jurnalistika fakültəsinin məzunudur, qalan 4 övlad da müxtəlif ali məktəblərdə təhsil alıblar.
Elə o, bir qız övladı kimi, ellər anası Narın xanıma ev və çöl işlərində kömək göstərməklə kiçik yaşlarından zərif çiyinlərinə yük götürüb. Təndirə çörək yapmaq, camış sağmaq, ev-eşiyi səliqə-sahmanda saxlamaq, xörək bişirmək, paltar yumaq, hələ üstəlik hər səhər bacı-qardaşlarına yemək hazırlayandan sonra məktəbə yola salmaq Nuridə xanımın gündəlik qayğılarına çevrilib. Bütün bunlara baxmayaraq, özü də məktəbdə daim əlaçı olub, birinciliyi əldən verməyib, ictimai işlərdə isə öz fəallığını göstərə bilib.

Jurnalistikaya ilk gəlişınin səbəbini bibisi Səyyarə İbrahim qızı Rəsulovaya bağlayır. Deyir ki, o olmasaydı, bəlkə də hüquqşünas olacaqdı. Amma uzun illər o dövrdə raykom katibi, sonra isə icra hakimiyyətinin müavini işləyən bibisi onun yazılarını oxuyandan və yazıb-yaratmaq həvəsini görəndən sonra Nuridə xanımı jurnalistikya yönləndirib (yeri gəlmişkən, məni də rəhmətlik Şölə xalam 7-ci sinifdən bu sahəyə istiqamətləndirmişdi. Bu mənada ikimiz də elə bil eyni taleyi yaşamışıq). Rayonun "Yenilik" qəzetində 5-ci sinifdən yazılarının çap olunduğu görən Səyyarə xanım Nuridə xanımın jurnalist olmasını istəyib. Ona görə də sənədlərini BDU-nun Jurnalistika fakültəsinə təqdim edən Nuridə Qılınclı bibisini arzusuna çatdırıb. Bu fakültədə təhsil alması sonralar jurnalistlik fəaliyyəti zamanı onun çox köməyinə çatıb. Ali təhsil alan zəhmətkeş xanım həyatda qarşısına çıxan bütün çətinliklərdən ağlının, iradəsinin və zəhmətkeşliyinin sayəsində alnıaçıq, üzüağ çıxıb.
Sətirlərin arasında döyünən ürək...

Vaxtilə “Azərbaycan ordusu” qəzetində çalışarkən Nuridə xanımı tez-tez cəbhə bölgələrində görmək olardı. İş fəaliyyəti ilə bağlı səngərlər gedir, soyuq torpaq üstündə bir gözüaçıq, bir gözü bağlı əsgərlərə həyan olurdu. Oxucu hərbi həyatı qəzet səhifələrinə gətirən N.Qılınclını öz məqalələrində yenidən xatırladan peşəkar jurnalist kimi xatırlayır, tanıyır. Onun hər bir məqaləsi oxucular tərəfindən səbirsizliklə gözlənilirdi. Bunu işlədiyi qəzetə edilən telefon zənglərindən də aydın görmək olurdu. Bütün bunlar Nuridə xanımı daha da ruhlandırır, daha sanballı məqalələr yazmağa sövq etdirirdi.
Bu illər ərzində kimdən, nədən yazmasından asılı olmayaraq, qondarma Dağlıq Qarabağ problemi N.Qılınclının məqalələrinin ana xəttini təşkil edib. Hər bir rayonumuzun işğalı gününü, Dağlıq Qarabağda və onun ətraf ərazilərində törədilən erməni vandalizmini ürək ağrısı ilə, hər bir şəhidimizin qəhrəmanlığını isə böyük fəxarətlə, qürur hissi ilə oxuculara çatdırıb.

Deyirlər, insan əsl şəxsiyyət olmadan yaxşı yaza bilməz. Nuridə xanım, sözün həqiqi mənasında, sadə, səmimi, mehriban, xeyirxah insan, sədaqətli dost, etibarlı tərəfdaşdır. Haqsızlığa, ədalətsizliyə, öz haqqının və kiminsə haqqının tapdalanmasına yol verməz, təhqirə qarşı olduqca barışmazdır. Nə qədər problemi olsa da, nikbindir və dərd-səri ilə başqalarını yükləməyi sevmir. Həyata nikbinliklə yanaşır və bu nikbinliyi ətrafına da sirayət edir. Hər bir problemini başqalarından kömək ummadan özü həll etməyə çalışır. Onunla dostluq edən hər kəs ürək sirrini asanlıqla ona etibar edir və etibarlı tərəfdaş olduğuna görə məmnunluğunu bildirir. Hər kəs çətin anlarında bel bağlaya, sözünü deyə, kömək istəyə bildiyi bir xanımdır Nuridə Qılınclı.
Onu oxuculara sevdirən də sadə, səmimi yazı üslubu, yazdıqlarına oxucunu inandıra bilmək istedadıdır. O, nə yazırsa, ürəkdən yazır, sanki sətirlərin arasında ürəyi döyünür.
Nuridə xanımın həyat yolu olduqca çətin, kələ-kötürlü olub. Ancaq o sınmayıb, geri çəkilməyib iradəsinin və ağlının gücünə çətinlikləri dəf edib.
Nuridə Qılınclı ailəlidir, onun 2 qızı, 4 nəvəsi var. Söz düşəndə deyir ki, bütün həyatı, varlığı onlara bağlıdır. Onlar Nuridə xanımın nəfəsidirlər.
El-obaya bağlılıq, vətənə, xalqa sevgi sədaqəti

