Xəbərlər
MÜVƏQQƏTİLİK AZARI - BƏS MƏSULIYYƏTİ KİM DAŞIYIR? - FOTOLAR

SÖHBƏT İCTIMAI-IAŞƏ OBYEKTLƏRINDƏN, ALIŞ-VERIŞ OBYEKTLƏRINDƏN, ICTIMAI NƏQLIYYATDAN GEDIR
Gülərüz olmaq, müştəriyə xoş söz demək xidmət mədəniyyəti demək deyil. Burada ilk növbədə öz işinə münasibət, peşəkarlıq, intizam və məsuliyyət məsələsi əsas götürülür. Son vaxtlar ictimai-iaşə obyektlərində, ticarət müəssisələrində, eləcə də ictimai nəqliyyatda müşahidə olunan bəzi hallar artıq vərdişə çevrilməkdədir, bu da insanları ciddi suallar qarşısında qoyur, onları düşünməyə vadar edir: İşinə müvəqqəti münasibət bəsləyən insandan uzunmüddətli məsuliyyət və yüksək xidmət gözləmək nə dərəcədə realdır?
Bir çox kafe və restoranda ofisiantların, bəzi marketlərdə satıcıların, ictimai nəqliyyatda isə sürücülərin işə müvəqqəti cəlb olunması adi hal alıb. İşçi gəlir, bir müddət çalışır, sonra ya rəhbərliyin ümidlərini doğrultmur, ya da özü iş şəraitindən, əməkhaqqından və ona göstərilən münasibətdən narazı qalaraq iş yerini tərk edir. Bir müddət sonra onun yerinə başqa bir adam götürülür. Müəssisənin işçi heyəti tez-tez dəyişir, xidmət prosesində sabitlik pozulur. Bu da ciddi narahatçılığa səbəb olur.
Hər bir insan işləmək, təcrübə qazanmaq, daha yaxşı əməkhaqqı və münasib şərait axtarmaq hüququndan istifadə etməlidir, yararlanmalıdır. Amma heç kəsdən onu qane etməyən iş yerində ömürlük qalmaq tələb edilə bilməz. Təbii ki, işəgötürən də öz müəssisəsində intizamlı, peşəkar və məsuliyyətli əməkdaşlarla işləməlidir. Problem hər iki tərəfin maraqları arasında sağlam tarazlığın qurulmaması kimi başa düşülür.
Əmək münasibətləri yalnız işə gəlmək və ayın sonunda maaş almaq demək deyil. Qarşılıqlı etimad, hüquq və vəzifələr, işçinin əməyinə verilən dəyər, rəhbərliyin ədalətli münasibəti və peşəkar inkişaf imkanları müdiriyyət-işçi məsələlərinin nizamlanmasında böyük əhəmiyyət kəsb edir. Əgər işçi müəssisənin bir parçasına çevrilə bilmirsə, onun gördüyü iş təkcə müvəqqəti qazanc mənbəyi kimi qəbul edilirsə, bu münasibətin xidmət keyfiyyətinə təsiri mümkünsüzdür.
Həm də məsuliyyəti yalnız işçinin üzərinə qoymaq da düzgün yanaşma deyil. Bəzən müəssisə rəhbərliyi işçidən yüksək xidmət tələb etdiyi halda onun qarşılığında normal əmək şəraiti, layiqli əməkhaqqı, istirahət vaxtı və sosial təminat yaratmağa tələsmir. İşçidən peşəkarlıq gözləyən rəhbərlik onun peşəkarlaşmasına sərmayə yatırmır, ondan sədaqət tələb edir, işçi özünə qarşı eyni səviyyədə sədaqət və qayğı görmür. Belə olduqda işçi həmin müəssisəyə uzunmüddətli necə bağlılıq nümayiş etdirə bilər?
Burada xidmət alan vətəndaşların məsələsi də mühüm sayılmalıdır. Məcburi deyil ki, restorana daxil olan müştəri onun qarşısına çıxan ofisiantın burada ilk gününü işlədiyini, yoxsa beş ildir fəaliyyət göstərdiyini bilsin. O, ofisiantdan gösləyir ki, sifarişi vaxtında və düzgün qəbul olunsun, nəzakətli münasibət, diqqət və keyfiyyətli xidmət göstərsin. Yaxud marketdə alıcı satıcının şəxsi narazılığı, işə münasibətinin və ya rəhbərliklə mübahisəsinin girovu olmaq halı ilə rastlaşmamalıdır.
İctimai nəqliyyatda isə məsələ daha ciddidir. Sürücünün peşəkarlığı, intizamı və məsuliyyəti xidmətin keyfiyyəti ilə yanaşı, sərnişinlərin həyat və təhlükəsizliyinə də birbaşa təsir göstərir. Burada yolverilməz risklər ondan ibarətdir ki, işçi dövriyyəsi yüksək olsun, təcrübəsiz kadrlar lazımi hazırlıq keçmədən işə buraxılsın və ya əməkdaşlar işə yalnız müvəqqəti qazanc vasitəsi kimi yanaşsınlar. Sərnişin daşımaq sükan arxasında oturmaq, həm də insan həyatına cavabdehlik daşımaq deməkdir.
