4 + 44 GÜNLÜK MÜHARİBƏ Kiçik uğurdan Böyük Qələbəyə aparan yolMüharibənin ağrı-acılarını, qövr eləyən yaralarının gizilitisini tay-tuşlarım kimi mən də uşaqlığımdan duymuşam. Müharibəni Ağaəli babamın göyüm-göyüm göynəyən fəryadında, atam Əjdərlə əmim Sərdarın qapımızdan yığılmayan həsrətlərində görmüşəm. Müharibə bizim də evimizin işığına pərsəng olub və bələyi hönkürən ağılar olan müharibənin ağırlığı ürəyimizdən asılıb. Uşaq olsam da, qışda kürsü qırağında, yayda-yazda həyət-bacada, binələndiyimiz məkanda, yurd yerlərində dolaşan dərdin boz üzünü mən də görmüşəm. O dərd ata nənəm Baharın laylalarıyla, oxşamalarıyla qılığıma girirdi...
- Əbülfəz gedəli 25 ildi...
- Axırıncı dəfə Kerçdə görüblər...
- Deyəsən Polşada da gördüklərini etiraf edənlər də var idi...
- Nə sığındığı yer bəllidi, nə də qəbirinin yeri...
Davadan söz düşəndə Ağaəli babamın sinəsinə sığınırdım – indicə xəfif-xəfif ağlayacaq. Mən yanında olanda ağlamırdı, toxtaqlı dayanırdı. Bilirdi ki, göz yaşlarından qorxuram. Həm də balacalığımı, körpəliyimi nəzərə alırdı...
Onda çox da elə təsəvvürümə gətirmirdim müharibənin nə olduğunu. Amma kinofilmlərə baxandan sonra bizə sanki güc, cürət gəlir, özümüzü o kinofilmlərdə olan qəhrəmanlar kimi təsəvvür edir, əlimizdə ya naqildən, ya da taxtadan hazırladığımız uşaq avtomatları ilə “dava-dava” oyunu oynayırdıq. Açığı babamın acığı gəlirdi belə oyunlardan. Deyəsən qardaşı Əbülfəzin cəbhədən qayıtmamasına görə bəyənmirdi... Biz isə oradan aralanıb “Nəftəçal” adlandırdığımız qıjılığın arasında oyunumuzu davam etdirirdik. Elə vaxt olurdu ki, valideynlərimiz bizi oradan axşamçağı güclə aralayıb evə gətirə bilirdilər. Ağlamağımızı görən babamız məsələdən agah olanda valideynlərimizə bəraət verərək deyirdi:
- Sizə demədimmi elə oyunlar oynamayın!
Ölüm rəngli müharibənin ağrı-acıları ön cəbhəyə oğul, qardaş, əmi, dayı yola salan qohum-əqrəbanın ürəyində dirsəklənibmiş. Müharibə tez qurtarsın deyə onlar dərz bağlayıbmış, müxtəlif otlar daşıyıbmış, yer şumlayıbmış, müəssisələrdə gecə-gündüz işləyibmiş – oğullarının əvəzinə, qardaşlarının, əmilərinin, dayılarının əvəzinə. O illər doğulduğum Basqaldan təkcə babamın qardaşı Əbülfəz yox, başqa ailələrdən də kişilər davaya gedibmiş, kəndin əkin-biçinini kişi qeyrətli qadınlar aşırıbmış, övladların qayğılarını analar həll edibmiş, ailənin yükünü də məhz onlar daşıyıbmış... O qadınlar arasında Əbülfəz əmimizin anası da var imiş...
Bir dəfə atam əmisi Əbülfəzin çərçivəyə saldırdığı şəklini silirdi. Deyəsən daldada ağlamışdı. Boynuna sarıldım. Öpdüm, doymadım, ağlamsındım, doymadım.
- Dava nədi, ay ata?
İndi də xatırlayanda ürəyim titrəyir. Atam məni sinəsinə sıxdı, hönkürdü, göynəyə-göynəyə ağladı. Onu belə ağlayan görməmişdim (Adətən deyirlər ki, kişi ağlamaz. Amma atamı ilk dəfə ağlayan gördüm)...
- Allah, Allah, dava balamın də ürəyinə xal salıb? Atamın məhrəm göz yaşları göz yaşlarıma qarışdı:
- Dava ölümdü, mənim balam, dava çıraq keçirəndi, öy dağıdandı...