... Havadan yaz ətri duyulurdu, küləyin ilıq mehi ordan-burdan qar altından boy göstərən yaşıl otların üzünü sığallayır, baharın gəldiyini müjdələyirdi. Həyətlərdə qalanan Novruz tonqalları çırtaçırtla yanır, ətrafında sevinclə atılıb-düşən uşaqların əllərindəki ağac qırıqlarını ocağa atmaları ilə daha da gur işıq saçırdı. Onların bu işığın qığılcımlarından şölələnən diləklərinin pərvazlanması üçün parlaq qanad taxırdı.

Kənarda dayanan balaca qızcığazın gözləri isə alov dilimlərinin az qala qarsacağı qoca qoz ağacının budaqlarından asılmış kəndir yelləncəkdə idi. O da bu yelləncəkdə oturub xəyallarının, arzularının arxasınca uçacaq, göylərdə süzəcək, ənginliklərə baş vuracaq, buludlarla yarışacaqdı...
Elə buna görəydi ki, uşaqlığının ən gözəl çağlarını, sevincli illərini, xoşbəxt anlarını Qarabağda, Kəlbəcərdə yaşadığını dilə gətirir...
Bu torpaqda doğulmuş, havasıyla nəfəs almış, suyundan içmişdi. Bu torpaqdan yoğrulmuşdu, boy atmışdı, adət-ənənələri ilə böyümüşdü, elə-obaya bağlılığı, vətənə, xalqa sevgini, sədaqəti də burada öyrənmişdi.
Həyətlərində Narın ananın təndirdən yenicə çıxardığı ətri hər yanı bürüyən qıpqırmızı, qaynar çörəkləri əllərini yandıra-yandıra bölüb uşaqlara payladığını görürdü, paylaşmağı öyrənirdi...
Qız-gəlinin qış günündə paltarları soyuğu qılınc kimi kəsən bulaqlarda suya çəkdiyinə heyrətlə baxıb saflığı, təmizliyi, mətanəti, dözümü, iradəni öyrənirdi...
Zəhmətkeş, qayğıkeş müəllimlərindən bəhrələnib o da elm yolunda addımlamağı, uşaqlara ziya saçmağın müqəddəsliyini mənimsəyirdi...
60-cı bahardan üzü o yana...

Dağlar qoynunda yuva salmış Kəlbəcər adlı yurdunun hər qarışına bələd, daşı, torpağı üçün canlarından keçməyə hazır igid oğlanlarımızdan, qızlarımızdan örnək götürüb vətən sevgisi hopurdu iliyinə, canına, qanına...
Uşalıq və yeniyetməlik dövrünu bu cür - maraqlı təsvirlərlə xatırlayan Nuridə Qılınclı bir də gözlərini açıb gördü ki, 60-ın astanasındadır.
İşıqlı söz, işıqlı adam, işıqlı qələm - bütün bu ifadələr məhz maarifçiliyin rəmzidir. Maarifçi olmağın xüsusi zamanı və janrı yoxdur. Təbii ki, hər dövrün öz tələbi var, amma maarifçilik həmişə aktual və vacibdir. Nuridə xanımın ömür yolu da, yaradıcılığı da məhz mənəvi dünyamızın bu sarı simi üstündə köklənib.

Onunla çiyin-çiyinə işləyən həmkarları, imzasını daim izləyən pərəstişkarları həmişə bir fikri qətiyyətlə vurğulayıblar ki, Nuridə Qılınclının yaradıcılığı gənc həmkarları üçün bir məktəbdir. Həqiqətən də işgüzarlığı, maarifçilik ideyalarına sadiqliyi, təvazökarlığı ilə seçilən, həmişə mənəvi zənginliyi ilə fərqlənən, etibarlılığı ilə sevilən bu qızıl qələmli maarifçi xanım ömrünün 60-cı baharında da özünün ucalıq taxtında ləyaqətlə əyləşib. Ondan öyrənməli cəhətlər çoxdur. Təəssübkeş vətəndaş, xeyirxah insan və üstəgəl fədakar ana, sevimli nənə! Bu yazının əvvəlində arılardan söz açmağım əbəs deyildi. Arı kimi işgüzar, bu gün də qalan ömrünü arılar arasında keçirən, hünəri, qələmi ilə işığa dönüb yolumuza nur saçan Nuridə xanım, biz səni çox sevirik. Və hamımız sənə ürəkdən deyirik: Yubiley yaşın mübarək olsun!

Son xəbərlər

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031