
Xəbərlər
17.02.2024, 19:57
İLHAM ƏLİYEVİN HƏRTƏRƏFLİ İNKİŞAF STRATEGİYASI - FOTO
İLHAM ƏLİYEVİN HƏRTƏRƏFLİ İNKİŞAF STRATEGİYASI
O, regionların gündən-günə dəyişən simasında da özünü göstərir
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi.
2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadıldı. Bu hadisə Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.
Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapdı. Prezidentin tapşırığına əsasən Azərbaycan başdan-başa qazlaşdırılır. Artıq ölkə əhalisinin təxminən 90 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri ənənəvi xarakter alıb. İlham Əliyev yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışında şəxsən iştirak edir.
Əminik ki, biz gələcəkdə də birgə səylərlə ölkəmizin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcək, xalqımızın rifahı naminə əlindən gələni edəcək.
Sadaladığımız faktlar, olaylar onu deməyə əsas verir ki, bütün bu uğurlu siyasəti davam etdirmək üçün yenidən cənab İlham Əliyev bu günlərdə keçirilmiş president seçkilərində qalib gəldi və yenidən növbəti dövr üçün Azərbaycanın Prezidenti seçildi. Biz də öz növbəmizdə cəman İlham Əliyevi möhtəşəm qələbəsi münasibətilə təbrik edir, ona cansağlığı və hərtərəfli fəaliyyətində möhtəşəm uğurlar, xalqımıza sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq.
Dərin hörmət və ehtiramla:
Ayaz Bağırov.
Siyəzən Neft və Qazçıxarma İdarəsinin rəisi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