Onda 1970-ci illərin ortalarıydı...
Müharibənin ölüm rəngində olduğunu hələ dərk etməmişdim bu vaxtlarımda. Onda mənə belə gəlirdi ki, müharibənin ağrı-acıları tez unudulacaq. Onda nə babam ağlayacaq, nə nənəm, nə də atamla əmim. Ağlamayacaqlar və mən də onların göz yaşlarını görməyib ürəkli-böyrəkli böyüyəcəyəm. “Bəxtəvər başınıza, davanı görmədiniz!”. Kəndin ağsaqqalları, ağbirçəkləri bizə - mənə, yaşıdlarıma bəxtəvərlik oxuyanlar nə biləydilər ki, həmin cavanlar 45 il sonra o illərin ölüm-itim yüklü, qara yelənli xatırlamalarından silkinib çıxmamış müharibənin dəhşətlərindən, yandırılan kəndlərimizin göyləri didən naləsindən boğulacaqlar...
***
Yazıma bu epizodu elə belə seçməmişəm. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin hər üzünü görən babalar, nənələr, atalar, analar ağıllarına gətirməzdilər ki, müharibə bu dəfə öz torpağımızda, yurdumuzun cənnət məkanı Qarabağımızda baş verəcək, azğınlaşmış, vəhşiləşmiş, dünyada barbarlıqda tayı-bərabəri olmayan ermənilər xarici havadarları ilə günahsız, əliyalın millətimizin başına olmazın oyunlar açacaq, bizi ağılasığmaz faciələrlə üz-üzə qoyacaqlar. Ağlımıza gəlməyən başımıza gəldi...
Yağı torpağımızın böyük bir hissəsini özününküləşdirmək üçün müharibə apardı, bizi elan olunmamış müharibəyə qoşdu. Biz dədə-baba torpağımızın o hissəsini özümüzünkü eləmək üçün hətta şəhidliyə belə getdik. Dərindən düşünəndə, gördüklərini, eşitdiklərini xatırlayanda, analiz edəndə ürəyinə daman bu olur ki, Vətən, torpaq kəlmələri eyni həddə sevgilərlə əzizlənmir: kimi öz şirincə ömrünü bu kəlmələrə üzərrik elədi, kimi də bu kəlmələrin daldasında öz “çax-çuxunu etdi”, biznesini qurdu. Satılması mümkün olmayan elə əziz, elə şirin, müqəddəs varlıq satıldı ki, düşünəndə adamın bağrı yarılırdı. Müharibə belə ziddiyyətlərin mövcudluğu ilə uzandıqca uzanırdı...
Torpağımızda müharibə - Birinci Qarabağ savaşı (Ağlımıza gətirmirdik ki, ikinci də olacaq) gedirdi. Torpağımız şəhid-şəhid qorunsa da, şəhidlərimizin sırası döyüş-döyüş genişlənsə də, itkilərimiz çox olsa da, bununla barışsaq da, qara rəngli məğlubiyyət damğası yaxamızdan asılmışdı. 1990-ci illərin əvvəllərində Ağdamda, Füzulidə, Ağdərədə, Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda.... oğul itirən ata-analar bütövün bir parası kimi o torpaqlarımızı oğul əvəzi bağırlarına basmaq istəyirdilər. Bəndədən mədəd olmadığını duyub göylərə əl açır, Allahdan imdad diləyirdilər... İtirilən məkanlarımızın, yurd yerlərimizin dərdi ürəyimizi göynədir, torpağımız, namusumuz yolunda şəhid olanlarımızın gileyli ruhu üzümüzə hər an qayıdır, xəcalətdən əriyirdik. Müharibənin ağrı-acıları ürəyində qımıldamayanlara o giley də kar etmirdi...
Tarixin əski qatlarında DÜNYA türk oğlunun qılıncının altından keçmişdi, o qılıncın zəhmindən ürpənirdi. XX əsrin sonlarında erməniyə xeyir-dua vermiş xaç dünyasının diləyinə işıq tutan DÜNYA o illərdə axar çayların səmtini dəyişmək istəyirdi. Qanla ödəniləsi bu üzüdönüklüyü gözlərinə köçürən mələklərin yeddiqatlı göylərdən hərəyə beş-üç günah hesabıyla yüklənmiş Yerə daşları ələmədiyinə məəttəl qalmışdım. Bəlkə də ələnən daşlardan türk oğluna, türkün torpağına xətər toxuna biləcəyindən çəkinirdilər. Yox, o daşlar hara düşəcəyini yaxşı bilirdi. O daşlar Ulu Yaradanımızın daşı idisə, Yaradanına təpik atanların başından yayınmadı...
