Turaztv.az » Xəbərlər » Şair Balayar Sadiqin Poeziya Dünyası
Xəbərlər

Şair Balayar Sadiqin Poeziya Dünyası

24.11.2026, 20:38 11
Azərbaycan ədəbi-ictimai mühitində özünəməxsus dəst-xətti, sarsılmaz vətəndaşlıq mövqeyi, tarixi yaddaşa bağlılığı və eyni zamanda insan qəlbinin ən gizli, kövrək qatlarına nüfuz edən incə lirikası ilə seçilən qələm sahiblərindən biri də tanınmış şair və publisist Balayar Sadiqdir. Onun yaradıcılığı həm milli ruhumuzun, dövlətçilik düşüncəmizin bədii salnaməsi, həm də müasir insanın mənəvi-psixoloji axtarışlarının, sevgi və həsrət dünyasının səmimi etirafıdır. Balayar Sadiq həm də neo-poemaları və senetləri ilə çağdaş ədəbiyyatmıza yenilik gətirən qələm sahiblərindən biridir.
Əliyev Balayar Sadiq oğlu 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lerik rayonunda dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri uca dağların vüqarı, sərt təbiətin saflığı və zəngin folklor mühiti ilə əhatələnən gələcək şairin dünyagörüşündə bu məkanın silinməz izləri qalıb. Sözə olan sevgisi onu hələ erkən yaşlarından ədəbi mühitə gətirib; şairin ilk şeiri 1983-cü ildə "Lənkəran" qəzetində işıq üzü görərək onun böyük ədəbiyyat yolundakı ilk uğurlu addımı olub. Uzun illər cənub bölgəsinin ədəbi-mədəni həyatında fəal iştirak edən Balayar Sadiq 2004-cü ildə Bakıya köçüb və paytaxtın qaynar ədəbi mühitində yaradıcılığını yeni mərhələyə daşıyıb. Hazırda "YURD" jurnalının baş redaktoru kimi fəaliyyət göstərən müəllif milli mətbuatımızın və ədəbi-bədii fikrimizin inkişafına öz dəyərli töhfələrini verməkdədir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi səmərəli fəaliyyət göstərən Balayar Sadiqin əməyi dövlət və nüfuzlu ədəbi qurumlar tərəfindən də yüksək qiymətləndirilib; o, "Prezident təqaüdü"nə, "Qızıl qələm" mükafatına və beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb. Şairin müxtəlif illərdə nəşr olunan Sərkərdə" (1996), "İgidliyin Bəxtiyar zirvəsi" (1997), "Arzumanın döyüş yolu" (2001), "Dağların Bəxtiyar oğlu" (2004), "Dağların oğul harayı" (2005), "Allahın unutduğu adam" (2010), "Küsəkəran" (2015), "Payız məktubları" (2016) və "Qızılbaş fəsli" (2018) kimi kitabları həm bədii-estetik dəyəri, həm də mövzu rəngarəngliyi ilə oxucuların rəğbətini qazanıb.

Balayar Sadiqin yaradıcılıq palitrasında Vətən, torpaq, milli qeyrət və dövlətçilik rəmzləri ən ali, toxunulmaz bir zirvə təşkil edir. Onun kitablarının adlarından da göründüyü kimi ("Sərkərdə", "İgidliyin Bəxtiyar zirvəsi", "Arzumanın döyüş yolu", "Qızılbaş fəsli"), qəhrəmanlıq tariximiz və Vətən uğrunda canından keçən igidlərimizin ömür yolu şairin yaradıcılığının ana xəttidir. Xüsusilə onun "Azərbaycan bayrağı!" şeiri milli kimliyimizin, tarixi bütövlüyümüzün və istiqlal eşqimizin poetik manifesti kimi səslənir. Şair bu şeirdə bayrağı sadəcə rəsmi dövlət atributu kimi deyil, Şah Xətaidən Məhəmmədhüseyn Şəhriyara, Təbrizdən Dərbəndə, Zəngəzurdan Göyçəyə qədər uzanan bütöv bir coğrafiyanın və millət ruhunun müqəddəs rəmzi kimi tərənnüm edir:

Milyonlara müjdəsən Şah Xətai elindən,
Səni təbrikə gəldim Şəhriyarın dilindən.
Göylər əyilib öpür dalğalanan telindən,
Sən ey azadlığımın gülümsəyən dodağı,
Azərbaycan bayrağı!


Müəllif bayrağın ucalığını şəhidlik zirvəsi ilə müqayisə edərək, üç rəngin hikmətini Tanrıya yaxınlıq və neçə-neçə adsız şəhidin yarımçıq qalmış arzularının gerçəkləşməsi kimi mənalandırır:

Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,
Milyonları isitdi bu hənirin, bu odun.
Neçə adsız şəhidin arzusundan doğuldun,
Sən bölünmüş yurdumun bölünməzlik sorağı,
Azərbaycan bayrağı!


