Bəzən insanın illəri saylarla yox, insanlarla ölçür. Elə insanlar olur ki, onların varlığı sənin həyatının müxtəlif dövrlərini bir-birinə bağlayan görünməz bir körpüyə çevrilir. Xeyrulla müəllim mənim həyatımda məhz belə bir körpüdür – uşaqlıqdan bu günə uzanan, dəyişməyən, köhnəlməyən, əksinə, illər keçdikcə daha da möhkəmlənən bir bağ...

O, institutda təhsilini başa vurub Buynuz kənd orta məktəbində müəllim kimi işləməyə başlayanda mən də birinci sinifə qədəm qoyurdum. Rus dili dərsini keçirdi bizə. Amma o dərslərdə sadəcə dil öyrətmirdi. O dərslərdə intizam vardı, səliqə vardı, düşünmək vardı, səbir vardı. Ən əsası isə müəllim nümunəsi vardı. Mənim yaddaşımda o illər – sinif otağının sükutu, lövhəyə yazılan sözlər və Xeyrulla müəllimin aramlı, amma tələbkar səsi ilə qalıb.
O dövrdə məktəb təkcə təhsil yeri deyildi, kəndin mədəni mərkəzi idi. Bu mühitin yaradıcılarından biri də Xeyrulla müəllim idi. Onun təşkil etdiyi rus dili gecələri bu gün də xatirələrdə yaşayır. O gecələrdə yalnız şagirdlər yox, bütün kənd iştirak edirdi. Səhnədə səslənən şeirlər, dialoqlar, mahnılar... və zalda əyləşən insanların maraqlı baxışları. Bu, sadəcə tədbir deyildi – bu, maarifçilik idi, mədəniyyət idi, insanlara verilən dəyər idi.
Onun zəhmətinin bəhrəsi isə illər sonra daha aydın görünməyə başladı. Məktəbimizin şagirdləri respublika fənn olimpiadalarında qalib gəlirdi...
Zaman keçdi. Həyat hər kəsi öz yoluna apardı. Xeyrulla müəllim rayon mərkəzində fəaliyyətini davam etdirdi. O illər Qarabağ müharibəsinin ən ağrılı, ən sarsıdıcı dövrləri idi. Mən o müharibənin ön cəbhəsində, o isə başqa bir cəbhədə – mənəvi cəbhədə idi. Döyüş bölgələrinə gedir, yardımlar aparır, İsmayıllıdan olan döyüşçülərlə ailələri arasında bir ümid körpüsü yaradırdı. Bəzən bir söz, bir xəbər, bir salam insanı ayaqda saxlayır. Xeyrulla müəllim həmin o xəbərləri aparan, o ümidləri yaşadan insanlardan idi.

Müharibədən qayıtdıqdan sonra mənim yolum mətbuata düşdü. Elə həmin illərdə öyrəndim ki, Xeyrulla müəllim də artıq qələmi seçib – “Neft Daşları” qəzetində çalışır. Bu, təsadüf idimi, yoxsa taleyin yazısı – demək çətindir. Amma yollarımız yenidən kəsişdi. Bu dəfə müəllim və şagird kimi yox, eyni sahənin adamları kimi – Azərbaycan Nəşriyyatında.

2004-cü il isə həyatımda yeni bir səhifə açdı. Xeyrulla müəllim mənə “Neft Daşları” qəzetində işləməyi təklif etdi. Mənim üçün bu, sadəcə iş təklifi deyildi. Bu, yenidən müəllimin yanında olmaq, yenidən öyrənmək, yenidən formalaşmaq demək idi. Və tərəddüd etmədən razılaşdım.
O gündən bu günə qədər – düz 22 ildir ki, bir yerdə çalışırıq.
Bu illər ərzində biz təkcə həmkar olmadıq. Bir yerdə yollar getdik, bir yerdə səfərlərə çıxdıq, bir yerdə yazdıq, bir yerdə yaratdıq. Birlikdə kitablar ərsəyə gətirdik, qəzet səhifələrini doldurduq, tarix yazdıq. Birlikdə istirahət etdik, birlikdə düşündük, birlikdə qərarlar verdik. Sevincimiz də ortaq oldu, kədərimiz də.
Amma illər nə qədər keçsə də, bir həqiqət dəyişmədi: mənim üçün o, həmişə müəllim olaraq qaldı.
Bu gün də onunla söhbət edəndə, bir mövzunu müzakirə edəndə, bir yazıya baxanda özümü yenə o birinci sinif şagirdi kimi hiss edirəm. O danışır, mən dinləyirəm. O izah edir, mən öyrənirəm.
Xeyrulla müəllim ensiklopedik yaddaşa malik insandır. Xüsusilə Neft Daşlarının tarixini elə bilir ki, sanki bu tarix onun öz ömrünün davamıdır. O, sadəcə hadisələri yazmır – onları yaşayır, yaddaşında qoruyur və gələcək nəsillərə ötürür.
O, təmənnasız insandır. Onun üçün yaxşılıq etmək adi bir davranış yox, həyat fəlsəfəsidir. Adında olduğu kimi – xeyirxahlıq onun xarakterinin əsas cizgisidir.
Onunla bağlı xatirələrim çoxdur. Ortaq dostlarımız, tanışlarımız çoxdur. Birlikdə keçirdiyimiz günlər, etdiyimiz söhbətlər, gördüyümüz işlər – bunların hamısı bir ömrün parçalarıdır. Və bu parçalar birləşəndə ortaya böyük, mənalı bir həyat mənzərəsi çıxır.
Bu gün geriyə baxanda anlayıram ki, Xeyrulla müəllim təkcə bir müəllim deyil. O, bir məktəbdir. Bir yaddaşdır. Bir ənənədir.
Və mənim üçün ən böyük qürur odur ki, 45 ildən artıqdır onun şagirdiyəm… 22 ildir isə onunla çiyin-çiyinə yol gedirəm.
ƏZİZ VƏ DƏYƏRLİ XEYRULLA MÜƏLLİM!
Bu gün Sizin doğum gününüzdür.
Sizi ürəkdən təbrik edirəm!

Sizə uzun ömür, möhkəm can sağlığı, tükənməz enerji və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, qələminiz heç vaxt susmasın, sözünüz həmişə dəyərli olsun, yazdıqlarınız gələcək nəsillər üçün işıq yoluna çevrilsin.
Sizin kimi müəllimlərin varlığı bir nemətdir. Sizin kimi insanların həyatda olması isə bir xoşbəxtlikdir.
Allah Sizə sevdiklərinizlə birlikdə uzun, mənalı və sağlam ömür nəsib etsin! Hər zaman hörmətlə anılasınız, hər zaman dəyəriniz bilinsin!
Doğum gününüz mübarək olsun, əziz müəllim!
EŞQ OLSUN!

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930