İllər keçdi, Qarabağ adlı məmləkət erməninin əlinə keçdi, mundarlaşmış qüvvələrin müxtəlif cür maddi yardımı və hərbi dəstəyi ilə torpaqlarımızın 20 faizi işğal edildi. Türk oğlu müvəqqəti olsa da, məğlubiyyətlə razılaşdı. Bu razılaşmanın ömrü 30 ilə yaxın keçdi. Arada atəşkəs müqaviləsi imzalandı. Bu müqavilə də əslində başaldadıcı sənəd idi. Yəni bizim başımızı aldatmaq üçün guya ermənilər daha güllə atmır, sakitliyə riayət edirdilər. Amma bəlkə də davanın getdiyi dövrdə verdiyimiz itkilərdən çox idi Atəşkəs zamanı itirdiklərimiz. Bax, qudurğan millətin çaldığı hər cür havaya oynayan xarici dövlətlər və emissarlar da Atəşkəs dövründəki itkilərimizi görməməzliyə vurur, yalançı hesabat naminə reydlər keçirib üzlərini Yerevana tutur, orada erməni konyakından vurub, axçilərin dadına baxıb iqamətgahlarına dönürdülər. Bizim üçün dözülməz və acınacaqlı vəziyyət nə az, nə çox, düz 30 ilə yaxın davam etdi.
Torpaqlarımız güllə-güllə, qəlpə-qəlpə ağrıyırdı. Arada suallar baş qaldırırdı: o ağrılar ürəyimizi ağrıtmırmı? Qeyriləri qazanc dalınca xarici ölkələrə üz tutmaqdaykən o ağrıdan ürəyi sancanlar ön cəbhəyə yol alır, o ağrıları müalicə etməyə tələsirdilər. Millətin tam səfərbər olunmaması danılmaz həqiqət kimi, müharibənin, məğlubiyyətimizin ömrünü uzadan səbəblərdən idi.
Güllə-güllə, qəlpə-qəlpə ağrıyan torpaqlarımızda vəhşilərin at oynatmasından, Paşinyanın erməni konyakından ləzzətlə, keflə içib oynamasından daş-daş, divar-divar hönkürən kəndlərimizin, dədə-baba oylaqlarımızın qarğış eləməyə dilləri gəlməsə də, üzləri Bakıya giley ələyirdi...
TORPAQ kəlməsinin bir yozumu da HAMUSdu...
Torpaq torpaqdan ərənlik əmənlərin qeyrəti ilə tarix boyu yağıya dirsək göstərib...
Başımızı aldatma oyunundan bezən, məğlubiyyətlə barışmayan oğullarımız Ali Baş Komandanın sadəcə bir işarəsini, əmrini gözləyirdilər. Rəsmi müstəvidə başımızı aldadan, bu aldatmaqlarına inanan ermənilərə və “başımızın altına yasdıq qoyan”lara axır ki, “Dur!” deyən oldu. Hər gün ürəyimizdə “Uca Rəbbim, bizə bir təpər ver ki, biz də oğulluq borcumuzu yerinə yetirək! Ürəyimizə bir təpər ver ki, Ana torpaq deyə əzizlədiyimiz torpağı qoruyanlar sırasında yerimiz sancılanmasın” dualarımızı edə-edə Yaradanımızdan güc, qüvvət istəyirdik. Səbir və təmkinimiz yetərli oldu bu 30 ildə.