Bu misralarda həm tarixi nisgil, həm də sarsılmaz inam və böyük bir ümid işığı var.
Xalqımızın otuz illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz Balayar Sadiqin qələmində misilsiz bir coşqu, qürur və eyni zamanda şəhid ruhlarına dərin ehtiramla əksini tapıb. "Gülümsə, Vətən" şeirində şair qələbənin miqyasını və bu zəfəri bizə bəxş edən oğulların misilsiz hünərini yüksək bədii ustalıqla təsvir edir. O, otuz illik həsrət yolunun 44 günə qət edilməsini möcüzəvi bir qəhrəmanlıq dastanı kimi qələmə alır:

Otuz illik yolu 44 günə,
Gedən oğulların mübarək, Vətən!
Şuşanın mamırlı qayalarında,
Bitən oğulların mübarək, Vətən!


Şair bu zəfərin arxasında dayanan ana öyüdünü, şəhid qardaşını çiyninə alıb döyüşə atılan igidlərin qeyrətini və Ali Baş Komandanın Cıdır düzündəki tarixi zəfər duruşunu böyük fəxarətlə alqışlayır. Onun üçün bu qələbə həm də şəhidlərin yarımçıq qalmış arzularının çiçəklənməsidir:

Bu gün çiçəkləyir qayaların da,
Sən şəhid köynəkli gülümsən, Vətən!
Zəfərin əlləri əlini sıxıb,
Şəhid arzusu tək gülümsə, Vətən!

Lakin Balayar Sadiqin poeziyası təkcə gurultulu vətəndaşlıq harayından, qəhrəmanlıq pafosundan ibarət deyil. O, həm də insan qəlbinin ən incə tellərinə toxunmağı bacaran zərif ruhlu lirik şairdir. Onun sevgi, ayrılıq və həsrət mövzulu şeirlərində təbiilik, səmimiyyət və orijinal bədii təsvir vasitələri diqqəti cəlb edir. Məsələn, "O zaman" şeirində ayrılığın gətirdiyi soyuqluğu bahar fəslində ürəyə yağan qarla müqayisə edən şair, vəfasızlığın insana vurduğu zərbəni son dərəcə təsirli bir dillə ifadə edir:

Ömrün dar macalı, bəxtin dar günü,
Arzumun üzündən öpdü qar günü.
Sən çıxıb gedəndə bir bahar günü,
Mənim ürəyimdə qış idi, gülüm.


Şairin qadın gözəlliyinə, onun mənəvi dünyasına və illərin gətirdiyi kədərə münasibəti isə "Payız qadın" şeirində ilahi bir ehtiram və dua ovqatı ilə yoğrulub. Burada şair zamanın amansızlığı qarşısında Tanrıya üz tutaraq, gözəlliyin və məhəbbətin qorunmasını diləyir:

Astaca üşüyür üzündəki nur,
Kirpiyi ucunda bəxti uçunur.
Bir azca əl saxla, bir azcana dur,
Allah, bu qadının xətrinə dəymə.

Balayar Sadiqin yaradıcılığında dərin ictimai-fəlsəfi motivlər, dünyada baş verən mənəvi aşınmalara qarşı daxili üsyan və haqq-ədalət axtarışları da mühüm yer tutur. "Bahar" şeirində cəmiyyətdəki ədalətsizliklərə, halallıq və həqiqət kimi ali dəyərlərin tənhalaşmasına ağrıyan şairin
Allah, bu yurdun əyninə
Haqqın köynəyi dar gəlir
və
Həqiqət tənha yalquzaq,
Ömür qısa, yolu uzaq —
misraları dövrün mənəvi mənzərəsini bütün çılpaqlığı ilə göz önünə sərir. Eyni zamanda "Bir az" şeirində dərdi ilə baş-başa qalan, ağrılarını öz içində oxşayan lirik qəhrəmanın oxucuya və dostlara ünvanlanan kövrək, səmimi xahişi eşidilir:

İndi soruşma yaşımı,
Dərdlərim qatıb başımı.
Vaxtın olsa, göz yaşımı,
Al ovcuna, oxu bir az.


Beləliklə, Balayar Sadiqin poeziyası həm dəmir iradəli sərkərdə ruhunu, tarixi zəfərlərimizin qürurunu, həm də bir yarpaq titrəyişindən təsirlənən kövrək insan qəlbini özündə ustalıqla birləşdirir. İstər Vətən torpağının bütövlüyündən, bayraq və şəhid ucalığından yazsın, istərsə də insanın daxili dünyasından, sevgidən, zamandan və haqq axtarışlarından bəhs etsin — onun misraları oxucunu düşündürür, saflaşdırır və milli-mənəvi dəyərlərimizə daha sıx bağlayır. Balayar Sadiq sözün məsuliyyətini dərk edən, onu vicdanının və ürəyinin səsi ilə yoğuran əsl söz adamıdır.

Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Oxşar xəbərlər