“Bu məsələdə ikili standartlarla üzləşirik” - Prezidentin müraciəti


Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.

Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

“Hörmətli konfrans iştirakçıları!

Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram.

Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalq konfransın keçirilməsi bu mövzunun aktuallığını və problemin həllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiq edir.

İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır.

Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zaman Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı və işğəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyət göstərmişdir.

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.

Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir.
Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir.

Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik.

Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobal fəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm”, - müraciətdə deyilir.

Qeyd edək ki, konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək.

Bu gün həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur.

İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.








Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930