
Xəbərlər
5.10.2024, 01:10
HAMININ SEVİMLİSİ - FOTOLAR
HAMININ SEVİMLİSİ
Müəllim gününüz mübarəkdir, Həqiqət xanım!
Müəllim sarıdan həmişə bəxtim gətirib. Orta məktəbdən ali məktəbə, hətta işlədiyim sahəyə qədər. İbtidai sinif müəllimim Həsrət Soltanovadan, sonra isə Şura Məmmədovadan elmi rəhbərim görkəmli şair və pedaqoq Famil Mehdiyə qədər. Bu iki isim arasında o qədər maraqlı və vicdanlı müəllimlərim olub ki, onları yalnız Müəllimlər Günündə yad etmək insafdan olmaz...
Bu gün həmin siyahıda olan orta müəllimlərindən biri də alman dili müəllimim olmuş Həqiqət Sultanovadır. Axı o, mənim üçün təkcə Facebook dostu deyil, həm də MÜƏLLİMdi. İsmayıllı rayonundakı Kamal Qasımov adına Basqal kənd orta məktəbində alman dili müəllimim olub Həqiqət xanım.
Doğulub boya başa çatdığı yurddan xeyli uzaqda çalışmaq, xalqın balalarına xarici dilin sirlərini öyrətmək üçün gəlmişdi mənim təhsil aldığım məktəbə. Bu məktəbdə mənim dövrümdə sınmayan, ehtiyaca boyun əyməyən və harama bulaşmayan müəllimlərimiz çox idi, demək olar ki, belələri yox idi. Onlardan biri də Həqiqət Sultanova idi. O, ilk dərs günündən səmimiyyəti ilə bizi təəccübləndirməyi bacarmışdı: “Salam, uşaqlar! Mən sizin alman dili müəlliminiz olacağam. Adım Həqiqət, familiyam isə Sultanovadı”.
Həqiqət xanım bir müəllim və pedaqoq kimi bizə yalnız alman dilinin incəliklərini öyrətmədi, həm də həyat dərsi keçdi. Hər zaman azad olmağı, kölə olmamağı təlqin etdi. Çox ciddi, tələbkar müəllim kimi yaddaşımda qalıb. Məktəbdə keçirilən tədbirlərdə xüsusi fəallığını qeyd etmək yerinə düşər.
Oxumağımız üçün o qədər əziyyət çəkir və bəzən əsəbiləşirdi ki, təəccüblə özümüz-özümüzə sual verirdik: “Cüzi maaş alır, nəyinə lazımdır onun bu qədər can yandırmağı? Kim oxuyur, oxusun, oxumursa, oxumasın. Niyə bu qədər əsəbiləşir ki?”
Məktəbdə tum çırtlayıb və ya siqaret çəkib yerə atanlar onun gözünün düşməni idi. Sinfə səliqəli girən uşaqlara daha çox hörmət edirdi. Fərq etmirdi dərs dediyi (tanıdığı) və ya dərs demədiyi (tanımadığı) şagird olsun. Amma sinfi zibilləyən şagirdlərə təhqirsiz-filansız elə sözlər deyirdi ki, adam bəlkə də həmin an təhqir olunmağı hər şeydən çox arzulayırdı: “Niyə zibilləyirsən bu məktəbi, bu məkanı? Axı bu məktəb də, bu məkan da, bu kənd də sənindi, sənin evindi. Sən öz evini zibilləyirsən? Yoxsa xadimələr sənin atanın nökəridir?”
İndi o dövrdən uzun illər keçir. Hərdən xəyala dalanda həmin illər kinolenti kimi gözlərimin önündən keçir. Adətən müəllimin ömrünü şama bənzədirlər. O, şagirdinin sabahı üçün zərrə-zərrə əriyir. Müəllim ömrünü bir çırağa da oxşadırlar. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur.
Mən isə müəllim ömrünü Ayla müqayisə edirəm. O, şagirdinin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.
Bizim yaxşı tanıdığımız Həqiqət xanım da belə müəllim kimi yaddaşımda qalıb, uşaqlıq xatirələrimdədir. O, əsl zadəgan xislətli xanımdır. Kübarlıq deyərkən, ümumi mənada çoxlarının ağlına var-dövlətli, şan-şöhrətli olmaq kimi fikirlər gəlir, lakin nəzərdə tutduğumuz kübarlıq Həqiqət xanımın yerişində, duruşunda, danışığında və simasında öz əksini tapıb. Bütün bu keyfiyyətlər də Azərbaycan qadınının gözəlliyi deməkdir. Xanım-xatınlığı hər qadın bacarmır və bu məziyyətlər təkcə zahirən ölçülmür, həm də zəngin mənəviyyatın, daxili gözəlliyin təzahürüdür. Deyərdik ki, daxili gözəllik insanın zahirində xüsusi cizgilərlə öz əksini tapır. Bu mənada Həqiqət Sultanova daxili dünyası ilə zahiri - biri-birini mükəmməl şəkildə tamamlayan nadir xanımlardan biridir.
Onun sadəliyi də bir başqadır. “Müəllimin zahiri bər-bəzəyi elə olmalıdır ki, şagirdlərin diqqətini dərsdən yayındırmasın, onları əsas mətləbdən uzaqlaşdırmasın” - deyə o, müəllimliyi hər zaman eyni ucalıqda saxlamağa çalışıb...
Müəllim Gününüz mübarək olsun, Həqiqət xanım!
Şagirdiniz
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