2016-cı il aprelin 1-5-də dördgünlük savaşda İlahi qüvvə bizə yardımçı oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpağımızın az bir qismi düşmənin murdar tapdağından təmizləndi. Haradasa 23 illik ətalətdən, ruhdan düşmədən sonra türk oğluna qüvvə, güc gəldi. Bir az da dözdük. 2020-ci ilin iyununda ordumuzun mübariz generalı Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və döyüşçü oğullarımızın şəhidliyi milləti yenidən coşdurdu, mübarizəyə qaldırdı. Həm də bu illərdə münaqişənin nizamlanması adı ilə müxtəlif səviyyələrdə aparılan başaldadıcı görüşlər Prezident, Ali Baş Komandan İlham Əliyevin də səbrini şaşdırmış, artıq məsələnin yeganə həllinin yalnız və yalnız savaşda olduğunu bildirmişdi. Sonuncu görüşlərdən birində ermənilərin rəhbəri Paşinyanın “Qarabağ Ermənistandır.” sərsəmləməsinə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsini tam cəsarətlə, diplomatik ustalıqla, məntiqlə səsləndirməsi zorən məğlubiyyətə uğradılmış və bununla razılaşdırılmış Türkü coşdurdu, torpaq-namus savaşında səngərlənmiş soydaşlarımızı bir daha davaya, silahlı döyüşə ruhlandırdı. 4 günlük uğurlu savaşdan 44 günlük Böyük Qələbəyə, Zəfərə yol aldıq...
Müharibədə Qələbəyə inam gərəkdir. Peyğəmbər inamı kimi. Qələbəyə inamımız Allahımıza inamımız qədər idi. Bu inamı 44 günlük savaş boyu Ali Baş Komandanımız demək olar ki, hər gün özünün müxtəlif açıqlamaları ilə verirdi xalqa. Hər gün azad edilən hər qarışın Qələbə nidasını onun dilindən eşitmək xoş idi bizə. Və bu 44 günlük mübarizədə, savaşda müəyyən qədər canlı itkimiz olsa da, Türk Qələbənin möhürünü vurdu, dünyaya sübut etdi ki, yatmış Şirin əsəbləri, sinirləri ilə oynamaq olmaz!
Məğlubiyyətlə razılaşdırılmış azəri türkünün işğalda qalmış torparlarımızı düşməndən geri alaraq Qələbəli sonluqla 30 il gözləyən soydaşlarını məngənə kimi sıxan gərginlikdən qurtardı.
P.S. Bu yazını əsgər valideynləri haqqında yazmaq istəyirdim. Nədənsə başlanğıc mövzunu dəyişdirməyə məcbur etdi. Nə vaxtsa əsgər valideynlərindən də yazacağam...
Bu yazımı İkinci QARABAĞ Savaşinda “Qarabağ Azərbaycandır!” deyə şəhid olmuş balalarımızın, qardaşlarımızın əziz, işıqlı xatirəsinə həsr edirəm.
P.S. Sonluğu isə əziz və dəyərli şair dostum Şahməmməd Dağlaroğlunun mənə yazıb verdiyi təzə “Döyüşən sətirlər” adlı kitabından “Azərbaycan əsgəri” şeiri ilə bitirmək istəyirəm.
O qədər qürurluyam, başım çatır göylərə,
Önündə baş əyirəm, alnım dəyincə yerə!
Ana südü halaldır səntək oğula, ərə,
Əsir düşmüş torpağı yağıdan aldın geri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
Şaddır Vətəndə hamı – millət – cavan-qocalı,
Hamının sözü birdir, danışan yox haçalı.
Qeyrətindən doğuldu bu gün yeni Xocalı,
Ziyarətgah sayacam ayaq basdığın yeri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
Yağı duruş gətirmir, başlayıbdır qaçqovu,
Bu xəbər sevindirir əsirləri, girovu.
Eşitdim ki, almısan başı qarlı Murovu,
O ucalıqdan sənin başın dəlir göyləri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
İrəli get, yoldadır gözləri Zəngilanın,
Yaralayıb buraxma, başını əz ilanın.
Haqq işidir, zəfərlə bitəcəkdir planın,
Bir dərs ver ki, düşmənə, bir də baxmasın bəri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
Bizim bir anamız var, müqəddəs, Vətən adlı,
Səni gözləyir Şuşa, Ağdam, Laçın, Qubadlı.
Füzulimiz, Ağdərə, Cəbrayıl toy-büsatlı,
Aşıqlar saz götürüb vəsf etsin Kəlbəcəri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!
Sən böyük qəhrəmanımsan, yaşa, ey canım-gözüm,
Qalibdir Komandanım, onundur bu güc, dözüm.
Qüdrətindən qaynayır, odur tükənmir sözüm,
Olsun xəbərlər şahı QALİBİYYƏT xəbəri,
Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

QARABAĞ AZƏRBAYCANDIR!
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031