Xəbərlər
ONDA GÖRƏCƏKSƏN... - FOTO

Əlini əlimdən qoparma belə,
Əlin üşüyəndə üşüyürəm mən.
Məni sənsizliyə aparma belə,
Sənsizlik yolunda tövşüyərəm mən...
Üşüyüb üşütmə yanar qəlbimi,
Üşütsən, başımdan qalxacaq tüstüm...
Dondurma həsrətdən donar qəlbimi,
Ey əlləri soyuq, ürəyi istim!..
Ört-basdır edirəm sənsizliyimi...
Qəmimiz ortaqsa, tənsizlik nədir?!.
Öpüb-oxşayıram sənsizliyimi
Sənə anlatmaqçün mənsizlik nədir...
Bir soyuq baxışla üzülləm yerdən;
Süslənsəm sünbültək, yenə dənsizəm.
İnciyib, yana üz tutsaq da hərdən,
Nə sən mənsizimsən, nə mən sənsizəm...
Sən mən oda aşiq, mən sən afətə,
Dirilik suyutək qanda axarsan...
Sənsizlik, mənsizlik hər qiyafədə;
Mən səndə aşkaram, sən məndə varsan.
Daim vuruluruq hər yön etapda,
Hasil atəşimiz yaxılan olsun.
Sənlə mən toplanaq hesab-kitabda,
Bu cəmdən ayrılıq çıxılan olsun.
Sevgi budağını kimlər əyəcək?..
İnanma, haqq yolda qoşa da izik.
Haçan soyuq əllər üşüməyəcək,
Onda görəcəksən sən, mən yox, bizik!..
23.11.2026.












