Turaztv.az » Xəbərlər » Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib
Xəbərlər

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

08.11.2026, 22:20 6

Mərakeşin “əl-Məsə” qəzetində bu ölkənin I Həsən adına Settat Universitetinin əməkdaşı, Afrika və Asiya Araşdırmaları Mərkəzinin direktoru Fuad Lahzizerin “Azərbaycan Zəfər Gününün altıncı ildönümündə: torpaqların azad edilməsi salnaməsindən sülh və inkişaf perspektivlərinədək” sərlövhəli məqaləsi dərc olunub.

Turaztv.az AZƏRTAC xəbər verir ki, müəllif yazısında bu tarixi hadisənin Azərbaycanın müasir tarixindəki əhəmiyyətini, onun milli, siyasi və tarixi mahiyyətini, eləcə də ölkəmizin qarşısında duran yeni inkişaf perspektivlərini təhlil edib.

Məqalədə qeyd olunur ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər xalqın milli iradəsinin, birliyinin və torpaqların azadlığı uğrunda göstərdiyi fədakarlığın təcəssümü olub. Müəllif Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də azad edilməsinin xüsusi tarixi və rəmzi əhəmiyyətini vurğulayaraq, bu hadisənin müharibənin taleyində həlledici mərhələ olduğunu və Azərbaycanın mədəni kimliyində Şuşanın müstəsna yer tutduğunu diqqətə çatdırıb.

Yazıda Zəfərdən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə, xüsusilə Böyük Qayıdış Proqramına geniş yer ayrılıb. Müəllif Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir infrastrukturun yaradılması, yolların, dəmir yollarının, hava limanlarının, yaşayış məntəqələrinin, sosial obyektlərin tikintisi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi istiqamətində görülən işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirib. Eyni zamanda, tarixi və dini abidələrin bərpası, əhalinin doğma torpaqlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər diqqətə çatdırılıb.

Məqalədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması perspektivləri də təhlil edilib. Müəllif 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş sammiti, sülh sazişinin mətninin paraflanmasını və regionda iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində atılan addımları mühüm diplomatik irəliləyiş kimi səciyyələndirib. Qeyd olunub ki, davamlı sülhün təmin edilməsi qarşılıqlı etimadın möhkəmləndirilməsini, iqtisadi əməkdaşlığın genişləndirilməsini və regional nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafını tələb edir.

Müəllif vurğulayıb ki, Zəfər Gününün ildönümü yalnız hərbi və siyasi qələbənin qeyd edilməsi deyil, həm də şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, milli həmrəyliyin, dövlət suverenliyinin və müstəqilliyin dəyərlərinin təcəssümüdür. Onun fikrincə, bugünkü əsas vəzifə tarixi Zəfəri davamlı iqtisadi və sosial inkişafa çevirmək, azad edilmiş ərazilərdə həyatın bərpasını təmin etmək və Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini möhkəmləndirməkdir.

Məqalənin sonunda müəllif bildirir ki, 8 Noyabr Azərbaycan tarixində milli iradənin, xalq birliyinin və dövlət müstəqilliyinin rəmzi kimi daim yaşayacaq. Bu əlamətdar tarix həm də Azərbaycanın sülh, tərəqqi və regional əməkdaşlığa əsaslanan yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edir.

Oxşar xəbərlər