Xidmət sektorunda kadr sabitliyinin təmin olunmaması əsas problemlərdən biri kimi qalır. Müəssisənin formalaşdırdığı xidmət standartlarının davamlılığını pozan amillərdən biri də işçi heyətinin tez-tez dəyişməsidir. Hər şey yenidən başlanır: yeni gələn əməkdaş yenidən öyrədilir, iş prosesinə uyğunlaşdırılır, müştərilərlə ünsiyyət qaydaları mənimsədilir. Müəssisə rəhbəri dərk etməlidir ki, bu əlavə xərclə bərabər vaxt itkisi, xidmət keyfiyyətində sabitliyin pozulmaıdır.
Burada daha mühüm məqam əsəs məsələ kimi qarşıda durur: işin müvəqqəti olması ilə məsuliyyətin müvəqqəti olması eyni şey deyil. Bir müəssisədə cəmi bir ay çalışan insan öz vəzifəsini də vicdanla yerinə yetirməlidir. İşəgötürən də əməkdaşının sabah işdən gedə biləcəyini göz önünə gətirərək onun hüquqlarına, əməyinə və peşəkar inkişafına qayğı göstərməlidir.
Bəzi müəssisələrdə işçinin sanki asanlıqla əvəz edilə bilən bir vasitə kimi qəbul olunması təəssüf doğurur. Rəhbərliyin beynində, düşüncəsində bu gün biri gedirsə, sabah başqası tapılacaq fikri dolaşır. Müdiriyyət bəzən işçinin təcrübəsini, müəssisəyə verdiyi töhfəni, kollektivə uyğunlaşmasını nəzərə almaqdansa, onun yerinə yenisini gətirir. Belə yanaşma isə kollektivdə heç vaxt sabitlik və qarşılıqlı etimad yarada bilməz.
İş prosesi zamanı işə müvəqqəti münasibət bəsləyənlərə də rast gəlmək olar. Çalışdıqları müəssisəni yalnız gündəlik qazanc mənbəyi hesab edənlər də var, üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyənlər də, məsuliyyətdən yayınanlar da. Azacıq çətinliklə üzləşən kimi iş yerini dəyişməyi üstün tutanlar da yetərincədir. Bunu gündəlik rastlaşdığımız faktlar da təsdiq edir. Əmək münasibətlərində müəyyən dözümlülük, intizam və peşəyə hörmət vacib şərt olmalıdır.
Burada əsas sual budur: Müdiriyyət işçini öz müəssisəsində saxlamaq üçün nə edir, onun əməyini qiymətləndirirmi, yaxud işçinin sabah da həmin kollektivdə çalışmaq istəyini öyrənə və yarada bilirmi? Yoxsa rəhbərliklə əməkdaş arasında münasibətlər yalnız tapşırıq vermək və nəticə tələb etməkdən ibarətdir?
Deməli, işçiləri qınamaq və ya işəgötürənləri ittiham etmək çıxış yolu deyil. Xidmət sektorunda əmək münasibətlərinin sağlamlaşdırılmasına, şəffaf işə qəbul mexanizminə, ədalətli əməkhaqqı sisteminə, ilkin peşə hazırlığına, əmək intizamına və işçilərin motivasiyasına ehtiyac duyulur. Rəhbərlik dərk etməlidir ki, yaxşı xidmət yalnız müasir interyer, bahalı avadanlıq və reklamla formalaşmır. Onun arxasında peşəkar, təcrübəli və işinə dəyər verilən insanlar, onların zəhməti dayanır.
Xidmət mədəniyyəti insan amilindən başlayır. İşçinin öz əməyinə hörməti, işəgötürənin də işçiyə dəyəri kimi əsas qarşılıqlı münasibətlərin qurulmadığı təqdirdə xidmət sahəsində yüksək standartlardan danışmağa dəəyməz. Müştəri üçün restoranın, alıcı üçün marketin və ya sərnişin üçün avtobusun adından daha çox orada ona göstərilən münasibət yadda qalır. Müəssisənin nüfuzunu isə divarlarına vurduğu reklam lövhələri yox, hər gün onun adından insanlarla təmasda olan əməkdaşların davranışı müəyyən edir.
Unutmayaq ki, işçi müvəqqəti ola bilər, amma xidmətin keyfiyyəti yox. Məsuliyyət isə nə işçinin iş yerində qalma müddətindən, nə də müəssisənin gündəlik qazancından asılı olmalıdır.
Sonda gəldiyim qənaət isə buudur: Xidmət keyfiyyəti işçinin məsuliyyəti ilə işəgötürənin məsuliyyətinin kəsişdiyi yerdə formalaşır. Bir tərəf peşəkarlıq tələb edir, digər tərəf isə əməyinə dəyər verilməsini gözləyir. Bu tarazlıq pozulanda müvəqqəti işçi problemi tədricən daimi xidmət probleminə çevrilir.
Daşdəmir ƏJDƏROĞLU






















